Ləkəli
ruh
(Hekayə)
Ləkə çox pis şeydir. Harda olursa-olsun fərq eləməz. Ləkə elə ləkədir.
Bu yaxınlarda maşınla işə gedirdim, tıxacda mənim maşınımla yanaşı dayanan "inomarka"nın arxa oturacağında uzun saçlı, ala gözlü, gözəl bir qızın baxışlarına tuş gəldim. Üzünün sol tərəfini başdan-başa qara ləkə tutmuşdu. Üzünə diqqətlə nəzər salanda görmək olurdu bunu. Bu ləkə, Qorbaçovun başındakı məlum xaldan da böyük idi. Elə bil qız, sifətinə Azərbaycanın qartala oxşayan xəritəsini həkk etdirmişdi. Yox, bu əllə çəkilməmişdi; bu ya anadan gəlmə, ya da dəri xəstəliyindən yaranan ləkə idi. Qız, diqqətlə üzündəki ləkəyə baxdığımı görüb, utandı, üzündəki ləkə bir az da qızardı. Bu vaxt yol polisinin yetişməsi ilə tıxac yavaş-yavaş açılmağa, maşınlar az sürətlə də olsa hərəkət etməyə başladı. Qız olan maşın məni ötsə də, arxaya boylanıb, şüşənin o biri tayından mənə baxdığını görürdüm. Maşını idarə edən orta yaşlı kişi, birdən sürəti artırıb, tıxacda başqa maşınların arasından ustalıqla sivişib uzaqlaşdısa, ayağım əyləcdə, bir müddət maşının arxasınca, daha doğrusu, üzü ləkəli qızın arxasınca, baxa-baxa qaldım. Birdən arxadakı maşın sürücüsünün: - Alə, nə marıtdıyıb, durmusan, sür də, - deməsi ilə, sanki tanımadığım qızı bir dəfəlik itirib işə sarı yol aldım.
Başqa dövlət idarələrindən fərqli olaraq, bizim işdə müsbət aura hakim idi. Arxiv şöbəsi olduğundan cəmi beş nəfər işçi vardı. Hamımız da, bir-birimizlə bir ailə kimi - mehriban. Burda işə başladığım cəmi beş-altı ay olmasına baxmayaraq, insanlara, işə çox öyrənmişdim. Bir gün bazar - istirahət günümüz də belə iş yerim, iş yoldaşlarım üçün çox darıxırdım. İstirahət gününü günortaya qədər yatırdım ki, günortadan sonra vaxt tez keçsin, axşam düşsün, yenidən yatıb, tez oyanıb, işə gedəm.
Mən işə yeni düzələndə iş yoldaşım Vaqif müəllim mənə başa saldı ki:- Arxiv şöbəsinin müvəqqəti müdiri Kamal, yaman şər-şəbədə adamdı. Bir nəfər istedadlı, bacarıqlı adam görəndə, kürkünə birə düşür. Nə bada, onun yanında, artıq-əskik bir kəlmə danışasan. Səhəri gedib, yuxarılara çatdırıb, torbanı tikəcək!
Vaqifin dediklərinə inanmadım. Düşündüm ki, yəqin, müdiri məhz Kamalın əvəz etməsi onu qıcıqlandırır, nə bilmək olardı. Axı, o özü də müaviniydi. Sadəcə, bir pillə aşağı. Çox da uzunçuluq edib, başınızı ağrıtmaq istəməsəm də demək istəyirəm ki, işə beləcə başlamışdım. İlk günlər Kamal müəllim mənə çox mehriban, qayğıkeş adam təəssüratı bağışlayırdı. Sonradan onun hər kəsin yanında özünü yekə-yekə aparması, yeri gəldi-gəlmədi məni aidiyyatı olmayan işlərə buyurması, ilk dəfə işə gəldiyimdə Vaqif müəllimin dediklərini təsdiqləyirdi.Onun yaşda məndən xeyli böyük olduğunu düşünüb, münasibət bildirmədikcə, bu adamın ( Daha doğrusu belələrinə adam demək olmaz. Bu tiplilərə məxluq deyilir. Yəni hələ nə vaxtsa, bu adam olaraq, formalaşacaq, sonra özünü insan olaraq ya kəşf edə biləcək, ya da bilməyəcək. Hələ adam olaraq, formalaşa bilməyən birinin nə vaxtsa insan ola biləcəyini demək çətindi) daha da ətləndiyini, Sovet əsgərliyində olduğu kimi "DMB", " maladoy" söhbətinəcən getdiyini görüb, səbr kasam daşmaqdaydı. Amma nə edəsən, hər şey tərbiyədən, ailədən və ən əsası isə gendən gəlirdi. Mənim damarlarımda axan qanım bu "adamın" aşağılayıcı hərəkətlərinə cavab verməyə qoymurdu. "Lənət şeytana" - deyib, öz işimlə məşğul olurdum. Ta o vaxta qədər ki...
