MƏHBƏSDƏN MƏKTUBLAR
(Faiq Balabəylinin "Burda darıxmaq olmaz"
şeirlər kitabı haqqında)
Azərbaycan ədəbiyyatında
ilk həbsiyyələrin müəllifi böyük ustad
Xaqani Şirvani olubdur. Sarayda yaşasa da, şahı, onun nəsil-nəcabətini
tərifləyən qəsidələr yazsa da, yeri gələndə
zülmə, haqsızlığa dözməyən, "qəfəs
bülbülü" olmaq istəməyən Xaqani 1170-ci ildə
Şirvanşah Axsitanın əmrilə həbs olunur, yeddi ay
həbsxanada yatır. Xaqani orada çox əziyyətlər
çəkir, amma Azərbaycan poeziyasının inciləri
sayılan Həbsiyyələri də elə orada yazır.
Hər səhər qalxar göyə ah ilə
əfqanım mənim,
Qərq olar qanda şəfəq tək
çeşmi-giryanım mənim.
Oxşayır kündə ayağımda
dəyirman daşına,
Qanlı göz yaşımla işlər
bu dəyirmanım mənim.
Söykənib divarına zindanın, üz tutdum
göyə,
Asiman tək güllər açdı
çeşmi-giryanım mənim.
Xaqanidən sonra
çox şairimiz həbslərə düşdü,
sürgünlərə göndərildi, amma o şairlərin
heç də hamısı barmaqlıqlar arasında belə
gözəl sənət inciləri yarada bilmədilər.
Əlbəttə, bu
mövzunun özü də bir tədqiqat əsəridir. Təbii
ki, bu mövzu haçansa yazılacaq. Yoxsa Cavidlərin,
Cavadların, Müşfiqlərin ruhu inciyər. Ancaq mən
son otuz ildə-sovet dönəmindən üzü bəri bəzi
həbsxana olaylarını xatırlamaq istəyirəm.
Gözəl nasir Çingiz Ələkbərzadəni yəqin
ki, unutmamısınız. O da taleyin qəzavü-qədərindən
bir neçə il dustaq həyatı yaşadı. Həbsdən
qurtulandan sonra Çingizin "Zindan" romanı və
"Zindan şeirləri" yarandı. "Zindan"
romanı Şair və Zindan mövzusunda ilk böyük nəsr
əsəri idi. Siz müstəqilliyimiz uğrunda böyük
mübarizimiz, Xalq şairi Xəlil Rza Ulutürkün
"Lefertovo gündəliyi" ilə də
tanışsınız. X.Rza 90-cı illərin ən gözəl
şeirlərini zindanda yazdı,-desək səhv etmərik.
Yüz il, min il yaşaram
Bu zülmət zindanda mən.
Təki əsirgəməyin,
Kağız, qələm verin siz.
Heç də ifrata
varmaram, desəm ki, "Lefertovo şeirləri" dünya ədəbiyyatında
Musa Cəlilin, Y.Fuçikin zindanda yazdığı əsərlərlə
bir sırada durur.
Şair və Zindan. Belə
bir tale beş il öncə Faiq Balabəylini də haqladı.
(Ondan bir az əvvəl istedadlı nasir Əyyub Qiyas düşmüşdü
barmaqlıqlar arxasına və həbsxanada keçirdiyi
günlərin ağrı-acılarını, azadlıq
duyğularını silsilə şeirlərə
çevirmişdi).
Faiq Balabəyli niyə həbs edilmişdi? Doğrusu, indi
bu suala cavab axtarmaq istəməzdim. Haqlımı, haqsızmı? Hansı səbəbdən
olursa-olsun, yenə də bu suala
cavab axtarmıram.
Ancaq onu bilirəm ki, Faiq Balabəyli həbsxanada ən gözəl şeirlərini
yazdı, hətta deyərdim o vaxtacan Faiq bizim poeziyamızda
adi bir sıra
nəfəri idisə,
həbsxana Faiqin poetik istedadını tam üzə çıxardı.
