...VƏ
BİR ÜRƏK!..
Belə bir yazı əvvəl-axır
qələmə alınacaqdı...
Nə yazacaqdım, haçan
yazacaqdım - bilmirəm, amma o yazının ilk cümlələrinə
hələ ötən ilin oktyabrından başlamalı
idim...
Türkiyənin Van zəlzələsinin
acılarından yenicə ovunub oyalandığı günlərdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə
Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb
Tayyib Ərdoğan İzmir şəhərində təməlqoyma,
açılış mərasimlərinə
qatılmışdılar.
Van zəlzələsinin
ağır günlərində Türkiyəyə doğma
qardaş köməyinə görə Azərbaycana
şükranlıq duyğularını yetirən hörmətli
Baş nazirin nitqindəki belə bir cümlə qəlbimi
titrətdi:
"Biz iki dövlət, bir millət
olduğumuz kimi, eyni zamanda, bir ürəyik"...
Nə gözəl!..
Elə səmimi, təbii, Azərbaycan-Türkiyə
vəhdətinin gerçək ruhuna o qədər uyğun səslənmişdi
ki, o gündən bəri həmin kəlmələr qəlbimdə
əks-səda verib, Azərbaycan-Türkiyə
doğmalığı xüsusunda içimdən keçən
əsintiləri kağız-qələmlə
bölüşməyə məni az qala hər gün borclu
çıxarıb...
"Siyasette muhabbet, hepsi yalan, palavra
Doğru sözü Kül tigin
kitabesinde ara!.."
Hüseyn Nihal Atsız
***
Nəzərlərim, ağ vərəqdə
naxışlanmış bir neçə sətrə dikilib,
elə bil bu naxışlar arasından bizi bir-birimizlə məhrəm
edən duyğuların izinə düşmək istəyirəm,
amma, bu duyğuların sözlə təsviri
mümkünmü?!
Görəsən,
necə olur, min illərdir, adamlar eyni soyun, dilin, inancın,
kültürün, ənənələrin
daşıyıcısı kimi doğulurlar, dünyanın rəngarəng
insan mənzərəsində eyni nəm-nişanla
başqalarından seçilirlər?! Niyə
həyat bu ilahi mizanda zərrə qədər
yanlışlığa yol vermir, məsələn, türk
ingilis, ingilis ərəb, ərəb alman kimi dünyaya gəlmir?!
Hələ ana bətnində
ikən fərdin konkret etnosa mənsubluğunu müəyyənləşdirən,
aradakı məsafələrə rəğmən, iki toplumu
həmrəy, iki könlü həmdəm edən hisslərin
adı nədir?! Bir yazar öz qələmi
ilə bu hisslərin tam mənzərəsini necə
canlandıra bilər?!
Niyyətim bu suallara cavab axtarmaq
deyil! Çətin sualların
cavabsızlığında yeni söz deyə biləcəyimi
də fərq etmirəm. Zamanında bu
suallara dövrün böyük zəka sahibləri cavab
arayıb, bu mövzuda bir-birindən gözəl, bir-birindən
tutumlu yazılar qələmə alınıb. Amma
bütün yazılar içində ən gözəl
yazı, Tanrının öz qüdrət qələmi ilə
iki müqəddəs kəlmədə yazdığı
Yazıdır: Azərbaycan-Türkiyə...
***
Hələ sovetlər
zamanında sərhədlərin o tayında sirli-sehrli bir
dünya vardı bizimçün. Səsini
ara-sıra şirin nəğmələrindən duyardıq,
başqa dillərə çevrilmiş filmlərinin təbii
qatından hərdənbir qulağımıza dəyən
doğma kəlmələrdən ürəyimiz isinərdi.
Bunca doğmalığının sirrinə o
zamanlar hələ tam vara bilmədiyimiz bu əlçatmaz
dünya bir xəyal aləmi idi. Rəşad Nuri Güntəkinin,
Orxan Kamalın, Zəki Mürənin, Müşərrəf
Akayın, Barış Mançonun səsi, sözü kimləri
çəkib aparmamışdı o xəyal
dünyasına...
