QAN YADDAŞIMIZA FƏRQLİ
BAXIŞ
"Azərbaycan faciələrinin təqvimi" təqdim
olundu
Tarixçi-tədqiqatçı Nazım
Tapdıqoğlunun (Vəlişovun) yenicə çapdan
cıxmış "Azərbaycan faciələrinin təqvimi"
kitabı hər birimiz uçün əsil qan yaddaşı
kitabı sayıla bilər. Dəyər baxımından qiymətli
və tədqiqat səviyyəli bu kitabda başı tarixən
min bir bəlalar çəkmiş Azərbaycanın
ayrı-ayrı illərdə üzləşdiyi fəlakət
və faciələrin təqvim tarixləri toplanmaqla
yanaşı, təqvimin xronoloji
ardıcıllığında hər bir gününün
müxtəlif faciəli hadisələri əks olunmuşdur. Kitab
faciəli, amma eyni zamanda dəyərli tarixi
keçmişimizi əks etdirən və bu səpkidə
ürəklə, əsl vətənpərvərlik ruhu,
türkçülük eşqi ilə yazılan ilk sestemli,
universal nəşrlərdən biridi.
Kitabda müəllif hər
bir təqvim gününün Azərbaycan xalqı
üçün faciəvi xarakter
daşıdığını sübut etməyə
çalışmış və buna, demək olar ki, nail
olmuşdur. Gərgin axtarışlar və böyük zəhmət
bahasına araya-ərsəyə gətirilən və
geniş oxucu auditoriyası üçün nəzərdə
tutulan bu kitab yəqin ki, oxucular tərəfindən maraqla
qarşılanacaq və öz layiqli qiymətini alacaqdır. İnanırıq
ki, bu kitab gənc nəslin milli vətənpərvərlik
ruhunda tərbiyə almasında böyük rol oynamaqla, tarixi
faciələrimizi əks etdirən tədqiqatlar arasında
özünə layiqli yer tutacaqdır.
Ümumiyyətlə biz
bir millət olaraq Vətənimizin, yurdumuzun tarixini, onun
başına gətirilən faciələri yaxşı
öyrənməsək, onda gələcəkdə də hələ
başımıza çox faciələr, bəlalar gələ
bilər. Vətən də, millət də, dövlət də
torpaqdan, onun tarixindən başlanır. Vətənin, yurdun
tarixi keçmişini öyrənib-bilmək hər bir Vətən
övladı üçün həm borc, həm də şərəfdir.
Düşünürəm
ki, bu kitabı oxuduqca yanıb-yaxılacaqsan, ürəyin
ağrıyacaq. Çünki mən məhz bu hissləri
yaşadım - oxuduqca qovruldum, ürəyim ağrıdı.
Hiss etdim ki, bu kitab əsrlərdir ki, başına min bir məşəqqətlər,
müsibətlər, faciələr gətirilən azəri
türkünün, Azərbaycan xalqının arxiv
oyanışıdır, xalqın əzilib-küsdürülən
taleyinin ağlayan səhifələridir. Ümumilikdə Azərbaycanımızın
ömrünə, tale qismətinə yazılan və bizi alovsuz,
tüstüsüz yandıran bu qara, qanlı səhifələr
onun qan yaddaşıdır. Bu kitabdakı faciəli təqvim
tarixləri adi yazılar deyil; əslində onlar sözlərlə
ifadə edilən qəmli nəğmələrdir. Tarixçi-tədqiqatçı
Nazim Tapdıqoğlu tərəfindən uzun illər toplanan və
kitab kimi çap edilən bu mühüm materiallar
övladlarımıza, gələcək nəsillərə
ibrət olsun deyə tarix üçün, gələcək
üçün lazımdır, vacibdir.
Aydındır ki,
"faciə - ərəb sözü olub, "bəla",
"müsibət", "bədbəxtlik", "fəlakət",
"dəhşətli olay", "üzücü hadisə"
mənasını ifadə edir". Azərbaycan
xalqının keçdiyi şərəfli tarix yolu əfsuslar
olsun ki, üzücü faciələrlə zəngindir. Elə
faciələr vardır ki, onun ictimai-tarixi məzmunu olur. Bu
tip faciələrdə taleyin hökmünə qarşı
çıxan, məğlub olduqda belə onunla
barışmayan şəxsiyyətin, xalqın qəhrəmancasına
fəallığı özünü əks etdirir. Bu gün
xalqımızın tarixi haqqını, şərəfini
qorumaq ictimai fikrimizin əsas vəzifəsi olmalıdır. Qəti
şəkildə bilməliyik ki, dünya xalqları içərisində
başı ən çox bəlalar çəkən,
haqqı daha artıq tapdanan, saysız-hesabsız fəlakətlər
görən, faciələr yaşayan xalqlardan bəlkə də
birincisi bizik.
Məlumdur ki, Azərbaycan
türklərinin tarixi dədə-baba torpaqlarında sonradan məskunlaşan
ermənilər gəldikləri andan bu torpaqlara sahib olmaq
iddiasındadırlar və onlara xaricdən havadarlıq edənlər
də çoxdur. Başımıza gələn faciələrin
məhs böyük bir qismi də bu məkrli planlarla
bağlıdır. Erməni vəhşiliklərini bu gün
yaddaş tariximizdən silsək, hələ bundan sonra da
neçə faciələrə rast gələ bilərik. Tarix
özü bir məktəbdir. Ondan yaxşı dərs alanlar
heç vaxt məğlub olmurlar.
