TARİXİMİZİN QƏDİM ÜNVANI

 

Azərbaycan tarixi müxtəlif zaman kəsiyində özünün diqqətçəkən səhifələri ilə həmişə özümüzlə yanaşı, qonşularımızı da düşünməyə, müxtəlif addımlar atmağa məcbur edib. Təbii ki, biz atdığımız addımlarla tariximizi öyrənməklə zənginləşdirmək yolunu tutmuşuq, düşmənlərimiz isə əksinə, daha çox bizim tariximizi mənimsəmək özününküləşdirmək niyyətində olublar. Elə bu tarixin yaşadığı ünvanlardan biri olan qədim Bərdədə həmsöhbət olduğum rayon mədəniyyət turizm şöbəsinin müdiri Salman Həsənovla da bölgənin yaxın uzaq keçmişindən danışdıq.

 

- Təqribən 3 min ilə yaxın yaşı olan Bərdə özünün zəngin tarixi ilə həmişə elm adamlarının, incəsənət, mədəniyyət, ədəbiyyat insanlarının diqqətini çəkibdi. Görünür, elə qədimlik və zənginlik Bərdənin zaman-zaman diqqət mərkəzində olmasına, onun barəsində müxtəlif tarixi mənbələrdə informasiyalar verilməsində əsas səbəblərdən biri olubdur. Tarixi mənbələrin verdiyi bilgilərə görə, Şərqdə Bağdaddan sonra adıçəkilən ən qədim yaşayış məskənlərindən biri də Bərdədi. Bölgənin coğrafiyasına bələd olan hər kəs bilir ki, qədim ipək yolunun üstündə yerləşən bu şəhər barədə bilgilər səyyahların, karvan sahiblərinin sayəsində gündoğandan günbatana qədər məşhurlaşmışdı. Yol üstündə olması şəhərin inkişafına, çiçəklənməsinə səbəb olmaqla yanaşı, ona marağın da artmasına, bu qədim şəhərə sahib olmaq istəyinə düşənlərin çoxalmasına da səbəb olmuşdu. Bütün bunlar Azərbaycan tarixini araşdıran hər kəsə bəllidir. Sovet dönəmində də Bərdə Azərbaycanda özünün inkişafına, iqtisadi tərəqqisinə görə, ön cərgələrdə olmuşdu. Bu rayonun qəhrəman, zəhmət adamları, ziyalıları onun şöhrətinə şöhrət qatmışdılar. Təbii ki, bu sevindirici uğurların sırası Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni müstəvidə, yəni öz torpağının sahibi olmaq müstəvisində daha da genişləndi, daha da böyük uğurlara imza atmağa başladı. Doğrudur, qədim Bərdəni xatırladan tarixi yerlər, memarlıq nümunələri, abidələr, qala divarlarının qalıqları Sovet dönəmindəkindən indi daha çox canyanalıqla, sahiblik hissi ilə qorunur. Şəhərin qədimliyini nişan verən hər bir daşa, hər bir əl işinə xüsusi diqqət və maraq göstərilir. Bu işdə rayonun mədəniyyət və turizm şöbəsi, eləcə də bu şöbənin nəzdində çalışan və işinin peşəkarı olanlar səy və bacarıqlarını əsirgəmirlər.

Onu da əlavə etməliyəm ki, bu gün rayonun qədimliyini əks etdirən bir çox abidələrimiz qorunmaqla yanaşı, amma müəyyən bərpa işlərinə, təmirə ehtiyacı olanlar da vardır. Məsələn, 1322-ci ilə məxsus el arasında Nüşabə qalası kimi tanınan abidənin, Tərtər çayı üzərindəki iki körpünün, 6-cı əsrə aid olan torpaq qalanın, 14-cü əsrə aid olan Aksadan baba türbəsi, 8-9-cu əsrə aid olan İbrahim məscidi. 18-ci əsrə aid olan səkkizguşəli Güloğlular türbəsi. Bəhmən Mirzə türbəsi, Şirvanlı hamamı, 1905-cü ildə tikilmiş Cümə məscidi dövlət tərəfindən tarixi abidələr kimi qorunur. Hələ 2 il öncə milli elmlər akademiyasının tarix və etnoqrafiya institutunun böyük bir alim qrupu rayonda olmuş və Bərdənin tarixi ilə bağlı elmi-praktiki konfranslar keçirmiş, abidələrin qorunması ilə bağlı maraqlı təkliflərlə çıxış etmişdilər.

