"Mən ora getməsəydim əkiz qardaşım sağ qalacaqdı"

 

1974-cü ildə Ağdam rayonunda anadan olmuş idmançı 1985-ci ildən milli komandamızın hazırki baş məşqçisi Mübariz İbrahimovun rəhbərliyi altında idmanın sambo növüylə məşğul olmağa başlayıb və cəmi iki il sonra Gürcüstanda kadetlər arasında keçirilən turnirdə ikinci yeri tutub. 1989-cu ildə respublika çempionu adını qazandıqdan sonra yüzdən artıq kiçik yarışlarda qalib gəlməyi bacarıb. Əsas uğurları müstəqillik dönəmindən sonraya təsadüf edən idmançı 1994-cü ildən etibarən qitəmiqyaslı yarışlardan medallar gətirməyə başlayıb. Görək, bu qədər tirnirlərdə iştirak etmiş 37 yaşlı idmançının əsas uğurları hansılardır?

 

"İki il idmandan uzaq düşdüm"

 

- 62 və 66 kiloqram çəki dərəcəsində sambodan 3 dəfə Avropa ikincisi, 5 dəfə isə bürünc medalçı olmuşam. 1998-ci ildə Avropa çempionu adını qazandım və dünya kubokunun qalibi oldum. Gördüm ki, sambo olimpiya növü olmadığından laqeyd yanaşılır, 1999-cu ildən cüdoyla məşğul olmağa başladım. Sonra cüdoda iki dəfə respublika çempionu və 2004-cü ildə məşhur Həzi Aslanov turnirinin qalibi oldum. O turnirdə bütün titullu cüdoçular güləşirdi. 1994-98-ci illərdə hərbidə olmuşam və bu müddət ərzində Ordu İdman Klubunun üzvüydüm. Hərbçilər arasında keçirilən dünya çempionatına aparıldım və ikinci oldum. Bütün saydığım nəticələr böyüklər arasında qazanılıb. Çünki mənim yeniyetməlik dövrüm müharibəyə təsadüf elədiyinə görə, yarışlara gəlmədim, iki il idmandan uzaq düşdüm. Rayonda müharibə gedə-gedə Bakıdakı yarışlara qatılmağı da özümüzə pis bilirdik. Ağdama atılan ilk "alazan" rayondakı idman kompleksinə düşdü, hər şey məhv oldu. O vaxt türk idmançıları bizə qonaq gəlmişdi və samboyla maraqlanırdılar.

- Həm cüdo, həm də sambo ilə məşğul olmusunuz. Hansı növ sizə daha yaxındır?

- Əlbəttə sambo mənə daha doğmadır. Sözüm pis çıxmasın, mən karyeramın axır illərində cüdoya keçdim və iştirak etdiyim yarışlarda cüdonun liderləri iştirak edirdi. Amma adlarını çəkmək istəmirəm. 66 kiloqramda güləşirdim və keçirdiyim 5 görüşün hər birini təmiz qələbəylə uddum, çempion oldum. İkinci il də keçirdiyim bütün görüşlərdə qalib gələrək ölkə çempionu oldum. Doğrusu, cüdo mənimçün çox asan idi.

 

"Görüm kimsə Ceyhun Məmmədova təsadüfən qalib gələ bilərdi?"

 

- Yəni sambo daha çox güc tələb edən idman növüdür...

- Əlbəttə. Samboda iki güləşəndən kim daha güclüdürsə, o qalib gələcək. Amma cüdoda təsadüfi bir fənd atarsan, mənim ayağım sürüşər, kürəyi üstə düşərəm və sən təmiz qələbə qazanarsan. Samboda isə səhvini düzəltmək imkanı var. Əgər güclüsənsə, qalib gələcəksən. Məsələn, tanınmış bir idmançını "ippon" edən cavan uşağı 18 saniyəyə uddum. Yəni cüdoda təsadüfi şeylər çoxdur. Amma görüm kimsə Ceyhun Məmmədova təsadüfən qalib gələ bilərdi? Mümkün deyildi.

- Karyeranız ərzində gördüyünüz ən güclü idmançı kim olub?

