İTALYAN OLAN İNGİLİS YAZIÇI

 

Mən inanıram ki, Tanrının yaratmaq, kəşflər etmək üçün göndərdiyi adamlar da Seçilmişlər sırasındadır. Onlar yalnız mənsub olduqları xalqın deyil, bəşəriyyətin övladları sayılırlar. Lakin mən onu da bilirəm ki, məhz "yaradıcı", "sənətkar", "söz adamı"... adını qazanmaq üçün min oyundan çıxan diletantlar da varbu cür insanlar müəyyən zaman kəsiyində hansı nədənlərə görəsə, heç olmasa mənsub olduqları cəmiyyətdə tanınmağı bacarıblar, lakin tarix onları sonradan unudub. Çünki belələri Allahın missiya verdiyi şəxslər yox, iddialrının əlində qalmışlar olublar. Dahilər, söz adamları, məşhurlar... isə kimsələrin bilmədiyi səbəblər üzündən mükafatlandırılmışlardı. Onlar məgər Tanrının verdiyi imkanlar, istedad hesabına Nizami, Füzuli, Şekspir, Van Qoq, Dostoyevski, Bethoven... olmadılarmı? Onlar dünyadakı insanlar üçün yaratmadılarmı?

     Əlbəttə, hər bir məsələdə müqayisələr olduğu kimi yaradıcılıqda da təbii bir müqayisə mövcuddur. Yəni, xüsusi misiya ilə gələnlərin hansı daha çox üzərinə düşəni layiqincə yerinə yetirə bilib? Məhz bu ampluada da dediyimiz müqayisələr və belə demək mümkünsə, şöhrət formalaşıb. Hətta bəziləri zamanında layiq olduğu qiyməti ala bilməsələr də...

 

   (Əvvəli qəzetin 3 aprel sayında)

 

   1922-ci ildə Rafael Sabatini vaxtıyla məşhur ingilis dəniz qulduru Henri Morqan haqqında oxuduğu faktlar əsasında özünün, eləcə də dünya ədəbiyyatının ən gözəl nümunələrindən birini - "Kapitan Bladın odisseyası"nı ərsəyə gətirdi. Öncədən demək lazımdır ki, əsər bəzi dillər istisna olmaqla dünyanın əksər dillərinə tərcümə edilərək, təkrar-təkrar nəşr olundu. Müəllif romanda tarixi mühitin, tarixi üslubun öndə durmasına çalışmasa da o dövrdəki hadisələri elə ustalıqla, elə dillə təsvirini vermişdir ki, oxucu bu böyük həcmli əsəri oxuyub başa çatdırmamış əlindən yerə qoymaq istəmir. Dediyim kimi, Sabatini tarixi əsərinə köçürməmişdir. Sabatininin Kapitan Bladı Henri Morqanın dublikatı, bəlkə də heç bənzəri də deyil. Çünki qəhrəman müəllif qələminin gücü ilə bütöv bir xarakter kimi oxucuya təqdim edilir. O, təhsillidir - tibb üzrə baklavrdı, ağıllıdır, mənəvi cəhətdən çox yetkinləşmiş insandır. Sevdiyi qız - Arabella uğrunda ölməyə belə hazır olan aşiqdir. Həm də necə olursa-olsun dostlarını darda qoymayan cəsur, təhlükələrdən adlamağı bacaran bir kapitandır.

   Romanın ən çox diqqət çəkən cəhətlərindən biri də budur ki, əsər elə ilk fəsillərdən oxucunu inandırır ki, irəlidə daha maraqlı hadisələrin şahidi olacaq. Mən romanı oxuyanda (rus dilindəki nəşrini) əsərin məhz bu cəhəti ilk olaraq diqqətimi çəkmişdi. Yazıçı bir neçə ildən sonra hadisələrin davamı olan ikinci romanı "Kapitan Bladın xronikası"nı yazdı. Bütövlükdə romandakı obrazlar daha çox orta əsrlərin insanlarını xatırladır. Bir sıra tənqidçilər bu əsərdə mürəkkəb xarakterlərin olmadığını, müəllifin mühitə yazıçı münasibətinin göstərmədiyini, daha çox macəraçılığa üstünlük verdiyini iddia edərək ona tənqidi yanaşmışlar. Amma mənə elə gəlir ki, bu cür qiymətləndirmələr doğru deyil. Çünki Rafael Sabatini kimin nə münasibət bəsləməsindən asılı olmayaraq məhz özünəməxsus üslubu ilə dünya səviyyəli əsər yaratdığını sübut etdi. Əslində Sabatini macəra ədəbiyyatının mövcud "daşlaşmış" ənənələrindən fərqli olaraq hadisələri şişirdilməmiş, inandırıcı şəkildə yazmaqla digər müəlliflərdən müsbət mənada fərqlənir. O həm də tarixi macəraçılığın yeni ənənəsini yaratdı. Yəni o, realist ədəbiyyatın şedevrləri sayılan - B. Şou, C. Qolsuorsi... kimi olmasa da öz düşündüyü həqiqətləri oxucuya təqdim etməyə nail olan bir yazıçıdır.

