Rüstəm Behrudi: "Poeziya mənim həyatımın sementidir"

 

"Virtual müsahibə"də bu dəfə bir siyasətçi, ya hansısa məşhur məmuru görməyi çox istərdik. Amma bu müsahibəni eləməyə könüllü tapa bilmədik. Odur ki, yenə əlimizin altında hazır olan virtual müsahibəni sizə təqdim etməli oluruq. təkrar xatırladırıq ki, parlaq, maraqlı maneraları olan ictimailəşmiş şəxslərlə virtual müsahibələri (maraqlı, oxunaqlı olduğu halda) dərc etməyə hazırıq. Bunun üçün danışıq, düşüncə tərzini parodiya edə biləcəyiniz hər hansı məşhur şəxslə elədiyiniz virtual söhbəti elektron ünvanımıza göndərməyiniz kifayətdir. Layihədə növbəti müsahib isə yenə ədəbiyyat adamıdır. Şair Rüstəm Behrudi

 

- Rüstəm müəllim, redaksiyamıza necə gəlib, çıxdınız?

- Mən bura gəlməmişəm Məhəmməd Hadi kimi!

Sənə salam verirəm Rüstəm Behrudi kimi.

Üz-üzə dayanmışıq iki sevgili kimi

Kim əkdi aramıza xain, əğyar ağacı?

Rüstəmin dar ağacı! Rüstəmin dar ağacı!

- Bunu başa düşdük e, Rüstəm müəllim, bəs redaksiyamıza necə gəldiniz?

- "Cip"imlə gəlmişəm , piyada gəlməyəcəkdim ki... bu axmaq sualdı?!

- Neynək, onda ağıllı məsələlərdən sual verim. Rüstəm müəllim, forma məzmun etibarilə şeir ən çox nəyə bənzəyir?

- Sənin axmaq sualların bundan şükürlü idi ki...nəsə. Ümumiyyətlə, hər şey etibarilə şeir bir inşaata, bir binaya bənzəyir. Necə ki, bir inşaatın, binanın sahibi var, prorabı, bənnası, montyoru var, santexniki, elektriki, fəhləsi var, şeir elədir. Məsələn, şair var nəfəsi, istedadı o qədər ölgündür, poeziyada o qədər az şeyi həll edir, üstəlik, şeir yazanda üstünü-başını o qədər toza-torpağa batırır ki, o şeirin ancaq fəhləsi ola bilər. Məsələn, Vəli Xramçaylı. Şair var, söz sənətinin elə ağır daşından yapışır ki, o mütləq şeirin, mətnin bənnası olmağa yarayır. Məsələn, Musa Yaqub. Düzdü, o bir yekə daşı götürüb-götürməyə qərar verə bilmədiyinə görə, bu adı ona çox da yaraşdırmaq olmur, amma ta ağsaqqal adamdı da! Sonra...Şair var, poeziyada o qədər murdar, çirkli, üfunətli mövzularla əlləşir ki, mən onu istər-istəməz şeirin santexnikinə oxşatmalı oluram.

- Konkret ad çəkə bilərsiniz?

- Yox, bu yaxınlarda o şair məndən krupnı alver eləməlidi, qoy qalsın, gələn dəfə deyərəm. O ki qaldı, "elektrik" məsələsinə, məsələn həmişə işıqdan-zaddan yazdığı üçün, mən deyərdim ki, şair Aqşin şeirin montyorudur.

- Sizcə, Baba Vəziroğlu şeirin nəyidi?

- Belə bir müqayisə aparım da. Sahibkar var, adamları əlinin altında işlədir. Baba müəllim isə müğənniləri öz şeirinin altında çalışdırır. Odu ki, ürəklə deyə bilərəm, o kişi poeziyanın sahibkarı, el dilində desək, müdiridi.

- Onda belə çıxır ki, həmişə dar ağacıyla əlləşdiyiniz üçün siz şeirin xarratısınız?

- İnsan mənəviyyatındakı o dar ağacını həmişə doğramaq, mişarlamaq, uçurmaq, köklü-köməcli məhv etmək istəyimi, ehtirasımı nəzərə alsaq, demək olar ki, mən şeirin ya "drujba" ya da laqondasıyam.

- Əgər şeir bir inşaat, binadırsa, onda şeirin "stroy-materialı" nədir?

- Qızım, sən gəl, mənə söz toxuma, guya mən bilmirəm ki, sən "stroy-material" deyəndə nəyi nəzərdə tutursan?! Bu boyda şairlə söhbət eləyirsən, özün ağzına gələni danışırsan!

- Əsəbiləşməyin, Rüstəm müəllim. Gəlin, bir az da sizin "Dar ağacı" şeirinizdən danışaq. Məsələn, mənə görə dar ağacı bir az ciddi məsələdir. Onun yanına qəhrəmanları, inqilabçıları asmağa aparırlar. Sizsə "salam dar ağacı!"nı elə deyirsiniz ki, elə bil, dar ağacının yanına intihar etməyə gəlmisiniz...bu qədər doğrudur?

- Gəlin mən sizə şeirlə cavab verim:

 

Həmişə cütləmişəm dünyanın təklərini.

