OĞUZ: MÜASİRLİK VƏ FİRAVANLIQ YOLUNDA...

 

   Oğuz ellərinin adı ucalsın  

 

   Müstəqillik ərəfəsində respublikamızın bir sıra şəhər və rayonlarında, hətta kəndlərində belə əzəli adların bərpası və ya bəzi yöntəmsiz adların dəyişdirilməsi prosesləri müəyyən bir dövr üçün uğurla davam etmişdi. Xüsusilə əvvəllər QutqaşenVartaşen adlandırılmış rayonlarımızın Qəbələ və Oğuz kimi tanınması həm tarixi gerçəkliyin, həm də soykökün təsdiqi baxımından hadisəyə çevrilmişdi. Qəbələ Azərbaycanın orta əsrlər Alban dövrünün, hətta bəzi məqamlarda daha qədimlərin yadigarı kimi doğma və aydın məsələ idi. Ancaq ilk baxışda müəyyən qədər "yiyəsiz" görünən və eyni zamanda çox eybəcər səslənən Vartaşenin Oğuzla əvəzlənməsi də toponimikanın coğrafiya, tarixetnoqrafiya ilə sıx əlaqədə olduğunu bir daha xatırlatdı. Nəyə görə məhz Oğuz sualının cavabını da elə bu istiqamətdə araşdırmaq lazım gəldi.  

   Bu gözəl rayon haqqında bir az keçmişdən söhbət açmağımız xüsusi məqsəd daşımır. İndiki halda sadəcə lazım bilirik. Mən onsuz da ötənlərdə, yəni 16-17 il bundan əvvəllərdə, respublikanın, bu rayonun daha həssas dövrlərində Oğuzdan məqalələr yazmışam. Bir çox məsələləri, hadisələri unutmamışam. O çətin illərdə ümummilli liderimiz əvvəllər bacarıqlı təsərrüfat rəhbəri kimi tanıdığı Adil Məmmədovu məqamındaca Oğuza icra başçısı təyin etmişdi...  

   İndi başqa zamandır. İndi əvvəllər adicə hava proqnozunda belə adı çəkilməyən Oğuz rayonu haqqında ən yüksək səviyyələrdə söhbət açılır. İndi Oğuz özünün yeni inkişaf mərhələsindədir.    

   indi bu rayona mövcud məsələlərin həllində obyektivlik baxımından rəğbət qazanmış sabiq millət vəkili Eyvaz Qurbanov başçılıq edir. Beləcə Oğuz sürətlə inkişaf edir, müasirləşir və özünün layiqli yerini təsdiqləyir.   

   Təbii bütün bunlara görə oğuzlular Azərbaycan Resbublikasının Prezidenti İlham Əliyevə minnətdar olduqlarını bildirirlər.

  

   Oğuzlular üçün tarixi il  

  

   2011-ci il Oğuz rayonu üçün ən uğurlu illərdən biri kimi tarixə çevrilmişdir. Şübhəsiz, keçən il oğuzlular üçün ən böyük hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 16-da rayona səfəri olmuşdur. Son illərdə Respublika Prezidentinin bu rayona 4 dəfə səfər etməsi onun oğuzlulara diqqət və qayğısının parlaq təzahürüdür. Prezidentin Oğuza 4-cü səfəri zamanı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, şəhər mədəniyyət və istirahət parkının açılışında iştirak edərək rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Tikintisinə 2008-ci ildə başlanılan, ümumi sahəsi 2 hektar olan parkın giriş qapısının üzərində dövlət bayrağının təsviri əks olunmuşdur. Parkda kölgəliklər, su hovuzları və biri musiqili olmaqla beş fəvvarə, uşaq əyləncə meydançası quraşdırılmışdır. Burada yaradılmış 120 yerlik amfiteatrda müxtəlif tədbirlərin, o cümlədən konsert proqramlarının keçirilməsi üçün hər cür şərait vardır. Parkda günbəz formasında 12 istirahət guşəsi də yaradılmışdır.  

   Prezident İlham Əliyevə parkın yaxınlığında, Heydər Əliyev prospektinin başlanğıcında yaradılmış Bayraq Meydanı haqqında da məlumat verilmişdir.  

  

   Dövlət Proqramının uğurlu icrası  

  

   Hesabat dövrü ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi, Respublika Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda (2009 - 2013-cü illər) nəzərdə tutulmuş tədbirlərin vaxtında icra edilməsi üçün Oğuz rayonunda lazımi işlər görülmüşdür. Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə rayon icra hakimiyyəti tərəfindən ardıcıl nəzarət edilmişdir.  

   2011-ci ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 87,6 % artaraq 91117,6 min manat təşkil etmişdir.  

   Hesabat dövrü ərzində rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 3246.1 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmiş, əvvəlki ilə nisbətən istehsalın həcmi 2.8 dəfə artmışdır.   

   2011-ci ildə büdcə vəsaiti hesabına Oğuz şəhərinin H. Əliyev küçəsində, M. Müşfiq, Babək, K. Marks, Q. Qarayev, M. Ə. Sabir, Nəsimi, S. Vurğun və Xətai küçələrində əsaslı təmir işləri aparılaraq 11500 kvadrat metr əraziyə asfalt örtüyü salınmışdır və bu işlər davam etdirilir.  

 

   Şəhərin baş planı hazırlanır  

 

   Oğuz şəhərinin 2010 - 2035-ci illər üzrə baş planın hazırlanması məqsədilə lazımi hazırlıq işləri başa çatdırılmış və Oğuz şəhərinin baş planı tərtib edilmişdir. Şəhərdəki H. Əliyev Muzeyionun yerləşdiyi ərazi əsaslı şəkildə təmir edilmişdir.   

   Oğuz şəhəri Babək küçəsində Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına, DSMF-u Oğuz rayon Şöbəsinin yeni inzibati binasının tikintisinə başlanmış və hazırda tikinti işləri başa çatmaq üzrədir.   

   Oğuz şəhər H. Əliyev küçəsində rayon Maliyyə şöbəsinin yeni inzibati binasının tikintisinə hesabat ilində başlanmışdır. Tikinti işləri davam edir, binanın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.  

   2012-ci ildə rayonda ƏSMM-nin yeni inzibati binasının tikintisinə başlanılması nəzərdə tutulmuşdur.   

   Calut kəndində Təhsil Nazirliyinin sifarişi ilə 2010-cu ildə təməli qoyulmuş 220 yerlik məktəb binası yeni dərs ilinin başlanğıcında istifadəyə verilmişdir.  

   Oğuz rayon Filfilli, Ərmənət kəndlərində Oğuz rayon İcra Hakimiyyətinin, Sincan və Dəymədərə kəndlərində Təhsil Nazirliyinin sifarişi ilə yeni məktəb binalarının tikintisi üçün layihə smeta sənədləri hazırlanmış və digər sənədləşmə işləri başa çatmışdır. Artıq məktəblərin inşasına başlanılmışdır və cari ildə istifadəyə verilməsi nəzərdə tutulur.

  

 

 (ardı gələn sayımızda)

 

MƏZAHİR ƏHMƏDOĞLU

 

Ədalət.- 2012.- 3 aprel.- S.7.