BURADA NECƏ ŞİRİN OLUR "VƏTƏN!"
DEYƏNDƏ...
İmarətdə qələm aciz qalardı
... Mən bu yazını 25
il bundan əvvəl qələmə alsaydım
Dünyanın Ən Varlı Şəhərində
Dünyanın Ən Varlı İnsanlarının (Aqil Abbas:
"Dolu" romanı) xoşbəxtliyindən yazacaqdım. Səliqəli
küçələrə, gözəl binalara, bahalı həyət
evlərinə, İmarətə və oralardan da yuxarılara
baxıb bir daha heyran olacaqdım. 20 il əvvəl yazsaydım
əgər, bu Ağ Şəhərin döyüşkən
ruhuna, vətən sevgisinə, igidlərin şəhidlik
sevdasına söz tapa bilməyəcəkdim, qələm aciz
qalacaqdı...
Buranı vətənimə oxşadıram
İndi zaman başqadı.
Hiyləgər düşməni qucağında saxlayan namərdlər
var. Ancaq hamı bilir ki, o günə çox qalmayıb. Yəni
tülkülərin bütün Qarabağdan qovulacağı
günə...
İndi siz hər gün
Dünyanın Ən Varlı Şəhərinə boylanan bu
gözəl qəsəbənin rəmzi qapısından,
tacları bir-birinə uzalı qalmış əllərə
bənzəyən "həsrət körpüsü"ndən
keçərkən heç də mənim kimi kövrəlib
qəhərlənməyin. Çünki mən belə məqamlarda
başqa havalara düşürəm. Xəyal məni
çox uzaqlara aparır. Yarıya bölünmüş məmləkətimin
acılarını çəkirəm, eyni caynaqların qəlbləri
parçalamaqdan doymadığını görürəm.
Dünyanın Ən Varlı Şəhərini bir anlıq da
olsa diksinib Şimal və Cənub düşüncələrimdən
keçirirəm, bütövlükdə Vətənimə
oxşadıram. Bir anlıq...
Bu rəmzi qapı bir abidədir.
Ağdam, bütövlükdə Qarabağ düşmənlərdən
azad edildikdən sonra da qoy bu qapıya əl vurulmasın, bərpa
edilib bəzədilməsin. Yaddaşları didişdirən
bir abidə kimi qorunub saxlanılsın...
Ağdamlılar nikbindir
Burdan o yana yollar səni
nikbinliyə kökləyir. Sən barlı-bəhərli
torpaqları, abad kəndləri, zəhmətkeş
insanları görüncə o gözəl, o şirin və
qürurlu günləri yaşayacağına əmin olursan. Və
həm də sevinirsən ki, heç kəsin
üz-gözündə azacıq da olsa ruh
düşkünlüyü yoxdur, sanki hamı Ali Baş
Komandanın əmrini gözləyir döyüşə
atılmaq üçün. Əgər düşmən
özü tezliklə buralardan rədd olub getməsə.
Bir rayonda iki şəhər
Artıq Quzanlı qəsəbəsindəyəm.
Hələlik Ağdam rayonunun mərkəzi olan bu gözəl
və müasir yaşayış yerini qəsəbə
adlandırmaq da bir elə düzgün çıxmır. Bura
müasir bir şəhərdi ki var. Abad və gözəl
küçələri, yaraşıqlı inzibati
binaları, yaşayış evləri, geniş ticarət mərkəzləri,
müasir görkəmli məktəbləri, uşaq tərbiyə
ocaqları, Olimpiya kompleksi, ən müasir xəstəxanası
və digər xidmət obyektləri olan Quzanlı böyüyüb
genişlənib bir şəhər olub. Allahın köməkliyi
ilə tezliklə arzumuza çatacağıq, Qarabağı
azad edəcəyik. Onda Ağdam rayonu xəritədə qəsəbə
və kəndləri ilə bərabər iki şəhəri
ilə tanınacaq. Əsirlikdən qurtulan Dünyanın Ən
Varlı Şəhəri indi az qala onunla bəhsə girişən
kiçik qardaşına qovuşacaq və necə də sevinəcək
gör, İlahi!
