ÖZÜMLƏ
ÜMİDİM ARASINDA
Düşüncələrim, duyğularım -
Özümlə
ümidim arasında.
Mənsə oturmuşam
İlmələri ələnmiş,
Arğacları
süzüm-süzüm süzülmüş,
Sərt küləklər,
narın yellər,
Saçaqların xırxanlayıb
daramış,
Bir az
sevinc, bir az qəmlə boyanmış,
Həsrət yüklü xalının
üstündə.
Hisslərimlə
danışıram, dərdləşirəm,
Deyirəm: - Ürəyimi sevirəm!
Çünki sən ordasan.
Gözlərimi sevirəm,
Çünki o ancaq səni,
Səni gəzib axtarır,
Sənə baxmaq istəyir!
Özümü sevirəm!
Çünki, çünki sən
hər an,
Mənimləsən!
Bax, beləcə gümanlarım
azdırır hisslərimig
Qarabasmalar çaşdırır
duyğularımıg
Mənsə hələ də
xalının üstündəyəm,
Oturmuşam ümidimlə
özümün arasındag
Çünki sən eləg mənim
özümsən!
KÖSÖV
Kösöv!
Nə odu atır,
Nə atəşə çatır.
Alov ola bilmir,
Ancaq
Öz odunda dağlayır
özünü.
Pərdə-pərdə
korşalayır,
Qabar olur,
Çopur qalır,
Sağalmaz dərdlərin
İzi kimi.
DİNDİR MƏNİ
Yorğunam, incik düşmüşəm,
Bir layla de, dindir
məni.
Lal sükuta sarılmışam,
Qəhqəhə çək, güldür
məni.
Yağmurdu, islanıb yaxam,
Payızı gəlmiş yarpağam.
Etmədiyim bir günaham,
Oxşa de, sevindir məni.
Bir ümiddir, indi yoxam,
Görəmmirəm
dönüb baxam,
Gövdədən
qopmuş budağam,
Tutuşmuşam söndür məni.
Qol yerinə bilək boşdur,
Başım altda qara daşdır,
Daha bəsdir, səbrim daşdı,
De sözünü,
qaldır məni.
TƏNDİRƏSƏRDƏ
DOĞULAN QIZ
(Bir gözəl qız: - Təndir üstə doğulmuşam - dedi)
Təndirəsərdə
doğulan qız!
Sən doğulanda kündəsi axıb
Köz üstə düşən,
Yanıb qapqara qaralan
Çörəyin
rəngidirmi hopub
Gözlərinin giləsinə?
Ya da kündənin tüstüsü
Burum-burum havalanıb
Gedib çatıb buludlara.
Sonra yağış olub
sellənib yer üzünə.
Bərq vuran mirvari inciləri
kimi,
Axıb, qoşulub gözlərinin
parıltısına?
Yəqin kösöv olmuş
O qapqara rəng
Qarışıb
gecənin qaranlığına,
Sonra da hopubdu saçlarına.
Göydən ulduz damır,
Əridir qaranlığı,
O ulduz da həsəd çəkir
Sənin gözlərinin giləsindəki
işığa.g
***
Təndirəsərdə
doğulan qız!
Sən doğulanda
Təndirin gülfəsindən havalanan
Odun, istinin
Hərarətidirmi hopub canına?
Sarılıb əndamına, ruhuna,
Çöküb ürəyinin dibinə?
Yəqin o atəşdir ki, yandırıb kül edir məni,
Təndirin közü kimi!
***
Təndirin hənirtisi
O kündənin
tüstüsü
Çörəyin
xoş qoxusu
Ətrimi dolub nəfəsinə?
Dilin bal dadır.
***
Yandırma odunla xısın-xısın,
Kösöv oldum
Gülfənin
ağzından
Qaldır məni havalanım,
Ya da su çilə.
DAŞ YADDAŞ
Daş, yaddaş, bir də yağış!
- İri cüssəli,
İgid gövdəli,
Yepyekə daş!
Yaddaş!...
Yağış:
- Gah öpüb, gah sığallayıb,
Şumlayıb,
Oyuq-oyuq oyub kürəyini,
Sərt rüzgarlar yalayıb
sinəsini.
Şümallayıb çöhrəsini.
Çiyinləri
yarı işıq, yarı qaranlıq,
Mamırlayıb.
Görməyən
gözlərin giləsinin
işığı,
Sezilməyən sözlərin lal
duruşu.
Daş!
"Doğma
baxış".
İllərin sərt üzünün,
Əzabının,
Poza bilmədiyi
Qeyrət, naxış!
Nə inilti,
Nə yalvarış,
Heykəlləşmiş,
Mamır basmış,
"Daş baxış"!
Daş, lal yaddaş.
YAŞIM UZANSAYDI
Bir ilim qalıb
Çatmağa
Anamın yaşına.
Adlasam ötərəm,
Yetərəm
Üzüyün
qaşına,
Ömrümün qışına.
İllərin bəmbəyaz
Yaddaşına,
Yetmişi adlamış
Atamın yaşına.
***
İkiyə bölünsə bəsimdi,
Atamla, anamın
Yaşlarının
arasındakı fərq
22 ilin yarısı
Ötmək,
Keçmək
istəyirəm,
Bir az da irəli
Keçmək
istəyirəm,
Doldurmaqçün
Yaşadığım illərin
boşluqlarını,
Düzəltmək
istəyirəm
Buraxdığım səhvlərin başlıqlarını.
***
Onda Nəcəf böyüyər,
Tutaram,
Sallanaram ətəklərindən.
Yapışar qollarımdan
Qaldırar,
Götürər,
Qabaqda oturdar məni,
Aparar
Gül dərməyə,
Ya da çiçək
yığmağa.
Bəlkə də
Şəkil çəkməyə.
Çəkərdim
Saçları
əsmər,
Çöhrəsi qaraşın,
Gözləri piyalə,
Baxışları şəlalə,
Gülərüz, ipisti
Uşaqlıqda sevdiyim şəkilləri.
Çəkərdim
Qucağından
Boylanan,
Qalxmaq, ucalmaq üçün
çırpınan
Dəcəl bir
Oğlan uşağını
Sinəsinə sıxmış
Qarabuğdayı
Aparıq
Bir qadın şəkli.
Ana şəkli.
Ya da bir
Kişi şəkli
Göy atın üstündə
Çaparaq gələn
Ər şəkli, ərən şəkli!
NOVRUZ NƏCƏFOĞLU
Ədalət.-2012.-7 aprel.-S.20.