İKİNCİ YÜZ İLİ
YAŞAYAN TEATR
Onun
bünövrəsini Əbdürrəhim bəy qoymuşdu
Bu günlərdə diqqətimi bir fakt
çəkdi. Daha doğrusu, televiziyanın "Mədəniyyət"
kanalında yayımlanan verilişlərin birində öyrəndim
ki, ölkə prezidentinin sərəncamı ilə Azərbaycanın
böyük ədibi, hər birimizin üz tutduğu Mirzə
Fətəli Axundzadənin 200 illik yubileyi qeyd ediləcək.
Doğrusu, bu sevindirici xəbərin xoş ovqatı ilə
yaşadığım anlarda dostlardan biri telefonuma zəng
çaldı. Söhbət əsnasında həmin dostumdan
öyrəndim ki, bu il Ağdam Dövlət Dram
Teatrının da yubileyi keçiriləcək. Bir az da konkret
desəm, böyük inkişaf yolu, xalqa, cəmiyyətə
inkişaf mərhələsi keçmiş, zamanında
özünü bir maarif ocağı kimi tanıtmış
Ağdam Dövlət Dram Teatrı bu il 110 yaşını
qeyd edəcək.
Təbii ki, üst-üstə düşən bu xəbərlər yaddaşımda əməlli-başlı
iz buraxdı və təsadüf nəticəsində
bayram günləri qonağı olduğum Ağdamda, daha doğrusu, Quzanlıda
teatrın 110 yaşı məsələsi mənim əlimdən
tutub müxtəlif insanların görüşünə
apardı. Həmin görüşlər zamanı eşitdiyim sözlər, edilən söhbətlər
xəyalımı qanadlandırdı. Necə deyərlər,
ötən yüzilliyə doğru bir xəyal körpüsü
saldı. Elə bir körpü
ki, onun tağları
üzərindən 110 il rahat
keçib gəlib-gedə bilsin və mən də gələnlərə
qoşulub gedənlərin
görüşünə yetişə bilim.
Ağdamda olduğum günlərdə
tanıdığım və hər dəfə də onunla görüşüb
xüsusi bir maraqla yaddaşıma köçürdüyüm
Rizvan Axundovla
qarşılaşdım. Rizvan müəllim çalışdığı vəzifədən,
cəmiyyətdə tutduğu mövqedən
asılı olmayaraq, həm də
özünəməxsus kaloritin, ziyalılığın,
bir az da
kitab, qəzet xəstəliyinə yoluxmuş insandı. Onunla
söhbət edəndə təkcə müharibədən, işğaldan yox, həm
də kitabdan, qəzetdən, kinodan, teatrdan,
bütövlükdə insanlıqdan rahatca
danışmaq olur. Bax,
bu köhnə dostum Rizvanla onun
yaşadığı qəsəbənin küçələrini
dolaşa-dolaşa xeyli
söhbət etdik. Söz-sözü
çəkdi və mən ona bu il Ağdam
Dövlət Dram Teatrının 110
yaşı olacağını dedim. O, bundan heç təəccüblənmədi.
Əksinə, çox sakitcə və təmkinli
şəkildə dedi:
- Bilirəm. İstəyirsən
gedək teatra baş
çəkək?
Onun bu rahat və təmkinli
münasibəti əksinə məni təəccübləndirdi.
İşin-gücün bu
qızğın çağlarında doğma
teatrın doğum tarixini
yadda saxlamaq etiraf edim ki,
hər adamın işi deyil.
