"HEÇ KİM GÜLLƏLƏNMƏSİN..."
Bunu Nərimanov qəti şəkildə
tələb etdi
Azərbaycanı
başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər.
İşlərlə tanış olduqdan sonra, mən İnqilab Komitəsinin Rəyasət Heyətinin iclasını təyin etdim və o zaman faktiki olaraq hər şeyi idarə edən Semyon Pankratovu dəvət etdim. Mən belə bir məsələ qoydum ki, İnqilab Komitəsinin sanksiyası olmadan heç kim güllələnməsin.
Mirzə Davud
Hüseynov və Əlhedər Qarayev bunun əleyhinə
çıxdılar. Beləliklə, hər şey əvvəlki
kimi davam edirdi..
Bütün bunların müəllifi,
onlardan daha ağıllı olduğu üçün A.Mikayan
sayılır. Çevriliş baş verdikdən sonra A.Mikayan
dedi: "Biz Nərimanovu İnqilab Komitəsinin sədri
seçərik və onu elə mühasirəyə alarıq
ki, o çox da öz nüfuzundan istifadə edə bilməsin,
o bizim təsirimiz altında olsun".
Nəriman Nərimanov "Ucqarlarda
inqilabımızın tarixinə dair" (İ.V.Stalinə məktub).
Kitabı, səh. 17-26-da
Nahardan bir az keçmiş Azərbaycan
Xalq Komissarı Soveti sədri Nəriman Nərimanovun qəbuluna
XI ordu siyasi idarəsinin xüsusi şöbə rəisi
Semyon Pankratov gəldi. Boz üzlü qovluğu açıb
böyük bir siyahını sədrin stolun üstünə
qoydu. Nərimanov: "Bu nə siyahıdır?" - deyə,
soruşanda Pankratov:
- Bunlar, - dedi, - fəhlə və
kəndli düşmənlərinin ad və sayıdır. Tanış
ola bilərsiniz, hər biri dindirilib, onlardan izahat
alınıb. Sübut olunub ki, bunların hamısı
güllələnməlidir.
Siyahını vərəqləyən
İnqilab Komitəsinin sədri təəccüblə yenidən
birinci səhifədəki Adjibekov Uzeir bek Abdulquseyn oğlunun
adını bərkdən oxuyub, əsəbi halda dedi:
- Hacıbəyov soyadını
düz yazmamasınız. Baxıram, burda nə az, nə də
çox 99 azərbaycanlı ziyalısının və hərbiçilərinin
qətlinə fərman vermisiniz. Axı. nəyə görə,
bunlar hansı əməllərinə görə güllələnməlidirlər?!
Bu qədər də xalq düşməni olar?
Pankratov etiraz etdi:
- Hələ bunlar hamısı
deyil. Yaxın günlərdə daha böyük siyahı
olacaq. Samur körpüsündə, Biləcəridə
qabağımıza çıxıb bizə güllə
atanları da həbs etmişik. İndi onların dindirilmə
istintaqı gedir. Bu 99 nəfərin dindirilmə protokolları
bizim idarədədir. Onları gətirmədim, ağır
yükdür. Ancaq təsdiq olunmuş siyahını sizə təqdim
etmişəm.
- Yoldaş xüsusi şöbə
rəisi, mən sizdən yenə soruşuram: bu 99 adamın
günahı nədir?
Yerində dikələn Pankratov həyasızcasına
dedi:
- Axı, mən sizə dedim ki, onlar burjuydurlar...
Yoldaş Nərimanov, siz məhz kimi soruşursunuz?
- Elə birinci şəxsi
Hacıbəyovu, ya da general Mehmandarovu, Şixlinskini, Xosrov bəy
Sultanovu, Mahmudbəyov qardaşlarını, hansı birini
deyim?..
- Generallar müsavat vaxtı hərbi
nazirliyə rəhbərlik edəndə bizə, Rusiyaya
qarşı silah qaldırıblar. Bakıda fəaliyyətdə
olan bizim kommunistləri həbs ediblər. Hacıbəyov isə
yazdığı felyetonlarında biz rusları lağa qoyub. Mənə
qəzet gətirdilər, oxuyub tərcümə etdilər.