...Bir də korifey sənətkarımız,
əziz deputat həmkarım Zeynəb xanımın sehrli səsindən
o illərdən bəri yaddaşımda qalmış bu
misra...
"...Mən gedirəm
İstanbula,
Bakı, səndə gözüm
qaldı!.."
Onda hələ nə
müstəqil dövlətimiz vardı, nə müstəqil
Azərbaycan dövlətinin xarici siyasəti vardı, nə də
SSRİ boyda nəhəng imperiyanın tərkib hissəsi olan
respublikazımızın əlahiddə dövlətçilik
maraqları.
Amma sərhədlərin
o tayında qəribə bir cazibə ilə ruhumuzu
özünə çəkən o dünya bizim
üçün onda da mövcud idi. O dünya nə rəngdə
idi, bilmirdik, şəhərləri, köyləri,
insanları necə idi, məlumatsızdıq, necə
yaşayırdılar, nə yeyib, nə içirdilər, xəbərimiz
belə yox idi.
Sovet ideologiyası
bizi o dünyanın dəyərlərinə nifrət ruhunda
böyütməyə çalışırdı, orada
kapitalizm vardı, bir sinif başqa bir sinfin əməyini
istismar edirdi, körpələr göz açmadan
ölürdülər orada, insanların çoxu
yazıb-oxumağı belə bacarmırdı. Lakin bu zəhərli
təbliğata rəğmən, o dünyanın şərqiləri
yenə sevgi saçırdı, kəlmələri bal dadırdı, əfsun dolu bir duyğu xəyallarımızı
ahənrüba kimi o dünyaya doğru çəkirdi və
bu xəyalların içində həm də bizi o
dünyadan ayıran siyasi sərhədlər haqqında
düşünmək nə qədər qüssəli idi,
onda...
Bu həsrətimiz
zamanın xoş olmayan bir qismət vədəsində bitdi.
İmperiya siyasətinin
"dinayrı qardaş" köynəyi altında əsrlərcə
bizə doğmalaşdırmağa cəhd göstərdiyi
ermənilər xristian dünyasının xeyir-duası ilə
əsl xislətlərini bir anda ortaya qoyub qanımıza
susayınca, yanımızda kimsəni yox, tarixin və taleyin
yüz illərcə ayrı saldığı əsl
doğmamızı gördük...
"Bu gün Sovetlər
Birliyi dostumuzdur, qonşumuzdur, müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız vardır. Fəqət
sabah nə olacağını bu gündən
kimcə kəsdirə bilməz. Eynən
Osmanlı kimi, Avstriya-Macarıstan kimi Sovetlər Birliyi də
parçalana bilər. Bu gün əlində
möhkəm tutduğu millətlər ovuclarından qaça
bilər. Dünyada yeni bir vəziyyət
yarana bilər. O zaman Türkiyə nə edəcəyini
bilməlidir…
Bizim bu dostumuzun idarəsində
dili bir, inancı bir, özü bir qardaşlarımız
vardır. Onlara sahib çıxmağa
hazır olmalıyıq. Hazır olmaq
yalnız o günü susub gözləmək deyildir. Hazırlanmaq lazımdır. Millətlər
buna necə hazırlanır? Mənəvi
körpülərini sağlam tutaraq. Dil
bir körpüdür. İnanc bir
körpüdür. Tarix bir
körpüdür. Köklərimizə
enməli və olayların böldüyü tariximizin
içində bütünləşməliyik. Onların bizə yaxınlaşmasını gözləməməliyik.
Bizim onlara yaxınlaşmamız gərəkli!.."
Azərbaycanın təklənmiş,
çarəsiz, kövrək vaxtlarında Qazi Mustafa Kamal
Atatürkün bu tövsiyəsini uca tutaraq Türkiyə
Xızır kimi yetişdi, əsrlərcə Avropanın
qorxulu röyasına çevrilmiş gücü, zəhmi ilə
Azərbaycana qəhmər çıxdı, üzləşdiyi
müsibətlərdən başı dərddən-dərdə
düşmüş doğmasına həyan oldu. Azərbaycan
o ağır anlarında Türkiyəyə sarıldı,
Mustafa Kamal Paşanın təbirincə desək, Türkiyə
və Azərbaycan olayların böldüyü ortaq bir tarixin
içində bütünləşdi...
