Hidayət Orucovdan sərt açıqlama
"Onları
xarici radikallar maliyyələşdirir"
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Yeni Azərbaycan Partiyasının saytına
müsahibə verib. Bu müsahibəni diqqətinizə təqdim
edirik.
- Bütövlükdə, ölkəmizdə dini
sabitlik vəziyyətini necə dəyərləndirirsiniz?
- Hazırda Azərbaycanda
dini sabitlik kifayət qədər yüksək səviyyədədir.
Dövlətimiz vətəndaşların vicdan
azadlığının qorunması üçün üzərinə
düşən bütün vəzifələri qətiyyətlə
həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq
ölkəmizdə dövlət-din münasibətləri
müasir qanunvericilik səviyyəsində tənzimlənir,
dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da
möhkəmlənir. Heç kim dininə və əqidəsinə
görə təzyiqlərə məruz qalmır, dini mənsubiyyətə
görə ayrı-seçkilik aparılmır.
Azərbaycanda dövlət-din
münasibətləri möhkəm qanunçuluq bazası
üzərində qurulmuşdur. Qeyd etməliyəm ki,
dövlətimizin müəyyənləşdirdiyi dövlət-din
münasibətlərini tənzimləmə üsulu nəinki
Azərbaycan cəmiyyətində, həmçinin ölkəmizi
yaxından öyrənən xarici ekspertlər, din siyasəti
ilə məşğul olan elmi araşdırıcılar,
dövlət rəsmiləri, politoloqlar, qafqazşünaslar tərəfindən
də rəğbətlə qarşılanır. Təsadüfi
deyil ki, artıq ölkəmiz özünün dövlət-din
münasibətləri modeli ilə təkcə yerləşdiyi
coğrafi regionun deyil, dünyanın ən
yaxşıları sırasındadır.
- Azərbaycanda dini icmaların qeydiyyata alınması
ilə bağlı vəziyyət nə yerdədir?
- "Dini etiqad
azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanununa edilmiş sonuncu əlavə və
dəyişikliklərdən sonra dini icmaların yenidən
qeydiyyatına başlanmışdır. Hazırda bu proses
davam edir. Əvvəllər qeydiyyatdan keçmiş dini
icmalar 2010-cu ilin yanvar ayının 1-dək Dövlət Komitəsinə
müraciət etməli idilər. Həmin dini icmaların
böyük əksəriyyəti müraciət etmişlər.
Müraciətlərə baxılmış və icmaların
çoxu qeydiyyata alınmışdır. Sənədlərində
nöqsan və uyğunsuzluq olanların isə qeydiyyata
alınmasından imtina edilmişdir. Konkret rəqəmlərlə
desək, bu günədək 510 dini icma Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsində qeydiyyatdan
keçmişdir. 30 icmanın yenidən qeydiyyata
alınmasından isə imtina olunmuşdur.
- Bir müddət öncə Azərbaycanda hansısa
dini qruplaşmalarda ekstremizmə meyillilik müşahidə
olundu. Bir-iki hücum da təşkil edildi. Bu məsələyə
münasibətiniz necədir?
- Təəssüf hissi
ilə qeyd etməliyəm ki, Azərbaycanda radikallığa
meylli xırda qruplar mövcuddur. Ancaq öyrənmələr
göstərir ki, ötən əsrin 90-cı və bizim əsrin
əvvəlləri ilə müqayisədə, onların dairəsi
xeyli daralıb, fəaliyyətləri zəifləyib və getdikcə
zəifləməkdədir. Əminliklə demək olar ki,
qanunazidd əməllərlə məşğul olan belə
qrupların dinlə heç bir əlaqələri yoxdur. Onlar
xarici radikalların buradakı ruporu olmağın müqabilində
maliyyə vəsaiti ilə təmin olunur və təlimatlandırılırlar.
Azərbaycan cəmiyyəti bu kimi məsələlərə
qarşı həmişə prinsipial mövqedə
dayanmışdır. Çünki Azərbaycan bu gün
ötən əsrin 90-cı illərinin əvvəllərindəki
dövlət deyil. İndi dövlətimiz kifayət qədər
güclü, cəmiyyətimiz isə kifayət qədər
yüksək inkişaf etmiş, intellektual cəmiyyətdir.
Bir məsələni
xüsusilə vurğulamaq lazımdır. Diqqət
yetirmisinizsə, orta ümumtəhsil müəssisələrində
vahid məktəbli formasına keçidlə bağlı qərar
qəbul edildikdən sonra müəyyən qruplar bunu hicaba
qadağa kimi qələmə verməyə başladılar.
