Çoxhadisəli
roman
(Elxan
Xanəlizadənin "Yol" romanı haqqında)
Müəllif və onun "Yol"u
Elxan Xanəlizadə 1980-ci ildə
Füzuli rayonunda anadan olub. 1997-ci ildə Bakı Dövlət
Universitetinin filologiya fakültəsinə daxil olub, 2001-ci ildə
bakalavr, 2003-cü ildə magistr dərəcəsi alıb.
2003-2005-ci illərdə Milli Ordu sıralarında zabit kimi xidmət
edib. "Yol" romanın nəşrinə qədər
müəllif dövrü mətbuatda çıxış
edib və ispan dilindən tərcümələr edib.
2006-2010-cu illərdə "Azad Azərbaycan"
radiosunda aparıcı və redaktor vəzifələrində
çalışıb. 2010-cu ildə "İnRadio"
internet radiosunu yaradıb və hal-hazırda qurucusu olduğu
radionun direktoru vəzifəsində çalışır.
Müəllifin ilk irihəcimli əsəri olan "Yol"
romanı 2009-cu ildə CBS mətbəəsində nəşr
olunub. Romanın audio versiyası isə Azərbaycanda səsləndirilsə
də yüksək keyfiyyətlə Türkiyədə
hazırlanıb. Azərbaycanda müxtəlif müəlliflərin
audio kitabları hazırlansa da, "Yol" ilk peşəkar
audio-kitabdır. Hal-hazırda bir neçə xarici ölkədə
çapına hazırlıq gedən kitab ölkəmizdə
müəllifinə demək olar ki, uğur gətirməyib. Nəşrindən
sonra kifayət qədər reklam olunsa da, nədənsə
"Yol" ədəbi-tənqidin diqqətindən kənarda
qalıb. Oxucuların da kitaba bir o qədər diqqət
göstərdiyini təəssüf ki, deyə bilməyəcəm.
Kitab bazarı ilə müqayisədə, "Yol"un qiyməti
kifayət qədər bahadır. Yüksək tərtibat və
keyfiyyətlə hazırlanan audioversiya ilə birgə
satışa çıxarılan "Yol" orta statistik
oxucunun büdcəsinə uyğun deyil. Müəyyən qədər
diqqətdən kənarda qalmış hesab etsəkdə
romanın bir əsas özəlliyi var: "Yol" romanın
audio versiyası Azərbaycanda ilk peşəkar
audio-kitabdır.
"Yol"un mövzusu
Əsərin qəhrəmanı təxminən
bir əsrə qədər yaşamış, iki böyük
müharibəyə, məhrumiyyətlərə, sosial və
hüquqi bərabərsizliyə tanışlıq edib. Qəhrəmanın
söhbətləri əsasında qələmə alınan
kitab ənənəvi və axıcı bir dillə
yazılıb. Kitabın audio-versiyasını dinləmək
üçün bir qutu siqaret, 3 fincan tünd kofe və 5 saat
vaxt mənə kifayət edib. Bir başa kitabı oxumaq istəyənlər
isə narahat olmaya bilərlər, çünki kitab çox
səlist və axıcı dildə yazılıb. Qısa
vaxt ərzində kitabı oxuyub bitirmək
mümkündür. Romanı oxuduqca(dinlədikcə) hiss edirsən
ki, müəllif universitet illərini boşa keçirməyib,
xüsusilə Azərbaycan dilinin sintaksis imkanlarını
yüksək səviyyədə mənimsəyib. Kitabda
çox nadir hallarda dil qüsurlarına, redaktə xətalarına
rast gəlmək olar. Dilimizin poetik imkanlarından az istifadə
etsə də müəllifin öz dilini yüksək səviyyədə
bilməsi, dilə qarşı böyük sevgisi hiss olunur. Əsər
İbrahim İmanov adlı qəhrəmanın söhbətlərindən
ibarətdir və müəllif əsərdə heç bir
yeni texnikadan və əndrəbadi strukturdan istifadə etməyib.
Əsərdə İbrahim İmanovun etdiyi 60 söhbət
toplanıb. Qəhrəman əsər boyu müxtəlif cəmiyyətlərə,
müxtəlif çətin və gərgin vəziyyətlərə
düşsədə öz simasını, əyalət
insanın səmimiyyətini və qətiyyətini itirmir.