Bu, adi bir pafos deyil, belə bir
tarixi ana 90-cı illərin əvvəllərində
televiziyada Türkiyə vətəndaşlarının Azərbaycana
dəstək çağırışlarını seyr edən
sıravi insanlarımızın, Azərbaycanın ucqar kəndlərində,
ömrü boyu sovet tərbiyəsi alıb bu quruluşa xidmət
etmiş ağsaqqalların, ağbirçəklərin
yaş dolu gözlərində şəxsən şahid
olmuşam...
İndi Azərbaycan və
Türkiyə münasibətləri haqqında yüzü
yüz söz danışar, ətlə dırnaq arasına girənin
son aqibətini tarixdəki ən "nəcib"
missiyasına çevirmiş kimsələr indi də Azərbaycan
Türkiyə münasibətlərinə xələl gətirməkdən
ötrü yorulmadan qələm çalar, bu məqsəd
uğrunda çeşid-çeşid yazılar yazılar, hər
kəs bu münasibətlərin fərqli mənzərəsini
yaratmağa çalışar. Amma mənimçün
Azərbaycan-Türkiyə münasibətlərinin gerçək
mənzərəsi illər öncə televiziyada o hiddətli
çağırışları səsləndirən
türk qardaş-bacılarımızla, bu dəstəyi riqqət
dolu göz yaşları içində qarşılayan Azərbaycan
insanlarının içində bütövləşib, bir
olduğu dəyərlərdir.
O dəyərlər hər
hansı siyasətlə bir araya sığmır, bu münasibətlərin
motivini, kökünü müəyyən etmək
üçün siyasət heç bir ölçü vahidinə
malik deyildir, bunlar bütün siyasətlərin fövqündədir.
Bu dəyərlər türk övladının
at belində doğulub Tanrıya tapındığı
ucsuz-bucaqsız çöldə, vaxtın və məkanın
hüdudlarından kənarda formalaşmışdır.
Siyasi oyunları
düzüb-qoşanlar, öz maraqları naminə
insanları, bütöv xalqları, dövlətləri
üz-üzə qoymaq istəyənlər günahkar bəndələrdir.
Azərbaycanla Türkiyəni bir-birinə
bağlayan dəyərlərsə bir atanın belindən, bir
ananın bətnindən gəlmiş, bir ocaqda
doğulmuş, bir soydan törəmiş insanlar
üçün Tanrının yazdığı xoş bir
alın yazısıdır.
Tanrının
yazdığını bəndə poza bilərmi heç?!
***
Nə vaxtsa ünlü Argentina
yazarı X.L.Borxesin belə bir fikri diqqətimi çəkmişdi:
"İnsan hər səhər doğulur, hər gecə
yenidən dünyasını dəyişir..."
Belə baxanda, hətta fərdin bu
günü dünəninin davamı deyil, axı insan hər
yeni günün içində yaşayır, öz
vaxtını onun ab-havasına, gözlənilməz
olaylarına uyğun qurur, bu dünyada hər kəs öz əməllərinə
görə cavabdehkən, bir nəslin tarixi keçmişinə,
atıb-atmadığı hansısa addımlarına görə
növbəti nəsillərdən necə hesab sormaq olar?!
Tarixi
insanlığın tarixi qədər saf və qudsal olan
Türk qövmünü indi uydurma
"soyqırımı" çamuruna bulaşdırmaq
mümkünmü?!
Aşırı millətçilik
kimi görünməsin, amma bizim də, Türkiyə
türklərinin də şanlı tarixində, misilsiz
kültüründə bir olduğumuz Türk başqa xəlq
olunmuşlara bənzəməz, Türk adi bir xalq deyil,
bütöv dəyərlər sistemidir, Tanrının
yaradıcılıq qüdrətinin bir toplum halında ifadəsidir,
Tanrı bu qövmü öz sevgisindən yaradıb,
Türkün qoca tarixdəki saysız-hesabsız hər
nişanəsində bu İlahi eşqin təcəllasını
görərsən.