   "Kapitan Bladın odisseyası" əsərinin ardınca yazıçının "Tale tərəfindən aldadılmışlar" (1923), "Karolinli" (1924), "Biçin", "Müstəbid" (1925), "Bellarion" (1926), "Korbalyanın evlənməsi", "Tanrının itləri" (1928), "Romantik prins" (1929), "Kralın istəklisi" (1930)... əsərlərini yazdı. Və biri-birindən maraqlı bu kitablarıyla bir daha sübut etdi ki, onun uğuru mövsümü deyil. Bir çoxları boş yerə Sabatinini "ingilislərin Balzakı" adlandırmırdı.   

 

   FƏLAKƏTİN GƏTİRDİYİ DEPRESİYA

 

   Yeri gəlmişkən bir fakt haqqında da bəhs etmək vacibdir. Yazıçıya məhz bu illərə təsadüf edən çox böyük bir fəlakət üz verdi. Belə ki, Rafael Sabatinin yeganə oğlu 1927-ci ildə təsadüfən avtomobil qəzasına uğradı və faciəli şəkildə həlak oldu. Bu yazıçı üçün sözlə ifadə olunmayacaq dərəcədə ağır bir itki idi. Elə bir itki idi ki, o bundan sonra çox uzun illər özünə gələ bilmədi. Hətta həmin hadisədən sonra o uzun müddət depressiv vəziyyətdə yaşadı. Psixikasında dəyişikliklər yarandı. Bunlar azmış kimi ailəsində - arvadı ilə də problemləri üzə çıxdı. Və bu o qədər dərinləşdi ki, nəhayətdə onlar ayrılmalı oldular. 

   Yazıçı həmin dövrlərdə həyatın "kədər burulğanı" deyilən nöqtəsindəydi. Onun özünə gəlməsi üçün təsirli istirahət, sakitlik, hər hansı bir stresdən uzaq olan mühit lazım idi. O, İngiltərə ilə Uelsin sərhəddi yaxınlığında, sakit bir yerdə, təbiətin qoynunda bir ev aldı. Özü də yazıçı balıq tutmağı çox sevdiyindən evi elə yerdə seçmişdi ki, yaxınlıqdan çay da axırdı. Və Sabatini uzun müddətə burada qaldı. Amma həyatın işlərini bilmək olmur. Həqiqətən də yazıçının sürdüyü bu sakit həyat tərzi ona yaxşı təsir etmişdi. Artıq həyatın gözəllikləri barədə də düşünməyə başlamışdı. Oğlunun ölümündən səkkiz il sonra - 1935-ci ildə Rafael Sabatini ikinci dəfə evləndi. Və müharibə illərini çıxmaq şərtiylə arvadı ilə birgə hər il İsveçrədəki Adelbodenə xizək sürməyə gedirdi. Amma onu da qeyd etmək lazımdı ki, onun psixoloji cəhətdən özünə gəlməsində sakit həyat tərziylə yanaşı yaradıcılıq da çox kömək göstərmişdi. O, qələmindən də ayrılmamışdı.

 

   YAZIÇININ FAVORİT SAYDIĞI MÖVZULAR...

 

   Rafael Sabatinin yaradıcılığında daha bir diqqətə çəkən məqam var ki, bu da onun öz yaradıcılığına təkrar-təkrar qayıtmasıdır. Belə ki, o, artıq dünyada şöhrət qazanmış bir sıra əsərlərinə yenidən qayıdaraq onları davam etdirmişdir. Və burada ən çox təqdirəlayiq cəhət odur ki, müəllif həmin kitablarda qazandığı ilk uğura xələl gətirməmiş, əksinə onları daha da oxunaqlı etmişdir. Maraqlıdır, oxucu həmin kitabları oxuyarkən hiss etmir ki, əsərin hissələri uzun müddətli fasilələrdən sonra yazılıb. Xüsusilə onun "Skaramuş", "Kapitan Bladın odisseyası"... romanları. Qeyd edim ki, Rafael Sabatini sevimli əsərlərinə yenidən qayıtmaqla 1931-ci ildə "Skaramuşun qayıtması", 1931-ci ildə "Kapitan Bladın xronikası" və 1936-cı ildə "Kapitan Bladın uğurları", romanlarını yazdı. Və vurğulamaq lazımdır ki, əsərlərin davamları da böyük uğur qazandı. Əslində yazıçı müsahibələrinin birində dolayısı ilə olsa da özünün daha favorit saydığı mövzularını etiraf etmişdi.

