Afaq Şıxlı: "...biz
yaxşı olmağa borcluyuq,
çünki bizim
simamızda Rus ziyalısı Azərbaycan
ziyalısını tanıyır"
Ölkəmizdən kənarda
yaşamaq qismətinə yazılan, qürbət kədərini
yaşayan elm və mədəniyyət adamlarımızla həmsöhbət
olmaq, onların xaricdəki fəaliyyətini oxucuya
çatdırmaq, uğurlarının sevincini
bölüşmək qürbətdəkilər
üçün böyük təskinlikdir. Vətəndən
uzaqda vətənlə yaşayanlar, doğma el-oba nisgilini
ürəyində gəzdirənlərlə həmsöhbət
olmaq, onları tanıtmaq çox kədərli olsa da,
onları oxucuya tanıtmaq bir o qədər maraqlıdır.
Müsahibim uzun illərdir Azərbaycandan kənarda yaşayan,
amma canıyla, qanıyla bu torpağa bağlı olan qələm
adamı Afaq Şıxlıdır.
Dosye: Afaq Şıxlı 1969-cu ildə
Bakı şəhərində doğulub. Orta təhsilini
Bakı şəhəri 12 saylı orta məktəbdə
alıb, 1984-cü ildə həmin məktəbi qızıl
medalla başa vurduqdan sonra Azərbaycan Tibb İnstitutunun
müalicə-proflaktika fakültəsinə daxil olub və
1990-cı ildə təhsilini tamamlayıb. Hal-hazırda Rusiya
Federasiyasının Moskva şəhərində yaşayan
Afaq xanım ailəlidir, iki övladı var. Həkimlikdən
əlavə musiqi, rəssamlıq və psixologiya ilə məşğul
olur. 4 kitab müəllifi olan Afaq Şıxlı,
çoxsaylı şeirlərin, hekayələrin, nəğmələrin
müəllifidir. Kitablarının adı da rəngarəng və
maraqlıdır. "Qəlbimin dedikləri", "Sevərsənmi",
"Məndən uzaqda" "Səni düşünürəm"adlı
kitabların müəllifidir.
Afaq xanım, "Məhsəti"
Şairələr Məclisinin, Rusiya "Şəhriyar" Ədəbi-Mədəni
Cəmiyyətinin və Beynəlxalq Yazıçılar və
Publisistlər Assosiasiyasının üzvüdür.
Xatırlatmaq yerinə düşər
ki, dəyərli qələm dostumuz Afaq Şıxlı bu
yaxınlarda "Türkiyə Şiir Akademisi"nin diplomuna
layiq görülüb.
- Afaq xanım, salam! Necəsiniz?
- Salam, Cəlil
bəy. Yaxşıyam,
Allaha şükürlər
olsun! Ümumiyyətlə, indiki çətin
dövrümüzdə insan,
yaxşı olmasa belə, həmin müddətdə lap xəstə
olsa belə, "yaxşıyam" deməyi
bacarmalı, özünü
və ətrafdakıları
pozitiv enerji ilə yükləməlidir.
Bu bir növ
autohipnoz təsiri bağışlayır.
- Sizə belə bir sual
verim: Qürbətdə
yazılan şeirlər
də qəribdirmi?
- Çox maraqlı sualdır, və yadımdadır ki, ilk müsahibəni məndən siz götürmüsünüz. Elə o zaman
da suallarınız orijinallığı ilə
seçilirdi.
Bilirsinizmi, Cəlil bəy,
qəlb nisgillidirsə,
şeirdə də nisgil duyulur, qəlb sevinclidirsə, misralar da qanad
açıb uçur.
Qürbətdə yazılan şeirlər
də, sözsüz ki, həsrət və intizarla yoğrulmuş olurlar.
Amma, onlar öz sahibindən
fərli olaraq daha xoşbəxtdirlər.
Qələmin ucundan vərəğə daman hər bir misra
azad quş kimidir... Məsafə tanımaz. Dildən-dilə,
ağızdan-ağıza ötürülür,
Vətənə gedib
çıxır, sevilir,
əzizlənir...
- Nədənsə
mənə elə gəlir ki, qəribliyin acısını
qadınlar daha çox hiss edir, üstəgəl də söz adamı olasan...
- Qəriblik acısını kişilərin
necə şəkdiyini
bilmək üçün,
kişi olmaq, onlar kimi
düşünmək gərək.
Mən yalnız öz adımdan deyə bilərəm.
Qadınlar ümumiyyətlə kainatın ən həssas, ən qəribə məxluqlarıdır.
Feminist deyiləm, amma tam əminliklə deyə bilərəm ki, qadınlar qədər maraqlı, zəngin daxili aləmə, tükənməyən
enerjiyə malik ikinci yaranış yoxdur. Ananın övlad dünyaya
gətirdiyi zaman keçirdiyi ağrıları
eyni anda bir neçə sümüyün qırılmasına
bərabər ağrılarla
müqayisə edirlər.
Buna dözə bilən insan, əlbəttə ki, hər şeyə dözməyə qadirdir.
Lakin bu o demək deyil ki, dözərkən ürək sızlamır,
könül incimir... Qəriblikdə yaşamaq, eyni
zamanda Vətəni unutmayan, Vətəni sevən övlad böyütmək, onlara öz dilinə, dininə, millətinə məhəbbət aşılamaq
və bununla birlikdə qeyd etdiyiniz kimi, həm də yazıb-yaratmaq - əlbəttə
ki, asan deyil.
- Yaşadığınız
ölkədə Azərbaycan
ədəbiyyatı ilə
tanışlıq hansı
səviyyədədir?