Halbuki Azərbaycanda hicabın qadağan olunmasından söhbət
belə gedə bilməz. Şübhəsiz ki, Təhsil
Nazirliyinin qərarını məhz bu cür qələmə
verməklə onlar müəyyən məqsəd
güdürlər. Ancaq bununla özlərini ifşa etdilər.
Necə olur ki, indiyədək övladlarını məktəbli
formasından kəskin fərqlənən, məsələn,
təmtəraqlı, böyüklərə xas dəbə
uyğun geyimlə məktəbə göndərən
valideynlər vahid məktəbli formasından şikayətlənmir,
ancaq din adından istifadə edən bir qrup şəxs
"hicaba qadağa qoyuldu" deyib səs-küy salır? Təbii
ki, bu "etirazçılar"ın dinlə heç bir əlaqəsi
yoxdur və qanundankənar istənilən əməlləri
perspektivsizdir. Onlar sadəcə olaraq Azərbaycandakı
demokratik mühitdən, vicdan azadlığının yüksək
səviyyədə təmin olunmasından sui-istifadə edərək
ölkəmizə qarşı bəd əməllərlə
məşğuldurlar.
Bütün qanundankənar
əməllər kimi, bir məktəbə də olsa,
hücum çəkilməsi bizi çox məyus edir. Məktəb
- uşağın, yeniyetmənin elm, savad öyrəndiyi
müqəddəs yerdir. Məgər din pərdəsi
altında maskalanaraq gizlənənlər bunu bilmirlər? Məgər
bilmirlər ki, bütün dinlər - ilk növbədə həmin
şəxslərin özlərini tərəfdarı hesab
etdikləri İslam dini - insanın təhsil almasını,
maariflənməsini vacib sayır? Məgər bilmirlər ki,
müqəddəs Qurani-Kərimin nazil olan ilk ayəsində də
"Oxu!" deyilir? Yoxsa İslam Peyğəmbərinin (s) təhsil
almaq, savadlanmaqla bağlı hədislərindən xəbərsizdirlər?
Bəlkə bütün bunları çox yaxşı bilirlər.
Bilmirlərsə, öyrənmək də istəmirlər.
Çünki əsas məqsədləri qanunsuzluğa əl
atmaq, təxribatçı çağırışlar etmək,
dövlətlə dindar vətəndaşlar arasındakı
möhkəm bağlılığı sarsıtmağa cəhd
göstərməkdir. Ancaq, bir daha təkrar edirəm, onlar məqsədlərinə
çatmayacaqlar!
- Baş örtüyü məsələsinin,
xüsusilə, dini baxımdan ağır sayılan bir ayda
şişirdilməsi hansı məqamlardan xəbər verir?
- Dini baxımdan müqəddəs
və yaxud ağır hesab edilən ayların özünəməxsus
xüsusiyyətləri var ki, onlardan biri də həmin aylarda
insanların daha həssas olmasıdır. Bu baxımdan məlum
qüvvələr vahid məktəbli forması haqqında qərardan
fürsət kimi istifadə etməyə
çalışdılar. Ölkəmizdə təfriqə
yaratmaq istəyən bu qruplaşmalar milli-mənəvi dəyərlərinə
bağlı olan xalqımızın həssaslığından
"yararlanmaq" istədilər. Lakin xalqımız
ağı qaradan seçməyi yaxşı bacarır. Həqiqi
dindaşını təxribatçıdan ayırmağı
da bilir. Müstəqilliyimizi yenidən qazanmış gənc
dövlət kimi bu cür fürsət axtaranlara rast gəlməyimiz
normaldır. Çünki bəzi qüvvələr bizim
inkişafımızı, iqtisadi tərəqqimizi, eyni zamanda
milli-mənəvi dəyərlərimizə daha şüurlu
şəkildə qayıdışımızı və
onlara sahib çıxmağımızı istəmirlər.
Siyasi zəmində təsir güclərini itirdikdə bizim mənəvi
dünyamızda təxribat yaratmağa
çalışırlar. Lakin dini məsələlərin
hansı ayda sabitliyi pozmaq məqsədilə şişirdilməsindən
asılı olmayaraq, dövlətimizin və cəmiyyətimizin
mövqeyi birmənalı olaraq qalacaqdır.
- Hətta, fikirlər var ki, insanların dini
inanclarından siyasi istismar vasitəsi kimi istifadə edənlər
qərəzli xarici dairələrdir. Onların idarə olunan
maliyyə mənbələri barədə də xəbərlər
var. Sizcə. bu fikirlər nə dərəcədə əsaslıdır?
- Bir az öncə qeyd
etdiyim kimi, Azərbaycanı sevməyən bəzi qüvvələrin
ruporu olan və dini sferada təmsil olunan bu qrupların maliyyə
vəsaitləri ilə təmin edilməsi istisna deyil.
