Əbülfəs Qarayev: "5
il hədər getməyib..."
Yanvarın 28-də
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət
və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar
2006-2010-cu illərdə işıq üzü
görmüş nəşr məhsullarından ibarət kitab
sərgisi keçirilib. Lent.az-ın məlumatına görə,
təqdim olunan kitabların əksəriyyəti mədəniyyət,
incəsənət, ədəbiyyat, kulturologiya, mədəni
irsin qorunması və turizm sahələrini əhatə edib. Sərgidə
3 dildə nəşr olunan "Mədəniyyət"
kataloqunun 4-cü sayı və "Bizim nəşrlər"
kataloqu da təqdim olunub.
Tədbiri giriş
sözü ilə açan Mədəniyyət və Turizm
Nazirliyinin nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli 5 il ərzində
bu sahədə görülən işlərdən
danışıb. Azərbaycanda son illər nəşr olunan
kitabların müxtəlif beynəlxalq kitab sərgilərində,
yarmarkalarda nümayiş etdirildiyini bildirib. Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev də beş il ərzində
nəşriyyat sahəsində görülən işlərə
nəzər yetirib. Nazir qeyd edib ki, bu dövr ərzində 150
adda kitab milyon tirajlarla işıq üzü görüb. Tək
Azərbaycan yox, rus, ingilis, ərəb dillərində də
nəşr olunan kitablar, mədəniyyəti, incəsənəti,
tarixi, Qarabağ, Xocalını soyqırımını əks
etdirib. Eyni zamanda görkəmli siyasət, elm, mədəniyyət
xadimləri haqqında olan nəşrlər də
böyük maraq doğurub.
Sərgidə sənətşünas
Ziyadxan Əliyev, Yazıçılar Birliyinin katibi Rəşad
Məcid, Milli Kitabxananın direktoru Kərim Tahirov da
çıxış edərək nəşriyyat sahəsində
görülən işlərdən danışıblar. Tədbir
boyu 5 il ərzində nəşr olunan kitablar haqqında slayd
şou nümayiş olunub.
Ədalət.- 2011.- 29 yanvar.- S. 1, 17.