Türkün qisməti dünyaya
sevgidir, bəşəri dəyərlərə
vurğunluqdur, hərdən nifrət hissimizin olmamasını
bir unutqanlıq suçu kimi üzümüzə vursaq da, bu,
əsla unutqanlıq deyil, sadəcə olaraq - Türk istəsə
belə - nifrət edə bilmir, düşmənçilik bəsləməyi
bacarmır, onun kitabında günahsız qan tökmək, bir
məsumun günahına girmək yox, hansısa millətə
qənim kəsilmək imkansız...
Bir zamanlar Doğudan-Batıya,
düzü-dünyanı tutmuş fatehlərimizi öz
yazılı tarixlərini yaratmadıqlarına görə hərdən
qınayırıq, amma fikrimcə, yazılı mənbələrə
həvəssizliyin özü belə, ulularımızın
dünyaya tükənməz sevgi hissindən irəli gəlib,
axı hər bir tarix, istər-istəməz həm də
xalqların hərb meydanında üz-üzə gəlməsidir,
qılıncların toqquşmasıdır, heç bir
Türk hökmdarı, yazılı tarixlə gələcək
nəsillər üçün başqa xalqlara hikkə, qəzəb,
nifrət buraxmaq istəməyib, əvəzində öz
şanlı tarixini bir-birindən gözəl məhəbbət
nəğmələrində, sazında-sözündə ifadə
edib.
Tarixə baş vuran hər kəs
özü buna şahid olacaq! Əgər kimlərisə
tarixdə baş verənlər maraqlandırırsa, qoy, bu
missiya tarixçilərə həvalə edilsin,
ayrı-ayrı dövrlərdə baş vermiş hadisələr
tarixçilər tərəfindən obyektiv
işıqlandırılsın, müxtəlif vasitələrlə
gələcək nəsillərə
çatdırılsın. Tarixə bu
cür yanaşmaq lazımdır.
TARİX insanın
qürurudur, fərəhidir, acısıdır, ona maraq
göstərən, onun hansısa bir parçasına əlini
toxunduran kəsin keçirdiyi qeyri-adi duyğulardır, gələcək
üçün aydın istiqamətdir, yeni nəslin
yaratdığı ənənələr üçün bələdçidir.
TARİX ondan ibrət dərsi
almaqdan, gələcək nəsilləri öyrətməkdən,
insanlara yol göstərməkdən ötrüdür,
onları mühakimə etmək üçün yox! Bir dəfə
də qeyd etdiyim kimi, tarix siyasi iddialara çevriləndə,
saxtalaşdırılanda, başqa xalqlara qarşı yönəldiləndə
qudsallığını itirir, eybəcərləşir, ali bir dəyərdən çirkin siyasi alət
səviyyəsinə düşür.
Dünyada müharibə
aparmayan, itkilər verməyən bir xalq göstərə bilərikmi?!
Tarixin sonrakı
dönəmlərində münasibətləri nizama salan,
qaynayıb-qarışan, birgəyaşayış
normaları çevrəsində öz gündəlik həyatını
sürdürməyə çalışan xalqlar indi
keçmişdə olub-bitənlərə görə
bir-birini məşhər ayağına çəksələr,
Yer üzündə nələr olar?!
Hansısa xalqa tarixlə istədiyi
kimi oynamaq üçün əlahiddə haqqı kim verib?!
Niyə dünya cəmi 20 il əvvəl ermənilər tərəfindən
azərbaycanlılara qarşı törədilmiş
Xocalı soyqırımı dəhşətinə kor olub,
guya yüz il əvvəl baş vermiş hansısa uydurma
hadisəni soyqırımı kimi isbat etməyə
çalışmalıdır?!
Əgər, bütün
bunların başlıca səbəbi xristian həmrəyliyidirsə,
axı bu cür əməllər İslam kimi xristian inancının
baxış bucağından da tam bir Allahsızlıqdır!..
***
...Bu qış Parisdən
eşidilən xoşagəlməz xəbərlərlə
başladı, dünyanın Sevgi və ətir paytaxtı bu
dəfə Ermənistanın illərdir dünyaya yaymaqdan
yorulub-usanmadığı qan və nifrət qoxusuna
büründü...