Beləcə, Rizvanla söhbət edə-edə
Quzanlıya, Ağdam Dram
Teatrının yerləşdiyi ünvana
gəldik. Bu binanı əvvəllər də
görmüşdüm. Ancan
indi inana bilmədim ki, bu möhtəşəm,
diqqət çəkən bina nə vaxtsa yanından etinasız ötüb
keçdiyim Quzanlı Kənd Mədəniyyət
Evi olubdu. Bunu da mənə artıq
teatrın direktoru kimi
iş otağında görüşdüyüm
köhnə həmkarım, dostum,
oxucuların və tamaşaçıların yaxşı
tanıdığı Fəxrəddin Hacıbəyli dedi:
- Ağdam
Dövlət Dram Teatrı mədəniyyət
tariximizə 1902-ci ildə daxil olub. Çox sevindirici haldır ki,
teatrın yaradıcısı və ilk rejissoru Azərbaycanın ən böyük aydınlarından biri
olan ədib, ictimai xadim Əbdülrəhim bəy Haqverdiyevdi. O, rayonun
Seyidli kəndində yaratdığı xalq teatrının səhnəsində özünün "Bəxtsiz cavan", bunun ardınca
isə "Dağılan tifaq" əsərlərini
hazırlayıb tamaşaçıların müzakirəsinə
çıxarmışdı. Təsəvvür edin ki, 110 il
bundan öncə Ağdamda,
onun Seyidli kəndində
bir vaxtlar bəzilərinin
ironiya ilə "avam,
ayağı çarıqlı" deyə yuxarıdan
aşağı baxdıqları bir
bölgədə səhnələşdirilmiş tamaşalar göstərilmişdi. Artıq arxada qalan bu
böyük yolu əgər
müxtəlif mərhələlərə bölsək, onda Ağdam
teatrının fəaliyyətini üç
zaman kəsiyində görə bilərik.
Öncə həvəskarlar, teatrın vurğunları gəlirlər.
Onlar öz dəst-xətləri,
öz yaradıcılıq imkanları
baxımından təhsilli olmasalar da, ancaq onlar
doğrudan-doğruya teatr
üçün təşnə insanlar olublar. Zamanın, mühitin basqılarına baxmadan,
Ağdam teatrını dövlət
teatrı səviyyəsinə gətirib
çıxarıblar. 1969-cu ildə əyalətdə yerləşib
fəaliyyət göstərən ilk
dövlət teatrlarından biri də məhz
Ağdamda olub. Həmin
teatrın direktoru bu gün Azərbaycan
tamaşaçılarının və oxucularının
yaxşı tanıyıb əsərlərini sevə-sevə
izlədikləri yazıçı-dramaturq Əli Əmirlinin
atası Məmməd Əmirov, baş rejissoru isə Heydər Şəmsizadə olubdu. O illərin tanınmış və
sevilən aktyorları Firəngiz Abbasova,
Simuzər Hətəmova, Qaflan Muradov, Qurban Mirzəyev,
Narınc Məlikova, İbrahim Yusifov və başqalarının adı
teatrsevənlərin, tamaşaçıların həmişə
dillərinin əzbəri olubdu. Məhz onlar Ağdam
teatrının səhnəsində dünyanın və keçmiş SSRİ-nin
məşhur dramaturqlarının əsərlərini tamaşaya qoyublar, onlara səhnə ömrü
veriblər. Söhbətin belə maraqlı
alındığını görüb mən
də Fəxrəddin müəllimə bir
neçə sual verirəm. Elə o sualların cavabı olaraq
Ağdam Dövlət Dram
Teatrının direktoru özünəməxsus
təmkinlə deyir:
- Bizim
teatrın inkişaf mərhələsinin
70-80-ci illəri də çox uğurlu olub. Bu gün də yaşlı ağdamlılar, rayonumuzun köhnə kişiləri ötən
əsrin həmin illərini həm həsəd, həm də
fəxrlə xatırlayırlar. Çünki
onların gözləri qarşısından
hamımızın sevimlisi olan Tofiq Qarayevin,
Cəmilə Məmmədzadənin, Siyavuş
Sultanovun, Simuzər Namazovanın, Vəliyəddin
Quliyevin, Svetlana
Hakimovanın, Nizami Mirzəyevin, Aidə
Qasımovanın bir-birindən maraqlı obrazları gəlib keçir. Həmin obrazların
yaradıcıları bu torpağın
övladları olduğu kimi,
həm də bu torpağa
böyük yazarların
övladlarını, yəni əsərlərini sevdirə
bilmişdilər. Uğurlu tamaşalar çox
vaxt təkrar-təkrar göstərilir. Özü də təkcə rayon
mərkəzində deyil, həm də
respublikanın müxtəlif guşələrində, o cümlədən də paytaxtda
da tamaşaçıların diqqətinə
təqdim olunurdu. Ümumiyyətlə, Ağdam teatrının səs-sorağı Azərbaycanın
sərhədlərini də keçmişdi.
