"ÇİÇƏK
QİYAMI"
Salam, İslam Kəbirli!
Hərdən bir kitab rəfimin
qarşısında dayanıb
fikrə dalmağı,
mənə aftoqrafla bağışlanmış kitabları
və xüsusilə onların müəlliflərini
və bağışlanma
şəraitini yadıma
salmaq, xatırlamaq mənə xoş anlar yaşadır. Necə deyərlər,
ayrılıram bu dünyadan, qopub gedirəm dərddən-qəmdən,
pisliklərdən uzaqlara.
O yerə gedirəm ki, orada ancaq
söz var, söz adamı var, təbiət var. Mən də dururam onların sırasında, qoşuluram
onlara, birini dinləyirəm, o birisindən
sualıma cavab alıram...
Bu günlərdə
yenə dayanmışdım
kitab rəfinin qarşısında, yenə
həmin hissləri yaşayırdım. Birdən qeyri-ixtiyari
gözümü əl
boyda olan kitablar çəkdi.
O kitabların içərisində
diqqətimi həqiqətən
əl içi boyda olan narıncı
cildli, adı və müəllifinin adı qara hərflərlə
yazılmış bir
kitab çəkdi. Doğrusu, kitabın adından da, görkəmindən də
bir qəribə kədər, bir qəribə nisgil və bir az da fağırlıq
tökülürdü.
Kitabı əlimə aldım.
Əvvəl ön üz
qabığına, sonra
arxa üz qabığına baxdım.
Müəllifin şəkili də
çox qəribədi.
Orta məktəb illərini yadıma saldım. O
vaxtlar buraxılış
sinfinin məzunları
birlikdə bir yadigar fotoalbom düzəldərdilər. Hamının da şəkli bir dairə içərisində. O vaxtlar
mən fikirləşirdim
ki, bu dairə
əslində dünyadı
və biz də onun içərisində fırlananlardan biriyik. İndi şair dostumun şəkli də həmin o illəri də xatırlatdı, elə onun özünün
də fırlandığı
dünyanı da.
Kitabın ilk səhifəsində qəribə bir epiqraf çəkdi diqqətimi. "İslam Kəbirlinin 16 yaşında yazdığı
"Gəminin qız
kapitanı" şeiri
Azərbaycan poeziyasının
şedevrlərindəndi" Vaqif Bayatlı Odər. (Kitab
2003-cü ildə nəşr
olunub və o vaxtlar da Vaqif
bəyin imzası məhz oxuculara bu cür təqdim
edilirdi - Ə.M). Yadıma rəhmətlik
Nüsrət Kəsəmənlinin
də İslam Kəbirli ilə bağlı dediyi sözlər düşdü.
Beləcə, xatirələrin içərisində əl
boyda kitabın şeirlərini gözdən
keçirməyə başladım.
Cəmi
50 səhifədən və
iki fəsildən ibarət olan bu şeir kitabında
çox böyük söz dünyası misra-misra söykənib dayanmışdı bir-birinə.
Oxuduqca oxumaq və düşünmək istəyirsən.
Elə
ilk şeirdən başlayaq.
Şüşə
güzgülərin içindən
durub,
Durub hey özümə baxıram, Allah.
Bu dünya deyilən ömrün, sevginin,
Bir şüşə güzgüymüş axırı,
Allah.
Hə, doğrudan da
baxıb getdiyimiz bu dünya təkcə
pəncərə deyilmiş,
həm də güzgüymüş. Biz
oradan özümüzə
də baxırmışıq,
dünyaya da. Baxanda da görmüşük ki, dünyaya öncə söz gəldi.
Balam tək basdım bağrıma
Demədim yaddı, özgədi.
Söz ki, bir gözəl
ölümdü,
Söz ki, bir təmiz
güzgüdü...
Və yaxud:
Alışıb
od tutur,
yanır bədənim
Neynəyir bu qədər
qanı bədənim.
Allah, nələr
çəkir canım,
bədənim,
Üstündə bir başın
ağırlığında.
Bu yerdə
mərhum şair dostum Vaqif Cəfərli
də yadıma düşür. Onunla Beyləqanda
hər görüşümdə
mütləq söz-söhbət
hərlənib-fırlanıb İslam Kəbirliyə çatırdı. Onun
yaradıcılığından danışırdıq, qayğılarını
bölüşürdük, bir az da şair tənbəlliyini
dilə gətirirdik. Allahın verdiyi istedadı çox xəsisliklə sözə, şeirə çevirən İslamın
bu böyük dünyada öz balaca dünyasını necə qurduğunu və orada necə
yaşadığını bilə-bilə, anlaya-anlaya
özümüz də
istəmədən ona
irad tuturduq. Məqsədimiz də bu istedadın çəkilib
bir küncdə qalmaqdan qurtulması idi. Amma bizim cəhdlərimiz
çox vaxt nəticə vermirdi.
Ən yaxşı halda İslam cibindən çıxardığı balaca
dəftərçədən bir-iki şeir oxuyub aradan çıxardı.
Biz də gözləyərdik
ki, görək İslamın növbəti
şeirləri nə vaxt dünyaya gələcək. Nə
isə...
İslam Kəbirli yazır:
Bu yağan yağışdı, nədi,
Dağları keçdim bilmədim.
Mən ki, yetim böyümədim,
Böyütdü sevgilər məni.
Bunun ardınca isə sanki özü özünə
təsəlli verir:
Yandır səndə qalan xatirələri,
Yandır, heç olmasa
külünü ağla.
Sən Allah, mən adlı dərdi,
kədəri,
Sən Allah, mən adlı
ölünü ağla.
Əl boyda kitab
"Güzgü" şeiri ilə başlayıb,
"Daş" şeiri ilə başa çatır. Mən
bunu təsadüf saymıram. Mənə elə gəlir ki, o
daş güzgünü sındırmaq
üçündür. Sındırıb özünü,
dünyanı görməmək üçündür. Bəlkə
də belə deyil, mən belə düşündüyüm
üçün müəllifdən üzr istəyirəm.
Ancaq içimdən həqiqətən keçir ki,
düzü əyri göstərən güzgülər
mütləq daşlanıb sındırılmalıdır.
Elə əyrini düz göstərən güzgülər də.
O ki, qaldı daşa... Bu daş indi kiminsə sinəsindən
asılı... kiminsə məzarının üstündə
ucalır... Başqa birisinin silahına çevrilir və
bütövlükdə lap uzaq birisinin də özü
daş olur.
Ürəyində kin olmadı,
Vurmağa əlin olmadı,
Dinməyə dilin olmadı,
Divara hördülər səni.
Görürsünüzmü, elə
İslam Kəbirli də daşın dilsiz, əlsiz, kinsiz
olduğunu deyir və onunla təsəlli tapır ki,
daşı divara hörürlər. Məncə bu xoş təsəlli
ilə bu əl boyda kitabdan ayrılmağın məqamıdı.
Amma ürəkdə bu kitabın müəllifinin
yaşadığı sıxıntılar mənim
üçün sözün bütün mənalarında
daş kimi ağırlıq edir. Kaş bu
sıxıntılar da ya divara hörülsün, ya da əriyib
itsin...
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2012.-7
aprel.-S.16