Kitabda ermənilərin
uzun zaman Azərbaycan türkünə qarşı törətdiyi
qanlı hadisələr (cinayətlər, faciələr, məşəqqətlər,
müsibətlər, vəhşiliklər, qarətlər,
talanlar, terror aktları, soyqırımlar...) baş verdiyi dəqiq
tarixlərlə (gün, ay, il) əks olunub. Ayrı-ayrı təqvim
tarixlərində həyata keçirilən bu qanlı olaylar
Azərbaycan xalqının eyni zamanda erməni
işğalçı qəsbkarlarına qarşı
mübarizə əzminin göstəricisidir. Məlumdur ki, ermənilərin
azərbaycanlılara qarşı törətdikləri terror
aktları saya gəlməyəcək qədər çoxdur.
Əlbəttə, müəllifin toplayıb-araşdıraraq
araya-ərsəyə gətirdiyi mövcud bu erməni vəhşilikləri
onların xalqımıza qarşı törətdikləri
terror aktlarının miqyası cəhətdən kitabda
öz əksini hələ tam şəkildə
tapmamışdır. Müəllif zaman-zaman xalqımıza
qarşı ermənilərin törətdikləri bəzi
terror aktlarının, necə deyərlər, sxemini
cızmışdır.
Nazim Tapdıqoğlu hər
ayın günlər və illər üzrə xronoloji
ardıcıllıqla olan hadisələrini (365 günün
hamısını) sistemləşdirib kitabda ayrıca bir fəsil
kimi vermişdır. Müəllif bəzi hadisələr,
olaylar özlüyündə müəyyən dərəcədə
xüsusi faciə xarakteri daşımasa belə, məhz
tarixilik baxımından xalqımız üçün
böyük əhəmiyyət kəsb etdiyini nəzərə
alıb, onları kitaba salmışdır. Bir sıra təqvim
tarixlərində bəhs olunan olaylar müxtəlif qiymətli
tarixi mənbə və sənədlərə əsaslandırılmışdır.
Kitabda 1988-ci ilin fevralından başlayan və 12 may 1994-cü
ilə - atəşkəsə qədər davam edən
Qarabağ müharibəsinin yaddaşımıza
köçürülməsi vacib olan ayrı-ayrı təqvim
tarixlərinə də geniş yer ayrılmışdır. Məlumdur
ki, biz Qarabağ müharibəsi müddətində (1988-1994)
ümumiyyətlə, Qarabağ ərazisində
irili-xırdalı 880 yaşayış məntəqəsi
itirmişik. Əlbəttə ki, bütün bunların hər
biri bizim üçün böyük faciədir. Müəllif
uzun illər Qarabağda yaşadığı
üçün ermənilər tərəfindən
işğal edilən bu kəndlərin, yaşayış məntəqələrinin
əksəriyyətini görmüşdür. Füzuli, Cəbrayıl,
Zəngilan, Ağdam, Şuşa, Xocavənd, Xocalı
rayonlarının əksər yaşayış məntəqələrini
isə qarış-qarış gəzmişdir. Qarabağ ərazisində
ermənilərlə müxtəlif döyüşlərin,
onların vəhşiliklərinin, eləcə də bir
sıra yaşayış məntəqəsinin işğala məruz
qalmasının şahidi olduğu üçün müəllif
bütün bunlara da kitabda bəzi yer ayırmağı vacib
hesab etmişdir.
Təbii ki, bir kitabda ermənilərin
zaman-zaman xalqımızın başına gətirdikləri vəhşilikləri,
müsibətləri, soyqırımları tam əhatə etmək
mümkün deyildir. Bu mövzuda yəqin ki, bundan sonra daha
çox və samballı kitablar da nəşr olunacaqdır. "Böyük
Ermənistan" xülyası ilə yaşayıb başqa
xalqlara, qonşularına nifrət təbliğ edənlər,
onlara qarşı təcavüzkar siyasət yeridənlər
mütləq nə vaxtsa TARİX qarşısında öz
layiqli cavablarını alacaqlar.
Müəllif kitabın
"Son söz" hissəsində oxucusuna belə deyir: -
"İstəkli oxucu! Mən Qarabağı
qaytaracağımıza ümidliyəm. Sən də
ümidli ol! İnşallah, ermənilər tərəfindən
işğal edilmiş torpaqlarımızı tezliklə azad
edəcəyik. Şuşada, Xankəndində, Xocavənddə,
Xocalıda, Füzulidə, Ağdamda, Cəbrayılda, Zəngilanda,
Qubadlıda, Laçında, Kəlbəcərdə - zəbt
olunmuş yurd yerlərimizdə Azərbaycanın müqəddəs,
üçrəngli bayrağı dalğalanacaq. Bax, onda Azərbaycan
xalqının zəfər tarixi, qələbələri
haqqında daha dəyərli, maraqlı, oxunaqlı bir kitab da
yazacağıma söz verirəm. Bu, mənim ən
böyük arzumdur. Elə bu arzu ilə də hələlik
burada Sizdən ayrılıram".
Bir oxucu olaraq mən də müəllifə
qoşularaq, inşaallah Şuşada, Xankəndində müqəddəs
uçrəngli bayrağımız dalğalananda ondan
özünün dediyi kimi, "Azərbaycanın zəfər
tarixi" adlı daha bir maraqlı kitab da yazmasını istəyəcəyik...
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2011.- 27 yanvar.- S. 6.