- O vaxt güclü idmançılar çox idi. Ceyhun Məmmədov, Natiq Bağırov, gənclərdən Bəxtiyar Hacıyev, Qalib Hümbətov, Vüqar Məmmədov kimi idmançılar var idi.

- Artıq beş ildir ki, karyeranızı bitirmisiniz. Amma yenə də idman aləmindəsiniz. Bilmək istərdik ki, bu beş ildə idmançılarımızın nəticələrində, fərdi keyfiyyətlərində dəyişiklik hiss edilirmi? Yoxsa sizin vaxtın idmançıları daha üstün idi?

- Uşaq vaxtı Sovet İttifaqını gəzmişəm. Bizim yaş nəslinin samboçuları çox güclü idi. O vaxt 15 nəfər yarışa gedirdisə, 12 medal gətirirdik. Deyirdilər ki, sambo zəfidir, belədir, elədir. Amma indi 15 nəfər gedir, 2 medal gətirə bilmir. Çünki o nəsil getdi. İndiki uşaqlarımız səhlənkarlıq edir.

- Gənclərdən söz düşmüşkən, bir məsələyə də diqqət çəkmək istəyirəm. Çox vaxt daha gənc yaşlarında uğur qazanan idmançılarda "başgicəllənmə" olur. Yəni onlar tez bir müddətdə formadan düşürlər. Sonra isə diqqətdən kənar qaldıqlarına görə, arzuolunmaz vəziyyətə düşürlər, narkotik və sair kimi vərdişlərə aludə olurlar. Nə vaxtsa sizə belə təkliflər olubmu?

- Hər kəsin öz ağlı var. Əslində, ən pis dövrə biz düşmüşük. İndi idmana dövlət səviyyəsində böyük dəstək var. Ötən il prezident mənə 2 otaqlı mənzil hədiyyə elədi. Bu şəkildə evin orderini təqdim edir. 2004-cü ildə Dövlət Gömrük Komitəsində işlə təmin olundum və hazırda leytenantam. İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçilənə qədər çox ağır dövr idi. İdmançılardan quldurluq edəni də, başqa pis yola gedəni də var idi. Vaxtında mənə də çox şeylər təklif olunmuşdu. Hətta ehtiyacımız da var idi. Amma ağlımızı başımıza yığıb pis yola getmədik. Elə güclü idmançılarımız var idi ki, yoldan çıxardılar, məhv elədilər. Amma indi idmanı atıb başqa yollara qurşanmaq ən böyük ağılsızlıqdır. İndi nə var, idmanda var. 2000-ci ilə qədər idmanımız çətin dövrlərini yaşayırdı. Sonradan göstərilən qayğı şəxsən məni də həvəsləndirib ki, daha böyük uğurlar qazanım, mükafatlara sahib olum. 1997-98-ci illərə qədər Avropa, dünya birinciliklərindən qalib kimi qayıdırdım, mənə bir divar saatı, ən yaxşı halda sadə gül qabı verirdi. İndi çempion olana ev, maşın, pul mükafatı verilir, işlə təmin edilir.

- 2005-ci ildə karyeranızı bitirdiniz. Hazırda nə işlə məşğulsunuz?

- Məşqçi işləyirəm. Milli komandada baş məşqçi Mübariz İbrahimovun köməkçisiyəm.

- Gündəlik olaraq gənc idmançıların əhatəsindəsiniz. Fikrinizcə onların arasından Natiq Bağırov, Hakim Nəzərəliyev, Ceyhun Məmmədov, Səhliman Ağayev kimi idmançılar çıxacaqmı?

- Ola bilər. Çünki bizim millət komanda idman növlərində yox, amma belə növlərdə çox güclüdür. Amma zəmanə elə gətirib ki, görürsən fikri başqa yerdədir, idmançıdır, amma saç uzadır. Məndə uşaqlar var ki, təmiz çempiondur. Bəziləri də idmana fiqura, görüntü üçün gəlir.

- Bu barədə onlarla söhbətiniz olurmu?

