Bu günü uğurlu, sabahı
işıqlı
Azərbaycan Turizm İnstitutu 5 illik yubileyini qeyd edir
Daha yaxından tanışlıq üçün
Cəfər Cəfərov 1960-cı ildə anadan olub.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix
fakültəsini bitirdikdən sonra bu nüfuzlu ali tədris
ocağının aspiranturasına qəbul edilib. 1987-ci ildə
namizədlik dissertasiyasını müdafiə edib. Əmək
fəaliyyətinə isə Bakı Dövlət Universitetində
başlayıb. 1987-1994-cü illərdə BDU-nun tarix
fakültəsində böyük laborant, müəllim,
baş müəllim, dosent kimi çalışıb.
1990-1994-cü illərdə BDU-nun tarix üzrə
ixtisaslaşmış doktorluq şurasının elmi katibi
olub. Sonrakı iki ildə isə tarix fakültəsinin dekan
müavini kimi çalışıb.
Cəfər Cəfərov
1994-cü ildə Gənclər və İdman Nazirliyinin Gənclərlə
İş üzrə Baş İdarəsinin rəisi vəzifəsinə
təyin edilib. 4 il bu vəzifədə
çalışdıqdan sonra BMT İnkişaf
Proqramının Azərbaycan hökuməti ilə birgə həyata
keçirdiyi "Azərbaycanda QHT-lərin institusional
potensialının artırılması və Vətəndaş
Cəmiyyətinin gücləndirilməsi" layihəsinin
milli əlaqələndiricisi olub. 2004-2006-cı illərdə
isə milli əlaqələndirici kimi BMT İnkişaf
Proqramı və Azərbaycan hökumətinin "Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması məqsədi
ilə daxili turizmin səmərəli inkişafının təmin
olunması üzrə Gənclər, İdman və Turizm
Nazirliyinə institusional yardım" birgə layihəsində
çalışıb.
Cəfər Cəfərov
ölkə prezidentinin 2006-cı il 5 iyul tarixli sərəncamı
ilə Azərbaycan Turizm İnstitutunun rektoru vəzifəsinə
təyin edilib.
Müasir Azərbaycan tarixi,
demokratikləşmə, mülki cəmiyyətin
inkişafı, dövlət idarəçiliyi və turizmin
inkişaf etdirilməsi ilə bağlı Azərbaycanda, o
cümlədən xarici ölkələrdə çap edilən
50-yə yaxın elmi əsərin müəllifi, tarix elmləri
doktorudu. İki övlad atasıdı.
2011-ci il Azərbaycanda
"Turizm ili" elan edilib. Dövlət
başçısının tapşırığına əsasən
ilboyu ölkə ərazisində tədbirlər həyata
keçiriləcək, turizmin inkişafına yönəlik
mühüm layihələr icra olunacaq.
Ölkədə turizm sahəsində
yeganə təhsil, tədqiqat və treninq mərkəzi
sayılan Azərbaycan Turizm İnstitutu da bu prosesdə
yaxından iştirak edəcək. "Turizm ili" bu ali məktəb
üçün daha bir hadisə ilə əlamətdardı.
Azərbaycan Turizm İnstitutunun bu il 5 yaşı tamam olur.
Rektor tarix elmləri doktoru Cəfər
Cəfərovla ölkənin ən cavan ali məktəblərdən
sayılan Azərbaycan Turizm İnstitutunun bu qısa müddət
ərzində əldə etdiyi uğurlardan, "Turizm ili"
çərçivəsində görüləcək
işlərdən danışdıq.
- Sizinlə iki əlamətdar hadisə ərəfəsində
görüşürük. Rəhbərlik etdiyiniz ali məktəbin
5 yaşının tamam olması ölkədə "Turizm
ili"nin keçirilməsi ilə eyni vaxta təsadüf
edir. Söhbət zamanı hər iki hadisəyə
toxunacağıq. İstərdim əvvəlcə Azərbaycan
Turizm İnstitutunun yarandığı dövrə
qayıdaq...
