Prezident təqaüdü kimlərə veriləcək?
Azərbaycan Yazıçılar Birliyi yazıçı və şairlərə prezident təqaüdü və digər mükafatların verilməsi üçün təkliflər hazırlayıb. Bu barədə mətbuata Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu məlumat verib. Ədalət Əsgəroğlu deyib ki, 2012- ci il üçün Yazıçılar Birliyinin üzvlərinə təqaüdlər və ya digər təltiflərin verilməsi üçün siyahı bu həftə hazır olacaq.
Hər zaman olduğu kimi, bu dəfə də AYB təqaüd alacaq şəxslərin adlarını cəmiyyətə siyahı hazır olandan sonra açıqlamaq istəyir. Dəfələrlə bu barədə etirazlar və narazılıqlar olsa da, AYB bu il də ənənəsinə sadiq qalır. Bu barədə mətbuata məlumat verən Ədalət Əsgəroğlu siyahıya kimlərin adının salındığını açıqlamaq istəməyib. "Bu, qapalı saxlanıldığı üçün ad çəkilmir. Təqaüdlərə düşənlərin adları təsdiqləndikdən sonra mətbuata təqdim ediləcək. Həmin təqaüdü yazıçı və şairlər bir il ərzində ala biləcəklər"-deyə mətbuat katibi əlavə edib. AYB hər il təqaüd alacaq şəxlərin adlarını açıqlamağa söz versədə, Prezident təqaüdü alanların böyük əksəriyyəti narazılıq yaradır. Yalnız bəzi tanınmış imzaların təqaüd alması haqqında cəmiyyətin məlumatı və bəzi şəxslərin təqaüd alması isə birmənalı olaraq tənqid olunur.
Xatırladaq ki, söhbət
yazıçı və şairlərə verilən prezident
təqaüdündən gedir. Hər il Azərbaycan
Yazıçılar Birliyinin 70 üzvünə prezident təqaüdü
verilir. Bir il ərzində 50 yaşlı şair və
yazıçılara 300 manat, 20 gənc yazıçı və
şair isə 200 manat təqaüd alır.
Yazıçı və şairlərə bir il müddətinə
verilən təaqüdlərlə bağlı
siyahıların hazırlanması həmişə qalmaqalla
müşayiət olunub. Həm AYB daxilində, həm də
AYB-dən kənarda bu siyahılara etiraz edənlər olduqca
çoxdur. Özünü prezident təqaüdünə
layiq bilənlərin sayı çox olsa da, təqaüd
yalnız AYB üzvü olan yazarlara verilir. Bu isə cəmiyyətdə,
xüsusilə Azad Yazarlar Ocağının üzvləri və
müstəqil yazarlar arasında narazılıq yaradır.
Hal-hazırda Azərbaycan
Yazıçılar Birliyinin üzvülərinin sayı
2000-dən çoxdur. Məhz buna görə birliyin
özündə də prezident təqaüdü üçün
tutulan siyahının ictimaiyyətdən gizlədilməsindən
narazı qalan qüvvələr var. Azərbaycan
yazıçılarının sosial vəziyyətinin
yaxşılaşdırılması üçün Prezident
təqaüdü 2007-ci ildən verilir.
Yuxarıda haqqında
danışdığımız məsələlərlə
bağlı Azərbaycanda müxtəlif "cəbhə"lərə
məxsus yazarların fikirlərini öyrəndik.
Prezident təqaüdü
hansı meyarla verilir?
Yazıçı
Babək Göyüş
Azərbaycan Yazıçılar
Birliyinin yazıçı
və şairlərə
prezident təqaüdü
və digər mükafatların verilməsi
üçün hazırladığı
70 nəfərin adları
cəmiyyətə niyə
açıqlanmamasını olduqca gülünc addım hesab edir: "Mən bildiyim qədər AYB rəsmisinin dediyinə görə o adlar gələn həftə elan olunmalıdır. Burda isə verilən sual və alınan cavabdan digər maraqlı bir sual doğur. "O siyahı hazırlanarkən
hansı meyarlara üstünlük verilib?".
Bəri başdan deyim ki, nəinki
AYB-də, ümumilikdə,
Azərbaycanda hər hansı dövlət və özəl qurumların elan etdikləri yazı müsabiqələrinin, verilən
təqaüdlərinin və
mükafatların hazırlanıb
verilmə proseslərinin
obyektivliyinə çox
zaman inanmamışam.
Bunu isə dəfələrlə Azərbaycan
Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun və digər qurumların təşkil etdikləri yazı müsabiqələrində iştirak
etdiyimə görə
sübuta yetirmişəm.