- Çox olur. Amma onlar boyunlarına almırlar ki, fikirləri başqa yerdədir. Baxır ki, idmana getməyən yaşıdı getdi internetdə bir qızla tanış oldu, bu da tərin içində məşq eləyir. Fikirləşir ki, beş günlük dünyadır, qoy mən də bu yolla gedim. Uşaqdır, keçid dövrüdür. 18 yaşa qədər olan keçid dövründə uşağı qorumaq lazımdır.

- Olubmu ki, perspektivli idmançılardan kimsə məşqdən getsin və sonradan biləsiniz ki, artıq pis yoldadır?

- Olmayıb. Amma görürsən ki, yaxşı idmançıdır, məktəbin son siniflərində çox yükləndiyinə görə, məşqə fikir vermir. Çünki ali məktəbə də qəbul olmaq istəyir. İdman da zəncirvaridir, qırıldısa, çətin olur.

- Perspektivli idmançılardan kimlər var? Fikrimcə, onların adının qəzet səhifəsində çəkilməsi də bu gənclər üçün stimul ola bilər.

- Məndə 1994-95-ci il təvəllüdlü yeniyetmələrdir. Bəhruz Rəcəbov, Orxan və Cavidan Qarayevlər. Cavidan Avropa çempionudur. Amma 11-ci sinifdə oxuduqlarından məşqə cəlb edə bilmirəm.

 

"Əgər attestat alsaydı, prezidentin yeni qərarına əsasən birbaşa ali məktəbə qəbul olunacaqdı"

 

- Düşünürsünüz ki, orta məktəblərdə, digər təhsil ocaqlarında idmançılara güzəşt olunmalıdır?

- Olunmalıdır. Ötən il tələbəmiz Səfər Haşımov Avropa çempionu oldu, qayıtdı. Attestatı almaq üçün verdiyi 8 imtahanın 7-dən keçdi, amma birindən "2" aldığına görə, ali məktəbə imtahan verə bilmədi, əsgərliyə getdi. Əgər attestat alsaydı, prezidentin yeni qərarına əsasən birbaşa ali məktəbə qəbul olunacaqdı. Bu o demək deyil ki, idmançısansa savadsız olmalısan. Fikrimcə, belə məsələlərdə güzəşt olmalıdır. Axı bir həftəyə kim hazırlaşa bilər?

- Bəzi həmkarlarınız güclərini təkcə rinqdə, tatamidə yox, küçədə də göstərirlər. Təbii ki, tanınmış bir insanın belə hərəkət etməsi yaxşı hal deyil. Siz necə düşünürsünüz?

- Bu doğru deyil. Yaxşı idmançı səbrli olur, sözün yaxşı mənasında yola verməyi bacarır. Görürsən ki, yekəpərin biri gəlib idmançıya ilişir və düşünür ki, bu məndən cılızdır. Amma idmançı olduğunu bilmir. Tələbələrimə də deyirəm ki, bacardığınız qədər yola verin. Çünki keçinin ölümü gələndə buynuzunu çobanın çomağına sürtür.

- Etiraf edin ki, siz də o qədər boy-buxunlu deyilsiniz. Yəni kimsə sizə "balacaboydur, mən bunu döyərəm" fikriylə ilişibmi. Belə bir şey hiss etmisinizmi kimdənsə?

- Çox olub. Çalışmışam ki, ötüşdürüm.

- Bəs ötüşdürə bilmədikləriniz?

- Elə hallar olub ki, nə qədər eləsəm də alınmayıb. Amma sonra özü peşman olub. Belə hallar daha çox gənclik illərimə təsadüf edir. Amma indi tanıdıqlarından hörmət edirlər.

- Bir idmançının kitab oxuması bir talışın yapon dilini bilməsinə bərabərdir. Yəni bir sözlə, idmançılar çox vaxt oxumağa meylli olmurlar. Sizdə bu baxımdan vəziyyət necədir?

- Mən Bədən Tərbiyəsi İnstitutunu bitirmişəm və orta məktəbdə səkkizinci sinifə kimi əlaçı olmuşam. Amma son iki sinfi idmana görə oxuya bilməmişəm. Attestatı direktorumuz hörmət eləyib mənə verib. Əvvəl qəzet xəstəsiydim, çox oxuyurdum. Son vaxtlar dini kitabları, "Quran"ı oxumağa daha meylliyəm. Çünki 14 ildir namaz qılıram. İmkan daxilində dini qaydalara riayət eləməyə çalışıram.

