Əsrlərlə yaşayacaq böyük insan
O, yoxdan bir Azərbaycan yaratdı
Krım tatarlarının məşhur ziyalılarından
olan Cəfər Seyid Əhməd Krımər 1954-cü ilin
yanvarında M.Ə.Rəsulzadənin
70 illik yubileyinə göndərdiyi məktubu
bu sözlərlə bitirirdi: "Bir
gün həyatınızı
yazacaq bəxtəvər
bir türk gənci, yaxud da şəxsiyyətinizi canlandıracaq bir türk sənətkarı
ömrünüzün hər
dövrünü qavrayıb
anladıqca, "Nə
xoşbəxtəm ki,
bu yaşamağa dəyər səhifələri
canlandırıram"
- deyə sevinəcəkdir".
Böyük Krım ziyalısının fikirləri
bu gün bu sətirləri yazarkən özünü
doğruldur.
Azərbaycan milli istiqlal
hərəkatının və təkcə türk ellərində
deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi
olan Azərbaycan Demokratik respublikasının təməl
daşını quran, sonralar ömür yolu, həyatı zəngin
və keşməkeşli hadisələrlə dolu bir dastana
çevrilən, xalqımızın ölümsüz lideri Məmməd
Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə
1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində
anadan olub. Atası din xadimi olsa da məktəb yaşına
çatmış oğlunu şəriət dərslərini
yox, dünyəvi elmləri öyrənməyə yönəldir.
S.M.Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman"
məktəbində təhsil alması mütəfəkkirin
taleyində böyük rol oynayır. Buranı bitirdikdən
sonra M.Ə.Rəsulzadə təhsilini Bakı texniki məktəbində,
rus dilində davam etdirir.
1902-ci ildə 17
yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik
təşkilatı"nı yaradır. Bu XX əsrdə Azərbaycanda
rus müstəmləkə üsul-idarəsinə
qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat
idi. Bir az sonra "Müsəlman demokratik "Müsavat"
cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən
bu təşkilatın bir qolu da İranda qurulur. M.Ə.Rəsulzadə
siyasi fəaliyyətlə
yanaşı ədəbi yaradıcılığa da bu illərdə
başlamış, "Müxəmməs" adlı ilk şeiri "Şərqi rus" qəzetində
çap olunur.
1904-cü ilin
axırlarında "Müsəlman demokratik
"Müsavat" cəmiyyəti"nin əsasında Mir Həsən
Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski
(1875-1931) və Məmməd Əmin Rəsulzadə
birlikdə RSDFP-nin Bakı komitəsinin nəzdində
"Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı"
yaradırlar. 1908-ci ilin axırlarında M.Ə.Rəsulzadə
çar üsul idarəsi tərəfindən onun həbs
olunması təhlükəsi ilə əlaqədar olaraq
Bakını tərk edərək İrana-Təbrizə
üz tutur və xalqımızın milli qəhrəmanı
Səttarxan və silahdaşları ilə
görüşür. Beləliklə o, 1909-cu ildən 1911-ci
ilə qədər İranda yaşayıb, fəaliyyət
göstərir.
1913-cü ildə
romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən
sonra M.Ə.Rəsulzadə vətənə qayıdır. O,
1911-ci ilin oktyabrında keçmiş hümmətçilər
Tağı Nağıyev, M.Ə.Rəsulzadə və
Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan
"Müsəlman demokratik "Müsavat"
partiya"sına daxil olur və tezliklə onun rəhbərinə
çevrilir. 1915-ci ilin avqustundan "Açıq söz"
qəzetini nəşr edir ki, bu da əslində gizlin fəaliyyət
göstərən "Müsavat" partiyasının
orqanı idi.
Azərbaycan Demokratik
Cümhuriyyəti 1920-ci ildə rus ordusu tərəfindən
yıxılandan sonra M.Ə.Rəsulzadənin həyatının
mühacirət dövrü başlayır.