Misal üçün
deyim ki, KİV-ə Dəstək Fondunda elan olunan diaspor
mövzusunda yazdığım
yazıların həmişə
birbaşa diasporumuzun yaşadıqları şəhərlərdən
hazırlandığına görə yalnız bir dəfə - 2010-cu ilin dekabrında yer tuta bilmişəm.
Digər vaxtlarda isə yer tutanlar
google-nin "diaspor"
materialları hesabına
yer tutanlardır.
Özüm
2004-cü ildən AYB-nin
üzvü olduğuma
görə fakt kimi deyə bilərəm ki, hələ bir dəfə olsun, 8 il ərzində AYB-nin heç rəsmisi mənim işləyib işləməməyim
haqqında maraqlanmayıb,
çünki mən bildiyim qədər, prezident təqaüdü əsasən işləməyən
yazarlara verilir. Orada çalışan və çalışmayan
yazıçı dostlarımın
verdikləri informasiyalardan
məlum olur ki, o siyahı yalnız tanışlıq
hesabına tutulur. Və bu baxımdan
70 nəfərin adının
bu gün elan olunması cəmiyyətə heç
bir şəffaqlıq
gətirməyəcək, sadəcə
adları ora düşənlər sevinəcəklər.
Başqa isə heç nə dəyişməyəcək!" AYB-nin təqdim etdiyi siyahı ilə bir dəfə
Prezident təqaüdü
alan şair Xuraman Hüseynzadə hesab edir ki,
AYB bu siyahını açıqlamağa məcburdur:
" "Digər mükafatlar"
dedikdə nəyin nəzərdə tutulduğunun
bilmədim, amma mən konkret Prezident təqaüdü haqda deyə bilərəm ki, gec-tez Prezident təqaüdü ilə bağlı olan siyahını açıqlamağa
məcburdurlar. Burda şəxsi münasibətlər
zəminində təqaüd
verilməsi faktı da ola bilər,
yaxud təqaüdə
salınmayan yazarların
etiraz etməsi faktı da. Amma nə olursa,
olsun, əvvəl-axır,
necə deyərlər,
"xoruzun quyruğu görünəcək". Mən
təqaüd alanda mətbuata siyahını açıqlamışdılar. İndi niyə belə edirlər, bilmirəm..."
Siyahı cəmiyyətdən
gizli qalmamalıdır
AYB-nin və "Ulduz" jurnalının redaksiya heyətinin üzvü İlqar İlkin bu siyahının gizli saxlanılmasının
qəbuledilməz olduğunu
düşünür: "Əslində bu siyahının gizli saxlanılması çox
sübhə doğurur.
Bu gizlilik hər zaman söz-söhbət yaradıb. Təssuf ki, prezident təqaüdü
yazıçılara sanki
sosial yardim kimi verilir. Mən
təkcə son günlər
tapşırılmaq ücün
bəzi yazıçıların
kimlərə ağız
açdığını bilirəm ki... Çox təssüf ki, dəyərlər itib büsbütün. Ələbaxım bir psixologiya formalaşdırıb
təqaüd məsələsi.
Mən ümumiyyətlə
bu təqaüdün verilməsinə qarşıyam.
Bu təqaüdün verilməsində
hansı prinsiplər var, mənə aydın deyil. Amma bir neşe
təqaüd alan adam var ki,
təqaüd aldıgını
məndən gizlətmək
istəyib. Çünki
özü də yaxşı bilir ki, bu onun
yaradıcılıq haqqı
deyil. Şəxsən
mən AYB üzvü,
AYB-nin "Ulduz" jurnalının redaksiya heyətinin üzvü və AYB-nin gənclər təşkilatının
üzvü kimi bu siyahını tam olaraq görmək istərdim."
Bu yaxınlarda
yeni romanını çapa hazırlayan Şəbnəm Karslı
son illər təqaüd
alan gənclərin Azərbaycan ədəbiyyatına
aidiyyatı olmadığını
düşünür: " Bu siyahıların necə hazırlandığını və
niyə cəmiyyətdən
gizli saxlanıldığını
anlamaq üçün
son illərdə təqaüd
almış şəxslərin
siyahısına baxmaq
kifayət edir. Bu adların hələlik gizlin saxlanlb ünləndirilməməsinin səbəbi
sadəddir, çünki
təqaüd alan gənclərin Azrərbaycan
ədəbiyyatına aiddiyyatı
yoxdur. Sadəcə
"tapşırılmış" şəxslərə təqaüd
verməsini nailiyyət
adlandırmaq olarmı?
Bunun heç bir nəticəsi olmayacaq. Problem onda deyil ki, niyə
ədəbiyyata aid olmayan
şəxslərə təqaüd
verilir. Problem tamam başqadır. Ümumiyyətlə
bu tipli təqaüdlər kimə
lazımdır axı???
İstedadlı şəxs
çap etdirdiyi kitabdan, yazdığı əsərin çapından
qonorar ala bilər ki, bu normaldır.