Sübut eləməyə
ehtiyac yoxdur: şairlərin bir çoxu həyatlarının
ən sarsıntılı
günlərini, illərini
yaşayanda birdən-birə
ilham bulaq kimi qaynayır, dəniz kimi coşur. Onlar həbsxanaya düşürlərsə,
azadlığın, sərbəstliyin
təşnəsinə çevrilirlər.
Ya heç həbsxanaya düşməsinlər, xalqın
başı üstünü
qara buludlar alanda şairlər var ki, azadlıq
mücadiləsinin liderlərinə
çevrilirlər.
Gəlin, bu söhbətə
xitam verək. Keçək Faiqin şeirlərinə.
Həbsxana da bir evdir.
Amma bu evdə sadəcə azadlıq çatışmır.
Hər kəs öz günahı, ya günahsızlığı
üzündən günlərini sayır. Kimsə burada
ağalıq eləyə bilər, başqa dustaqlardan fərqli
olaraq, o, on-on beş adama hökmünü göstərə
bilər. Ancaq o adam da sərbəst deyil, həbsxana
başçılarının quludur. Faiq Balabəyli bu
"EV"in şairi oldu, həm də qəfəsə
salınan bir quş.
Azadlığa can atır
Qəfəsdə çırpınan quş.
Dimdikləyir qəzəblə
Qəfəsin məftilini.
Hansı namərd bu quşu
Salıbdır dar qəfəsə.
Faiqin həbsxana
şeirlərinin simvolik qəhrəmanı Quşdur. Həm məhbəs
quşu, həm də azad quş. Birincisi, azadlığı,
çölü-çəməni, göy üzü əlindən
alınmış, qəfəsə salınmış
Quş-bu Quşla dustaq obrazı arasında fərq yox...
İkincisi isə, səmada süzən, Azadlığı
qanadlarına almış, çölün-çəmənin
şahı - Quş.
Əfsus, mümkün deyildir
Tikanlı məftillərin
Arasından boylanmaq
Aydın sabah şehinin
Ətirinə boylanmaq
Nəsibin olacaqmı?
Başqa bir şeirdə
Quş olmaq istədim,
İstədim qanad açıb
Uçum doğma ellərə
Barmaqlıq arxasından.
Faiqin həbsxana
şeirlərində fərdi yaşantılar həyat,
dünyanın gedişi, azadlıq həsrətiylə
bağlı düşüncələrə meydan açır.
Nədir bu düşüncələr? Faiq deyir ki, həbsxana
ilə azadlıqdakı həyat arasında fərq yalnız
darıxmaqdadır. Yəni həbsxanadakılar buradan
çıxacaqları günün həsrətiylə
darıxırlar. Əslində, çöldə hər
gün cinayətlər törənir, insanlar bir-birinə qənim
kəsilir, güclülər gücsüzləri əzir.
Darıxmaq dünyanın ən axmaq işi,
Darıxanlar isə
ən kövrək
adamlarıymış.
Göz yaşları həm də ürəyində
Gəzdirdiyin daşlardı,
Ata bilməyəndə əriyib su olurmuş.
"Burada darıxmaq
olmaz" - ona görə də Faiq həbsxanada olduğu hər
gün bir və ya bir neçə şeir yazırdı və
bu şeirlərdə etiraf xətti daha bariz nəzərə
çarpır. Bu etiraflar ömrün ötən illəri,
ayları ilə bağlıdır. Yadına düşənlər
kimlərdir? Öncə anası, sonra ailəsi-oğlu,
qızı, həyat yoldaşı, onlarla bir sırada ən
yaxın dostları. Keçmiş xatirələr bir-bir dilə
gəlir.
Axı, hardan biləsən ki,
mən nələr çəkdim
nələr düşündüm sənsiz
Qədrini bilmədim, bilirəm,
Könlünü oxşayan sözlər
demədim
ad günündə
gül almadım.
Sənə yazdığım şeirlərimi
sənə oxumadım.
Bu dünyanın sənin
göz yaşına
Dəymədiyini indi bildim.
Xətrinə o qədər
dəymişəm ki...
Ümumiyyətlə, həbsxana
keçmişlə bu günün dondurulduğu yerdir, - desək,
səhv etmərik. Və burada insan, kimliyindən asılı
olmayaraq özünə dost qazanır, çünki
hamını gələcək birləşdirir.
