"Bir dəlinin
xatirə dəftəri"
Bu dəfə ona səhnədən
tamaşa da etmək olar
"YUĞ Dövlət
Teatrının qapısından içəri keçib
zalda yerini möhkəmləndirdinsə
maraqlı və düşündürücü
bir tamaşaya
baxacağın dəqiqdi. Bu dəfə də
belə oldu. Amma və
lakin...
Bu dəfə "YUĞ"
repertuarındakı tamaşalardan birini yox, tamam başqa bir əsəri
nümayiş etdirdi. Daha doğrusu, səhnəsini
"ADARİ-FİLMS" prodakşının ixtiyarına
verdi. "ADARİ-FİLMS" də həmişə
maraqlı tamaşalar oynanılan bu səhnədə
"YUĞ"un adına layiq iş ortaya qoydu. Qonaqlara
böyük rus yazıçısı Nikolay Qoqolun "Dəlinin
qeydləri" əsəri əsasında
hazırladığı "Bir dəlinin xatirə dəftəri"
tamaşasını təqdim etdi.
Ağıllı işlər-Yaradıcı təşəbbüslər...
"ADARİ-FİLMS"
prodakşına Kinematoqrafçılar İttifaqının
üzvü İradə Bağırzadə rəhbərlik
edir. "Oskar" mükafatı laureatı Rüstəm
İbrahimbəyovun yaratdığı Bakı Beynəlxalq
Kino Məktəbinin məzunu olan İradə xanım teatr və
kino ilə bağlı müxtəlif uğurlu layihələrin
müəllifidi. Onun başçılığı ilə
"ADARİ-FİLMS" bu uğurların davamını gətirmək
əzmindədi. Növbəti layihə kimi hazırlanan Nikolay
Qoqolun "Bir dəlinin xatirə dəftəri"
monotamaşası nüfuzlu beynəlxalq teatr festivallarında
iştirak etməyə və yüksək yerlər tutmağa
iddialıdı.
Layihənin rəhbəri və
tamaşanın prodüseri İradə Bağırzadə, səhnə
tərtibatçısı Əli Həsənov, musiqi tərtibatçısı
Eldar Albertson, işıqçısı Nicat Xəlilovdu. Rüfət
Həsənovla Seymur Seyidbəyli isə foto və video çəkilişlərə
əmək sərf ediblər. Tamaşa boyu List, Vivaldi, Messian,
Haydn, Culliani kimi dahi bəstəkarların musiqiləri səsləndirilir.
Layihənin bir özəlliyi də ondadır ki, tamaşa
bütünlüklə türk dilində oynanılır.
"YUĞ" Dövlət
Teatrının nəzdində fəaliyyət göstərən
"Yaradıcı Təşəbbüslər Mərkəzi"
bu gözəl tamaşanın seyrçi qarşısına
çıxarmaq üçün "ADARİ-FİLMS"ə
böyük dəstək göstərib. Öz səhnəsini
"Bir dəlinin xatirə dəftəri"nə verib ki,
yaradıcı heyət layihəni tamaşaçılar
üçün göstərə bilsin. Ağıllı
tamaşaçılar "Bir dəlinin xatirə dəftəri"
ilə tanış olub fikirlərini bildirsinlər. Necə deyərlər,
"Dəli"nin yapdıqlarına ağıllı
başla qiymət versinlər.
Dəlinin
yazdığını ağılla oynamaq
"Bir dəlinin xatirə dəftəri"
tamaşasından yazarkən Elvin Adıgözəli unutmaq
ağılsızlıq olar. Elvin Adıgözəl
tamaşanın həm quruluşçu rejissoru, həm də
ifaçısıdı. Monotamaşada seyrçi əvvəldən
sonacan səhnədə yalnız onu görür, bir aktyorun
teatrına tamaşa edir.
Elvin Adıgözəl Mədəniyyət
və İncəsənət Universitetində təhsil
alıb. Çox gənc olmasına baxmayaraq artıq kinoda
ssenarist, rejissor və aktyor kimi özünü sınamağa
imkan tapıb. "Bir dəlinin xatirə dəftəri"
onun teatrda debütüdü. "Bir dəlinin xatirə dəftəri"
kasıb teatr estetikasında monotamaşa üslubunda
hazırlanıb. Tamaşa dahi rus yazıçısı
Nikolay Qoqolun bədii yaradıcılığına maraqlı
və fərqli yanaşması ilə seçilir.
Elvin Adıgözəlin
tamaşaçıya təqdim etdiyi qəhrəman sadə,
maaşı bu aydan o biri aya güclə yetən bir məmurdu.
Onu təhqir edən, aşağılayan yüksək
çinli məmura sonsuz nifrəti var. Hərdən
özünü İspaniya Kralı IX Ferdinand kimi hiss edir, qərarlar,
əmrlər verir.
Onun bircə arzusu var. İstədiyi
qıza qovuşmaq, dünyanın ən gözəli
saydığı sevgilisini ətrafında görmək,
saçlarına toxunmaq... Xəyallarında qurduğu bu mənzərəni
reallaşdırmaq üçün hər şeyə
hazırdı. Sevgilisinə çatmaq üçün onun
iti kimi hürməyə də.
Elvin Adıgözəl qəhrəmanın
bu yaşantılarını inandırıcı boyalarla təqdim
edir. Aktyorluq potensialını ortaya qoyan Elvin bu mürəkkəb
obrazın öhdəsindən gəlməyi bacarır.
Tamaşaçı "Bir dəlinin xatirə dəftəri"
barədə düşünməyə məcbur olur.
"YUĞ" Dövlət
Teatrının və "ADARİ-FİLMS"
prodakşının da ən böyük istəyi budur. Qızıl
kimi vaxtını sərf edib teatra gələn
tamaşaçını düşündürə bilmək.
Düşünə bilən tamaşaçı
dünyanın hansı tərəfində yaşamasından
asılı olmayaraq "Bir dəlinin xatirə dəftəri"nə
ağıllı qiymət verməyi də bacaracaq.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2012.-7
aprel.-S.17.