Cənubun mirvarisi - Lənkəran

 

Ölkəmizin bir-birindən gözəl, həm də bir-birinə bənzəməyən müxtəlif bölgələri, rayonları, kəndləri istənilən qədərdir. Özünəməxsus relyefləri, iqtisadi potensialı, insanları ilə bərabər hamısı bir kül halında gözəl bir çələngdir. Xəzərin sahilində, Talış dağlarının ətəklərində yerləşən Lənkəranın isə özgə bir hüsnü var. Sahəsi 1539 kvadrat metr olan Lənkəran rayonu 1930-cu ildə təşkil edilmişdir. Son hesablamalara görə, 208,7 min nəfər əhalisi olan Lənkəranda indi 89 ümumtəhsil məktəbi, 53 məktəbəqədər tərbiyə müəssisəsi, universitet, tibb texnikumu, peşə liseyi, humanitar kollec, musiqi və rəssamlıq məktəbləri var. Heydər Əliyev adına Lənkəran Dövlət İdarəçilik Universiteti, Türk liseyi, Lənkəran Dövlət Dram Teatrı, 84 klub, 96 kitabxana, bir çox xəstəxanalarla bərabər 8 kənd və qəsəbə xəstəxanaları da burda insanlara xidmət edir. 2 şəhəri, 8 qəsəbəni, 83 kəndi birləşdirən Lənkəranın əməksevər insanları, həm də sadə və mehriban olmaqla xeyli də qonaqpərvərdir.

Kifayət qədər qədim tarixə malik olan Lənkəranda eramızdan əvvəl III minilliyə aid "Siğon" qəbiristanlığı ( küp qəbirləri), XIII əsrə aid edilən Şeyx Zahid, Seyid Xəlifə türbələri, XVIII əsrdə inşa edilən məscid, XIX əsrin məhsulu olan hamamlar, "Dairəvi qala" bu yurdun tarixi-memarlıq abidələrindəndir.

Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Nizami Gəncəvinin, Milli Qəhrəmanların, Cəfər Cabbarlının, bəstəkar Həqiqət xanım Rzayevanın abidə və büstləri də onsuz da gözəl olan Lənkəran şəhərinə ayrıca bir duyğusallıq verir.

 

Azərbaycan çayı deyəndə heç şübhəsiz ki, Lənkəran-Astara bölgəsi xatırlanır. Dünyanın 40-a yaxın ölkəsinin çay istehsal etməsinə baxmayaraq Azərbaycan çayçılığının öz fərqli xüsusiyyətləri var. XXI əsrin içkisi adlandırılan çay ötən əsrdə bu bölgədə xeyli inkişaf etdirilərək Azərbaycanı dünyada tanıtdırıb. Tərkibinə, müalicəvi əhəmiyyətinə görə hətta Hindistan və Seylon çaylarından fərqlənən bu məhsulun bir sıra beynəlxalq sərgilərdə qazandığı uğurlar, xüsusən 1981-ci ildə məşhur Beynəlxalq Leypsiq sərgisindən "Azərbaycan buketi"nin qızıl medala layiq görülməsi uzaq keçmiş deyil.

Çoxillik bitki olan çay bu bölgədə 1987-ci ildə 7 min hektardan 21 min hektara qədər genişləndirildi. Çox böyük iqtisadi səmərə verəcək bu missiya 1988-1993-ci illərdə ölkədə baş verən məlum hadisələrə məruz qaldığından öz həllini tapmamış oldu. Çoxillik təcrübəyə əsaslanan Lənkəran çayçıları bu bitkini yenidən gündəmə gətirmək üçün son vaxtlar bir sıra uğurlu addımlar atmışlar. Qafqaz Çay Konfederasiyası Koordinatorlar Şurasının sədri, Lənkəran Dövlət Universitetinin kafedra müdiri, əməkdar aqronom, kənd təsərrüfatı elmləri doktoru Fərman Quliyev bu yöndə çox uğurlu işə başlamışdır. Lənkəranın Hoftani qəsəbəsində xüsusi eksperimental- təcrübə təsərrüfatında yetişdirdiyi "Fərman çay " bir çox özəllikləri ilə bərabər güclü müalicəvi əhəmiyyətə malikdir. Bu məhsul "Lənkəran çay-5" ASC-nin fabrikində emal olunmaqla qablaşdırılır. Fərman müəllim həm də Lənkəran bölgəsində çayçılığın əvvəlki şöhrətinin bərpası üçün bir sıra təkliflərlə aidiyyatı qurumlar qarşısında həlli vacib məsələlər qoymuşdur. Yəqin ki, yaxın vaxtlarda Lənkəran çayı yenə süfrələrimizin dadına, bəzəyinə çevriləcək. Hazırda isə rayonda olan 537 hektar çay plantasiyalarının şumlanması, budanması, aqrotexniki qulluq işləri aparılır. Ötən il rayonda 144 ton çay istehsal edilmişdir.

