Cəfəng bəyanatlara faktlarla zərbə

 

"Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi qeyri-mümkündür"

 

Məlum olduğu kimi Ermənistan prezidenti Serj Sərkisyan bu ayın əvvəlində Cənubi Kiprə səfər edib. Səfəri reallaşdıran kimi də ayağını yunan Kiprinə basar-basmaz da sərsəm bəyanatlar verməyə başlayıb. Əlinə fürsət düşübmüş kimi Türkiyənin əleyhinə illərdir ürəyində yığılanları dilə gətirməkdən çəkinməyib. Onu da deyək ki, Rusiyadan savayı hansısa kənar dövlətlərə səfər təcrübəsi olmayan Sərkisyanı bir tərəfdən qınamaq da olmur. Çünki xeyli müddətdir Rusiya xaric ayağını İrəvandan kənara ata bilmir, atanda da bu barədə danışmağa o qədər də cəsarət etmirdi. Amma Yunan Kiprində Türkiyə əleyhinə gen-bol ittihamlar yağdırdığına görə Azərbaycanı da günahlandıran çıxışlara yaşıl işıq salıblar. Cənubi Qafqazda ilk gərginliyin müəllifi kimi tanınan Ermənistan rəhbərinin çıxışından bəlli olub ki, sən demə, ermənilər var gücləri ilə regionda sülhün yaradılmasına çalışırlar. Ermənilərin bu "humanist" cəhdlərinə rəğmən rəsmi Bakı bunun baş verməsinə hər vəchlə maneə törədir. Çıxışına aludəçilik görən və bundan ruhlanan Sərkisyan nitqinin davamı olaraq Dağlıq Qarabağın heç bir halda Azərbaycana qaytarılmayacağını bəyan edib.

 

Əli başqalarının cibində, gözü himayədarlarının ağzında olan erməni rəhbərin nitqini şərh etməkdən uzaq olsaq da sərsəm bəyanatlar fonunda verilən reaksiyalara diqqətsiz yanaşa bilmərik. Belə ki, Serj Sərkisyan Kiprdə boş-boş danışan zaman okeanın o tayından maraqlı elə bir mesaj gəlib ki, bunu ermənilərə ən tutarlı cavab saymaq olar. Erməni diasporunun güclü olduğu hər zaman bəyan olunan ABŞ-dan ötürülən mesajdan çıxan nəticə onu deməyə əsas verir ki, Sərkisyan, sən saydığını say, gör böyüklərin nə sayacaq.

Qeyd etdiyimiz kimi, Ermənistan prezidenti və bütövlükdə ermənilər Qarabağla bağlı öz aləmlərində xəyallar qurduğu zaman "Fridom Haus (Freedom Hose)" sözügedən münaqişə ilə bağlı bəyanat yayıb. Yazıda erməniləri məyus edən Dağlıq Qarabağın müstəqil olmasının qeydi-mümkünlüyü ifadə olunub və bu faktlarla əsaslandırılıb. Bir neçə ay əvvəl ermənilər Kosovanı, daha sonra Cənubi Sudanı Qarabağa presedendt kimi göstərməyə çalışdılar. Amma sözügedən konflikt digərlərindən fərqlənir. Burada yerli əhalinin öz müqəddəratını təyin etməsi ilə bağlı səsləndirilən fikirlər sadəcə cəfəngiyyatdır. Əvvəla, hazırda regionda yalnız ermənilər yaşayır. Azərbaycan türkləri regionu tərk etməyə məcbur olublar. Əgər doğrudan da region öz müqəddəratını təyin edəcəksə, o zaman qaçqın düşmüş vətəndaşlar da geri qayıtmalı və çıxarılacaq qərarlar birlikdə həll olunmalıdır. İkincisi, Qarabağ Azərbaycandan öz gücü ilə ayrılmayıb. Burada Ermənistanın fəal xidmətləri olub. Demək, ikinci ölkə digərinin ərazisinə təcavüz edib.

Amma bütün bunlar inkar olunsa belə Qarabağın müstəqil dövlət olması yenə də mümkünsüzdür. Əgər belə bir addım atılmağa cəhd ediləcəksə, o zaman sonu bilinməyən dəhşətli müharibə başlayacaq.

Onu da deyək ki, belə bir bəyənatın erməni prezidentinin Cənubi Kiprdə çıxış etməsi ərəfəsində verilməsini təsadüf hesab etməyənlər arasında erməni analitiklər əksəriyyət təşkil edir. Bu fikridə olan siyasi ekspertlərdən biri- Ermənistan Siyasi Alimlər Assosiasiyasının rəhbəri Hamayak Hovanisyan hakimiyyəti diqqətli olmağa çağırıb. "Armenian Today" agentliyinin verdiyi məlumata görə ekspert bu hesabatı ölkəsi üçün təhlükəli hesab edib. Belə ki, bu kimi qiymətləndirmələr nəinki Qarabağın, eləcə də Ermənistanın olan-qalan imicinə mənfi təsir edə bilər. Unutmaq olmaz ki, hazırda Azərbaycan müharibəyə başlamaq üçün məqam axtarır. Və beynəlxalq təşkilatların bu səpkili bəyənatları Bakı üçün əla imkanlar yaradacaq. Bir halda ki, dünya dövlətləri Qarabağı dövlət kimi qəbul etmir, o zaman Ermənistanın ata biləcəyi hər hansı addım qalmır. Və dövlət başçısının kənar dövlətlərdə bu kimi bəyənatlar səsləndirməsi, əslində ölkəni çətin vəziyyətdə qoyur.

Hakim Respublika Partiyasının nümayəndəsi Lernik Aleksanyan isə başqa cür düşünür. Onun sözlərinə görə "Freedom Hose"-n qiymətləndirməsi həqiqəti əks etdirmir. Və buna görə mütləq advekat addımlar atılmalıdır. Amma ekspert bu addımların nədən ibarət ola biləcəyini açıqlamayıb. Yəqin ki, özləri də nə edəcəklərini bilmirlər.

 

İrəvana ən böyük zərbəni vuraraq onu yandırıb-yaxan əsas amilsə, problemin həllində Qarabağ ermənilərinin rəyinin qətiyyən özünə yer tapmamasıdır. Qiymətlədirmə konfliktin Azərbaycanın tərkib hissəsində həll olunmasından başqa, prespektivinin olmadığını xüsusi olaraq vurğulayıb. Bu isə əslində erməni siyasətinin fiaskoya uğraması deməkdir. Yəqin ki, bu barədə İrəvan ətraflı düşünüb, haqqın yoluna gələcək. Əks halda, hərbi əməliyyatlar doğrudan da başlaya bilər.

 

 

Gültəkin

 

Ədalət.- 2011.- 25 yanvar.- S. 4.