ADAMSIZ ADAM

 

  Hekayə

 

  (əvvəli ötən saylarımızda)

  

   "Çox sadə, buna nə var ki," - köməkçi içində onları məsxərəyə qoyur və idarənin az qala hər addımında rəhbərliyə "sədaqətlilər şəbəkəsi"nin xidmətindən məharətlə yararlanırdı. "Bəs necə? Nə dost, nə sirdaşbazlıqdır, bilmirəm. Sənin lap evində arvadına dediyini öyrənməsəm, rəisə çatdırmasam, gözümə yuxu getməz. Nə təhər eləyirəm bunu? Ay-hay, elə bilirsən rəisin köməkçisi, kölgəsi olmaq asandır? Gərək adamın qanında, canında, lap iliyində ola belə nəsnələr". O, içində belə düşünür, sirrini heç kəsə demir, idarədə hamını mat-məəttəl qoyan "məharətindən" ləzzət alırdı.

   İndi həmişəki kimi qapının yanında əmrə müntəzir durmamışdı. Rəisin istəyilə sağ tərəfində oturub sorğu-suallarını müfəssəl cavablandırır, ezamiyyət müddətində idarədə baş verənləri, bəzi məxfi məqamları çözələyib onu məlumatlandırırdı.

   - Heç xanımdan danışmırsan?

   Rəisin qəfil atmacasındakı qınaqqarışıq irad onu çaşdırdı.

   - Yoxsa xəbərin-zadın yoxdur heç?..

   Sual dolu baxışlar altında üşüyən kimi oldu. Ancaq təcrübəli "xəfiyyə" fəhmi ilə tez özünü ələ alıb irişdi:

   - Niyə yoxdur, heç elə şey olar? Özünüz bilirsiniz ki, bu idarənin hər qarışında gözüm var mənim.

   - Bəs onda?..

   - Heç bilmirəm necə deyim, - ani olaraq susub fikirli halda gözlərini döydü. Sanki tərəddüd edir, deməyə münasib söz axtarırdı, - elə hadisələr olub ki, çaşıb qalmışam, deməyə dilim gəlmir.

   - Niyə, sən ki dildən pərgarsan?!

   - Düz deyirsiz... Xanım həyətin arxa qapısından gəlib-gedirdi bir boylu-buxunlu cavan oğlanla, mən də göz qoyurdum gizlicə, hər ehtimala qarşı. Öyrənmişdim ki, oğlan həm sürücüsüdür, həm cangüdəni, həm də...,- fikirli halda alnını ovuşdurdu, - həm də... Vallah heç bilmirəm necə deyim. Gözləməkdən gözlərim qaralırdı. Bütün günü içəridə olurdular... Axır dözmədim, səbrim tükəndi, qapını astaca döyüb açdım.

   - Nə gördün?

   - Heç deyiləsi deyil... Oğlan üstümə çəmkirdi ki, bəs "korsan, görmürsən massaj eləyirəm". Üzr istəyib tələm-tələsik çıxdım ki, şərləməsinlər... Ertəsi gün xanım başqa maşında, ayrı, daha cavan, əvvəlkindən də yaraşıqlı bir oğlanla gəldi. Fikirləşdim, yəqin cangüdənini dəyişib... Amma sonra öyrəndim ki, yox, bu cangüdən deyil, böyüyün oğludur.

   Rəisin gözləri böyüdü:

   - Kimin?

   - Böyüyün.

   - Elə şey olmaz! - deyə qeyzlə köməkçisinin üstünə çəmkirən rəisin ətli, sallaq sifəti əsəb gərginliyindən səyridi. Sonra susub fikrə getdi: "Sən bir işə bax, gör nə hoqqa çıxarırlar, - içində deyinib köksünü ötürdü, - Heç belə də biabırçılıq olar? - əsəblərini tarıma çəkən suala ürəyində cavab verdi, - Niyə olmur ki?! Cavan qızla eşqbazlıq həvəsinə düşən yaşlı adamın axırı belə olar".