1920-ci ildə aprel hadisələrindən
sonra M.Ə.Rəsulzadə Lahıcda həbsə
alınır. Onun tutulması xəbəri həmin ilin
noyabrında Stalinə çatır. Stalin heç kəsə
xəbər vermədən Bakıya gələrək, XI
Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR Millətlər
komissarlığı adından göstəriş verir və
həbsxanaya gedərək M.Ə.Rəsulzadənin
qarşısında öz tarixi vicdan borcunu yerinə yetirir. O,
M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya
aparır və RSFSR Millətlər Komissarlığında mətbuat
müvəkkili vəzifəsinə təyin edir. Bununla
yanaşı M.Ə.Rəsulzadə Moskvada Şərqşünaslıq
institutunda fars dilindən dərs deyir. Amma bir müddət
sonra gizli şəkildə Moskvanı tərk etməli olur.
Onun xaricə getməsi səbəbi Azərbaycan ədəbiyyatşünası,
Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevənin
(1898-1976) xatirə yazısında öz əksini tapıb.
Ömrünün son illərini
Türkiyədə keçirən böyük öndər
ağır xəstəlikdən əziyyət çəkir.
Ankara universitetinin tibb fakültəsinin klinikasında şəkər
xəstəliyindən yatan Məmməd Əmin 1955-ci il
martın 6-da gecə saat on birə on dəqiqə
qalmış üç dəfə "Azərbaycan... Azərbaycan....
Azərbaycan deyərək əbədiyyətə qovuşdu.
O, Ankara Əsri qəbiristanlığında dəfn edilib. Vəfatı
münasibətilə bir çox ölkələrdə -
Türkiyə, İran , Qərbi Avropa ölkələrində
müxtəlif nekroloqlar çap olunub . Bunlardan ən
maraqlısı iranlı alim, bir zamanlar Rəsulzadə ilə
birgə İran inqilabının əsas rəhbərlərindən
hesab edilən, sonradan şah rejimi tərəfdarına
çevrilən və doğma xalqına yad adam olan Seyid Həsən
Tağızadənin yazdığı nekroloqdur. O,
yazırdı: "Rəsulzadə bütün ömrüm
boyunca Şərq dünyasında tayına
rastlaşmadığım, mübaliğəsiz söyləyə
biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd
Əmin bəy tərbiyəli, qüvvətli və sağlam
məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli,
tam mənasıyla dürüst, fikir və yoluna dərin bir
inam bəsləyən fədakar, mücahid və örnək
bir insandı. Belələrinə zəmanəmizdə və
hələ bizim tərəflərdə rast gəlmək
mümkün deyildi.
M.Ə.Rəsulzadəni
son mənzilə yola salanda mühacir şairimiz Kərim
Yaycılı da ulu rəhbərin məzarı başında
oxuduğu şeirində deyirdi:
... Yaşatmazdı qəlblərdə ümidsizlik və
məlal
Onun məfkurəsiydi, HAK, MUSAVAT, İSTİQLAL!
Sar köksünə Ankara yurdumun ziynətini,
Günü gəlincə istər səndən əmanətini,
Şükranını sunarkən bir gün hörmətlə
sana
O kəmiklər gedəcək, gedəcək o
vatanına!
Saxla qoynunda
onu vermə yabana, yelə
Bir hədiyyən olacaq yurdumdakı heykələ.
O gün gəldi. M.Ə.Rəsulzadənin
özü torpağında uyusa da, ruhu bizimlədir, hər bir
azərbaycanlının qəlbində onun mənəvi heykəli
vardır. Hələ Azərbaycan Xalq Cümhuriyyəti
qurulmazdan xeyli əvvəl məfkurə ustadımız Məmməd
Əmin Rəsulzadə çalışdığı mətbu
orqanlarda Azərbaycan və azərbaycançılıq qayəsini
yayır, Vətənini həm xalqa, həm də dünyaya
tanıtdırırdı. Bu, o zamanlar idi ki, hətta xalqın
özünə milli kimliyini, dünyaya isə Azərbaycan
adlı məmləkətin mövcudluğunu isbat etmək gərək
idi...