Fransa Milli Assambleyası uydurma erməni
soyqırımını inkar edənlərin cəzalandırılmasını
nəzərdə tutan qanun layihəsini qəbul etdi, bununla da əsrlərcə
tarixi saxtalaşdırmaqla məşğul olmuş ermənilərin
Xocalı soyqırımı qurbanlarının al qanı hələ
qurumamış qatil əllərindən yapışdı,
haqq söyləyən dilləri qanlı ovuclarla qapamağa, həqiqət
deyən ağızlara daş basmağa qalxdı...
Təəccüblənmədik, təəccüblənə
bilmədik...
Bütün bunlar, nə vaxtsa
öz həqiqətini qorxmadan dilə gətirdiyinə görə
Janna Darkın diri-diri odda yandırıldığı bir
torpaqda baş verdi...
Bu rəzalət zamanında bəşəriyyətə
maarifçilik, söz, ifadə azadlığı dərsi
vermiş Jan Jak Russonun, Volterin, Monteskyönün
respublikasında yaşandı...
Heyrətlənmədik...
Çoxumuzun ilk dəfə ölməz
Viktor Hüqonun "Səfillər" abidəsinin
dayandığı ucalıqda görüb məftun
olduğumuz bir məmləkət bəzi siyasilərinin
beş-on erməninin səsini qazanmasından ötrü
özünü həyatın dibində sürünən
işğalçı Ermənistanla bərabərləşdirmək
istədi...
Təəssüfləndik, neyləməli,
dünyanın gərdişi belədir...
Bizi təəccübləndirən
də, heyrətləndirən də, təəssüfləndirən
də başqa səbəblər oldu...
***
Bu gün Azərbaycan və
Türkiyə zamanın sərhədlərlə bir-birindən
ayırıb iraq saldığı türk
dünyasını ortaq keçmişdən ortaq gələcəyə
doğru aparan qoşa qanad misalıdır. Müasir
dünyada mənəvi-siyasi baxımdan bir-birinə bu qədər
yaxın olan başqa dövlətlərin mövcudluğunu təsəvvür
etmək belə çox çətindir. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, "...bəlkə
də dünyada ikinci belə ölkələr yoxdur ki,
bir-birinə bu qədər bağlı, bu qədər
yaxın olsunlar. Xoşbəxtliyimiz ondan
ibarətdir ki, biz tarixi ədalətə, keçmişimizə,
əcdadlarımızın vəsiyyətlərinə
sadiqik".
Azərbaycan öz müstəqilliyini
bərpa edəndən sonra 1991-ci il noyabrın
9-dan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlət
məhz Türkiyədir.
Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünün ilk günlərindən
Türkiyə Azərbaycanın beynəlxalq hüquq
normalarına uyğun haqlı tələblərini
ardıcıl şəkildə müdafiə etməkdədir.
Bu ölkə respublikamızın ərazi
bütövlüyünün və suveren
hüquqlarının təmin olunması üçün səylərini
heç zaman əsirgəməyib. Münaqişənin
həlli yolunu ancaq Azərbaycanın razılaşacağı
şərtlər çərçivəsində qəbul edəcəyini
bildirən Türkiyə münaqişə nizamlanana qədər
Ermənistanla diplomatik münasibətlər qurmayacağı
və iqtisadi əlaqələr yaratmayacağı barədə
öz qətiyyətli mövqeyindən dönməyəcəyini
dəfələrlə bəyan edib.
Türkiyənin bu
sözünü hansı çətinliklər hesabına
tutduğunu təsəvvürə gətirməkdən
ötrü, bir neçə il əvvəl
Sürix şəhərində məlum protokolların
imzalanması zamanı Türkiyə xarici işlər nazirinin
başının üzərini kəsdirib məkrli nəzərlərini
ümidlə onun qarşısındakı vərəqlərə
- Ermənistanın ac-yalavac durumdan xilas yoluna dikmiş siyasilərin
hiyləgər çöhrələrini xatırlamaq yetər.