Hacıbəyovun orada çoxlu məqaləsi dərc olunub.
Rusiyadakı bolşevik hökumətini ələ salıb
gülür. O, yazır ki, Lenin hökuməti ilə
keçmiş Nikolay hökuməti arasında heç bir təfavüt
yoxdur. İkisi də bir benzin qırağıdır. Mən qəlbən
rusun düşməniyəm. Türkçülüyə rəğbətim
isə əbədidir. Yoldaş Nərimanov, o hətta, Azərbaycanın
sadiq bolşeviki Əlhedər Qarayev yoldaşı da lağa
qoyur.
- Siz bilirsinizmi felyeton janrı nədir,
necə yazılır? Felyeton ona görə yazılır ki,
insanın qüsurunu üzünə desin, səhvi olanı
adamı düz yola qaytarsın. Görünür, yoldaş
Qarayevin də haradasa səhvi olub. Burda cinayət tərkibli
heç nə yoxdur. Yoldaş Hacıbəyov sağlam ruhlu
ziyalıdır. Mən onu yaxşı tanıyıram. O ki,
qaldı generallara, onlar hərbi nazir və müavin vəzifəsinə
ona görə qoyulmuşdurlar ki, Vətəni qorusunlar. Bu,
onların vəzifə, vətəndaşlıq borcu idi. Onlar
qaçaq-quldur deyildilər...
- Hansı vətəni?.. Bu
generallar bizim Azərbaycanda qurduğumuz bolşevik hökumətini
sevmirlər. Dindirilmə vaxtı bunu özləri etiraf etdilər.
Məsələn, general Şıxlinski "Hansı siyasi
partiyanın və ya inqilabın mənafeyini müdafiə
edirsiniz?" sualına cavab verdi ki, hər bir inqilaba əks
inqilab kimi yanaşıram, heç vaxt belə şeylərə
qoşulmamışam, keçmişdə də
qoşulmazdım...
Onun naziri Mehmandarov isə həmin
suala belə cavab verdi:
- Bütün ömrüm boyu mən
hər cür siyasətdən uzaq olmuşam.
Görürsünüzmü,
yoldaş Nərimanov, hər ikisi bizim inqilabı təhqir
edir, zəhmətimizi qiymətləndirmir. Bizim gətirdiyimiz
azadlığı...
Nəriman Nərimanov:
- Bir dəqiqə dayanın. Onlar
düz fikirləşir və düz də cavab veriblər, -
dedi. - Ona görə ki, onlar hərbiçidirlər. Axı,
bunu siz bilməlisiniz. Hərbiçi, paqon gəzdirən
şəxs heç bir cəmiyyətin, partiyanın
üzvü ola bilməz. Bu barədə hərbi nizamnamədə
xüsusi qeyd olunub. Mənə verilən məlumata görə
siz keçmişdə hərbi dəniz qüvvələrində
xidmətdə olmusunuz. Matrossunuz. Elədir?
Pankratov şəstlətlə:
- Bəli, - deyə cavab verdi. -
Odessada xidmətdə olmuşam...
Dərhal susdu. Az qaldı desin ki,
ağqvardiyaçıyam. Çünki Qırmızı orduya
gələnə qədər həmişə, hər yerdə
ağqvardiyaçı olmağı ilə fəxr edirdi.
Ağqvardiyaçılar Rusiya ərazisindən qovulandan sonra
o, fürsət tapıb bolşevik ordusuna soxulmuşdu. Bunu
orduda çox az adam bilirdi
- Semyon Andreyeviç, sizin generallar
haqqında dediyiniz iradlar həqiqətdən çox ara
söhbətlərinə oxşayır. Daha doğrusu,
qarayaxmadır - deyən Nərimanov az qaldı soruşsun ki, sən
hansı yuvanın quşusan?
