Dövlət Komissiyası
məlumat yaydı
Azərbaycanın itkin kimi qeydiyyatda olan 10 vətəndaşının
işğal olunmuş ərazilərdə
saxlandığı ehtimal edilir
Ötən il dekabrın 1-nə olan məlumata görə,
Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasında 4048 nəfər itkin
düşmüş, 1399 nəfər əsir və girovluqdan
azad olunmuş şəxs kimi qeydiyyatdadır. APA-nın
Komissiyanın rəsmi internet saytına istinadən verdiyi məlumata
görə, araşdırmalar nəticəsində Dövlət
Komissiyasında itkin düşmüş şəxs kimi
qeydiyyata alınmış 10 nəfərin Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov
götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilib.
Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə
bağlı aparılmış axtarış-araşdırma
tədbirlərinin nəticəsi olaraq 80 şəxs barədə
ümumiləşdirilmiş arayışlar tərtib edilib.
Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi
və itkin düşmüş şəxslərin
axtarışı ilə əlaqədar müxtəlif
dövlət orqanlarına və beynəlxalq təşkilatlara
923 nəfər barədə 1412 sorğu göndərilib. Bu
kateqoriyadan olan 200 nəfərin "şəxsi iş"i
yaradılıb, 1500-dən artıq itkin barədə
toplanmış əlavə məlumat və materiallar
onların "şəxsi iş"lərinə əlavə
olunub.
Dövlət
Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində
itkin düşmüş şəxs kimi qeydiyyata
alınmış 588 şəxslə bağlı verilmiş
sorğulara əsasən daxil olmuş cavablar, əldə
olunmuş digər məlumatlar (o cümlədən anket məlumatlar)
təhlil edilib və sistemləşdirilərək müvafiq
bazalara əlavə olunub. Maliyyə Nazirliyindən daxil
olmuş sorğuya əsasən, itkin düşmüş hərbçilərin
ailələrinin gələcəkdə sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə tədbirlərin
görülməsi üçün Dövlət
Komissiyasında qeydiyyatda olan bu kateqoriyadan olan şəxslər
barədə məlumatlar sistemləşdirilərək bu
quruma göndərilib. İtkin düşmüş 57 vətəndaşın
valideynləri tərəfindən Respublika Prezidentinə, Heydər
Əliyev Fonduna, Dövlət Komissiyasının sədrinə
və digər dövlət orqanlarına ünvanlanmış
ərizələrə baxılıb,
qaldırılmış məsələlər
araşdırılaraq əlaqədar qurumlara məlumatlar
verilib.
Ötən il itkin
düşmüş və əsirlikdən azad olunmuş
şəxslərlə bağlı müxtəlif dövlət
orqanlarından və beynəlxalq təşkilatlardan daxil
olmuş 110 sorğu icra olunub. Dövlət Komissiyasına
müraciət etmiş 50-dən artıq itkinin yaxın qohumu
İşçi qrupunda qəbul olunub, onlara
yaxınlarının axtarışı ilə əlaqədar
görülmüş işlər barədə ətraflı
məlumatlar verilib, itkin düşmə şəraitləri
barədə əlavə məlumatlar alınaraq sənədləşdirilib,
anket vərəqələri doldurulub. İl ərzində əsir
və girov götürülmüş Azərbaycan vətəndaşlarının,
həmçinin atəşkəsin pozulması nəticəsində
qoşunların təmas xəttində şəhid olmuş hərbçilərin
və mülki şəxslərin yaxın qohumları Dövlət
Komissiyasının İşçi qrupunda dəfələrlə
qəbul olunub.
Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının
apardığı araşdırmaların nəticəsində
hazırda itkin düşmüş şəxs kimi qeydiyyata
alınmış Azərbaycan vətəndaşlarının
böyük bir hissəsinin hərbi əməliyyatların
gedişində əsir və girov götürülməsi
faktları müəyyənləşdirilib. Həmin şəxslərin
sonrakı taleyi barədə məlumatların verilməsi Ermənistandan
tələb edilir. Lakin Ermənistan tərəfi hələ də
bu şəxslər barədə məlumatları israrla gizlətməkdə
davam edir.
Son dörd ildə
aparılmış araşdırmalar nəticəsində
intensiv hərbi əməliyyatların gedişində əsir
və girov götürülməsi faktı məlum olmuş
200-dən artıq şəxsdən 125-i barədə
materiallar sistemləşdirilərək yeni -
""QSM-7" təsdiq edir" adlı kitab və
kitabın DVD versiyası olaraq Azərbaycan və ingilis dillərində
nəşr edilib. Kitabda onların əsir və girov
götürülməsini, eyni zamanda Ermənistanın hərbi
hakimiyyət dairələri tərəfindən
öldürülməsinə əmr verilməsini təsdiq edən
faktlar əksini tapıb. Bu faktlar 1993-cü ildə Ermənistan
silahlı birləşmələri tərəfindən Kəlbəcərin
işğalı zamanı Milli Təhlükəsizlik
Nazirliyinin aidiyyəti xidməti tərəfindən əldə
edilib.
Ötən il Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası tərəfindən
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə 30-a
yaxın görüş keçirilib, "Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı itkin düşmüş şəxslər
haqqında Ante-Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş
şəkildə idarə olunması üzrə" çərçivə
sazişindən irəli gələn öhdəliklərin
yerinə yetirilməsi ilə bağlı məsələlər,
itkinlərin siyahıları arasındakı fərqin aradan
qaldırılması, əməkdaşlığın daha da
səmərəli qurulması üçün təkliflər
müzakirə olunub, o cümlədən il ərzində əsir
və girov götürülmüş azərbaycanlıların
və ermənilərin azad olunması, həmçinin meyitlərin
qaytarılması istiqamətində danışıqlar
aparılıb.