Kim asdı bu ağacdan qoyun cəmdəklərini?

Bir gün nəzərə aldı mənim istəklərimi

O ağac döndü oldu bir intihar ağacı!

Rüstəmin dar ağacı, Rüstəmin dar ağacı!

 

Bilirsiniz, həyatda çox şey öz missiyasını dəyişir. Zaman, məkan, vəziyyət, situasiya hər şeyi öz missiyasını dəyişməyə məcbur edir. Dar ağacı olanda olar, onun da insafı olmalıdı, ya yox?! Onun da missiyası dəyişməlidi . Yoxsa siz istəyirsiniz ki, indi, bu iyirmi birinci əsrdə meydanlarda dar ağacı quraşdırıb, insanları edam eləsinlər?

- Yooox...

- Belə olanda, dar ağacı da bekarçılıqdan missiyasını dəyişir, olur başqa bir ağac. Konkret ağacı olmağı isə o ağacın mənsub olduğu xalqa bağlıdır. Məsələn, onun ən uğurlu aqibəti elə bizdədi - mənim sayəmdə Azərbaycanda dar ağacı intihar ağacına çevrilib. Amma belə xoşbəxtlik ancaq bizə, Azərbaycana üz verib. Mən sizə xalq göstərərəm ki, öz dar ağacından mal-qoyun cəmdəyi asıb-soyur. Amma o xalq indi burda yoxdu, odu ki, dalınca danışmayaq. Xalq var, dar ağacını mişarlayıb, dubinka düzəldir. Hələ mən dar ağacını talaşa eləyib, samovar qalayan xalqları sizin üzünüzə tutmuram! Türklər Adnan Menderesin, Pir Sultan Abdalın asıldığı dar ağacını indi səy-səy müğənnilərin dıydıx-dıydıx kliplərinə çəkirlər. Yenə şükürlüsü bizik, öz dar ağacımıza heç olmasa, intihar ağacı kimi yanaşırıq.

- Sizdən bir şey soruşum. Amma xahiş edirəm, bu suala səmimi cavab verin. Poeziyada dar ağacını intihar ağacına çevirmisiniz, bu öz yerində. Bəs əlinizdə o imkan olsaydı, həyatda dar ağacını nəyə çevirərdiniz?

- Sən canın, bunu yazma, öz aramızda sənə bir şey deyim. Sən mənim qızım, bilirsən dünyanın bütün dar ağaclarını bir yerə yığıb, o materiallardan qədər kottec-zad tikmək olardı?! Bah! Təsəvvür elə müştəri gəlir, aparırsan ona otaq göstərməyə, deyirsən: "Bax, bu kottecin taxtası Mussolininin asıldığı dar ağacından çıxıb... Bu birisinin tikintisində isə biz Səddam Hüseynin asıldığı dar ağacının materiallarından istifadə etmişik..." Belələrini xüsusilə amerikalı turistlərə baha qiymətə satardıq. Romantiklərə, solçulara-zada da Dəniz Gəzmişin asıldığı dar ağacının taxtasından kottec sırımaq olardı. Qırmızı rəngə boyamaq şərtiylə... Artıq qalan çır-çırpını, "apilka"nı da restoranlara satardıq. Yeməyin altına qalayıb, ekzotika manyaklarına birə-beş oxudardılar. Yeri gəlmişkən, bir şey xahiş eləyim. Mənim internetə girməyə vaxtım olmur. Sən canın vaxtın olanda, Google- bir axtarışa ver, eşitmişəm Eyfel qülləsin metallom kimi satırlar. Gör, qiyməti babatdısa, bir yerdən hamısın götürüm. Narahat olma, sənin hörmətini eləyəcəm.

- Bəlkə Monparnas qəbiristanlığından da başdaşıları alıb, bina tikəsiniz?! Ayıb deyil, Rüstəm müəllim?!

- Əvvəla, ayıb niyə olur, ikinci , öz aramızdı, pis fikir deyil, gərək oranın "makler"inin nömrəsin tapım... özün savadsız-savadsız danışma - bina tikintisində baş yox, sinə daşlarından istifadə eləyirlər. Prosto gərək tələsim, Salam Sarvan məndən qabağa düşər.

- Son olaraq, bir sual verim. Poeziya sizin üçün nədir?

- Öz poeziyam, yoxsa geniş anlamda poeziya?

- Sizin poeziyanızın olduğunu bilirik, bəşəri poeziyanı deyirəm.

- Poeziya mənim həyatımın sementidir. Sement daşı daşa necə yapışdırır, bağlayırsa, şeir məni həyata o cür bağlayır. Bu gün bəzi şairlər poeziya adlı bu sementə o qədər palçıq, qum qatırlar ki, mən get-gedə həyatdan qopmalı oluram. Gün gələcək ki, mən öləcəm. Bax, həmin gün mənim ölümümün mənası bu olacaq ki, mənim həyatımın sementinə qumu artıq qarışdırıblar.

 

 

Günel Mövlud

 

Ədalət.- 2011.- 25 yanvar.- S. 8.