Çünki belə işlərlə məşğul olmaq
üçün də maliyyə lazımdır. Bu
qrupların əksəriyyətinin satın aldıqları,
yaxud kirayələdikləri ofisləri, kağız və
elektron mətbuat orqanları və başqa təbliğat
vasitələri var. Bütün bunları idarə etmək
üçün kifayət qədər böyük maliyyə
vəsaiti lazımdır. Müşahidələr göstərir
ki, bu qruplara daxil olan insanların konkret gəlir mənbəyi
də yoxdur. Ölkəmizdə təxribatçılara maliyyə
ilə kömək edəcək insanların olması da
inandırıcı deyil. Bu amillər onların kənardan
maliyyələşdirilməsinə inanmağa əsas verir.
- Baş örtüyü məsələsi ilə
bağlı aksiyalar təşkil edənlərin Azərbaycana
miqrant adı altında daxil olmuş əcnəbilər
olduğu da iddia olunur. Əgər belədirsə, hansı
konkret addımlar atıla bilər?
- Hesab edirəm ki, bu
kimi məsələlərin araşdırılması
hüquq-mühafizə orqanlarının işidir. Əgər
baş örtüyü ilə bağlı aksiyaların təşkilində
bu və ya digər formada xaricdən gələn
miqrantların iştirak etməsi ilə bağlı faktlar
mövcuddursa, yəqin ki, müvafiq orqanlar tərəfindən
araşdırmalar aparılacaq və lazımi tədbirlər
görüləcək.
- Gələcəkdə dini məsələlərə
siyasi don geyindirərək çaxnaşma
yaradılmasının qarşısını almaq və cəmiyyətin
dini baxımdan maarifləndirilməsi üçün
hansı təbdirlər görüləcək? Bu sahədə
perspektiv planlar nədən ibarətdir?
- Ölkəmizdə
dini siyasiləşdirərək, çaxnaşmaların
yaradılmasına heç vaxt imkan verilməyəcək. Bu,
birmənalıdır. Dinin siyasiləşdirilməsi, siyasət
aləti edilməsi yolverilməzdir. O, daim uca
tutulmalıdır. Din iqtidara gəlmək üçün
vasitə ola bilməz. Hər kəs dinə mədəniyyət
səviyyəsindən yanaşmağı bacarmalıdır.
Dövlət də dini siyasətdən uzaq tutmaq
üçün əlindən gələni edir. Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi bu kimi
halların qarşısının alınması istiqamətində
son illər ardıcıl tədbirlər həyata
keçirir. Vətəndaşlarımız arasında dini
baxımdan mədəni-maarif işinin aparılması
Dövlət Komitəsinin başlıca vəzifələrindən
biridir. Bu məqsədlə Rayon İcra Hakimiyyətləri,
orta və ali təhsil müəssisələri, cəzacəkmə
müəssisələri və digər qurumlarla birgə
ölkədə seminar-treninqlər həyata keçirilir.
Dövlət Komitəsinin ixtisaslı kadrları həmin
seminar-treninqlərdə dövlət-din münasibətləri,
onların tənzimlənməsini həyata keçirən
qanunvericilik bazası və digər mövzularla bağlı
mühazirələr oxuyur, ictimaiyyəti maraqlandıran
müxtəlif sualları cavablandırırlar. Eyni zamanda,
Dövlət Komitəsi tərəfindən nəşr edilən
"Cəmiyyət və Din" qəzeti oxucuların
böyük rəğbətini qazanmışdır. Qəzetdə
ictimai-siyasi materiallarla yanaşı, mütəxəssislər
tərəfindən qələmə alınmış din
tarixi, mədəniyyəti, konfessiyalar, təriqətlər,
görkəmli üləmalar, din xadimləri, milli-mənəvi
dəyərlər barədə və bir çox mövzularda
elmi-kütləvi məqalələr də dərc olunur.
Dövlət Komitəsinin digər nəşri olan
"Dövlət və Din" ictimai fikir toplusu isə
ilahiyyat sahəsində elmi tədqiqatların
aparılmasında istifadə olunan sanballı, mötəbər
mənbəyə çevrilmişdir. Biz bütün bunlarla
yanaşı, müxtəlif səpkili dini maarifləndirici ədəbiyyatların
nəşrlərinə də üstünlük veririk. Bu
istiqamətdə işlərimiz hazırda davam edir və
2011-ci ildə yeni nəşrlərimizi ölkə ictimaiyyətinin
diqqətinə çatdıracağıq. Bütün bu
işləri görməkdə məqsədimiz cəmiyyətimizin
dinimizi sağlam şəkildə öyrənməsinə
nail olmaq, onları yad təsirlərdən qorumaq və təhlükədən
sığortalamaqdı.
Ədalət.- 2011.- 26 yanvar.- S .4.