   Sabatini ona ünvanlanan "Özünüzün hansı romanını Siz ən yaxşısı hesab edirsiniz?" sualına belə cavab vermişdi:

   - Mən həmişə düşünmüşəm ki, ən yaxşı romanlarım axırıncı yazdıqlarımdır. Bu bir qədər hərfi mənada qəbul edilməsin. Mən makina yazılarıma və faktların təhkiyəsinə baxanda onları elə köhnəlmiş görürəm ki, nəşr edilmiş varianta uyğun gəlmirlər. Yox, əgər mənim sevimli romanımdan söhbət gedirsə, bu "Skaramuş"dur. Skaramuş mənim Kolumbum olub və bu əsər yəqin ki, məndə o minnətdarlığı yaradıb. O mənim üçün Amerikanı açıb.

 

  ƏSƏRLƏRİN EKRAN HƏYATI

 

   Əslində həqiqətən də yazıçının bir sıra romanları, xüsusən də "Skaramuş" və "Kapitan Bladın odisseyası" romanları okeanın o tayında çap edildikdən sonra, həm şəxsi həyatında, həm də yazıçı kimi yaradıcılığında dəyişikliklər baş verdi. Əsərləri ilə rejissorlar maraqlanmağa başladılar. İlk dəfə 1935-ci ildə məşhur amerikan kinorejissoru Maykl Kertits onun "Kapitan Bladın odisseyası" əsərini ekranlaşdırdı və film müəlliflərə inanılmaz şöhrət gətirdi. Bundan başqa, yazıçının gəliri də böyüdü və demək olar ki, maddi cəhətdən təmin olunmuş bir yazıçıya çevrildi. Əslində rejissorlar onun əsərlərinə bir dəfə müraciət etməyiblər. Maykl Kertitsin müvəffəqiyyətindən sonra bir-birinin ardınca onun bir neçə kitabı da ekranlaşdırılaraq yazıçıya daha böyük populyarlıq və para gətirdi. Əslində Sabatinin yaradıcılığının rəngarəngliyi bunlarla da bitmirdi. Onun səhnə üçün yazdığı pyesləri də romanları kimi tamaşaçıların ürəklərini fəth etdi. Amma müəllif bu janra uzun müddət müraciət etməyib. Belə ki, Sabatnini təxminən 7-8 pyes yazıb.

   İkinci Dünya Müharibəsi ərəfəsində Rafael Sabatinin səhhətində problemlər yarandı. Elə bu üzdən də o əvvəlki kimi məhsuldar yazmağı bacarmırdı. Əslində onun yaradıcılığının həmin dövrlərinə nəzər salsaq deyə bilərik ki, yazıçı demək olar ki, yalnız bir roman və bir sıra hekayələr yazmışdır: 1949-cu ildə çapdan çıxan yalnız "Oyunçu" romanı, bir də 1950-ci ildə nəşr edilən hekayələr toplusu var. Amma onun sağlıq durumu heç də təkcə yaradıcılığını əngəlləməmişdi. Səhhəti daha sürətlə pisləşirdi. Yazıçı birinci dəfə onun sağalmasına böyük köməklik etmiş səyahətini bir də təkrarlamaq qərarına gəldi. Ağır vəziyyətdə olsa da İsveçrəyə yollandı. Amma xəstəlik və yaş artıq öz sözünü deməkdəydi. Hətta yataqda belə yazmaq üçün əlinə qələm alsa da bunu bacarmırdı.

 

   ÖMRÜN BİTDİYİ GÜN...

 

   Soyuq qış günlərinin biri idi. Fevral ayının 13-ü. Bütün ömrünü qələmə verərək bir-birindən maraqlı əsərlər yazan, adını Avropanın romançıları sırasına həkk edən, yaratdığı obrazlar kitablarında, ekranlarda, insanların yaddaşında yaşayan Rafael Sabatini 75 il əvvəl gəldiyi bu dünyanı tərk etdi. Onu çox sevdiyi Adelbodendə dəfn etdilər. Həmişə kitablarının üzərində yer alan adı bu dəfə baş-daşına yazıldı.

 

 

  BABƏK YUSİFOĞLU

  babek-yusifoqlu@mail.ru

 

 Ədalət.-2012.-10 aprel.- S.5.