1911-ci ildə
İstanbulda "Türk yurdu" jurnalında dərc etdirdiyi
"İran türkləri" adlı silsilə məqalələrində
M.Ə.Rəsulzadə Türkiyədə ilk dəfə olaraq
İrandakı azəri türkləri haqqında geniş bilgi
verir. Burada azəri türklərinin yaxın keçmişi,
ictimai-siyasi və iqtisadi durumu, mədəniyyəti və ədəbiyyatından
təbii bir şəkildə bəhs olunur. O, bu məqalələri
1908-1910-cu illərdə İranda iştirakçısı
olduğu hadisələr, müşahidə və təəssüratları
əsasında qələmə almışdı. O zaman 10
milyonluq İran əhalisinin azı 3 milyon nəfərinin
türk olduğunu yazan M.Ə.Rəsulzadə, onların
İran həyatında çox fəal olduqlarını
vurğulayır.
M.Ə.Rəsulzadə
1910-cu ildə İranda yaradılan
Avropa tipli ilk iki partiyanın aparıcı qüvvələrinin
də azəri türkləri olduğunu, hətta İranda ilk modern qəzeti də azərbaycanlıların
yaratdığını qürur hissilə qələmə
alır. Lakin təəssüflə bir məsələni də
vurğulayır: "...türk inqilabçıları,
türk məhbusları, türk əncümənləri
dediyimizdə, bunların məhz türklük naminə hərəkət
etdikləri düşünülməsin. İran
türk məşrutiyyətpərvərləri
türklüklərini düşünmədilər,
bütün fədakarlığı ancaq iranlılıq və
vətənin müştərək naminə icra etmişlərdir".
Qeyd etdik ki, "İran türklərini qələmə
almaqda məqsəd İranda tarixi
torpaqlarında yaşayan azəri türklərini, buranın
Azərbaycanın bir parçası olduğunu dünyaya
tanıtmaq idi. Nə yazıq ki, o zamanlar təkcə İranda yox,
Qafqazda da azərilərin mövcudluğundan hətta
qardaş Osmanlıda belə çox adam xəbərsizmiş".
M.Ə.Rəsulzadə yazır ki, bir-iki il əvvəl istefada
olan istanbullu bir paşaya özünü azərbaycanlı bir
türk kimi təqdim edərkən, möhtərəm paşa
həzrətləri: "İmperatorluq
xaricində də əcəba türk varmıdır?" -
deyə soraraq, onu çox təəccübləndirib...
Bunları oxuduqca, Azərbaycan
Xalq Cümhuriyyətinin - indiki Azərbaycan
respublikasının doğrudan da yoxdan
yarandığını, hər şeyin -
türkçülüyün, azərbaycançılığın,
cümhuriyyətçiliyin, dövlətçiliyin
sıfır nöqtəsindən başlanaraq bugunümüzə
gəldiyini və bütün bunların arxasında ilahi bir
mücadilənin durduğunu heyrətlə
düşünürsən. Axı o zaman milli
özünütəsdiq məsələsi çar
Rusiyasının işğalında olan Şimali Azərbaycanda
da çox mürəkkəb idi. O, 1914-1915- ci illərdə
Bakıda "Dirilik" jurnalında dərc etdirdiyi "Milli
dirilik" adlı digər silsilə məqalələrində
yazır ki, nə qədər ali təhsil görmüş, mədəni
həyat və mədəni məmləkətlər
görmüş adamlarımızdan "hansı millətdənsiniz"
- deyə soruşsanız, "müsəlmanam" - deyə
cavab verər. Ustad: "Müsəlmanlığın ibtidai təsirindən
gələrək biz özümüzü müsəlman
adlandırdığımızdan əsl milliyyətimizin
ünvanını təşkil edən türklüyə əhəmiyyət
verməmiş, həman "müsəlman" adına qənaət
eləmiş idik. Hələ də etməkdəyiz. Hələ
bu qənaətlə də qalmamışıq,
başqaları bizə "tatar" və "persiyan"
demişlər, ona da etiraz etməmişik"-yazır.