Prezident və xanımı bu şəhərdə
Geniş məlumatı
olmayanlar üçün indi söylədiklərim və
yazacaqlarım gərəkli olar zənnimcə. Ağdam
rayonunun 175 min nəfər əhalisi var. Minlərlə şəhid
vermiş, illərlə toy-düyün görməmiş, gəncləri
evlənmədən qocalmış böyük bir rayonun əhalisi
indilərdə 250 min nəfərə çatmalı idi...
Rayon əhalisinin 90 min nəfəri işğaldan qoruna
bilmiş ərazidə yaşayır. 85 min nəfər
ağdamlı isə respublikanın əksər şəhər
və rayonlarında məcburi köçkün olaraq müvəqqəti
məskunlaşmışlar. Hamı böyük ümidlərlə
yaşayıb çalışır. Prezidentin Qarabağ
bölgəsinə hər səfəri ölkə vətəndaşlarını,
xüsusilə məcburi köçkün həyatı
yaşayanları xeyli ruhlandırır. Ötən ilin noyabr
ayında Prezident İlham Əliyevin və ölkənin
birinci xanımı Mehriban Əliyevanın rayona səfərini,
camaatla görüşlərini ağdamlılar fərəhlə
xatırlayırlar. Prezident və xanımı həmin səfər
zamanı Quzanlıda mərkəzi rayon xəstəxanasının
və 689 ailə yaşayan yeni qəsəbənin
açılışında iştirak etmişlər. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
görüşlərdə çıxışları
zamanı rayonda aparılan quruculuq-abadlıq işlərini
yüksək qiymətləndirmiş, Ağdam rayonunun
sosial-iqtisadi inkişafına xüsusi diqqət göstərilməsi
üçün əlavə göstərişlər verdiyini
bildirmişdir.
Düşmənlə üz-üzə yüksəlişə
bax!
Ağdam Rayon İcra Hakimiyyətinin
başçısı Nizami Sadıqovu çoxdan
tanıyıram. Həmişə işgüzarlığı
və prinsipiallığı ilə diqqət mərkəzində
olub. Rayona rəhbərlik etdiyi az müddət ərzində
onun təşəbbüskarlığı, prinsipial fəaliyyəti
nəticəsində xeyli işlər görülmüş,
yeniliklər baş vermişdir. Mən Quzanlıda olarkən
başçının birinci müavini ilə bir çox
yerlərə baş çəkdik. Əvvəllər
görmədiyim yeni yaşayış massivinin, mərkəzi
rayon xəstəxanasının müasirliyinə və şəraitinin
yüksək səviyyəsinə heyranlığımı
Zülfü müəllimə də bildirdim. Xüsusilə
az qala sökülməsinə başlanılmış
uşaq bağçasının Nizami Sadıqovun birbaşa dəstəyi
ilə yenidən qurularaq ən müasir səviyyəyə
çatdırılması xoş təəssüratlar idi.
Çoxlarının həsəd aparacağı bu
bağça həyət-meydançaları ilə
kiçik bir villaya bənzəyirdi.
2010-cu ildə rayonda tikinti,
abadlıq və quruculuq sahəsində çox işlər
görülüb. Rayon təhsil şöbəsinin, qaz
istismarı idarəsinin, rayonlararası qaz tikinti idarəsinin,
46 saylı yol-tikinti idarəsinin, subartezian quyularının
istismarı idarəsinin inzibati binaları, Veteranlar evi istifadəyə
verilmiş, Quzanlı qəsəbə, Xındırıstan, Əhmədağalı
ərazi nümayəndəliklərinin inzibati binaları,
Çəmənli mədəniyyət evi, Heydər Əliyev
muzeyi, Heydər Əliyev bulağı,
Xındırıstan-Üçoğlan, İmamqulubəyli-Ayaqqərvənd
yolları təmir edilmişdir. Bir çox obyektlərin
tikintisi və təmir işləri uğurla davam etdirilir.
2010-cu ildə rəmzi
Giriş qapısı ilə yanaşı Qala Kompleksi
tikilmiş, Qalaətrafı park salınmış, Soltanbud təpəliyində
Azərbaycan Respublikasının Bayrağı və xəritəsi,
ətəkdə ağdamlı Milli Qəhrəmanların və
şəhidlərin xatirəsinə qurulmuş abidə
kompleksi əhalinin gəzinti və ziyarət yerinə
çevrilmişdir.