- Rusiya çox böyük və qabaqcıl dövlətlərdən biridir.
Buradan hər yer güzgü
kimi aydın görünür. Azərbaycan ədəbiyyatının
bizim dövrlərə
qədər olan korifeyləri və eləcə də, indiki dövrün maraqlı yazarları, o cümlədən türk
yazarları (təbii ki, rus dilinə
tərcümə olunmuşlar)
izlənir və oxunur.
- Afaq xanım, sizin üçün çətin
deyilmi özgə mühitdə sözlə
tanınmaq? Azərbaycanda söz adamları,
demək olar ki, hamısı şəxsən də bir-birini tanıyır.
Bəs vətəndən uzaqda necə?
- Cəlil bəy, əvvəla nə qədər tanındığımı mən
bilə bilmərəm,
bunu ətrafdakılar
daha yaxşı bilər. Amma, şeirlərimin oxucularım tərəfimdən
sevildiyinin fərqindəyəm.
Söz adamları arasında dostlarım az deyil.
Yəni,
ünsiyyət kasıblığı
duymuram.
- Moskvada yaşayan həmvətənlərimizlə
necə, ünsiyyət
qurmaq, şeirlərinizi
təqdim etmək çətin deyil ki?
- Moskva ədəbi mühiti zəngin və maraqlı bir mühitdir. Şair dostumuz Əliş
Əvəzin gözəl
bir kəlməsi həmişə yadımdadır
- "Biz bir-birimizə mənəvi
ehtiyac duyuruq".
Bu doğrudan da belədir. Üzvü olduğum "Şəhriyar"
əbəbi-mədəni cəmiyyəti,
eləcə də
"Ocaq" cəmiyyəti
tez-tez toplantılar və tədbirlər keçirirlər. Azərbaycandan. Türkiyədən, Rusiyanın başqa
şəhərlərindən qonaqlarımız olur.
Poeziya gecələri təşkil
olunur. Biz bir-birimizin həm diqqətli dinləyicisi, həm də gözəl tənqidçisiyik.
Bir də ki,
Biz Rusiyada öz Vətənimizi təmsil edirik, biz yaxşı olmağa borcluyuq, çünki bizim simamızda Rus ziyalısı Azərbaycan
ziyalısını tanıyır.
- Bu günlərdə
Türkiyənin Çanaqqala
şəhərində 18 mart hadisələrilə bağlı
"Dəniz Zəfər
bayramı" günləri
keçirilib və siz də orada
iştirak etmisiniz. Bu barədə nə
deyə bilərsiniz?
- Bu ilin fevral ayında, daha dəqiq desəm, fevralın
16-sı və 17-si tarixlərində
Moskvada, Türkiyənin
Çanaqqala şəhərində
yaşayan, sevimli şairimiz Məmməd İsmayılın "Vmesto
pisma" şeirlər
kitabının təqdimatı
keçirilmişdi. Bu görüşlərin
birində, mən bir neçə kitabımı Məmməd
müəllimə hədiyyə
etdim... Sonra isə, çox
sevindirici bir hadisə oldu. Heç gözləmədiyim
bir halda, şeirlərimin Türkiyədə
bir çox şairlər tərəfindən
bəyənildiyi üçün,
bir türkdilli şairə olaraq, 18 mart
"Dəniz zəfəri
günü" ilə
əlaqədar keçirilən
tədbirlərdə iştirak
etmək üçün
"Türk şiir akademisi" və kültür dərnəyinin
dəvətnaməsini aldım.
- Həmvətənlərimizdən
daha kimlər vardı o görüşdə?
- Bu görüşlərə
dünyanın müxtəlif
yerlərindən türkdilli
şairlər, yazıçılar
və türk ədəbiyyatının başqa
millətlərdən olan
tərcümanları da
qatılmışdılar. Görüşlər zamanı
Bakıdan gələn
yazarlardan Milli Kitab Mükafatı qaliblərindən olan Nəriman Əbdülrəhmanlı
ilə tanış
oldum və buna çox şadam. Türk dünyasının böyüklüyünü, Türk
xalqının vətənpərvər
ruhunu duymamaq, bu dalğaya qatılmamaq mümkün deyildi. Böyüklü-kiçikli hər kəsin
qəlbində Vətən
sevgisi, şəhid acısı duyulurdu.
Vaxt çox az olsa da, bu günlər,
qəlbimdə, unudulmaz
günlər sırasında
özünə yer aldı.
- Mən bildiyim qədər siz, "Türkiyə Şiir Akademisı"nin diplomuna layiq görülmüsünüz,
təbrik edirik.
- Bəli, bu mənim Türk
ədəbiyyatı ilə
bağlı keçirilən
təbirlərdə aldığım
ikinci diplom idi. İlk diploma 2011-ci ilin sonlarında
"Səni düşünürəm"
adlı kitabıma görə layiq görülmüşdüm. Əlbəttə ki, çox
sevindiricidir mənimçün.
Lakin sevincimin səbəbi yalnız uğurlarım deyil, uğurlarımla Azərbaycan qadınının,
Türk qadınının
adını yüksək
tutmaq istəyim, xalqımın adını
qərib ellərdə
yaşatmaq istəyimdir.
Buna az da
olsa nail oluramsa çox xoşbəxtəm.
Xalqım böyük və müqəddəs xalqdır,
biz də harda oluruq olaq, onun
adına layıq olmalıyıq!
Söhbətləşdi: Cəlil Cavanşir
Ədalət.- 2012.- 3 aprel.- S.6.