Məryəm Əlizadə: "Dünyada yeni aktyor tipi yaranmaqdadır"

 

   Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov və sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə Polşada keçirilən Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasının XXVI Konqresində iştirak edib. Konqresdə Azərbaycan rəsmi şəkildə Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub. Qurumun yeni yaranmış Azərbaycan şöbəsinə rəhbərlik etmək üçün professor Məryəm Əlizadənin üzvlüyü təsdiqlənib. Qarşıdan həm də Məryəm Əlizadənin doğum günü gəlir. Onunla teatrımız barədə söhbət etmək üçün fürsət axtarırdım, bu iki fakt bəhanə oldu.

   -Assosiasiya 50 ildən artıqdır fəaliyyət göstərir, rəsmi dili ingilis və fransız dilidir. Əsas məram teatr tənqidini təbliğ etmək, dünya teatrları arasında ünsiyyət yaratmaqdır. Təşkilat dünyanın 58 ölkəsində təmsil olunur. Mişel Vayes 14 ildir ki, assosiasiyanın baş katibidir. Prezident koreyalıdır. 2006-cı ildən bu təşkilat ən fəal teatr tənqidçisinə "Meduza" mükafatı verir. Bu dəfə mükafat hindistanlı teatr tənqidçisinə verildi. Azərbaycan assosiasiyanın işində ilk dəfə iştirak edib üzv seçildi. Nüfuzlu teatr tənqidçilərinin çıxışları oldu. Amerikadan, Çindən, Kanadadan, Yaponiyadan, Fransa, Belçikadan teatr tənqidçiləri öz münasibətlərini bildirirdilər.

   -Azərbaycan təmsilçiləri çıxış etmədilər?

   -Yox, ilk dəfə iştirak etdiyimiz və üzv olduğumuz üçün çıxışçılar siyahısına salınmamışdıq. Növbəti dəfə Çində keçiriləcək konqresdə Azərbaycan teatrşünaslarının da çıxışı olacaq.

   -Bu assosiasiyanın işi dünya teatr prosesinə nə dərəcədə təsir göstərir?

   -Dünya teatr tənqidçiləri çox maraqlı çıxışlar etdilər. Onların danışdıqları işlər monitorda həm də nümayiş olunurdu. Hansı teatrlardan, hansı rejissor və aktyordan danışılırdısa, onların işləri video təsvirlərdə təqdim olunurdu. Onları gördükcə qəribə hisslər keçirirdim. Gördüklərim və yeni teatr estetikası kimi təqdim olunan o işləri Vaqif İbrahimoğlu çoxdan Azərbaycanda eləyib. "Kafkadan salam", "O, məni sevir" və bir çox tamaşalarında Vaqif Avropanı qabaqlayıbmış. Çox kədərləndim ki, bir az da yaşasaydı, Vaqif bu gün dünyaya çıxış imkanlarından faydalanıb Azərbaycan teatrını, özünü bir rejissor kimi dünyaya tanıdardı. Göstərərdi ki, siz bu gün etmək istədikləriniz Azərbaycan teatrında "Yuğ"un timsalında var, neçə illərdir mövcuddur.

   Teatr tənqidinə bu gün çox böyük əhəmiyyət verirlər. Teatr biliciləri teatr prosesini teatr tənqidi olmadan mümkünsüz hesab edirlər. Teatr tənqidində gedən ixtisaslaşmanı səmərəli hesab edirlər. Həm səhnəqrafiya, həm rejissor və aktyor işi, dramaturgiya problemlərini araşdıran çox dəyərli tədqiqatlar var. Xüsusilə aktyor oyununda müşahidə edilən dəyişikliklər müzakirəyə geniş yer verdi. Hazırda dünyanın teatr səhnəsində yeni aktyor tipi yaranmaqdadır. Aktyor yaradıcı mənini oyun prinsipləri ilə birlikdə təqdim etmək iddiasındadır. Bu iddia əsassız deyil. Proqnoz vermək olar ki, aktyorluq bir sənət növü kimi teatr sənətində itirdiyi hegemonluğu qaytarmağa yaxındır. Aktyor sənəti teatr tənqidi tərəfdən xüsusi münasibət tələb edir. Dünya teatr prosesində müşahidə edilən stereotiplərlə yeniliyin mübarizəsi diqqəti cəlb edir. Söylənildi ki, teatr tənqidinin bu prosesdə mövqeyi birmənalı olaraq belədir-obyektivlik və professionallıq əsas meyar olmalıdır. 

   Biz teatr tənqidinə bu gün çox da müsbət münasibət bəsləmirik. Həmin məclisdə iştirakımdan anladım ki, bu münasibətin kökündə duran odur ki, Sovet dövründə teatrdan və teatr tənqidindən ideoloji məqsədlər üçün istifadə edilib.

   -Tənqid lazımdır, eləmi?

   -Obyektiv, qərəzsiz tənqid labüddür, bu da teatrın inkişafına xidmət edir. Tənqid qamçılamaq deyil, təhlildir. Bu baxımdan son vaxtlar yaxşı yazılar, monoqrafiyalar var. Az saydadır. Amma var. Niyə? Çünki teatr sənəti son dərəcə mürəkkəb bir sənətdir, həm yaradıcılıqdır, həm elmdir. Bütün dünyada bu peşə ilə məşğul olanlar barmaqla sayılır.

