NƏSRİMİZİN ƏN UZUN
MONOLOQU
(Nəşr olunmamış kitaba ön söz əvəzi)
Tanınmış yazar Mahirə Abdullanın
"Ağıllı qadının intiharı"
neoromanını oxuyub başa vuranda ilk gəldiyim nəticə
bu oldu - nəsrimizin ən uzun monoloqu. Onun da fərqindəyəm
ki, bu "uzun" sözü həmin an mənim
üçün daha çox ölçü meyarı yox,
tutum, mahiyyət dəyərləndirməsi idi. Ən
başlıcası odur ki, maraqlı bir nasir olaraq Mahirə
xanımın poetik nəfəsi nəsrimizin bu ən uzun
monoloqunu söyləməyə, səsləndirməyə yetərincə
çatıb və bu uzun monoloqda heç bir
qırıqlıq, kəsiklik yoxdur.
Belə ki, əsərin
ilk "salam" cümləsini xırda bir vergül, ya da
tire işarəsi artırmaqla sondakı "Qarabağ dirilər
üçündür" bəyanına əlavə etməklə
bu uzun monoloqu başlayıb- qurtarmaq da olar. Əsərin
oxunaqlı və son dərəcə aktual olması əvvəldəki
"salam"dan sondakı "Qarabağ dirilər
üçündür"ə qədər olan məsafəni
bir su içimi yola çevirir, oxucunu yormur, əksinə, daha
çox poetik yüklə, eyni dərəcədə də
narahat dünyamızın qloballaşan problemlərinə
yönəli təsvirlərlə dolu sətirlər bu
genişliyə körpü salır. Və elə bu yerdəcə
ağlıma "uzun" sözünü
"genişlik" sözü ilə əvəz etmək gəlir,
yəni "Nəsrimizin ən geniş monoloqu "Elə təkcə
müəllifin "kişiylə qadın yağışla
bulud kimidir, - buludu həmişə görürük,
yağış yağanda gerçəkləşir...
Kişiylə qadın zamanın üzüdülər. Gecəylə
gündüz kimi qoşadılar, lakin biri o birisi deyil"
müşahidəsi imkan vermir ki, oxucu marağı bu gözəl
və yazılması mütləq vacib olan neoromanın üzərindən
etinasız ötüb keçsin.
"Ağıllı
qadının intiharı" əlamətə yox, mahiyyətə
hesablanıb. Ancaq burada əlamətdən mahiyyətəcən
olan gedişatın yerdəyişmələri də dolğun
təsvir edilib. Buludun bulud olması üçün İkinin
Bir olması qənaəti müəllif üçün necə
mükəmməldirsə, əlamətdən mahiyyətəcən
qət olunan məsafəni bütün çalarları ilə
açmaq, göstərmək "Ağıllı
qadının intiharı" üçün bir o qədər
məqbuldur.
Lap yaxın günlərdə
gənc bir qələm dostumun maraqlı romanını oxudum.
Kifayət qədər aktual bir mövzuda və yetkin nəfəslə
yazılmış bu gözəl romanı müəllifin
arabir sarkazmdan, ironiyadan daha çox hənəyə,
lağ-lağılığa, şitliyə meyli az qala
basmarlayıb, altına almışdı.
Mahirə Abdullanın romanında belə deyil. Burada bənzədilənlə
bənzəyən arasındakı
sədd-məsafə yetərincə
qorunub, görünüş
yox, mahiyyət önə çıxarılıb
və bayağılıq
yox dərəcəsindədir.
Ona görə də müəllifin
"hətta şalvar
geyməyimizə küləklə
haqq qazandırırıq...
Partokratiya tumanlı qadındı.
Demokratiya tumanı başına
qalxmış qadın.
Hər ikisində mahiyyət eynidir, dəyişən görüntüdür" cümlələrinə
qədər belə, söylənilənlər bayağılığa
yox, müəllifin içini çölə,
cəmiyyətə aşkarlayan
vasitə kimi qəbul olunur.
"O" şəxs əvəzliyinin
"sıfır" kimi
qəbul edildiyi, meydanın qapalı dairəyə çevrildiyi,
"sən-mən"in xaşıl
kimi pıkkıldayan kütləyə döndüyü
məkanda qazanabənzər
başların "sıfır"a
oxşaması həqiqətləri
ağıllı qadının
intiharını yaxınlaşdırır.
Söz-sözdən, cümlə-cümlədən
doğur: "Zabit deyəndə,
deməli, ərimdir, atasının adı Zal, bacısının adı Zabitə. Adlara bax: zzz.
Zırrama uşağı!"
Burada keçidlər yerindədi
- yerində olmasaydı
dialoq qırılardı. Bu keçidlər həm də təbiidi. Bənzənənlə bənzədilən
həmahəngdir: "Atın
burnunun daşa dirəndiyini görmüsən
- yoxuşun ən dik yerində dal ayağı ilə burnu birləşir. Millət də bu gündədir. Buna inqilabi
şərait deyilir..."
Mahirə xanımın neoromanı inqilabi şəraitin dirəndiyi yerdən başlayır. Dirəndiyi yerdən başlayır,
ancaq daha çox hərəkətə
səfərbər edir.
"Ağıllı
qadının intiharı"nın bir adı da "İnqilabi şəraitdir".
Burada inqilabi şəraitin fəlsəfəsi,
onu yetirən mühit, zaman və məkan səfərbəredici mahiyyət
daşıyır: "Qadından
müəllim olmaz? Niyə ki?
Bu sualların cavabı
dərdi yazmaqdan keçir.