Baş idarədən xəbər gəldi ki, məni idarənin başqa bir şöbəsinə müdir təyin etmək istəyirlər. Bu vaxtı etika xatirinə gəlib, Kamala da, yaxın günlərdə arxiv şöbəsindən ayrılıb, rəhbərliyin göstərişi ilə qonşu şöbəyə müdir gedəcəyimi dedim. Bu vaxt o həmişəki saxta gülüşü ilə (Onun gülüşünə kişi gülüşü demək olmaz. Küçə qadınlarının saxta gülüşünə oxşayırdı Kamalın "gülüşü") məni təbrik edib, sevindiyini dedi. Mən də həmişəki kimi onun bu "səmimiyyətinə" inandım. Yənə də bu inamımı Vaqif yarıda qırdı:
- Sən ona inanma. O, güləndə daha təhlükəli olur. Ehtiyyatlı ol. O, heç vaxt imkan verməz ki, kimsə inkişaf eləsin, kimsə evinə, balalarına bir tikə artıq çörək aparsın, çünki özü neçə illərdi ki, yerində sayır. Savadsızdı, hətta kimlərəsə pul verib, öz adına müxtəlif səpkili yazılar da yazdırır, sonra da müdriyyətə göstərir ki, bəlkə, bunun haqqında olan mənfi fikirləri qıra, bəlkə harasa vəzifəyə gedə bilə. Başqalarının tədqiqat xarakterli yazılarını belə cidd-cəhdlə rəhbərlikdən gizlətməyə, onların haqqında cürbəcür mənfi rəylər yaratmağa çalışır. Amma nə edəsən, tanıyan olduğu kimi tanıyır bu üzdəniraq, savadsız, hiyləgər Kamalı...
...Mənə verilən xəbərdən xeyli vaxt keçsə də, işimdən bir soraq çıxmadı. Başımı aşağı salıb, işimlə məşğul olurdum. Hiss edirdim ki, işimin alınmaması Kamalın ürəyindəndir.
...İşdə yaman səs-küy qopmuşdu. Artıq bir həftə idi ki, köhnə müdir sağalıb, işə çıxmışdı. O gündən də, Kamalın əhvalı pozulmuş, "müdirliyinə" son qoyulmuşdu. Vaqifin: - Kamal boş durmayacaq, nəsə bir şər-şəbədə qoşub, müdiri infarkt edib, yenidən göndərəcək müalicəyə ki, özü qalsın, - sözü də düz çıxdı.
Kamal cibinə səsyazan cihaz qoyub, özü idarə müdirinin qarasına olmazın sözlərini deyib, özü danışıb, qurtarandan sonra arxiv müdiri bir kəlmə deyəndə səsyazanı işə salıb, öz səsini yox, onun səsini yazıb, aparıb qoydu, idarə müdirinin masasının üstünə. Hələ bu azmış kimi arxiv müdirinin dövlət əhəmiyyətli arxiv sənədlərini külli miqdarda pul qarşılığında, xaricə satdığını da demişdi.
İdarə müdiri də arxiv müdiri ilə çoxdanın dostları idi. Hər ikisi də Kamal Akopskini da yaxşı tanıyırdı. Onun necə çirkin niyyətli adam olduğunu bilirdi. Arxiv müdirini çağırıb, məsələni araşdırıb, yalan olduğunu biləndən sonra isə Kamalı otağına çağırıb, ağzından çıxanı deyərək ərizəsini yazmağı tapşırmışdı. Məhz bu səbəbdən də işdə səs-küy idi. Kamal əməlli-başlı əsəbləşmişdi, ərizəsini yazmaq istəmirdi. Elə bu anda müdirimiz Ələsgər müəllim mənim yanımda Kamala: - Sən gör, nə qədər, alçaq və yaramaz adamsan ki, bu uşağı da qoymamısan vəzifəyə getməyə. Gedib, müdriyyətə öz elədiklərini bunun adından demisən. Guya bu uşaq cibində diktafonla gəzir, onun-bunun səsini yazıb, şərə salır, arxiv materiallarını pulla satır... Sən necə də vicdansız, ruhu ləkəli adamsanmış...
Ələsgər müəllimin sözləri məni şoka salmışdı.O nə danışırdı?!- demək, mənim işimin alınmamasının da səbəbkarı elə bu dinsiz, imansız Kamal Akopski imiş?..
Kamalı dövlət əhəmiyyətli arxiv sənədlərini və insanları şantaj edərək, onlardan istifadə etdiyinə görə təqsirli bilib, məhkəməyə çıxarmışdılar. Şahidlər dindirilir, Kamalın təqsiri sübuta yetirilsə də boynuna qoya bilmirdilər. Məhkəmə prosesinin gedişi zamanı Kamala ağırlaşdırıcı hallar gətirən çoxlu sayda yeyinti faktları da ortaya çıxdı. Bunların içində şişirtmə rəqəmlərin, özgələrin qanuni haqqını mənimsəmələrin sayı-hesabı yox idi. Bunlar Kamalın cinayət əməllərini daha da ağırlaşdırdı. Nəhayət, məhkəmə öz ədalətli hökmünü verdi. Akopskiy Kamal XXX oğluna səkkiz il həbs cəzası kəsdilər.
Mən məhkəmədə Kamalın atasının adını eşidəndə, donub qaldım. XXX da ad olar?! Sonradan öyrəndim ki, bu zavallının atasının kim olduğu bilinmirmiş. Anası rus olub, kiminləsə qeyri-rəsmi əlaqəsindən Kamal doğulubmuş. Anası ilə əlaqədə olan heç bir kişi Kamalı oğlu kimi qəbul etmədiyinə görə ona anasının soy adını verib, ata adı əvəzinə isə XXX yazıblarmış. Elə bu yerdə, barmağımı dişlədim. Demək, doğurdan da, gendən çox şey asılı imiş. Kamalın mayası, ruhu ləkəli idi! Ona görə də o, heç vaxt yaxşı bir şey düşünə bilmirmiş, ancaq insanlara qarşı pislik etməyi xəyal edib, həyata keçirirmiş... Amma ədalət elə ƏDALƏTDİ! Nəhayət ki, o öz yerini tapıb, XXX oğlunun layiqli cəzasını verdi. Hə, verdi! Çünki içəridə də öz "sevimli peşəsini" davam etdirən Kamal Akopski kimisə şərləmək istəyibmiş, bıçağı ürəyindən sancıb, öldürmüşdülər.
Zaur Qəriboğlu
Ədalət.-
2012.- 6 aprel.- S.6.