Amma Türkiyə bu təhdidlər qarşısında yenə
öz qətiyyətini qoruyur, Azərbaycanın təklənib
qurdlar süfrəsinə çəkilməsinə təhəmmül
etmə
Azərbaycan-Türkiyə
münasibətləri bu gün bərabərhüquqluluğu,
qarşılıqlı-faydalılığı ilə hər
iki dövlətin siyasi, iqtisadi, mədəni, sosial, təhlükəsizlik
maraqlarına cavab verir. Bu münasibətlərin
sivil beynəlxalq münasibətlərə tam uyğunluğu
göz önündədir, aydın sezilir. Azərbaycan və Türkiyə beynəlxalq aləmdə
daim bir-birinin təəssübünü çəkir,
bir-birinin maraqlarını qoruyur, eyni zamanda bunu eyni millətə
mənsubluğun doğurduğu emosional hisslərlə yox,
beynəlxalq hüquq normalarına uyğun bir şəkildə
etməyə cəhd göstərir.
Türkiyə Qafqazlarda
özünün bütün addımlarını Azərbaycanın
köməkliyi və maraqlarının nəzərə
alınması ilə, Azərbaycan isə özünün Qərb
siyasətini eyni prinsiplə həyata keçirməyə
çalışır
Azərbaycan Türkiyə
üçün Qafqazlarda olduğu kimi, həm də Orta Asiya
və Xəzər bölgəsindəki digər dövlətlərlə,
xüsusən türk dövlətləri, İslam dininə mənsub
xalqlarla əlaqə üçün mühüm vasitədir
və ölkəmiz bu bağlantının təmin
olunması üçün səylərini əsirgəmir.
Azərbaycan Türkiyənin
dünyadakı siyasi, iqtisadi, mənəvi qüdrəti
üçün əlindən gələn hər şeyi
edir, çünki Türkiyə demək həm də Azərbaycan
demək, sevinci ilə də, acısı ilə də...
"Bu yaxınlarda
Türkiyə BMT Təhlükəsizlik Şurasında təmsil
olunurdu, indi Azərbaycan təmsil olunur. Ancaq
siz də bilirsiniz, biz də bilirik ki, bu yer bizim müştərək
yerimizdir". Azərbaycan-Türkiyə münasibətlərinin
gerçək mahiyyəti, Azərbaycan Prezidenti cənab
İlham Əliyevin Türkiyənin Baş nazirinə,
Türkiyə ictimaiyyəti nümayəndələrinə
xitabən söylədiyi bu kəlmələrdədir,
insanlarımızın içdən gələn bu səmimi
hisslərində, duyğularındadır...
Bu gün Azərbaycan
bayrağının dalğalandığı hər yerdə
Türkiyə var, Türkiyə bayrağının
dalğalandığı hər yerdə Azərbaycan...
"Eurovision"
mahnı müsabiqəsinin finalında Azərbaycanın tarixi
qələbə anlarını xatırladınızmı?!
Həmin anlarda izlədiyimiz maraqlı
"müqəddəs bir yanlış" Azərbaycan və
Türkiyənin dünya düzənində bir-biri
üçün nə demək olduğunu simvolizə edən
naxışa çevrildi, finalçılarımızdan biri
həyəcan içində arenaya Türkiyə
bayrağı ilə yüyürdü.
Azərbaycan bayrağının
arenaya Türkiyə bayrağının ardınca gəlməsi
Azərbaycanda kimsəni qısqandırmadı, kimsəni
narahat etmədi, əksinə, sevinc hissimizə daha bir
duyğu qatdı, sevincimizin hüdudlarını genişləndirdi,
çünki bu, həm də Türkiyənin zəfəri
idi...
***
"Bir millət -
iki dövlət" - böyük dövlət adamı Heydər
Əliyev özünəməxsus müdrikliklə hələ
illər öncə Azərbaycan - Türkiyə münasibətlərinin
dəqiq düsturunu belə müəyyənləşdirmişdi.