   Başını qaldırıb köməkçisinə baxdı:

   - Yaxşı ki, vaxtında xəbər tutub mənə dedin. Ancaq bu sirri heç kim bilməməlidir!

   - Arxayın olun.

   - Böyüyün qısqanc arvadı bilsə aləmi qatar bir-birinə. Özü də başımıza it oyunu açar, idarəni elə şumlatdırar ki, heç yerində alaq da bitməz. İkimizi də gübrə kimi torpağa qarışdırar.

   Köməkçisinin matı-qutu qurudu, uzun, arıq boğazının hülqumu titrədi.

   - Odur ki, ehtiyatlı olmalıyıq. Həyətin arxa qapısından həmin yerə hündür hasar çəkilməlidir ki, gözdən-könüldən iraq olsun. Axı, rəsmiyyətdə o, bizim işçi deyil. Yuxarının inspektorudur, guya idarəmizi kurasiya edir. Böyüyün əmri belədir. Yəni biz ona yox, o bizə nəzarət etməlidir. Nə işlə məşğul olmasının sənə, mənə dəxli yoxdur. Aydın oldu?

   - Bəli! - rəisin fikrini başa düşüb rəngi durulan köməkçi inamla cavab verdi.

   - Bax belə. Bu sürüşkən məsələni birdəfəlik qapayıb nöqtəsini qoyaq. Keçək öz işimizə. De görüm o adamsız adamın məsələsi, komissiyanın rəyi necə oldu?

   - Adamsız adam başımıza bəla olub. Bütün sorğu-suallara cavab verib, Alim də razı qalıb, müsbət rəy yazıb...

   - Nəə?! Axı, mən sənə söz demişdim, göstəriş vermişdim. Nə alimbazlıqdır?

   Köməkçi suçlu halda başını aşağı salıb mızıldadı:

   - Komissiyaya çatdırmışam fikrinizi, bircə Alim saya salmır. Deyir ki, belə mütəxəssis ələ düşməz, işə götürmək lazımdır onu.

   Rəis yumruğunu masaya necə vurdusa, köməkçi səksənib yerindən dik atıldı:

   - Axı, o kimdir ki, işə adam götürə. Alim deyə-deyə qudurtmusuz, tıxlı tikə olub keçib boğazıma.

   İdarənin nəzdindəki elm-istehsalat birliyinin rəisinə işçilər öz aralarında "Alim" deyirdilər. Bu da təsadüfi deyildi. O, həqiqətən alim idi, yüksək elmi dərəcəsi vardı, uzun illər elmi-tədqiqat institutunda baş elmi işçi olmuşdu, universitetdə dərs demişdi. Sovetlər dağılanda, keçid dövründə özəl kiçik müəssisə - elm-istehsalat birliyi yaratmışdı. İnflyasiyanın tüğyan etdiyi vaxtlarda dolanışıqları qəpik-quruşa dirənən həmkarları ilə laboratoriyada düzəldib sınaqdan keçirdiyi müxtəlif məişət cihazlarının özəl müəssisədə kütləvi istehsalını təşkil etmişdi.

   Bürokratik əngəllər, maneələr müəyyən çətinliklər yaratsa da, Alim elm-istehsalat birliyinin sükanını əldən verməmişdi, işindən möhkəm yapışmışdı.

   Yuxarıda iddiası yerə-göyə sığmayan böyüyün, aşağıda "buyruq qulu" olan idarə rəisinin inzibati basqıları onun iradəsini qıra bilməmişdi. Alim öz həmkarları, azsaylı mütəxəssislərlə birlikdə elmlə istehsalatın yetirməsi olan müəssisəni məharətlə idarə edirdi. O, kiminsə xatirinə, xahiş-minnətinə görə diplomlu savadsızların burada boş yer tutmasına imkan vermirdi. İdarə rəisinin əmrini bir kənara qoyub, göndərilən kadrı tamam-kamal yoxlayır, sınaqdan keçirirdi. Onun üçün "adamsız adam" anlayışı yox idi.