 

Rayon rəsmisi ilə qısa söhbətdən

 

Lənkəran şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rüstəm Yadulla oğlu Qurbanov da digər həmkarları kimi Lənkəran haqqında xüsusi şövqlə danışır. Hiss edilir ki, doğma rayona qəlbən bağlı olan Rüstəm müəllim işinə də beləcə bağlıdır:

-Rayonumuz aqrar-sənaye rayonudur. Camaatımız torpağa bağlı, iş-güclə güzəran quran halal camaatdır. Elə buna görə də 2003-cü illə müqayisədə 2011-ci ilin yanvar ayının 1-nədək ümumi məhsul buraxılışının həcmi 3,2 dəfə artaraq 190,5 milyon manata, kənd təsərrüfatı məsullarının həcmi 2,6 dəfə artaraq 80,2 milyon manata, sənaye məhsullarının həcmi 2,1 dəfə artaraq 10,1 milyon manata çatmış, əsas kapitala yönəldilən investisiyalar 3,8 dəfə artaraq 29 milyon manata, o cümlədən tikinti- quraşdırma işlərinin həcmi 4 dəfə artaraq 24,7 milyon manata çatmışdır. Ötən il kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan istehsalçılar tərəfindən 4704 hektar ərazidə tərəvəz əkini keçirilmişdir. 1009 hektar ərazidə taxıl, 1344 hektar sahədə ot biçilmişdir. Əkdiyimiz 4704 hektar tərəvəz sahəsindən 124117 ton məhsul götürülmüşdür. Rayon ərazisində 200 hektardan çox yeni sitrus və subtropik meyvə bağları salınmışdır. Lənkəranın balıq emalı müəssisələrində 175 ton balıq və balıq məhsulları istehsal olunmuşdur. Meyvə- tərəvəz emalı müəssisələrində 300 ton tomat, 550 tondan çox konservləşdirilmiş meyvə-tərəvəz hazırlanmışdır. Rayonun elektrik təsərrüfatında təmir -tikinti işləri ilə bərabər 10640 abonent üçün yeni "SMART" kart tipli sayğaclar quraşdırılmışdır. Rayon sakinlərinin mavi qazla təminatını yaxşılaşdırmaq üçün təmir işləri ilə bərabər 19 qaz tənzimləyicisi şkaf yenisi ilə əvəz edilmişdir. Rayonun telefon şəbəkəsinin müasir texnologiya əsasında yenidən qurulması genişləndirilmişdir. Vel kəndində 384, Daşdatük kəndində 128 yeni elektron ATS quraşdırılmışdır. Gərimətük və Nərimanabad qəsəbələrində 1200 və 192 nömrəlik, Boladi, Separadi kəndlərində 1296 və 608 nömrə tutumlu elektron ATS-lər sakinlərin ixtiyarına verilmişdir. Bu siyahını xeyli uzatmaq da olar. Lənkəran su təchizatı, kanalizasiya sisteminin yeniləşməsi istiqamətində işlərimiz də uğurludur. Xanbulan ana su xəttində suyu təmizləmək üçün Xanbulan nasos stansiyasının ərazisində 1 ədəd D- 500 mm-lik yeni siyirtmə quraşdırılmışdır. Su boruları kanalizasiya xətləri təmir edilmiş və ya dəyişdirilmişdir. Gündəlik 60 ton süd və süd məhsulları istehsal edən "Nur-süd" MMC, ayda 500000 litr dondurma istehsal güclü "Paldad " dondurma zavodu, saatda 2,5 ton yaşıl çay yarpağı istehsal edən fabrik, 1 saat ərzində 30 ton meyvə-tərəvəz qəbul edən "Gilan-Lənkəran Konserv " zavodu, tutumu 2000 ton olan soyuducu anbar da Lənkəran təsərrüfatının uğurlarıdır.

Lənkəran Regional Müalicə- Diaqnostika Mərkəzi, akademik Zərifə xanım Əliyeva adına uşaq sağlamlıq mərkəzi, Milli Olimpiya Konpleksi, 5 otel, 5 istirahət mərkəzi, 13 bank filialı, 3 kredit təşkilatı da artıq şəhərimizdə fəaliyyətə başlayıb. Bir sözlə, Lənkəranda sosial-iqtisadi inkişafla bağlı bütün detalları desəm uzun bir siyahı alınar. Elə bilirəm bunları qeyd etsən də kifayətdir.