Bu neoroman dərdi
yazmağın özüdür. Elə haqqında bəhs
olunan qadınlar kimidi - "adamı əridir, yumaq edir, sonra
da iyi (mili) çıxardır", qalırsan dükçə
kimi. Hələ bunun kələf olmaq, yumağa, ərişə-arğaca,
ilməyə, naxışa dönməyi, kiriyidən, həvəkdən
keçməsi irəlidədi. Bu prosesdə hər
yanlış bir naxışdı. Burada kiçik rəqəmlərə
vaxt belə itirilmir. Bu məqamda monoloqçunun milyonun sonuna
sıfırlar artırmaqla məşğul olması da təbiidir.
Sonsuzluğa qədər uzadılan sıfırlar... Ancaq bu
sonsuzluqların sonundan yenə də eyni suallar dikəlib
baş qaldırır: "Hanı Şuşa? Hanı
Qarabağ, Göyçə, Təbriz?" Bu suallar monoloqçunun
dilində zamanın dayanacağına - reallığa dirənib:
"Sıfır"dan bu yana bizik, "sıfır"dan o
yana yaddaş boylarıdır..." Monoloqçu kürsəlləşən
qaçılmaz olan problemləri sinir uclarına, üst qata,
önə çəkir - fərqindədi ki, "sinir
uclarında ağrı daha güclüdü".
"Ağıllı
qadının intiharı" elə o sinir ucunun bir adı,
adaşı kimidi. Oradan yaddaşlara, düşüncə
laylarına uzun bir yol başlayır: "Bu gecə Xocalı
çölləri bağlanır... Süfrələr
açılmır..." Evin kişisi qapını
çırpıb, xeyir-şər evində nərd
oynamağa gedir. "Bu bicliyi Meksika" filmindən öyrənib".
Ancaq fərqinə varmır ki, bu öyrəniş onun
halalını - doğma qadınını o dalana dirəyir
ki, burada qapılar büsbütün açıqdı, ancaq
o qadın çox, özü də lap çox istəyir ki,
bu qapıdan çıxıb qaçmasın. Tək bir an,
bircə göz qırpımı bəs edər ki, Meksika
filmindən yeni adət əxz etmiş o kişinin
papağı cavan müstəntiqin ayaqları altına
düşsün. Yaxşı ki, arada baba mirası dayanır.
Baba mirası rüşvətə çevriləndə də
belə ocağını namussuzluqdan hifs edə bilir, şəhvani
hissi dünya malı qarşısında öldürür, rəzil
edir, "qadınlıq işə" yer qoymur. Müəllif
onun da fərqindədi ki, az qala namussuzluğa
"qadınlıq işə" yol açası bu rəzilliyin
köçündə də erməni əməli olub. Sən
demə, keçmiş katibə azərbaycanlı müdirlə
əlbir imiş və idarə sənədlərinin
başına da oyunu o açıb, Kanadaya
qaçıbmış ( nə qədər qəribə olsa
da, oxucu məhz bu xəbərdən təəccüblənmir,
heç monoloq sahibi də - günümüzün adı
gerçəkliyindən niyə də təəccüblənəsən?)
Erməni
haxçığının saxtakarlığı
ucbatından baba mirasını müstəntiqə rüşvət
verib, canını zorla şərdən qurtaran azərbaycanlı
qadına rusbaşlı məmurun son sözü belə olur:
"Bizim sizlik işimiz yoxdur, bizlik işiniz olsa
qulluğunuzda hazırıq".
Bu "biz-siz,
qulluğunuz" sözləri artıq qadına, azərbaycanlı
xanıma hörmət, ehtiram əlaməti kimi yox,
işbazlıq münasibəti ifadə etməkdədir. Eyni
zamanda nəzərə çatdırmaqdı ki, biz - bu sahənin
adamları elliklə beləyik, kimə müraciət etsən,
səni belə qarşılayacaq, bu cür münasibət bəsləyəcək.
Nəzərə almayacaq ki, "yaşamaq haqqı namus kimi
toxunulmaz olmalı"dı.
Bütün bu olaylar
qadını dəfolunmaz bir qüvvəylə yenə əvvələ,
ilkə (əslində ilgəyə) - "sıfır"a
doğru çəkir: "Düyün boğazıma
keçəndə uçan çevrə yaranacaq".
Şübhələr onun içini gəmirməkdədi. Bu
dünya bir kişi kimi - gözünə xor
görünmüşəm". Və şübhələrin
düyünü "düdük" sözünü yada
salmaqdadı. "Hər düyün açıldıqca
düdüklər çalınır". Ancaq hər dəfə
bir avazda, bir dildə... "Düyünlər
açıldıqca cəmiyyətdəki boşluqlar
şeypur kimi guruldayır: Yuxarıdan yer kürəsi
bütöv görünür... Qarabağ dirilər
üçündür!" Və sair və ilaxır...
Zamanın uzaq bir dönəmində
Latın Amerikasının mənəvi aşınmalarına,
qul və quldar psixologiyasına min-min kişi içindən
keşiş arvadı olan Biçer-Stou "Tom dayının
daxması" ilə etiraz etdi.
Həmin vaxtkı
günəşdi, Aydı, Yerdi, göydü, ola bilsin ki,
dağlar, qayalar, çaylar, meşələr də həminkidi.
Dəyişən vaxtdır.
"Ağıllı qadının intiharı" məhz
bu vaxtın əsəridir. Yazanı yenə qadındır. Bu
qadının da uşaqları var. Və bəlkə də
onun da ömrünə elə bu əsərlə
"hansısa nöqtədən səhər
açılır".
Sərvaz Hüseynoğlu
Ədalət.- 2011.- 20 yanvar.- S. 7.