Faiqin bir çox
şeirlərində pessimizm güclüdür və bu da təbiidir.
(Onun kitabına ön söz yazan müəlliflərdən
biri - Azər Turan da bunu doğru qeyd edir: Şeirlərindən
görünür ki, Faiq çox bədbindir. Amma
şükür ki, orada, o dar duracaqda Faiq Balabəyli şair
ruhunun təzəliyini qoruyub saxlayıb). Hər kəs həbsxanaya
eyni xasiyyətdə və xarakterdə ayaq basmır. Durub deyək
ki, Faiq Xəlil Rza olmalıydı, ya Xosrov Ruzbeh kimi
düşünməliydi, səhv etmiş olardıq. Faiq o həbsxanaya
Məhəmməd Hadi, ya da Müşfiq kimi düşməmişdi.
Sadəcə olaraq, tələyə
düşmüşdü, - deyə bilərik. Və buna
görə də orada inqilabi şeirlər, iqtidar əleyhinə
qəzəbli misralar dilə gətirə bilməzdi. Amma həbsxanada,
barmaqlıqlar arasında da təkcə oğul-uşaq, ailə
dərdi çəkmək şəxsin məhdudluğuna rəvac
verərdi. Yaxşı ki, Faiq bu məhdudluqdan qaça bilir.
Onun şair fikri təkcə ailəsinin,
doğmalarının həsrətini çəkmir, həm də
"dünya seyrinə" çıxır, Azərbaycanı
dolaşır, uşaqlıq illərinə baş vurur, Zaman
haqqında düşüncələrə gətirib
çıxarır. Budur, 2006-cı il, 20 oktyabrda, həmin
gün axşam yağan yağışdan sonra yazılan bir
şeir:
Axşamkı yağışdan sonar
Anamın fikri min, gözləri dörd olacaq.
Aranı dağa daşıyacaq,
dağı arana.
Elə zənn edəcək ki,
dustaq oğlu
Yağışdan islanır, küləkdən
üşüyür...
Axşamkı yağışdan sonra
Azadlığa çıxmaq həvəsim
Birə-beş artdı.
Oğlumun alnından öpmək istədim
Qızımın saçından,
Anamın ürəyindən.
Təbii ki, Faiq Balabəyli
öz şeirlərində dustaqxana mənzərələrini
də əks etdirməyi unutmayıb. Sən demə, dustaqxana
həyatı, buradakı yaşayış tərzi də
ayrı bir aləmmiş. "İllah da görüşə
çıxasan, Pah, gəl həngaməyə bax! Hiyləgər
DPNK-ların yaltaq nəzarətçilərin, "iş
görən" "operlərin" üzündəki
"mənzərəyə" bax.
Faiq Balabəyli indi
azadlıqdadır və yenə də sevimli peşəsinə,
naşirlik-qəzetçilik işinə qayıdıb. Bircə
onu bilirəm ki, həbsxanadan çıxandan sonra onun azca
sınıxdığını hiss etdim. Amma sonra
üzündə, gözündə yaz gülləri
açdı, yenə eyni səmimiyyət, yenə eyni təbəssüm.
Faiq Balabəyli həbsxanadan
çıxdı. Ora niyə girmişdi, suçlu idimi,
suçsuz idimi, bunun fərqində deyiləm. Əgər
suçlu idisə, yenə ona bəraət qazandırmaq olar.
Çünki ətrafımızda o qədər suçlular
var ki, Faiq Balabəylinin suçu olubsa, ovucda çətin
görünən bir qum dənəsinə bənzər.
Olmayıbsa, bəraətə ehtiyac yox. Amma o həbs-cəza
müddətini Faiq saman kimi göyə sovurmadı, gözəl
bir şeir kitabı hasilə gəldi (hələ bir povest də
yazıb).
Təməli qoyulur ayrılıqların,
Hələ buludların gözləri yaşlı,
Günləri qabaqda gözləyir bizi,
Mən yaxşı bilirəm
darıxmaq nədir,
Mən yaxşı bilirəm
ayrılıq nədir.
VAQİF YUSİFLİ
Ədalət.- 2011.- 29 yanvar.- S. 19.