BÖYÜK İNKİŞAF YOLUNUN AĞSU GERÇƏKLİYİ

 

   (əvvəli ötən sayımızda)

  

   Prezident qayğısının bəxş etdiyi sevinc

 

   Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 3,7 milyon manat vəsait hesabına 2010-cu ildə Ağsu şəhərinin və ətraf kəndlərin əhalisinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmış, Kəndoba və Ağabəyli kəndlərində içməli suyun keyfiyyətinin müəyyən edilmiş tələblərə çatdırılması məqsədilə modul tipli sutəmizləyici qurğulardan istifadəyə başlanılmışdır.

  

   Müasir avadanlıqlardan istifadə olunmaqla telefon şəbəkəsinin elektronlaşdırılması sahəsində rayonda 2010-cu ildə başlanılmış işlər hesabat ilində davam etdirilmişdir. Ötən il 242 telefon çəkilmiş, kənd ATS-lərində təmir və yenidənqurma işləri aparılmışdır. Sahəyə ümumilikdə 88,8 min manat investisiya qoyulmuşdur. Qovşağın rəhbərliyinin dəyişdirilməsindən keçən az vaxt ərzində etibarlı telefon rabitəsinin təmin olunması sahəsində irəliləyişə nail olunmuş, maliyyə göstəriciləri yaxşılaşmış və gəlirlər üzrə müəyyən edilmiş illik proqnoz yerinə yetirilmişdir. 

 

   Bütün sahələrə xüsusi diqqət göstərilir

 

   Digər sahələrdə olduğu kimi təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahələrə göstərdiyi qayğı sayəsində rayonun məktəblərinin, səhiyyə və mədəniyyət müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Son 8 ildə şagird yerlərinin sayı 3364 olan 15 məktəb binası tikilmiş və inşa edilmiş 13 sinif korpusu hesabına 4 məktəbdə genişləndirmə işləri aparılmışdır.

   Kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi ilə bağlı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin internet saytı yaradılmışdır. Hesabat ilində elektron kitabxana və elektron kataloqa keçilməsi istiqamətində də müəyyən tədbirlər görülmüş, xüsusi proqram vasitəsilə 30 minə yaxın kitabın elektron kataloqu yaradılmışdır.

 

   On əsrdən sonra bu gününə qovuşan "itkin" şəhər

 

   Ağsu rayonu ərazisində 2010-cu ildə başlanan arxeoloji qazıntı işləri ötən il də davam etmişdir. Aparılan tədqiqatlar rayonun tarixinin daha qədimə - XII əsrə aid olmasını sübut edir. Hazırda orta əsr Ağsu şəhərinin qoruq elan edilməsilə bağlı iş aparılır.

   Gənclər və İdman İdarəsi tərəfindən uşaq, yeniyetmə və gənclərin iştirakı ilə son bir il ərzində rayonda çoxsaylı tədbirlər keçirilmişdir. Prezident İlham Əliyev tərəfindən 2012-ci ilin "İdman ili" elan edilməsi ilə əlaqədar rayonda bir sıra tədbirlərin icrası nəzərdə tutulmuşdur. Ağsu şəhərində yeni istifadəyə verilmiş stadionun imkanlarından geniş istifadə edilməsi, rayon ərazisində mövcud sadə idman qurğularının yenidən qurulması və bərpası, yenilərinin yaradılması qarşıda duran vəzifələrdir. Yeniyetmə və gənclərin məşğulluğunun təmin edilməsi, onların sosial problemlərinin həlli, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və bu kimi məsələlər dövlət gənclər siyasəti çərçivəsində daha səmərəli tədbirlərin həyata keçirilməsini zəruri edir.

 

   Vətəndaş müraciətlərinə xüsusi münasibət

 

   Rayon İcra Hakimiyyətinin ötənilki fəaliyyətinin əsas istiqamətlərindən birini də vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili olmuşdur. 2011-ci ildə rayon İcra Hakimiyyətinə 764 vətəndaş müraciəti daxil olmuşdur. Bütün müraciətlərin 28,4 faizi, yaxud 217-si əsaslı tikintilərin aparılmasına icazə verilməsi ilə bağlı ərizələrdir. Vətəndaşların qarşılaşdığı gündəlik məsələlərin operativ həll edilməsi nəticə etibarı ilə şikayətlərin sayının ilbəil azalmasına gətirib çıxarmışdır. 2011-ci ildə rayon icra hakimiyyətinə vətəndaşlardan daxil olan müraciətlərin ümumi sayında şikayətlərin xüsusi çəkisi 4 faiz azalaraq cəmi 7,5 faiz təşkil etmişdir.