İnam və ümid onu müxtəlif çətin şəraitlərdə
ruhlandırır və demək olar ki, məğlub durumlara
düşən qəhrəman hər zaman qalibdir. Həyatın
amansız zərbələri, çətinlikləri
qarşısında o öz insani keyfiyyətlərini qoruya
bilir. Bütün çətinliklərə rəğmən
İbrahim İmanov mətin və güclüdür. Müəllif
"Yol" romanında oxşar talelərin, oxşar həyatların
peşəkar ümumiləşdirməsini aparır. Əsərin
dili və strukturu ənənəviçilikdən xilas ola
bilməsə də ötən yüzilliyin hadisələrinə
müəllifin yeni və müasir baxışı var. Sovet
dövründə bütləşdirilən, qorxu mexanizmi
üzərində qurulmuş cəmiyyətə müəllif
yeni baxış sərgiləyir. Müharibədə Sovet
ordusuna qarşı döyüşmək zorunda qalan qəhrəman
Fransada həyatının ən maraqlı kəsimini
yaşayır. Fransa onun xatirəsində əbədi olaraq iz
buraxır. Müharibədən sonra müxtəlif çətinliklər
yaşayan qəhrəman sürgünün və məhbəsin
dadını, Qarabağ savaşının acı gerçəklilklərini
də görür. Əsərin ana xətti qəhrəmanın
əzablı və çətin taleyi olsa da Sovet
dövrünə, II Dünya Savaşına və Qarabağ
Savaşına yazıçı münasibəti hiss olunur.
Eyni zamanda müəllif Güney Azərbaycan mövzusunu da
gözardı etmir.
"Vlasovçu" azərbaycanlı və Avropa
Doqquz yaşında anasını,
daha sonra ögey anasını itirən qəhrəmanımızın
təhsil illəri də uğurlu deyil. 1939-cu ildə, 20
yaşında orta məktəbin 5-ci sinfini bitirən qəhrəmana
6-cı sinfə getmək nəsib olmur. Onu hərbi xidmətə
çağırırlar. O, General Vlasovun komandanı
olduğu 130-cu diviziyada xidmət edir. Vlasovun Sovetlərə xəyanəti
və almanların tərəfinə keçməsi
İbrahimin taleyini dəyişir. Polşaya keşən
diviziyanın tərkibində qərar verməkdə çətinlik
çəkən, narahat azərbaycanlı balası İbrahim
də var idi. "Vlasovçulara" almanların pis
münasibətini görən İbrahim qorxu içində də
olsa qərar verir: "Qaçmaq!". 5 ay
"vlasovçu" olduqdan sonra 3 dostu ilə bərabər
diviziyanın yerləşdiyi şəhəri tərk edir. Əvvəlcə
İsveçrəyə, sonra isə Fransanın Marsel şəhərinə
gəlir. Həyatın çətin sınaqları, yalanlar,
aldadılmaqlar, məhrumiyyətlər onu Fransada qarabaqara izləyir.
Lakin müəllif bu zorunluluqlar içərisində qəhrəmana
sevmək, həyatını dəyişmək
üçün şərait yaradır. Parisdə
fransız-sovet partizanları ilə işləyir. Eyni zamanda
Parisdə yaşadığı dönəmdə yəhudu
qızı ilə evlənib Nyu-Yorkda yaşamaq imkanı olsa
da qəhrəman qələbədən sonra SSRİ-yə
qayıdır. Avropada gizlənə-gizlənə müharibənin
sonunu gözləyən "vlasovçu"nu SSRİ-də
daha böyük sıxıntılar gözləyir. Müəllif
minlərlə sovet vətəndaşının
acınacaqlı taleyinin rənglərini öz yaradıcı
təxəyyülü ilə qarışdıraraq
İbrahimin portretini yaradır.
Düşərgə...
vətən... sürgün
Müharibənin bitməsi ilə
İbrahimin növbəti çətinlikləri
başlayır. Vlasovun komandanlığında düşmən
tərəfinə keçən bütün sovet əsgərləri
kimi o da vətənində etimadsızlıqla qarşılanır
və iki il məşəqqətli düşərgə həyatından
sonra 1947-ci ildə vətənə qayıdır. Ailə
qursa da hərdən Fransadakı sevgilisi, onu Nyu-Yorka qədər
aparıb çıxarmaq imkanı olan Eteli unuda bilmir. Fransadan
Etelin yazdığı bir məktub onun sovet DTK-sının
üzücü sorğu-sualları ilə
qarşı-qarşıya qoyur. İlk övladının
sevincini dadmamış antisovet təbliğatı
apardığına görə həbs olunur. Yalançı
şahidlərin köməkliyi ilə boynuna qoyulan suçla
məhkəməyə çəkilir. "Troyka"
İbrahimi "vətən xaini" elan edir və
Qazaxıstanın Qaraqanda vilayətinə 15 illik sürgünə
göndərir. Beləliklə doğma torpağında
rahatlıq tapmadan yenidən əzab-əziyyətli qürbət
yolçuluğu başlayır. İbrahimin timsalında minlərlə
sürgün qurbanın sürgündəki
yaşantılarını, çətinliklərlə
mübarizəsini müəllif bircə cümlə açır.
"..."Dözmək, dözmək, sonadək dözmək!"-
bu bizim çoxumuzun devizi olmuşdu."
Stalinin-"xalqlar
atasının" ölümü minlərlə insana
azadlıq gətirir. Mərkəzi Komitə minlərlə
günahsız insan kimi onada bəraət hökmü
çıxarır...