Bu gün Bərdədə hər kəs Azərbaycan prezidenti İlham Əliyevin bu qədim şəhərdə olarkən dediyi "Bərdə Azərbaycanın qədim şəhəridir, Qarabağın mərkəzidir. Tarixən bu diyar Şərqin ən böyük şəhərlərindən biri olmuş, mühüm mədəniyyət mərkəzi kimi tanınmışdır" - bu fikirlərdən qürur hissi duyur. Elə ölkə prezidentinin bərdəlilər qarşısında qoyduğu məsələlərdən biri də Bərdənin qədimliyini qorumaqla yanaşı, onun müasir dövrün şəhəri kimi də qurub yaratmaq, tanıdıb sevdirməkdir. Bu məqsədlə rayon rəhbərliyi müxtəlif tədbirlər planları hazırlayır və ardıcıl olaraq, şəhərdə tikinti abadlıq işləri aparılır, yeni və müasir arxitektura baxımından Bərdəyə yaraşan binaların, sosial obyektlərin tikintisinə diqqət yetirilir. Təbii ki, bu tikintilər, bu abadlıq təkcə rayon mərkəzində deyil, eləcə də onun kəndlərində də planlı və uğurlu şəkildə icra edilməkdədir. Əgər faktlara müraciət etsək Bərdədə çoxlu sayda mədəniyyət evlərinin, şəhər klubunun, mədəniyyət sarayının, tarix diyarşünaslıq muzeyinin, Heydər Əliyev Mərkəzinin, rəsm qalereyasının, uşaq, musiqi və incəsənət məktəblərinin, istirahət parklarının fəaliyyətinə olan diqqət, onların genişləndirilməsinə ayrılan maliyyə yəqin ki, ürəkaçan olar.

Bu gün Bərdə müstəqil Azərbaycanın inkişaf edən, günü-gündən gözəlləşən və əhalisinin sosial durumu yaxşılaşan bir ünvandır. Bu ünvanda keçirilən mədəni-kütləvi tədbirlərin siyahısına diqqət yetirsək onda görərsiniz ki, Bərdə zamanın nəbzini tutur və bu nəbzə uyğun olaraq da uğurlu sabahlara doğru inamlı bir yolla getməkdədir. Düşünürük ki, ölkə prezidentinin və rayon rəhbərliyinin tələb və qayğıları da bizlərdən yalnız Bərdəyə və bərdəlilərə layiq olmağı, onların istədiklərinə uyğun fəaliyyət göstərməyi umur. Biz də çalışırıq ki, öz üzərimizə düşən işi layiqincə yerinə yetirək və 145 min nəfərə yaxın əhalisi olan Bərdənin bütün sakinlərinin zövqünü oxşayaq.

Bəli, Salman müəllimlə söhbət zamanı o konkret faktlar göstərməklə rayonda görülən işlərin hər biri barəsində ürək dolusu danışdı və xatırlatdı ki, bu gün Bərdədə görülən işlərlə yanaşı hələ görülməli işlər də çoxdur. Sonda onu da xüsusi qeyd etdi ki, bu bölgədə yerləşən və Azərbaycanın sərhədlərini bərpa edəcək əsgərlərimizlə də mütəmadi əlaqə saxlayır, onları da unutmuruq. Çünki onlar bizim güvənc yerimizdir.

 

 

Hacıbala Talıbov

 

Ədalət.- 2011.- 27 yanvar.- S. 6.