   -Dünya teatrında başqa hansı proseslər gedir? Stanislavski məktəbinin dünya teatr məkanında nə dərəcədə yeri var?

   - Dinlədiyimiz məruzələrdə "Teatr teatr məkanından kənarda" mövzusuna da yer ayrılmışdı. Küçə teatrları, bizim üçün ənənəvi olmayan digər formalar geniş yayılıb. Tamaşa açıq havada suyun üzərində qurulur. Eksperimental teatrlar çox böyük, maraqlı işlər görürlər. Tamaşaçı ilə sonsuz ünsiyyətə girən tamaşalar hazırlanır, biz buna Azərbaycanda hələ rast gəlməmişik. Sözün az olması, plastika bolluğu yenə mənə "Yuğ"un poetikasını xatırlatdı. "Faustun metamorfozası" adlı tamaşa su üzərində çox fantastik bir yozum idi. Bir çox yozumlar fərdlərin arasındakı iç konfliktlərindən danışır və böyük maraq yaradır. Yəni mənfi ilə müsbətin yox, fərdlərin mübarizəsi zamanın tələbi olub.

   -Dünya teatrları ilə müqayisədə Azərbaycan teatrı hansı yerdədir?   

   -Müqayisəyə çətinlik çəkirəm, ona görə yox ki, bu barədə fikrim yoxdur. Yox, müqayisə etmək özü düzgün deyil. Niyə? Çünki bizə heç də bu gün Avropa, dünya teatrlarını yamsılamaq, götürüb Azərbaycan teatr məkanına köçürmək lazım deyil. Misal gətirim, Barşava teatrının bir tamaşasına baxdıq - "Teorema T". Bizim üçün ənənəvi olmayan mövzu idi, eynicinslərin münasibətləri. Bu, onların öz həyatıdır ki, teatrlarında güzgüləyirlər. Biz də öz həyatımızı güzgüləməliyik. İlk növbədə öz tamaşaçımız üçün teatrımızın səviyyəsini qaldırsaq, Avropa üçün də maraqlı olacağıq. Milli keyfiyyətlərimizdən imtina etməməliyik, onda dünyaya maraqlı olarıq. Tələb odur ki, peşəkarlığı yüksəltməliyik.

   "Teorema T" bizim mövzumuz deyildi, amma ürək ağrısı ilə çıxdıq tamaşadan. İnsan faciəsi o qədər peşəkarlıqla verilmişdi ki, təsirlənməyə bilmirsən. Biz də öz mövzumuzu- insan taleyi üstündə peşəkarlıqla verməliyik. Avropa bu gün Şekspirdən imtina etməyib, o da var, bu da var. Azərbaycan teatrı da bu gün bu istiqamətdə addımlar atır, yaxında nəticələr görünəcək. Milli Dram Teatrında Elçinin "Şekspir" əsərinə quruluş verən moldavan rejissor Petro Avropada tanınan rejissor imiş. "Şekspir"ə də gözəl quruluş verib. O tamaşanı Avropaya çıxartmaq olar. İnteqrasiya budur. Azərbaycan teatrları dünya səhnələrində çıxış etməsə, necə tanınar?

   -Klassika ilə bağlı fərqli fikirlər var. Kimisi deyir eyni əsərin eyni quruluşuna nə qədər baxmaq olar, yenilik gətirilməlidir. Bir qisim tamaşaçı isə deyir klassikaya toxunmaq olmaz.

   -Bu məsələ hələ 70-ci illərdə geniş müzakirə olunmuşdu. Teatr tənqidçiləri o vaxt son qərar verdilər ki, klassika muzey eksponatı deyil. Hər bir rejissor hər bir klassik əsərə sərbəstcəsinə öz yozumunu öz prizmasından, öz zamanının prizmasından verə bilər, hətta lazımdır ki, versin. Yenə Vaqif İbrahimoğlu yadıma düşdü. Neçə illər bundan qabaq Vaqif İbrahimoğlunun quruluşunda Çexovun "Albalı bağı" əsərinin ""1-ci akt" tamaşasına baxdıq. Tamaşaya Moskvadan tənqidçilər gəlib baxdılar və heyrətə gəldilər ki, bir azərbaycanlı rejissorun ağlına belə quruluş necə gəlib? Dedilər ki, yəqin Çexovun ruhu şad oldu, çünki siz ona yeni nəfəs verdiniz.

   -İştirak etdiyiniz konqresə qayıdaq, çünki bu, kiçik hadisə deyil...

   -Əlbəttə, bunun üçün Mədəniyyət və Turizm nazirliyi böyük işlər gördü. Azərbaycan teatrının dünyaya inteqrasiyası bizim ölkənin iqtisadi durumundan çox asılıdır. İnanıram ki, bu, olacaq, çünki dövlətimiz, ölkəmiz inkişaf edir. Azərbaycan teatrının yolu düzgündür, teatrlarımızda yaxşı tamaşalar var. Tələbimiz peşəkarlığı yüksəltməkdir.

  

 

   Ramilə Qurbanlı

 

   Ədalət.-2012.-11 aprel.- S.8.