Bəli, bu gün Ağdam Dövlət
Dram Teatrı özünün
müstəqillik illərinin uğurlarını
yaşayır. Təəssüf ki, teatr bu müstəqil məmləkətin
müharibəyə cəlb edildiyi bir zamanın da şahidinə
çevrilib. Amma buna
baxmayaraq, 2009-cu ildən teatrın həyatında
köklü dəyişikliklər baş verməyə başladı. Öncə
özünün ünvanı, sonra bu ünvanda
bir araya gələcək
aktyorlar, yaradıcı heyət
toplaşdı. Onlar birmənalı şəkildə
Ağdam teatrını yenidən ayağa qaldırmağı
qarşılarına məqsəd qoydular.
Artıq bu məqsədin
cücərtiləri də görünməkdədi. Çünki özünün
yubileyinə hazırlaşan teatrın aktyorları,
yaradıcı kollektivi bir
şövqlə, bir həvəslə
işləyirlər. İstəyirlər ki,
öz keçmiş
şöhrətlərini bir az fərqli və bir az da böyük formada dillərdə,
ürəklərdə yaşatsınlar. Bax, bu mənada
həm teatrın direktoru, həm rejissoru, həm aktyorları - Suliddin
Quliyev, Kərim Həsənov, Fəqumə
Yusifova, Cəfər Bayramov
və digərləri böyük həvəs
və yardıcılıq eşqi ilə
Mirzə Fətəli Axundzadənin 200 illiyi
ilə əlaqədar imzalanmış sərəncama bir növ səs verərək
"Lənkəran xanının vəziri"
tamaşasını hazırlayırlar. Paralel
olaraq, teatrda həm də
müəllifləri Fəxrəddin Hacıbəyli və Nizami Əsgəroğlu olan
"O kənd bizim kəndimizdi"
tamaşa-kompazisiyasını da teatrın
yubileyi öncəsi
tamaşaçılara təqdim edəcəklər.
Quzanlıda olduğum
müddət ərzində onu da öyrəndim ki, 2009-cu
ilin sentyabrından başlayaraq,
Ağdamda mədəniyyətə və
eləcə də digər sahələrə münasibət
yönümdə xeyli dəyişib. Rayon rəhbərliyi bu sahənin
adamları ilə maraqlanır, onların qayğılarına
yardımçı olurlar. Artıq
teatrın kollektivinin çox
böyük hissəsi burada
salınmış qəsəbələrdə məskunlaşıblar.
Çox kiçik bir qismi isə Bərdədə
məskunlaşıblar. Bunlar da 110 yaşı olan
teatrın qurucuları, yaradıcıları kimi
öz sənətlərinin fədailəridi.
Ona görə də çətinliklərdən
qorxmur, çəkinmir. Əksinə, daha böyük ürəklə,
daha böyük həvəslə
məşqlərə qatılır, öz
istedadlarını nümayiş etdirirlər.
Həmişə ocağı közərən, işığı
yanan Ağdam
teatrının pərvanəsi kimi onun tamaşa zalını
isti nəfəslərlə, gur alqışlara doldurmağa
çalışırlar.
Bəli, əsri arxada qoymuş bir teatr ikinci
əsrin birinci on ilini də yekunlaşdırır. Özü də şərəflə və hər
kəsi düşündürə-düşündürə.
Mən Ağdamda olduğum
o müəyyən zaman
kəsiyində bir daha
əmin oldum ki,
işığı gizlətmək mümkün
olmadığı kimi, sənəti
də boğmaq mümkün
deyil. Şükürlər olsun ki, bizdə
işığa işıq qatanlar, sənətə
ilham verənlər yetərincədi. Bunun timsalına Ağdam Rayon İcra Hakimiyyətinin
başçısı Nizami Sadıqovun
simasında aydınca görmək mümkündü.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2012.- 4 aprel.- S.5.