- Siz bilirsinizmi, iki il əvvəl
Azərbaycan adlı məmləkəti daşnaklardan qoruyan elə
bu generallar olublar? Əgər ay yarım bundan əvvəl gələn
bolşevik hökuməti bu qədər ziyalının və
hərbçinin qətlinə fərman verirsə, özü
də dəlilsiz-sübutsuz, onda bizim fəhlə-kəndli
hökuməti xalqın məhəbbətini necə qazana bilər?
Məlum olur ki, mən Azərbaycana gələnə qədər
də xeyli adamı güllələmisiniz. Ona görə də
mən belə bir ciddi məsələ qoydum ki, İnqilab
Komitəsinin sanksiyası olmadan heç kim güllələnməsin.
- Onda Azərbaycanda bolşevik
hökumətini qurmaq bizə çox çətin olacaq,
yoldaş Nərimanov.
- Biz Sovet hökumətini qanla,
silahla yox, təbliğatla, xalqa yeni hökumətin nüfuzunu
başa salmaqla qura bilərik. Respublikada elə bir vəziyyət
yaratmalıyıq ki, hakimiyyət süngü ilə deyil,
kütlələrin şüurluğu ilə müdafiə
olunsun. Sizdən soruşuram, mən rayonlarda səfərdə
olanda on iki azərbaycanlı generalını və hərbçilərini
nəyə görə, hansı əsasla güllələmisiniz?!
- Yoldaş Nərimanov, mən
onları özbaşıma güllələməmişəm.
Bu generallar yoldaş Orconikidze və Mikoyan yoldaşın əmri
ilə güllələnib. Sanksiyanı da onlar verib. Mən əmri
yerinə yetirmişəm. Sizə qədər bu stolda onlar əyləşirdi.
Əmri də onlar verdi. Hər ikisi mənə başa
saldılar ki, biz Dərbənddə dayananda həmin generallar
bolşevik əkstəbliğatı aparıblar. Bakıda və
Azərbaycanda bolşevikləri həbs edib güllələyiblər.
- Bu yersiz qətlləri törətməklə
siz fəhlə və kəndlinin də ürəyinə qorxu
xofu salırsınız. ona görə də balaca fürsət
tapan kimi ziyalılarımız qaçıb İrana,
Türkiyə və Almaniyaya mühacirətə gedir. Bəs
biz kimlərlə işləyəcəyik?.. Təkcə Gəncə
üsyanının deyil, Zaqatala, Qarabağ, Tərtər və
Dəvəçi üsyanlarının ölkəni
ağzına almasının səbəblərini də burda
axtarmaq lazımdır. Bakıda oturub qiymətli
oğulları həbs etməkdənsə qəzalara gedib
camaatın dərd-sərinə qalmaq lazımdır.
Nərimanov masanın üstündəki
qovluqlardan birini açıb dörd-beş vərəqdən
ibarət məktubu tapdı. İki gün əvvəl
aldığı məktubun üstünə dərkənar
qoymuşdu: yoxlayıb, dəqiqləşdirməli.
- Semyon Aleksandroviç, - dedi, -
onsuz da sizi çağırtdıracaqdım, yaxşı oldu
onsuz özünüz gəldiniz. Bu günlərdə siz və
işçiləriniz Təzəpir məscidi yanında
yaşayan Tacir Hacı Qədirin evində olmusunuz?
- Bəli, - deyə Pankratov cavab
verdi
- Hacının mənzilinə getməkdə
məqsədiniz nə idi?
- Əvvəla mən oraya öz
işçilərimlə getməmişdim. Bakı Komitəsinin
katibi Sərkis Danilyanın və Qarayev yoldaşın mənə
qoşduğu adamlarla getmişdim. Yeddi-səkkiz nəfər
idik. Kapitan Kornev, Bakı fəhlə-kəndli klubunun
müdiri Tevosyan, sıravi əsgər Yemelyanov, Nikolay Unanyan və
mən. Danilyan yoldaş bizə tapşırıq vermişdi
ki, Hacı Qədirin və o ərazidə yaşayan
müsavat dövründə vəzifədə olan varlı
adamların evində vəzndən yüngül, çəkidən
ağır nə varsa alıb gətirin. Danilyan bizə
varlı adamların siyahısını da vermişdi.