Yenidən azadlıq,qəribə adlı övladlar...
Əsirlikdən qayıdan
İbrahimin dörd il üzünü görmədiyi oğlu
Məcnunun əvəzinə başqa bir uşağı
bağrına basması, sonradan isə oğluna həmin istəklə
görüşə bilməməsi əsərin bəlkə
də ən təsirli səhnələrindəndir. Müəllif
məhz bu səhnədə insan psixologiyasını tərpədə
bilən priyomdan istifadə edir. Demək olar ki, bu səhnə
əsərdə ən ciddi psixoloji məqamdır.
Sürgündən sonra sovet kəndində
İbrahimin yeknəsək və sıxıcı günləri
başlayır. Gecə-gündüz kolxozda
çalışan İbrahim yetərincə
övladlarına, ailəsinə vaxt ayıra bilmir. Çətinliklər
içində yaşayan ailədə bir-birinin ardınca
övladlar dünyaya gəlir. Bütün təpkilərə
baxmayaraq İbrahim övladlarına özünün istədiyi
adı verir. Hətta qızı dünyaya gələndə
onu qınasalar da qızına anasının adını yox,
Məhbubə adını qoyur. "Aminist"ə
düşüb sürgündən qayıtmasının
şərəfinə Məhbubədən sonra doğulan
oğlunun adını Aminist qoyur. Nəhayət
dördüncü uşaq dünyaya gəlir. İbrahim bu dəfə
də orijinal bir ad tapır. Fransadakı həyatının və
bəlkə də sevgilisi Etelin xatirəsini qorumaq
üçün oğluna Paris adını verir. Müəllifin
bu məqamın üzərində dayanması isə çox
maraqlıdır.
Ömrünü zülüm-zillət
içində yaşayan İbrahimin övladları xeyirsiz
çıxır. "Soyuqqanlı olan böyük oğlum əsgərlik
müddətində evimizə cəmi iki dəfə məktub
yazdı. İkisində də pul istəmişdi..."
Talesiz qəhrəman...
Həyatın sərt şillələrinə
alışan İbrahim qocalandan sonra da çətinliklər
onu qarabaqara izləyir. Övladlarının
soyuqqanlılığı, həyat yoldaşı
Gülzarın birdən-birə yataq xəstəsinə
çevrilməsi və qəhrəmanı yoran ağır
illər bir-birini əvəz edir. Artıq
övladlarının hamısını evləndirsə də
qəhrəman heç bir övladından və nəvələrindən
razı deyil. Əsərin başlanğıcından
İbrahimi izləyən uğursuzluq onu tərk eləmir. Həyat
indi də onu övladları ilə imtahan edir.
Güney Azərbaycan,erməni hiyləgərliyi,
"20 yanvar" faciəsi,qaçqın həyatı...
Əsərin sonlarına yaxın təhkiyə
xeyli sürətlənir. Məsələn, İbrahimin Fransa,
sürgün və kənd həyatı daha geniş
yazılsa da romanın sonuna yaxınlaşdıqca müəllif
hadisələrin nəqlini sürətləndirir. İbrahimin
Şuşaya getməsi, Qarabağın probleminin
başlanması, 20 yanvar faciəsi, İbrahimin
babalarının doğulduğu torpaq-Güney Azərbaycan
haqqında söhbətləri maraqlı olsa da qısa və
ötəridir.
Bütün bu illərin "bəxşişi"
nisgillər və çətinliklər onun həyatında dərin
iz buraxıb. Artıq o yuxusunda Təbrizi, Laləzar
xiyabanını görür. Ağır qaçqınlıq
həyatı, dözülməz şərait, psixaloji
sarsıntılarla çarpışdığı anda
övladını, Məcnunu itirir. Bütün itkilər əslində
İbrahim kişini müdrikləşdirir, möhkəmləndirir.
Ən önəmlisi isə odur ki, İbrahim İmanov
doğulduğu Füzuliyə qayıtmağa ümidini itirməyib.
Çətinliklərin yora bilmədiyi qoca inamlıdır.
Pafos dolu bir cümlə romanın
qayəsini, adının daşıdığı anlamı
açır. "Bu mənim yolumdur! Yolumdan dönə bilmərəm!
Yekun
Müəllif qəhrəmanın
söhbətlərini birnəfəsə dinlədiyi kimi, demək
olar ki, bir nəfəsə də qələmə alıb. Əsərin
sonlarına yaxın müəllifin yorğunluğu, tələskənliyi,
romanı tezbazar bitirmək istəyi hiss olunur. Əsər qəhrəmanın
ölüm xəbərinin qəzetdə yayılması ilə
bitir.
Ümumiyyətlə Elxan Xanəlizadənin
"Yol" romanını müxtəlif hadisələr
haqqında yazılmış tələsik roman və ya
çoxhadisəli roman adlandırmaq olar.
Cəlil Cavanşir
Ədalət.-2012.-7 aprel.-S.5.