 

"Uşaq var ki, dünya çempionudur, amma məşqdə ona qalib gəlirəm"

 

- İdmançı karyeranızı 30 yaşda bitirmisiniz. Bir çox idmançılar isə hətta 40 yaşa qədər mübarizə aparırlar. Fikrinizcə, normalda neçə yaşda karyera başa vurulmalıdır?

- 28-30 yaş bəsdir.

- 35 yaşlı idmançı yüksək nəticə göstərə bilər?

- Əlbəttə. 40 yaşında da göstərə bilər. 37 yaşım var və bu dəqiqə respublika çempionluğunu istənilən çəkidə gözüyumulu götürərəm. Əksinə uşaq gücü, təcrübəsiylə, kişi gücü, təcrübəsi bir deyil. Bizdə yığmanın bir nömrələri var ki, mənə yaxın düşə bilmirlər. Uşaq var ki, dünya çempionudur və məşqdə ona qalib gəlirəm. Bu o demək deyil ki, mən indi beynəlxalq yarışlarda yüksək səviyyədə çıxış edə bilərəm. Yaş öz sözünü deyir. Düzdür, adam idmandan getmək istəmir. İdman xəstəlik kimi bir şeydir. Birdən mənə deyirlər ki, yaxşı işin var, niyə yenə idmanla məşğul olursan? Gedə bilmirəm. Bir gün zala getməsəm, döşəyə çıxmasam bədənim ağrayır. İdman yaxşı narkotikdir, xəstəlikdir.

- Bu gün üçün ölkədə ən güclü cüdoçu, güləşçi kimi hesab edirsiniz?

- Güclü idmançılar çoxdur. Amma etiraf edirəm ki, Elnur Məmmədli bu saat ən güclü idmançıdır. Çünki onu kiçik yaşlarından tanıyıram.

- Bilirsinizmi, hazırda Elnur dünya reytinqində 24 pillə irəlilədikdən sonra hələ də 12-ci yerdədir. Elxan Məmmədov isə 3-cü dür?

- Elxan da güclüdür, Ramin Qasımov da. Elnurda güclülükdən əlavə idman bəxti də çoxdur. Məsələn, Tərlan Kərimov çox güclü idmançıdır, amma idman bəxti yoxdur. Builki respublika çempionatını birəlli uddu. Di gəl ki, bəxtsizdir. Samboda isə dünya çempionumuz Elçin Mayılov ən güclüdür. Hakim Nəzərəliyevdən sonra 7 ildir ki, bizdə dünya çempionu olmurdu.

- İdmançılar karyeralarını bitirdikdən sonra siqaret çəkməyə başlayırlar...

- Belə şeylər mənlik deyil. 4-5 dəfə çempion olan uşaqlar var ki, 30 yaşında idmanı atıb və indi siqaret çəkir. Deyirəm ki, camaat 13-14 yaşında başa düşmədən çəkir və 30 yaşında atmaq istəyir. Siz camaatın siqareti atmaq istədiyi vaxtda niyə başlamısınız? Dostlarımla bunun üstündə dalaşıram. Bu ağılsızlıqdır.

- İdmandan kənar marağınız varmı?

- Şahmatdan tutmuş bütün oyunları bacarıram. Həftədə iki dəfə də futbol oynayıram.

- Azarkeşlik elədiyiniz futbolçu, yaxud komanda var?

- Yox. Çünki etimadı doğrultmurlar. Dünyada "Real" və "Qalatasaray"a azarkeşlik edirəm.

- Ən çətin yarışınız hansı olub?