Nərimanov Hacının məktubu
Pankratova göstərib dedi.
- Hacı Qədir mənə
göndərdiyi məktubda onun təhqir və qarət
olduğunu yazır.
- Bizə demişdilər ki, onun
çoxlu qızılı var. Əvvəlcə Hacı
boynuna almadı, qızılım-zadım yoxdu, - dedi, -
kasıb adamam. Onda evi axtarmalı olduq. Aynabəndin döşəməsində
ağzı təzəcə sementlənmiş quyu aşkar
etdik. Hacı müqavimət göstərmək istədi.
Nikolay Unanyan silahı göstərib, kənara çəkilməsini
əmr etdi. Quyudan böyük bir küp çıxdı.
Onun içində 22 pud zinət şeyləri, on pud
qızıl və gümüş pullar həmçinin
çoxlu brilyant və qiymətli daş-qaş vardı.
- Hamısını
götürdünüz?
- Bəli, üstəlik də on
yeddi iri ölçülü xalçaları da alıb gətirdik.
- Bu məktubda göstərilir ki,
sizin dəstə həmin gün Təzəpir məscidi ərazisindəki
əhalidən dörd min xalı-xalça götürüb.
- Doğrudur, o xalçaların hamısı
da valyutaya gedən mallardır.
Nərimanov hirslə:
- Sizcə bu soyğunçuluq və
qarət deyilmi? - dedi. - Belə məlum olur ki,
Qırmızı ordunun "Talan həftəsi" hələ
də davam edir. Müsadirə olunan bu qiymətli mallar indi
haradadır, maraqlanmısınızmı, xüsusi
şöbə rəisi?..
- Xeyir, maraqlanmamışam. Biz o əşyaların
hamısını sənədləşdirib Sərkis Danilyan
yoldaşa təhvil verdik.
- Amma mən maraqlanmışam.
Bilirsiniz hardadır, o xalı-xalçalar, o zinət şeyləri
vaqonlara yüklənib Moskva və İrəvana göndərilib.
Azərbaycan xalqının qiymətli sərvətini
respublikadan çıxarmağa heç kimin ixtiyarı yoxdur.
Belə biabırçılıqlara son qoymaqdansa siz həbslərlə,
güllələnmələrlə məşğul olursunuz.
Pankratov dinmədi. Müqəvva
kimi susub, heç bir əsaslı cavab verə bilmədi.
Nərimanov
onun potaş sifətinə, bulanıq gözlərinə diqqətlə
baxdı. Ona bir şey başa sala bildiyini az qala
üz-gözündən oxumaq istədi. Amma o canilərə məxsus
küt sifətdə rəhm görmədi. Ona görə də
nifrətlə:
- Yaxşı, - dedi, - gedə bilərsiniz.
Qoyun siyahı məndə qalsın. Bir daha baxıb,
tanış olaram.
Semyon Pankratov gedən kimi Nərimanov
köməkçisi Nurməmməd Şahsuvarovu (1881-1958)
yanına çağırıb belə bir sərəncam
verdi:
- Bu namərd əqidə
dostlarının yanına çatmamış mənim
adımdan həbsxana rəisinə bir əmr hazırla. Qoy 99
nəfərin hamısını azadlığa buraxsın. Rəsmi
məktub da hazırlayın İnqilab Komitəsinin adından,
özümü də həbsxana rəisi ilə telefonla
calaşdır. Həbs olunanlardan iki nəfəri general Səməd
bəy Mehmandarovu və general Əli ağa Şıxlinskini mənim
yanıma gətirsinlər. Pankratova da xəbər verin ki, hər
iki generalın dindirilmə protokollarını gətirib gəlsin.
(ardı var)
Şəmistan
Nəzirli
Ədalət.-2012.-11
aprel.-S.6.