"Ekologiya ili" kimi qeyd
olunan 2010-cu ildə Soltanbud təpəliyində 3000 ədəd
şam ağacı əkilmişdir. Qalaətrafı parkda,
Heydər Əliyev prospektində, Akademik Zərifə Əliyeva
küçəsində, idarə, müəssisə və təşkilatların
ətrafında 30 min ədəddən çox ağac və
bəzək kolları əkilmişdir. Rayonda 5 hektar sahədə
ştillik təsərrüfatı yaradılmışdır.
Azərbaycan Respublikası
Prezidentinin sosial-iqtisadi inkişafın sürətləndirilməsi
istiqamətində verdiyi bütün fərman və sərəncamların
icrası ilə əlaqədar həmişə olduğu kimi
2010-cu ilin yekunu üzrə rayonda bütün sahələrdə
inkişafa nail olunmuşdur. Rayon üzrə 2010-cu ildə
ümumi məhsul istehsalının həcmi artaraq 82 milyon 662
min manat, sənaye məhsulunun ümumi həcmi 3 milyon 300 min
manat, kənd təsərrüfatı məhsulunun həcmi 61
milyon manat, ticarətin dövriyyəsi 6 milyon 100 min manat
olmuş, göstərilən dövrdə əsas kapitala
yönəldilən vəsaitlər 12,2 milyon manat təşkil
etmişdir.
"Qarabağ" Ağdamda uduza bilməz
Arada Nizami müəllim zəng
edərək harada olduğumu soruşur. Mən də Olimpiya
idman kompleksinin qarşısında gənclərlə "Qarabağ"
komandası barədə söhbət etdiyimi bildirirəm.
Başçı bir dost ərkyanalığı ilə
"Məzahir, o gənclərlə söhbətini davam elə,
onlar nə deyirlərsə düz deyirlər" söyləyərək
gözləməyimi xahiş etdi.
Ağdamlı gənclər
mənə nə deyirdilər?
- Biz Prezidentimiz İlham Əliyev
cənablarına minnətdarıq ki, rayonumuzda bu cür
gözəl idman kompleksi tikdirdi. Bundan sonra doğma
"Qarabağ" komandamızın ev oyunları burada
keçirilirdi. Hər dəfə də stadionda bircə dənə
boş yer tapılmırdı. "Qarabağ" Quzanlıda
uduzmurdu. "Qarabağ" öz evində, doğma
azarkeşlərinin qarşısında uduza da bilməzdi,
yalnız qələbə qazanırdı. Birdən necə
oldusa komandamız ev oyunlarını Bakıda oynayası oldu.
Biz hər bir görüşü burada necə səbirsizliklə
gözləyirdik... Komandanın rəhbərliyi niyə belə
etdi axı?
Doğrudan da
"Qarabağ"ın rəhbərliyi və AFFA bu barədə
nə düşünür görəsən?
Sonluq əvəzi
Son vaxtlar Ağdamın kəndlərində,
Quzanlıda, xüsusilə təmas xəttinə yaxın olan
yerlərdə bir fakt xoş söhbətlərin mövzusuna
çevrilib. Ağdamlılar eşidiblər, hətta bəziləri
görüblər ki, "Azərbaycanfilm"
kinostudiyasının yaradıcı kollektivi rayonda olubdur. Onlar
sevimli həmyerliləri Aqil Abbasın ssenarisi əsasında
film çəkəcəklər. Ağdamlılar bu hadisəni
sevinclə, intizarla gözləyirlər. Çəkilişlərə
baxmaqla yanaşı, köməklik göstərməyə də
hazırlaşırlar. Onlar Vətən uğrunda qəhrəmanlıqla
həlak olmuş igid həmyerlilərini çəkilişlər
zamanı sanki yenidən sapsağlam görəcəklər,
dipdiricə görəcəklər. Kino olduğunu bilsələr
də bu da bir təsəllidir. Həm də o şəhid
oğullar, o igid qarabağlılar, vətən
övladları həqiqətən ölməyiblər də.
Milyonların qəlbində yaşayan qəhrəmanlar
şeirlərdə, romanlarda, filmlərdə də həmişə
bizimlə qalacaqlar.
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2011.- 27 yanvar.- S. 7.