 

8 oktyabr daha uğurlu tarixdir

 

Çünki Lənkəran haqqında məlumatlarda, rayon məmurlarının dediklərində bu rəqəm daha tez-tez hallanır. Lənkəran şəhər İcra Hakimiyyətinin ictimai- siyasi məsələlər üzrə şöbə müdiri Əlmərdan Əkbər oğlu Əliyev də bu rəqəmi çox uğurlu sayır:

- Əvvəla onu deyim ki, Lənkəranın iqtisadi-sosial inkişafı ilə bərabər digər sahələrə də xüsusi diqqət ayrılıb. Ötən müddət ərzində rayonumuzda 6140 şagird yerlik 23 məktəb, o cümlədən Heydər Əliyev Fondunun vəsaiti hesabına 2944 şagird yerlik 9 məktəb binası tikilmişdir. 120 şagird yerlik Xüsusi internat məktəbi, 540 şagird yerlik 27 əlavə sinif otaqları inşa olunaraq müasir avadanlıqla təchiz edilmişdir. 15 min nəfərlik "Xəzər- Lənkəran " stadionu böyük tikintidir. Eləcə də digər elmi- mədəni sahədə belə işlərdən xeyli danışmaq olar. Qaldı, 8 oktyabr tarixinə- doğurdan lənkəranlılar üçün bu çox uğurlu tarixdir. Azərbaycan Prezidenti, möhtərəm İlham Heydər oğlu Əliyev cənabları indiyə kimi düz 7 dəfə bizim Lənkəranda olub. Onun hər gəlişi də heç şübhəsiz ki, bir tarixdir. Ancaq onun 2008-ci il 8 oktyabr tarixli rayonumuza səfəri biz lənkəranlılar üçün xüsusi bir tarixdir. Həmin gün ümumi sahəsi 300 kvadrat metr olan Heydər Əliyev müzeyinin Lənkəran şəhərində açılışı olmuşdur. Həmin gün Lənkəran Beynəlxalq Hava limanının qırmızı lentini İlham Əliyev kəsmişdir. Tikintisinə 51 milyon manat xərclənən bu hava limanı iri yük və sərnişin təyyarələri qəbul edəcək. 8 oktyabrda Prezidentimiz şəhər mərkəzində tamamilə yenidən qurulmuş Qala xiyabanında sakinlərlə çox səmimi görüş keçirmişdir. Həmin tarixdə İlham müəllim Lənkəran rayonunun Səpnəkəran kəndindəki Möhübbət Həmzəyev adına orta məktəbdə olmuşdur. 8 oktyabrda ölkə başçısı özündə 50-dən çox yaradıcı və texniki işçini birləşdirən Lənkərandakı " Cənub-TV" televiziya kanalının yeni binasının açılışında iştirak edib. Həmin tarixdə Prezidentimiz Xəzərin sahilində yerləşən, yeni turizm obyekti olan "Qafqaz Sahil " hotelinin qırmızı lentini kəsmişdir. "Nur-süd" MMC-nin fəaliyyəti ilə maraqlanan Azərbaycan Prezidenti məhz elə 8 oktyabrda orada olmuşdur. Ona görə də 8 oktyabr 2008-ci il Lənkəranın iqtisadi-siyasi, mədəni tarixində ayrıca yer tutur.

 

Ən dəqiq ifadə

 

Mavi gözlü Xəzərin sahilində, füsünkar Talış dağlarının ətəklərində yerləşən, sabaha inamla baxan, böyük arzularla yaşayan Lənkəran haqqında lap çox danışmaq olar. Burada son illər baş verən dəyişiklikləri isə sadalamaq, sayıb qurtarmaq xeyli vaxt tələb edir. Çox yaxşı olardı ki, bu yurdu görməyən soydaşlarımız cənubun mirvarisi olan Lənkəranda heç olmasa bir gün qonaq olsun. Bax, onda əsl Lənkəran haqqında daha çox şey bilərlər. Bugünkü Lənkəranın taleyində isə heç şübhəsiz buradakı insanların rolu böyükdür. "Biz çox ciddi iqtisadi və sənaye tədbirləri görməklə bərabər, sosial məsələlərə də böyük diqqət göstəririk. Lənkəran rayonun timsalında biz bunu görürük. Nə qədər məktəb tikilib, nə qədər sosial obyektlər tikilib, böyük abadlıq- quruculuq işləri aparılır- siz lənkəranlılar bunları çox yaxşı bilirsiniz. Bütün bu yenilikləri, dəyişiklikləri görürsünüz. Lənkəranın bütün inkişafında ən fəal rol oynayan onun sakinləri, sizsiniz..." Bunu Azərbaycan Prezidenti İlham Əliyev cənabları deyib. Və bundan dəqiq ifadə ola bilməz.

 

 

Səxavət Məmmədli

 

Ədalət.- 2011.- 25 yanvar.- S. 7.