   Hesabat ilində icra hakimiyyəti başçısının keçirdiyi səyyar görüş-qəbullarda 3148 nəfər iştirak etmişdir. Vətəndaşlar tərəfindən bu görüşlər zamanı infrastrukturun təzələnməsi, yeni təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi və digər problemlərlə bağlı 123 məsələ qaldırılmış, onlar nəzarətə götürülərək icrası ilə əlaqədar tədbirlər həyata keçirilmişdir.

 

   Qarşıda duran vəzifələr. Yeni quruculuq işləri davam edir

 

   2012-ci ildə və qarşıda daha mühüm vəzifələr dayanır. Rayonda sosial-iqtisadi inkişaf tədbirlərinin sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və problemlərinin həllini nəzərdə tutan geniş miqyaslı işlər görüləcəkdir. Kənd təsərrüfatı məhsulları istehsalını 60 milyon manata çatdırmaq, sənaye, tikinti, nəqliyyat və rabitə müəssisələrinin fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq üçün məqsədli proqramlar həyata keçiriləcəkdir.

   Cari ildə nəzərdə tutulmuş istehsal, xidmət və sosial-mədəni obyektlərin inşasına diqqət artırılacaqdır. Qəşəd, Ləngəbiz və Rəhimli kənd tam orta məktəbləri üçün 180 şagird yerlik, Nəmirli kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik yeni binalar tikilib istifadəyə veriləcək, istismar müddəti ötmüş və yararsız vəziyyətdə olan digər ümumtəhsil məktəbləri üçün müasir tələblərə cavab verən binaların inşasına səy göstəriləcəkdir.

   Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ilkin olaraq ayrılmış 3 milyon manat vəsait hesabına hər cür şəraiti olan müasir xəstəxana binasının tikintisinə başlanacaq, sosial-iqtisadi inkişaf tədbirlərinə isə 2 milyon manat vəsait xərclənəcəkdir.

   Dünya Bankı tərəfindən maliyyələşdirilən və dəyəri 50 milyon ABŞ dolları olan Ağsu şəhərində kanalizasiya şəbəkəsinin tikintisi və alternativ içməli su kəməri çəkilişi layihələrinin icrası, şəhər və kənd yollarının təmiri və asfaltlaşdırılması davam etdiriləcəkdir.

   Rayonun kəndlərində əhalinin, müəssisə və təşkilatların elektrik enerjisi ilə dayanıqlı təminatı üçün əsaslı təmir və yenidənqurma işləri aparılacaq və regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində yaşayış məntəqələrinin qazlaşdırılmasının başa çatdırılması üçün əlavə tədbirlər həyata keçiriləcəkdir.

   Müəssisə, idarə və təşkilatlarda çalışanların iş şəraitinin yaxşılaşdırılması üçün imkanlardan tam istifadə ediləcəkdir. Əhalinin sosial müdafiəsi və sosial təminat ilə bağlı dövlət tədbirləri aparılacaqdır.

   2012-ci il üçün rayonun yerli gəlirləri 2 milyon 734 min manat proqnozlaşdırılmışdır ki, bu, əvvəlki illə müqayisədə isə 6,6 faiz çoxdur. Ötən illə müqayisədə ayrı-ayrı tədbirlərin maliyyələşdirilməsinə 9,3 faiz çox vəsait xərclənməsi nəzərdə tutulmuşdur. Cari ildə görülmüş işlərin nəticəsində rayonda yüzlərlə yeni iş yerləri yaradılacaq və əhalinin məşğulluq səviyyəsi daha da yaxşılaşacaqdır.

  

 

  MƏZAHİR ƏHMƏDOĞLU,

  Azərbaycan Respublikasının Prezidenti

  yanında kütləvi informasiya vasitələrinin

  inkişafına dövlət dəstəyi fondunun maliyyə

  yardımı ilə

 

 Ədalət.-2012.-7 aprel.-S.21.