Məlumatda qeyd olunub ki,
Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla
apardığı səmərəli danışıqlar nəticəsində
ötən il martın 2-3-də gecə vaxtı yolu azaraq Ermənistan
ərazisinə keçmiş və bu ölkə hərbçilərinin
atəşi nəticəsində həlak olmuş Qazax rayon
sakinləri - 1982-ci il təvəllüdlü Hüseynov Həsən
Hüseyn oğlu və 1983-cü il təvəllüdlü
Namazov Sakit Şərif oğlunun meyitləri ötən il
aprelin 3-də qarşı tərəfdən alınıb.
Meyitlər elə həmin gün təyyarə ilə Bakı
şəhərinə yola salınıb və Səhiyyə
Nazirliyinin Məhkəmə tibbi-ekspertiza və Patoloji Anatomiya
birliyində ekspertizadan keçirildikdən sonra dəfn edilmək
üçün yaxın qohumlarına təhvil verilib. Qazax
rayonu istiqamətində 2008-ci il oktyabrın 8-də tarixdə
əsir götürülmüş, Azərbaycan Ordusunun əsgəri
1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman
oğlu ötən il aprelin 7-də azad edilərək
Müdafiə Nazirliyinə təhvil verilib. Hər iki proses Ermənistan
Respublikasının Naxçıvan Muxtar Respublikası Sədərək
rayonu ilə sərhəd ərazisində BQXK-nın vasitəçiliyi
ilə həyata keçirilib.
Ötən il Azərbaycan,
Ermənistan və Rusiya prezidentlərinin Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməsinə
dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun
olaraq, eyni zamanda, Komissiyanın beynəlxalq təşkilatlarla
apardığı müntəzəm və səmərəli
danışıqların nəticəsində tərəflər
qarşılıqlı olaraq 4 meyitin qaytarılmasını və
bir nəfər mülki şəxsin azad olunmasını həyata
keçiriblər. Proseslər ötən il noyabrın 4-ü
və 6-sı tarixlərində Ermənistan-Azərbaycan
qoşunlarının təmas xəttində, cəbhənin
Qazax və Ağdam rayonu istiqamətlərində həyata
keçirilib. Birinci prosesdə Azərbaycan tərəfi Ermənistana
ötən il sentyabrın 11-də ölkə ərazisində
saxlanılan və oktyabrın 5-də saxlandığı
kamerada özünü asaraq intihar etmiş Ermənistan vətəndaşı,
1990-cı il təvəllüdlü Sarıbekyan Manvel
Mamikonoviçin meyitini, Ermənistan isə Azərbaycana
2009-cu ilin dekabrın 28-də girov götürülmüş
Azərbaycan vətəndaşı, Tovuz rayon sakini, 1963-cü
il təvəllüdlü Tağıyev Eldar Heydər
oğlunu qaytarıb. İkinci prosesdə isə Ermənistan
Azərbaycanın Tərtər rayonu istiqamətində Ermənistan
hərbçilərinin hücumunu dəf edərkən 2010-cu
il iyunun 18-də və həmin il sentyabrın 4-də şəhid
olmuş Azərbaycan hərbçiləri - İbrahimov
Mübariz Ağakərim oğlu və Əhmədov Fərid
Güloğlan oğlunun meyitlərini, Azərbaycan isə
ötən il mayın 15-də itkin düşdüyü
bildirilən və iyunun 18-də meyiti Tərtər
çayından tapılmış 1924-cü il təvəllüdlü
Arustamyan Qavruşa Xaçaturoviçin meyitini qaytarıb.
Hazırda Azərbaycan Respublikasının ərazisində
6 Ermənistan hərbçisi, 5 nəfərdən ibarət
bir erməni ailəsi və bir erməni mülki şəxs
(cəmi 12 nəfər) saxlanılır. Həmin şəxslər
BQXK-nın qeydiyyatındadırlar və mandatına uyğun
olaraq bu təşkilat onlara istənilən vaxt baş çəkə
bilir. Eyni zamanda, qarşı tərəfdə saxlanılan iki
Azərbaycan hərbçisi -2009-cu il mayın 10-da Füzuli
rayonu ərazisində əsir götürülmüş
1990-cı il təvəllüdlü Hacıyev Anar Xanbaba
oğlu və 2010-cu il avqustun 22-də Daşkəsən rayonu
ərazisində əsir götürülmüş 1985-ci il təvəllüdlü
Hüseynov Roman Novruz oğlunun azad olunması istiqamətində
BQXK-nın vasitəçiliyi ilə müvafiq tədbirlər
davam etdirilir. Hər iki şəxs Ermənistan
Respublikasının Yerevan şəhərində
saxlanılır. BQXK-nın məlumatına görə,
onlardan biri Vətənə qayıtmaq arzusunu ifadə edib.
Araşdırma zamanı 6 nəfərin döyüşlərin
gedişində itkin düşməsi faktı aşkar edilərək
adı müvafiq siyahıya salınıb, 91 itkinin isə
taleyi müəyyənləşdirildiyi üçün
adları siyahıdan çıxarılıb. 91 nəfərdən
30 nəfərinin həlak olduğu, 21 nəfərinin itkin
düşmədiyi, 34 nəfərin adının siyahıda təkrar
keçdiyi, 6 nəfərin isə münaqişə bölgəsindən
kənarda itkin düşməsi faktı müəyyənləşdirilib.
Ədalət.- 2011.- 28 yanvar.- S .3.