Yaxın keçmişimizdə bu tarixi şəxsiyyətin
türk dünyasının gələcəyi
üçün irəli sürdüyü ideyalar aradan
keçən zamanda bizi bir-birimizə daha sıx
bağlayır, birliyimizi sarsılmaz edir. Azərbaycan və
Türkiyə "Bakı-Tbilisi-Ceyhan",
"Bakı-Tbilisi-Ərzurum", "Bakı-Tbilisi-Qars",
"TransAnadolu qaz" kimi qlobal möcüzələrlə
bu gün dünyanın böyük bir coğrafiyasında əl-ələ
tutuşur, iki qardaşın birləşmiş əllərinin
yenilməzliyi, tarixin qədim çağlarında törətdiyi
hər qəbahət üstündə bu əllərin
şapalağını çox dadmış türk
düşmənlərini qayğılandırır.
Erməni
"soyqırımı"nı inkar
qanununun Fransada gündəmə gətirildiyi ilk günlərdən
Azərbaycan və Türkiyə bəlkə də
çağdaş tariximizdə ilk dəfə bu qardaş əllərin
birgə gücünü bütün reallığı ilə
nümayiş etdirməkdən çəkinmədi...
Parlamentlərimiz, millət vəkillərimiz,
diplomatik qurumlarımız, mediamız, qeyri-hökumət təşkilatlarımız,
vətəndaşlarımız, xaricdəki
soydaşlarımız, bir sözlə, bütün Türkiyə
və Azərbaycan birgə hərəkətə keçdi,
haqsızlığın, ədalətsizliyin,
Allahsızlığın üzərinə ilk dəfə bu
qədər güvənlə, birgəliklə
yürüdü...
Hər kəs bu qardaş əllərin
birlikdə nə qədər güclü olduğunu duydu, hiss
etdi, dost sevindi, düşmən təşvişə
düşdü...
Belə bir coşğuya, bərabərliyə
kölgə salmaq, xələl gətirmək, səfimizi
dağıtmağa səy göstərmək ancaq bu birgəlikdən
təlaşlanmış düşmənlərin və öz
içimizdə onların xidmətində dayananların
ağlına gələ bilərdi və əfsuslar olsun ki,
ötən karvanımızdan baxdığımızda həm
Türkiyədə, həm Azərbaycanda belələrinin də
səs-səsə verdiyini gördük...
Və bizi təəccübləndirən
də, təəssüfləndirən də, bax, bu oldu!..
Biriləri belə çətin məqamda
Azərbaycanın Fransa Senatının məlum addımına
qarşı Türkiyə ilə birgə gördüyü
işləri, rəsmi səviyyədə sərgilədiyi
prinsipial mövqeyi kənara qoyub, bunların əvəzində
Azərbaycan Prezidentindən Onun daşıdığı ali
vəzifənin məsuliyyəti, peşəkar diplomatik
üslubu üçün xarakterik olmayan emosional bəyanatlar
gözlədilər, buna səbirsizlənib, qələmlərini
qərəzlə, təxribat sevdası ilə itilədilər,
unutdular ki, Prezident Sözünün dəyəri onun öz məqamında,
öz tərzində deyilməsindədir!
Məqamında bu Söz, bir
zamanlar pivəxanalarında Hitlerin faşizm ideyalarını
cücərtdiyi bir şəhərdə, Azərbaycanın da
Misirin, Liviyanın, İraqın gününə düşməsini
arzulayanların bəd ağzına tərs sillə kimi səsləndi:
"Azərbaycanda müasir, sabit cəmiyyət var. Kimsə
Azərbaycanda Misirdə baş verən hadisələr kimi nə
isə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə
arzu edib-etməməyinizdən asılı olmayaraq, bunu
görməyəcəksiniz!.."
Məqamında bu Söz onu
eşitmək üçün Fransa senatorlarını
hüzuruna qədər gətirdi, digər həmkarlarından
fərqli olaraq ədalət hissini itirməmiş bu insanlara
Fransanın tutduğu yolun yanlışlığını,
demokratik dəyərlərlə bir araya
sığmadığını, Fransa kimi bir dövlətə
yaraşmadığını anlatdı.