   İdarə rəisi isə tamamilə bunun əksini düşünürdü. "Adamın ya adamı olmalıdır, ya da pulu", - ərk elədiyi yaxınlarına belə deyirdi, - bir də mən ancaq öz yerlilərimə xırda-para işləri güzəşt eləyirəm. İdarəmdə süpürgəçi də öz yerlim olmalıdır". 

   - Hə, nə gözünü döyürsən, düz demirəm? - başını aşağı salıb fikrə gedən köməkçisinə tərs nəzər saldı.

   - Əlbəttə, siz rəis kimi həmişə haqlısınız. Ancaq...

   - Nə ancaq?! İndi sən də "əmma" qoyursan mənə?

   - Allah eləməsin, mən kiməm ki, intəhası sizin "adamsız adam" dediyinizin adamları peyda olub.

   Rəis əcaib bir şeyə baxırmış kimi heyrətindən böyümüş gözlərini ona zillədi. Köməkçi isə bayaqdan əlində tutduğu qovluğu açıb onun qarşısına qoydu.

   - Bu nədir belə? 

   - Bəs nə deyirəm, Alimin mütəxəssisləri müsbət rəy yazıblar, üstəlik təqdimat da göndəriblər. Əgər siz razılıq verib imzalasanız...

   Köməkçinin sözü ağzında qaldı, rəis qovluğu götürüb onun üstünə tolazladı:

   - Əyə, sən nə təhər adamsan, bilmirsən xasiyyətimi, belə şeyə razı olaram heç?! Bu qovluğu da ləğv elə getsin, heç izi-tozu qalmasın!

   - Bu mümkün deyil, - köməkçi özünü toplayıb xırıldadı, sonra rəisin qəzəbli baxışlarından yayınsın deyə başını aşağı salıb mızıldandı, - qovluqda yazılanları bilgisayara köçürüblər, oradan da internetə...

   - Cəhənnəm olsunlar... Mən sözümdən dönən deyiləm. Hamısını qovduracağam, elə sənin özünü də. Onun-bunun sözünə uyan, vəkilliyini eləyən aciz, qorxaq köməkçi lazım deyil mənə!

   Hirsindən özünə yer tapa bilməyən rəis birdən köməkçisinin sıçrayıb quyruğu üstə qıvrılan ilan kimi iti baxışlarını ona zillədiyini gördü:

   - Məni də adamsız sayırsan? Yaddaşına nə oldu? - Qəzəbdən kükrəyən bu səs onun qulağının dibində bomba kimi partladı. - Yoxsa vəzifə çaşdırıb, ayağının altını görmürsən? Neynək, sənə vəzifə verdirənə bilirəm nə deyərəm. Evdə qısqanclıqdan alışıb yanan arvadına idarədəki xanımlarla eşqbazlığını göstərərəm, əşyayi-dəlillərimlə, lap internetdə...

   Elə bil rəisin başına qəfildən buz kimi soyuq su tökdülər. Titrədib büzüşdü. Bu, köməkçinin ilansayağı işaran gözlərindən yayınmadı və o, hücumunu davam etdirdi:

   - Nə tez yadından çıxdı bir yerdə işlədiyimiz vaxtlar. İkimiz də sıravi işçi idik. Onda gözəl-göyçək qız olan indiki arvadın böyüyün katibəsi, yaxını idi. Söz gəzirdi ki, guya uzaq qohumudur. Əsil həqiqəti mən bilirdim, gözümdən, qulağımdan heç şey yayınmırdı, qoyurdum böyüyün ovucuna. O da sağ olsun, səni katibəsinin əri, həm də idarə rəisi elədi. Məni də köməkçi qoydu ki, göz-qulağı olum onun bu tərəflərdə. Bəs necə? Öz yerlisiyəm də, kökümə-köməcimə yaxşı bələddir. Bilir ki, rəhmətlik babam kəndxudanın qapısında muzdur olub, atam da dağılmış sovetin zamanında kolxoz idarəsində kuryer, həm də sədrin sirr dağarcığı idi. Böyüklərim belə olub, mən də onların tökdüklərini indi zamanəyə uyğun xırıd eləyirəm.

