Şəfiqə Axundova: "...heç kimin yadına düşmürəm"

 

   Şərqin ilk opera yazan xanım bəstəkarı, saysız-hesabsız əsərlərin müəllifi olan Şəfiqə Axundova ilə müsahibə etmək böyük cəsarət tələb edirdi. Ömrünü Azərbaycan musiqisinə həsr edən bu xanımla görüşümü planlaşdırmırdım. Çünki onunla görüşməyimə razılıq verəcəyini düşünmürdüm. Ancaq təsadüfən, çəkilişlərin birində Şəfiqə xanımla rastlaşdım. Bəstəkarımızı bu yaşında belə qayğılı görərkən nələrin baş verdiyini öyrənməyə çalışdım.

   Yamanca qocalan sənətkarı çox yormaq istəmədim. Qısa söhmətimiz zamanı Şəfiqə xanımla bir daha qürur duydum və bu cür dahi insanı gördüyüm üçün çox şad oldum.  

   Müsahibəyə keçmədən öncə oxucularımıza bu xanım haqda bəzi xatırlatma vermək istədik.  

   Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib.  

   1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.  

   O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.  

   Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə "Gəlin qayası" operası ilə müsiqisevərləri valeh edib. Hazırda 600-dən artıq əsəri olan sənətkar xanım hələ də yazıb-yaradır. Allah ömür versin!  

   Hələ də həyat eşqi ilə dolu Şəfiqə Axundovanın Səs agentliyinə verdiyi müsahibəsini təqdim edirik:  

   - Şərqin ilk opera yazan xanım bəstəkarısınız, siz dahi Üzeyir Hacıbəyovu belə görmüsüz. Hətta sənətin sirlərini belə ondan öyrənmisiz.  

   - Üzeyir Hacıbəyov dahi sənətkar, Azərbaycan musiqisinin banisi və bir sözlə bizim musiqini yaradan, ürəklərə yol açan sənətkar idi. Yazdığım mahnıları ona göstərəndə deyirdi ki, sənin yazmağındansa, oxumağın gözəldir. Narahatçılıq olduğu üçün dedilər ki, sən bəstəkar olmalısan.  

   - Gənc ifaçılardan kimləri bəyənirsiniz?  

   - Əslində kimlərinsə adını çəkib, qəlb qırmaq istəməzdim. Ancaq Tunar Rəhmanoğlu, Nadir Qafarzadə, xalq artisti Aygün Kazımova, Gülyaz və Gülyanaq bacılarını çox bəyənirəm. Adını çəkdiyim müğənnilərlə yanaşı, Röya Ayxanın səsi mənə xoş gəlir. Onun böyük tamaşaçı kütləsi var.  

   - Şəfiqə xanım, bəstələrinizi çoxları ifa edib, ən çox kim yadda qalıb?  

   - Türk musiqisinin "imperatoru" İbrahim Tatlısesin ifa tərzinidə çox bəyənirəm. Heç vaxt yadımdan çıxmaz, mənim "Nədən oldu" mahnımı Filarmoniyada oxudu. Çox gözəl də ifa etdi. Türk müğənnilərinin hamısı sözügedən mahnını dəfələrlə oxuyublar. Ümumiyyətlə, mən İbrahim Tatlısəsi çox bəyənirəm. Onu bir daha görsəm, heç dərdim olmaz. Məni görəndə, əlini çiynimə qoyub, dedi ki, "Ay camaat, bu qadının qədrini bilin". Çox kədərləndim. Çünki Azərbaycanda bu sözü mənə deyən olmayıb.  

   - Ancaq onun da səhhətində ciddi problemlər yarandı. Bilməmiş olmazsınız, başından güllə ilə vuruldu.  

   - Hə, bilirəm, vurmuşdular. Mən isə ona sui-qəsd hazırlayan insanlara mənəvi zərbə vurardım. Çox pis olmuşdum. Hər zaman televiziya vasitəsi ilə ondan məlumat öyrənməyə çalışıram. İbrahim Tatlısəsi Azərbaycanda görmək istərdim.  

   - Deyirsiniz, sizə Azərbaycanda bu sözləri deyən olmayıb. Niyə Şəfiqə xanım, deyəsən nədənsə narazısınız?  

   - Hə, indi narazıyam. Çünki sevdiyim müğənnilərim məni gəlib yoxlamırlar. Sanki heç kimin yadına düşmürəm. Flora Kərimovanı sənətə mən gətirmişəm. Amma gəlib məni yoxlamır.  

   Məni ən çox gəlib yoxlayan isə Gülyaz və Gülyanaq və Tünzalə Ağayeva olub. Ancaq onlar da çoxdandır gəlmirlər. Bəlkə də indi başları qarışıqdır, gələrlər yenə. Gülyanaq bu yaxınlarda zəng etmişdi. Gənclərdən Zarina Məmmədova da məni tez-tez soruşur. Zarina hər zaman mənə diqqət yetirir.  

   - Bu günə qədər neçə əsəriniz olub?  

   - 600 yaxın mahnım var. Mənim indi uşaq mahnılarım var. Heç bəlkə də heç kim onları bilmir. Biri "Pişik"dir, biri "Əkizlər", hərdən özüm də zümzümə edirəm onları. Mahnılarımı ən çox Gülyaz və Gülyanaq bacıları, Nüşabə Ələsgərli, Elza Seyidcahan, Tünzalə Ağayeva oxuyub.

 

 

   Ədalət.- 2012.- 4 aprel.- S.8.