Hər hansı isterik
davranışlara deyil, müasir dünyanın oyun
qaydalarına, əsl dövlət adamının peşəkar
diplomat səriştəsinə əsaslanan bu Sözün, Azərbaycan-Türkiyə
birgəliyinin, indi Fransanın məlum addımına sevinib,
bütün bunlardan həm də Azərbaycanla Türkiyənin
arasını vurmaq, beləliklə, bulanıq suda tutulmuş
balıqları bazara çıxarmaq üçün fürsət
gözləyən kəslərə hansı sürprizləri
hazırlayacağını indidən kimsə təxmin edə
bilməz...
Bu arada Türkiyədə
düşmən felinə uymuşlara ən tutarlı
cavabı sayın Ərdoğandan duyduq: "Mən son
günlər bəzi qəzetlərdən oxuyuram ki, Azərbaycan
Türkiyəyə dəstək vermir. Bəsdir, yetər! Bizə qardaş Azərbaycanın dəstəyi
lazımdır və bu dəstək var. İncidici ifadələr
işlətməkdənsə, birləşmək
lazımdır. Azərbaycan və
Türkiyədən olan millət vəkilləri
çalışacaqlar ki, Xocalı soyqırımı
bütün dünyada tanınsın. Bizim
düşmənlərimiz həmişə yetərincə
olub. Azərbaycan bizim qardaşımızdır və
qardaş çiyni həmişə bizimlədir..."
...26 fevral günü - Xocalı
soyqırımının 20-ci ildönümündə
Bakıda və İstanbulda keçirilən möhtəşəm
aksiya sevinci də, acısı da bir olan iki qardaşın
çiyin-çiyinə verib "Ya həddinizi biləcəksiniz,
ya da həddinizi bildirəcəyik!" deyə ədalətsizliyin,
haqsızlığın, Allahsızlığın üzərinə
yürüdüyü əzəmətli abidəsi idi...
...Və bu yürüşün
ilk addımından türk tarixinin yeni bir səhifəsi
başlanır!...
Fərqindəyik, yer üzü,
bir günün içində dəyişəsi deyil...
Əliqanlı insan qəssabları
tövbə qapısından gen gəzib öz cinayətlərini
davam etdirmək üçün bundan sonra da fürsət
axtaracaqlar...
Erməni yalanları yenə beynəlxalq
aləmdə, xarici ölkələrin parlamentlərində
acı toz-duman kimi dolaşıb zəhlə tökəcək...
Dünyanın tezliklə haqqa
tapınacağını, ədalətsizlikdən əl
çəkəcəyini də düşünməyə dəyməz...
Amma daha heç nə əskisi
kimi olmayacaq...
Bundan sonra haqqımızı
pozmağa, qürurumuza toxunmağa qalxan hər kəs
qarşısında çiyin-çiyin verib üzərinə
yeriyən Türkiyə və Azərbaycanı görəcək!
Biz bunu bacardıq və biz bunu yenə
bacaracağıq!
Türkiyədə də, Azərbaycanda
da indiyə qədər bu mövzuda min məzhəbə
qulluq edib düşmən ocağını körükləyənləri,
utanc hissini itirmişləri, öz istəklərini qəzet səhifələrində
sərgiləyənləri isə, qoy, Türkün
şanlı tarixi, Bilgə xaqanın Kül tigin
daşlarına qazılmış
çağırışı məyus etsin: "Türk bəyləri!
Eşidin! Üstdə göy basmasa, altda yer dəlinməsə,
sənin elini, sənin adətini kim poza bilər?
Sənə kim qalib gələ bilər? Ey
Türk milləti! Titrə və özünə dön! Sən
özünə dönəndə böyük olursan!.."
***
...Aman Allah, necə də möhtəşəm
səslənir: "...sən özünə dönəndə..."
Fevralın 26-da bütün
ruhumuzla duyub, yaşadıqlarımız - qüdrətli bir
Xalqın titrəyişi idi...
Meydanları və küçələri
silkələyən addımlar, hayqırtılar yenidən
bütövləşən, böyüyən BİR ÜRƏYİN
vaxtın ahəngi ilə sinxron döyüntüsü idi...
Bəli, Türkün özünə
dönüşü idi bu...
Dönüşümüz xeyir!
İmamverdi
İSMAYILOV,
Milli Məclisin deputatı
Ədalət.-2012.-10 aprel.-S.4.