M.Ə.Rəsulzadə
qeyd edir ki, bütün bunlar özümüzü lazımi qədər
tanımamaqdan irəli gəlir. Aramızda hələ bir
çoxları var ki, türklüklərinə şübhə
etməkdədirlər. Türk gəncliyi
dərk etməli və düşünməlidir ki, bu gün
türk milləti böyük bir tarixə malik olduğu halda
tarixsiz yaşayır. Türk tarixi tarixlərin ən az tədqiq
olunmuşu, ən az öyrənilib
yazılmışdır. Tarix yazanlar isə türklərə
məğlub olan millətlərdən olduqları
üçün bu işə qərəzli
yanaşmışlar.
Azərbaycan ideyası
Bütün bu çətinliklərə
baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qurulur. 1918-ci il
iyunun 17-də Azərbaycan Milli Şurasının iclasında
M.Ə.Rəsulzadə alovlu nitqində deyir: "Dünya
müharibəsi və Rusiya inqilabının təsiri ilə
yeni doğmuş və həyat siyasətinə ilk qədəm
basmış olan Azərbaycan qayəsi əhatə olunmaz
mühüm dəqiqələr keçirir... İştə bir zaman ki, müqəddərat
milliliyi əllərinə alanlar üçün Azərbaycan
nüzadini tələf etdirməmək kimi müşkül,
fəqət müşkülliyi ilə bərabər şərəfli
bir vəzifə və məsuliyyət tərtib ediyor".
Tədqiqatlara görə,
bir sıra görkəmli inqilabçıların əsərlərində
Azərbaycan istiqlaliyyəti elan edilənədək, bu
torpağın Azərbaycan adlandırılması barədə,
bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə
də yoxdur. Onlar yalnız sinfi ziddiyyətləri aradan
qaldırmaq uğrunda mübarizə aparırdılar. Ancaq Azərbaycan
müstəmləkə idi və hətta ölkənin
adı belə xəritələrdən silinmişdi. Azərbaycan
xalqı qarşısında isə yalnız müstəmləkədən
azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi
dururdu. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin
rəhbərliyilə qabaqcıl ziyalılarımız öz
üzərlərinə götürdülər.
Nitqindən
göründüyü kimi, M.Ə.Rəsulzadə hələ
Birinci Dünya müharibəsi ərəfəsində mətbuatda
qaldırdığı "Azərbaycan qayəsi"ndən
söhbət açır. 1918-ci il dekabrın 7-də Azərbaycan
parlamentinin təntənəli açılışında
milli öndər bu məsələyə bir daha toxunur:
"Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni
- "Azərbaycan muxtariyyəti"ni müdafiə edirdik,
biz onda sağ və sol tərəfdən amansız tənqidə
məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki,
azərbaycançılıq şüarı ilə siz
müsəlmanları parçalayırsınız,
türkçülük bayrağı qaldırmaqla - Allah eləməsin
- siz İslamın əsasını
sarsıdırsınız. Soldan isə bizi məzəmmət
edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək
biz vahid demokratik cəbhəni yarırıq.
"Müsavat" Partiyası birinci olaraq Azərbaycan
müstəqilliyi bayrağını yüksəyə
qaldırmışdır. Beləliklə, müsəlman
partiyaları arasında Azərbaycan ideyasında fikir
ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan
ideyası artıq möhkəmlənmişdir".
M.Ə.Rəsulzadənin
sözlərilə desək, 9 xanlıq halında
çarlığın hakimiyyəti altına düşən
Azərbaycan Birinci Dünya müharibəsi nəticəsində
çökən Rusiya
imperatorluğunun zülmü altından siyasi bir bütün,
bir millət, bir dövlət olaraq qalxdı... 23 aylıq
ömür sürməsinə, yenidən rus
işğalına məruz qalmasına baxmayaraq, Cümhuriyyətimiz
tarixə və dünya siyasi xəritəsinə əbədi
olaraq "Azərbaycan" adını yazdı, "azərbaycançılıq
şüarı"nı sonrakı nəsillərə
ötürdü. Cümhuriyyətin ideyaları bütün
dünyanı dolaşdı, dünya azərbaycanlılarını
birləşdirən əvəzsiz dəyərlərə
çevrildi. Bu gün də belədir. Bunu yaşadanlar isə,
başda M.Ə.Rəsulzadə olmaqla, sovet işğalı nəticəsində
dünyaya səpələnən fədakar mühacirlərimiz
oldu.
