Dağlıq Qarabağda müharibə ehtimalı böyükdür

 

İmperiyanın xarabalıqları üzərində bərqərar olmağa hazırlaşan indiki Rusiya mümkün fürsətdən yararlanmağa üstünlük verdi. Çünki o hələ də əlində olan böyük məkanı itirəcəyindən qorxurdu. Onu əldən verməmək isə ən birinci məqsəd idi. Əlbəttə ki, bu siyasət imperiya marağından o yana gedə bilməzdi və bu yolda ən əlverişli alət süni şəkildə münaqişə ocaqları yaradıb onu idarə etmək ola bilərdi. Belə də oldu. Rusiya Dağlıq Qarabağ kimi böyük bir müharibə ocağı yaratmaqla imperiya sərhədlərinə ömürlük hakim olacağını bəyan etdi. Doğrudur, bu məqsədini pərdələməyə çalışır, amma bu cəhd onu da çox biabır edir.

 

"Rəsmi Moskva Qarabağ konfliktinin maraqları baxımından təhlükəli olduğunu daha çox anlayır. Əgər kiçik bir səhv üzündən hərbi əməliyyatlar başlayarsa, Azərbaycan və Ermənistandan daha çox Rusiya itirəcək". Bu fikirlər Rusiyanın "Nezavisamaya" qəzetinə məxsusdur. Qəzetin yazdığına görə Dağlıq Qarabağla bağlı Moskvada istər Xarici İşlər Nazirləri səviyyəsində, istərsə də prezidentlər səviyyəsində baş tutan və indən sonra da keçiriləcək bütün görüşlər məhz bu səbəbdən reallaşdırılır. Bütün il boyu da Rusiyanın fəallığının davam edəcəyinə diqqət yönəldən qəzet iddia edir ki, Kreml bütün cəhdlərinə baxmayaraq, Qarabağda yeni müharibənin qarşısını ala bilməyəcəyini də anlayır. Sadəcə bir qədər vaxtı uzatmağa çalışır.

Əvvəla ona görə ki, keçirilən istənilən bir görüşdən nə Ermənistan, nə də Azərbaycan hər hansı irəliləyiş gözləyir. Bunun üçün yalnız yaxın bir neçə gün ərzində dövlət başçılarının səsləndirdiyi bəyənatlara diqqət yetirsək hər şey çılpaqlığı ilə aydın olar. İrəvan müharibədən qorxmadığını və sona qədər müdafiə olunacağını, Bakı qısa zaman ərzində Ermənistanı diz çökdürəcəyini, bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini bəyan edir. Göründüyü kimi, tərəflər ortaq məxrəcə gəlmək barədə qətiyyən düşünmürlər. Müəllifin qənaətincə, Moskvanın işini çətinləşdirən də budur. Çünki onun planlarında hələlik bu variant yox idi və o, tərəflər arasında seçim etməkdə çətinlik çəkir.

Bu ehtimalın nə qədər böyük olduğunu daha yaxşı anlamaq üçün Bakının hərbi büdcəsinə və atdığı addımlara diqqətlə baxaq. 2011-ci ildə hərbi büdcə 2.5 milyard manat civarında dəyərləndirilib. Və bundan əlavə Neft Fondundan transferlər də ediləcək. Bundan əlavə 1.36 milyard manat müdafiə sənayesinin ehtiyaclarına sərf olunacaq. Bu vəsait Ermənistan, Gürcüstan və Qarabağdakı rejimin hərbi büdcələrindən çoxdur.

Xatırladılır ki, Azərbaycan sadəcə hərbi gücündən şantaj kimi yararlansaydı, Ermənistan kimi ayda iki-üç dəfə hərbi təlimlər keçirib, canlı yayımla bütün dünyaya yayardı. Amma göründüyü kimi Bakı bunu ildə bir dəfə Ordu Günü həyata keçirir. Azərbaycan maksimum səviyyədə hərbi gücünü gizlətməyə çalışır. Son açıqlamaya görə Azərbaycan Müdafiə Sənayesi 500 növ hərbi məhsul istehsal edir. Müqayisə etsək Gürcüstan, Ermənistan və Qarabağdakı rejimin birlikdə heç bunun yarısını da edə bilmədiklərini görə bilərik.

Yazının müəllifi hesab edir ki, bununla belə Ermənistan hazırda maksimum səviyyədə müdafiə olunmağa hazırlaşır. Onun hücum etmə şansları olmasa da ən azı mövqeləri qorumaq üçün var gücü ilə döyüşəcəyini söyləmək olar. Burada Moskvanı maraqlandıran əsas məsələ müharibənin hansı nəticəylə başa çatması yox, onun regionda gücünün hansı səviyyədə olacağıdır. Bu isə hələlik məlum olmadığından Rusiya hər iki tərəflə normal münasibətlər saxlamaqda davam edir.

Bir neçə gün öncə Prezident Administrasiyasının rəhbəri Sergey Narişkin Rusiya-Azərbaycan humanitar əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində Bakıda müzakirələr apardı. Ondan öncə Müdafiə Naziri Anatoli Serdyukov azərbaycanlı həmkarı ilə hərbi məsələləri müzakirə etdi. Moskva Bakının hərbi texniki və aviasiya sahəsinin modernləşdirilməsi üçün əlindən gələn köməyi etməyə hazır olduğunu bəyan etdi. Və hazırda bu istiqamətdə addımlar atılır.

Bunlarla paralel olaraq Ermənistanla hərbi saziş imzalanıb. Milli təhlükəsizlik naziri Artur Baqdasaryan bir neçə gün öncə rus ordusunun İrəvanı gözlənilən təhlükələrdən qorumağa borclu olduğunu Moskvanın diqqətinə çatdırıb. Və bundan əlavə bütün lazımi hərbi avadanlıq Ermənistana çatdırılmalıdır. Demək İrəvan təhlükənin ciddiliyinin fərqindədir. O, hər şeyin gözlənilmədən cərəyan edəcəyini anlamağa başlayıb.

Rusiyalı hərbi ekspert Konstantin Sivkov da Azərbaycanın müharibəyə hazırlaşdığını etiraf edib. Amma o, yaxın bir neçə ay ərzində müharibə ehtimalının olmadığını da bildirib: "Azərbaycan işğal olunmuş ərazilərini azad etmək üçün hərbi əməliyyatlara ən tezi 2011-ci ilin sonunda və ya 2012-ci ilin yayında başlayacaq. Amma müharibə heç də qısa müddətli olmayacaq. ABŞ, mütəffiqləri ilə İranı təhdid etdiyi bir zamanda Rusiya Azərbaycan vasitəsilə öz maraqlarını tam həyata keçirə bilər.

Əlbəttə, o bunu gerçəkdən istəyirsə. Çünki hazırda İran-Azərbaycan münasibətləri korlanmaq üzrədir. Və Moskva istəsə belə İranı Vaşinqtonun təcavüzündən qoruya bilməyəcək. Odur ki, o, Bakı ilə daha səmərəli əməkdaşlıq edə bilər. Qarabağda hərbi əməliyyatlar başlayanda, Moskva İrəvanı daha çox itkilər verməmək üçün Qarabağın Azərbaycana təhvil verilməsinə inandıra bilsə, o həm İrəvanda, həm də Bakıda öz imicini qoruya biləcək. Bu zaman Ermənistan Rusiyanı xilaskar, Azərbaycan ədalətli hesab edəcək".

  

  

Gültəkin

 

Ədalət.- 2011.- 28 yanvar.- S. 3.