- Yaşından da
göründüyü kimi həmin dövrdən bizi çox
az bir zaman ayırır. Azərbaycan prezidenti İlham Əliyevin
2005-ci il avqustun 25-də imzaladığı fərmanda Turizm
İnstitutunun yaranması nəzərdə tutulmuşdu. Bir il
sonra Nazirlər Kabineti bununla bağlı xüsusi qərar
imzaladı. Hökumətin 13 fevral 2006-cı il tarixli qərarı
ilə Azərbaycan Turizm İnstitutu yaradıldı. Həmin
il iyulun 5-də ölkə başçısı mənim
instituta rektor təyin olunmağımla bağlı sərəncam
imzaladı. Qarşımıza mühüm vəzifələr
qoyulmuşdu. Bu işləri görmək o qədər də
asan deyildi. İnstitutu bina ilə təmin etmək, maddi-texniki
bazanı yaratmaq üçün xeyli zaman lazım idi. Lakin
vaxt gözləmirdi. Çünki həmin il ilk tələbələri
qəbul etməli idik. Nəzərə almaq lazımdı ki,
həmin dövrdə ölkə təhsilində yeni
standartlar tətbiq edilirdi. İşimizi çətinləşdirən
digər bir məsələ isə kadrlarla bağlı idi.
Turizmlə bağlı ilk dəfə təhsil və təhqiqat
aparan müəssisə olduğumuz üçün müəllim
kadrlarının tapılması, bu işə cəlb edilməsi
çətinliyi var idi. Az saylı kollektivlə bütün
çətinlikləri arxada qoymağa
çalışdıq. Bəzən həmin günləri
xatırlayanda...
Nəhayət 2006-cı il
sentyabrın 15-də ilk tələbələrimizi qəbul
etdik. Fəaliyyətə başlayanda cəmi bir fakültəmiz
var idi. 3 ixtisas üzrə institutumuzda 200 tələbə təhsil
alırdı.
Bu gün isə institutumuzda
turizm sektoru üçün bakalavr proqramında 11 ixtisas
üzrə 1311 tələbə oxuyur. Onların təhsili ilə
186 nəfərlik professor-müəllim heyəti məşğul
olur. Həmin heyətdə 30 nəfər dosent və ya
professor elmi adına malik alimlərimiz var. Alimlərimizin 9-u
elmlər doktoru, 58-i isə fəlsəfə doktorudu. Bu tədris
ilindən ATİ-də magistratura pilləsi fəaliyyətə
başlayıb və 3 ixtisas üzrə 19 tələbə təhsil alır.
Sevinirəm ki, bu gün dərs
deyən müəllimlərimiz arasında ilk məzunlarımız
olanlar da var.
Bu gün turizm biznesinin təşkili
və texnologiyası, turizmdə menecment və marketinq, turizmdə
informasiya texnologiyaları, ictimai fənlər, iqtisadiyyat,
ingilis dili və turizmin linqivistik təminatı da daxil olmaqla 7
kafedra fəaliyyət göstərir.
Azərbaycan Turizm
İnstitutu Avropa Kredit Transfer Sistemli (AKTS) və çoxballı
qiymətləndirmə sistemini ölkəmizdə tətbiq edən
yeganə dövlət ali təhsil müəssisəsidi. AKTS
çərçivəsində 6 tələbəmiz xarici
ölkələrdə təhsil almaq imkanı əldə
edib.
Azərbaycandakı dövlət
ali məktəbləri arasında ilk dəfə olaraq
ATİ-də Strateji Plan qəbul olunub. Strateji Plan
2008-2016-cı illəri əhatə edir. Ali turizm təhsili ilə
yanaşı bacarıqlı xidmət personalının
hazırlanmasına da önəm veririk. Bunun üçün
də Təlim Mərkəzi yaratmışıq.