Mühacirin Vətən borcu
1932-ci ildə Berlində
"İstiqlal" qəzetində dərc
etdirdiyi "Münəvvər mühacirin borcu"
adlı məqaləsində M.Ə.Rəsulzadə
yazırdı ki, müxtəlif dövrlərdə və
müxtəlif səbəblərdən vətəni tərk
edib mühacirliyi seçmiş bir çox münəvvərlərimiz
(ziyalılarımız) və xüsusilə də münəvvər
gənclərimiz vardır. Onların bir sahədə ixtisas əldə
edərək elm və texnika adamı olmalarını görmək
əziz arzularımızdan biridir. Fəqət, vətəni
istila altında inləyən bir mühacir münəvvərin
sadə, mütəxəssis bir texnika adamı olmaqdan
başqa, bir borcu da vardır ki, bu da Vətən borcudur! Ustad
daha sonra əlavə edir ki, Azərbaycan istiqlal qayəsini mənimsəmiş,
vətənin gələcək istiqlalına iman etmiş və
öz xüsusi həyat və səadətini millət və
məmləkətin həyat və səadəti şərtilə
təsəvvür edilə bilmək idealizminə nail olmuş
bir gənc azərbaycanlı - sadə mühəndis, sadə
hüquqçu, sadə memar, sadə iqtisadçı,
tarixçi və s. olmaqla qala bilməz. O, eyni zamanda vətənçi
bir mühəndis, milliyyətçi bir hüquqçu, istiqlalçı
bir iqtisadçı, tarixçi və s. olmağa borcludur.
... "Sadə texnik hər zaman bulunur. Bu ehtiyacını
bir millət müvəqqəti bir zaman üçün əcnəbilərə müraciət
surətilə də təmin edə bilir, fəqət, heç bir zaman xaricə müraciət olunaraq bir vətənpərvər,
bir milliyyətçi
və bir istiqlalçı alına
bilməz!".
Ustadın bu tövsiyəsi bugünümüz
üçün də çox aktual deyilmi?
Ömrünün sonunadək
mühacirət həyatı yaşamış M.Ə.Rəsulzadə
mühacir soydaşlarını hər zaman diqqətdə
saxlamış, onların arasında mənəvi əlaqənin
itməməsinə çalışmış,
soydaşlarına bacardığı köməyi əsirgəməmişdir.
Hətta İkinci Dünya müharibəsi
zamanı alman ordusuna əsir düşmüş azərbaycanlı
əsgərlərin yəhudi hesab edilərək güllələnməsinə
əngəl olmuşdur. 1942-ci ildə Berlinə gələn
M.Ə.Rəsulzadə Almaniya rəhbərliyilə
danışıqlar aparır, azərbaycanlı əsirləri
ölümdən qurtarır. 70 minə yaxın əsir
soydaşımızı birləşdirən Azərbaycan
legionu ilə təmas qurur, onların fəaliyyətini diqqətlə
izləyir. Müharibədən sonra isə vətənə
dönən yüzlərlə əsiri, bu dəfə xain adı
ilə Stalinin güllələtdirməsindən xəbər
tutub, onları mühacirətdə qalmağa
çağırmış, münasib ölkələrdə
məskunlaşmalarına yardım etmişdir.
"Azərbaycan istiqlal
mübarizəsi olduğu kimi davam edir... Çeka zirzəmiləri
mücahidlərlə dolur, yeni nəsil isə istila rejiminin
güclənməsinə baxmayaraq, milli idealın arxasıycan
gedir. Bununla bərabər, Azərbaycanın mübarizəsini
bir an da dayanmadan bütün dünyaya çatdırmaq
ehtiyacındayıq, ...Azərbaycan hərəkatı təbii
ki, səsi kəsilmiş qala bilməz!".
Gültəkin
Ədalət.- 2011.- 29 yanvar.- S. 12.