   "Zatı qırıq koppəyoğlu, gör neynən fəxr eləyir, - fikrindən keçirtdi və tez də özünü ələ aldı, - Yox, gönü suya verə bilmərəm, bunun buynuzu içindədir, gərək artistlik eləyəm".

   Ayağa qalxıb ona yaxınlaşdı:

   - Ay səni, Ağaquliyev, əyə, neçə ilin dostuyuq, heç zarafat-zad qanıb eləmirsən?

   Arıq, uzundıraz köməkçi qısaboy, sallaqqarın rəisə yuxarıdan aşağı istehzalı nəzər saldı:

   - Elə sözü zarafata salıb deyərlər də. Necə demisən, elə də cavabını almısan. Mən hər üzünə hazıram: yaxşıya yaxşı, yamana yaman.

   Rəis ərkyana onun qolundan tutub sıxdı:

   - İstəməzdim özgələr duyuq düşsünlər, bizim yaxınlığımızı, xoş münasibətimizi bilsinlər. Ona görə də iclasda, kənar adamların yanında səsimi qaldırıram, danlayıram səni. Belə şeyləri eyninə alma.

   - Başa düşürəm səni. Elə mən özüm də hiylə işlədirəm. Başqalarının qılığına girib söz qopartmaqçın arxanca deyinirəm, lap söyürəm, guya aramız pozulub, zəhləm gedir rəisdən, məni heç nəyin üstündə danlayıb-dansayır, ağzına gələni deyir, təhqir edir. Doyunca yedirib-içirəndən sonra qılıqladığım hərif başlayır ürəyinin sözünü deməyə, iş bir yana, lap evinin, arvadının söhbətini tökür ortaya. Nədən ki, özümü elə göstərirəm inanır mənə. Beləcə idarənin cikini də bilirəm, bikini də. Sonra da qoyuram sənin ovcuna ki, ayıq-sayıq olasan, vaxtı-vədəsi gələndə tədbirini görəsən. Hərif də bilməsin ki, zərbə ona haradan dəydi, necə oldu düz yolda dolaşıb yıxıldı.

   O, köksünü ötürüb özlüyündə dərin ağıl sahibi saymadığı rəisi qınayıcı nəzərlə süzərək ərklə dedi:

   - Ancaq bəzən belə olmur. Cənab rəis ona dürlü-dürlü məlumatlar ötürənə "sağ ol" əvəzinə "çor" deyir...

   - Lənət şeytana, necə oldusa, hirslənib özümdən çıxdım.

   - Şeytan çaşdıranda səni mən də başqa cür danışdım. Yaxşı ki, öz aramızda qaldı. Kənar adam olsaydı, heç ağzımı açmazdım. 

   "Buynuzu içində olan" köməkçisinə rəis də "boğazdan yuxarı" cavab verdi:

   - Xasiyyətinə bələdəm, ürəyin gül kimi təmizdir, nə var dilindədir. Öz aramızda çox söz-söhbət ola bilər, ancaq özgəsi bilməməlidir.

   - Arxayın ola bilərsən mənə. Bir daş altda, bir daş üstdə, vəssalam, qurtardı getdi. O ki qaldı onlara, Alimgili deyirəm, səbrli ol, ehtiyatla hərəkət elə. İlanı Seyid Əhməd əliynən tut, yəni Yuxarının köməyiynən işini gör. Böyüyə arxalan.

   - O barədə arxayınam. Elə bil ki, dağa söykənmişəm, başımı qaldıranda zirvəsində qar görürəm.

   Həyətdən səs gəldi. Dönüb pəncərədən bayıra baxdılar. Elm-istehsalat birliyinin üçmərtəbəli binası qarşısında iki nəfər söhbət edirdi. Ağ saçlı Alim keçmiş tələbəsi Hünər Hikmət oğluna nə isə deyir, o da diqqətlə qulaq asırdı. Birdən hər ikisi qəhqəhə çəkib güldü. Köməkçi gözaltı rəisə baxanda onun ətli, sallaq sifətini qaralmış gördü...

  

  

   (ardı var)

 

  Əlövsət BƏŞİRLİ

 

  Ədalət.-2012.-7 aprel.-S.10.