- Yerli idmançıyla olub və qalib gəlmişəm. Adını çəkmək istəmirəm. Bir də 1998-ci ildə erməni idmançıyla çətin görüşüm olub. Tarixçəsini danışım. Həmin vaxt əkiz qardaşım - Əhliman hərbi xidmətdə mina axtaran zaman şəhid oldu. 1998-ci ilin fevralıydı. Füzulidə mina çıxaran zaman əllərində partladı və əməliyyatda 4 nəfər yaralandı, 2-si şəhid oldu. Həmin ilin may ayında mən Litvada keçiriləcək Avropa çempionatına getməliydim. Lakin 40 gün evdən bayıra çıxa bilmədim, çox ağır idi. Məşqçilər gördü ki, çox fikir edirəm, dedilər gedək, başın açılsın. Heç bir hazırlıq keçmədim və cəmi 15 gün sadəcə qaçmışam ki, təngənəfəs olmayım. İlk görüşdə dünya çempionu olan erməniylə düşdüm. Amma başqası olsaydı, ilk görüşü uduzardım. Başlayan kimi, bir fəndə 4 xal qazandı. Çox görüşlərinə baxmışam və səviyyəsi yüksək idi. Bir anlıq döşəkdə düşündüm ki, bu hadisədən 2 ay keçib və mən erməniyə məğlub oluram, vətənə necə qayıdacağam? Allah mənə elə bir güc verdi ki, yekun nəticədə 10:4 qalib gəldim.

 

"Əkiz qardaşım dünyasını dəyişən anda ürəyim dayanmışdı"

 

- Adətən əkizlər çox hissiyatlı olurlar. Qardaşınız yaralananda, daha sonra isə dünyasını dəyişəndə özünüzdə bunu hiss etmişdiniz?

- Həmin gün hiss elədim. Füzulidə hospitaldaydı, yanına getdim. Həkim dedi ki, minanın qəlpələri ürəyindən başqa onun bütün orqanlarını məhv edib və tibb tarixində belə hadisə görməmişəm. Həkimdən soruşdum ki, yaşamaq ehtimalı nə qədərdir. Bildirdi ki, onun bütün orqanları dağılıb. Günorta 12-də Füzuliyə çatdım. İçəri girəndə gözüylə mənə salam verdi. Bayıra çıxıb pilləkəndə ağlayırdım. Qəfildən ürəyim dayandı və bir neçə saniyə ərzində sanki öldüm. Sən demə, o içəridə keçinirmiş. Tez aşağı qaçdım və özümü yerə yıxdım, çabaladım. Daha ağlamadım ki, Allaha ağır gedər. Mənə zəng olunanda da hiss eləmişdim. Cəmi 3 saat yaşadı. Həkim dedi ki, əkizlər öz tayını görməsə keçinmir. Yəni bir aydan sonra da getsəydim, hətta komada olsa belə sağ qalardı. Üzündən öpəndə buz kimi soyuq idi.

- Ailəyə necə vaxt ayırırsınız?

- Məsələn, bu gün saat 3-də məşqim var. Deməli, həmin müddətdə ailəylə bağlı işləri görürəm.

- Sənət adamlarıyla aranız necədir?

- Münasibətim yoxdur.

-Siyasətçilərlə?

- Bəziləri məni tanıyır, bəzilərini də mən tanıyıram. Vəssəlam.

- Musiqiylə?

- Hamı kimi

- Gənc idmançılara nə tövsiyyə edirsiniz?

- Bu dəqiqə idmanımızın çiçəklənən dövrüdür. Dözüm arzulayıram ki, hər şeyə görə həvəsdən düşməsinlər. Bir də görürsən ki, kimisə sıxışdırırlar və o da həvəsdən düşüb gedir. O qədər belə idmançılar indi ayrı sahələrdə çalışırlar. Dünya çempionu ola biləcək idmançılar bu gün usta yanında fəhlə işləyirlər. Yəni haqsızlığa dözə bilmirlər. Mənim özümə qarşı da dəfələrlə belə haqsızlıqlar olub. Azərbaycanda da idmana qayğı yüksək olduğundan başda oturanlar özlərininkini qabağa vermək istəyir. Çünki Səhlimanın birinci yerə çıxmasının ona maddi xeyri yoxdur. Amma özününkü üçüncü olsa özü alacaq axı.

 

 

İNTİQAM VALEHOĞLU

 

Ədalət.- 2011.- 28 yanvar.- S. 6.