TQDK-nın tələbə
qəbulunun nəticələri ilə bağlı reytinq cədvəlində
institutumuz son iki ildə 5-ci yerə layiq görülüb.
5 il ərzində institutumuz
çox işlər görməyə
çalışıb, müəyyən uğurlara imza
atmağı bacarıb. Əldə olunan uğurlarda
kollektivimizin bütün üzvlərinin əməyi var.
Keçmiş uğurlarımızla qənaətlənmək
fikrində deyilik. Biz həmişə gələcəyə
baxmağa çalışdığımız
üçün də yeni nailiyyətlər qazanmaq əzmindəyik.
İnstitutumuz Mədəniyyət
və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
İlk gündən bizə dəstək olan, fəaliyyətimiz
üçün şərait yaradan, təşəbbüslərimizi
dəstəkləyən nazir Əbülfəs Qarayevə qəzetiniz
vasitəsi ilə təşəkkürümü bildirmək
istəyirəm.
- Rəhbərlik etdiyiniz ali məktəbin fəaliyyəti
ilə yaxından tanış olanda ATİ-nin beynəlxalq əlaqələrə
xüsusi önəm verdiyini görmək olar. Bir qədər
də bu barədə danışmağınızı istərdim...
- İnstitutumuzun
Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universiteti ilə
imzaladığı akademik anlaşmaya əsasən AATP
(Avstriya - Azərbaycan Turizm Proqramı) adlı beynəlxalq
qrup təşkil olunub. Hər il onlarla tələbə bu
proqramı bitirdiyi üçün ikili diplom ala bilib. Avropa
İttifaqının Erasmus-Mundus xarici əməkdaşlıq
proqramı çərçivəsində Fransa, İtaliya,
Almaniya, Bolqarıstan, Yunanıstan, Litva, Portuqaliya, Niderland və
digər ölkələrin nüfuzlu tədris ocaqları ilə
əməkdaşlığımız var. Avstriyanın Krems,
Almaniyanın Yade, Şimali Türk Cümhuriyyətinin Girnə
Amerika və Doğu Akdeniz Universitetləri ilə əməkdaşlıq
memorandumları imzalamışıq. 5 il ərzində 34 beynəlxalq
təşkilatla əlaqə qurmağa nail olmuşuq.
Tələbələrimizə
turizm sahəsində təcrübə qazanmaq
üçün praktiki təcrübə proqramları təşkil
etmişik.
- Təcrübə proqramları hansı ölkələrdə
təşkil olunur?
- Bu proqramlar həm Azərbaycanı,
həm də xarici ölkələri əhatə edir. Tələbələrimiz
ABŞ, Türkiyə, Şimali Kipr, Ukrayna, Yunanıstan,
İsrail, Portuqaliya kimi ölkələrdə praktiki təcrübə
keçmək imkanı qazanıblar. Təkcə elə
ötən il 30 tələbə xarici ölkələrdə
yay tanışlıq təcrübəsində olub.
Bu sahədə işlərimizi
davam etdiririk.
- Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi bu
il Azərbaycanda "Turizm ili" elan edilib. Rəhbərlik
etdiyiniz ali məktəb yəqin ki, bu prosesdə yaxından
iştirak edəcək. Bununla
bağlı planlarınız varmı?
- Öncədən onu
vurğulayım ki, "Turizm ili" elan olunmasının
özü çox önəmli bir qərardı. Turizmin
inkişafı üçün böyük işlərin görülməsində
bu qərarın müstəsna xidməti olacaq. Azərbaycan
Turizm İnstitutu olaraq, biz də bu prosesdə yaxından
iştirak edəcəyik. Artıq təkliflər
planını hazırlayıb Mədəniyyət və Turizm
Nazirliyinə təqdim etmişik. Nazirlik tərəfindən
razılıq aldıqdan sonra planın icrasına
başlayacağıq.
Etibar CƏBRAYILOĞLU
Ədalət.- 2011.- 29 yanvar.- S. 13.