Amma dövlət seçim etsin ki, "sənin bu il
yaxşı əsərlər
yazacağına ümid
edirik" və hənmin ümidlə təqaüdün verilməsi
absurddur. Yaranmamış
ədəbiyyat nümunəsi
üçün pulun
ödənməsi, görülməmiş
işin haqqını
ödəmək kimi bir şeydir"
Ötən il Prezident təqaüdü
almış Zaur Qəriboğlu siyahının
açıqlanmasının vacib olduğunu düşünür: "Ümumiyyətlə,
mənə belə gəlir ki, saxta, çirkab işləri hər zaman gizləməyə çalışırlar. Anlamıram,
bu cürə yaxşı bir işi niyə gizləyirlər axı?! Zənnimcə, obyektivlik və bərabərlik naminə bu siyahı açıqlanmalıdır.
Qoy, ictimaiyyətdə
bilsin ki, bu təqaüd kimə, hansı fəaliyyətinə görə
verilir. Ötən ilin Prezident təqaüdçülərindən biri də mənəm.
Amma mən düşünmürəm ki,
buna layiq deyildim. Mən tam əminliklə deyirəm ki, bu mənim
halal haqqım idi. Hansı ki, orada əslində
psixi disponserdə qeydiyyatda duracaq birini səhvən gətirib, AYB-nin üzvü edib təqaüd veriblər.
Düşünürəm ki, məhz
bu halların cəmiyyətə açıqlanmaması
üçün bu siyahı gizli saxlanılır. Bir tərəfdən
də yəqin ki, bu işə nəzarət zəifdi.
"Prezident təqaüdü
almış daha bir gənc yazar, Fərid Hüseyn
düşünür ki, bu siyahının
açıqlanması AYB-nin daxili problemidir: "Ordakı
proseduru bilmək lazımdır. Əgər həqiqətən
də elan olunmalıdırsa onda tələb etmək
lazımdır. Açıqlanmalı olduğu halda
açıqlanmırsa deməli bu işin əmması
var"
Yazıçı Rövşən
Yerfi də AYB-nin bu siyasətindən narazıdır: "Mən
siyahının açıqlanmamasında iki səbəb
görürəm. Əvvəlcə, siyahını
hazırlayanlar özləri də siyahının ədalətli
olduğuna arxayın deyillər. Ona görə də
başlarının sakit qalmasını istəyirlər.
İkincisi də, əgər istəsələr də
düzgün nəsə etsinlər bacarmayacaqlar.
Çünki, vaxtında o qədər gərəksiz
adamları birliyə üzv ediblər ki, indi cəzasını
çəkirlər"
Paytaxtdakı qalmaqallardan uzaq, əyalətdə
yaşayıb-yaradan Cavidan ümumiyyətlə bu məsələlərlə
maraqlanmır: "Düzü, bu təqaüd siyahısı
və onun ətrafında baş verənlər mənə
maraqlı deyil, yəqin ki, qurumun özünün fəaliyyət
planlarına aid olan bir şeydir və gərək bildikləri
zaman da açıqlayacaqlar, gizli saxlamaq ixtiyarları yoxdursa,
mütləq hamı görəcək, varsa, heç."
Yazıçı və şairlərə
təqaüd verilməməlidir
Gənc şair Namiq Rəssam
düşünür ki, yazıçı və şairlərə
prezident təqaüdü verilməməlidir: "İlk
öncə onu qeyd edim ki, yazıçıların, şairlərin
prezident təqaüdü alması
özü-özlüyündə daxili senzura yaratdığı
üçün prezident təqaüdünün ədəbiyyatçılara
şamil edilməsinin tərəfdarı deyiləm. Bu bir
növ qələm adamlarını mövzu etibarilə məhdudlaşdırır.
Açığı elə buna görə də bu
"prezident təqaüdü" məsələləri mən
bir az gülməli gəlir. Məncə, 70 nəfərin
adının açıqlanması və ya
açıqlanmaması elə də ciddi məsələ
deyil. Burda "AYBnin köhnə məsələləri"
adı altında qruplaşdırıla biləcək,
qohumbazlıq və digər halların baş vermə
ehtimalı qabara bilər. Ona görə də, siyahı
açıqlanmalıdır. Amma çox istəyərdim o
siyahıda istedadlı, gələcəkdə nəinki ədəbiyyatda
eyni zamanda cəmiyytəin həm siyasi, həm də
ictimai-sosial həyatında aktiv fəaliyyət göstər
biləcək müəlliflərin adı o siyahıda
olmasın. Onlar prezident təqaüdü alsalar puldan daha dəyərli
olanı itirirəcəklər."
AYB-nin mətbuat katibi Ədalət
Əsgəroğlunun dediklərinə inansaq siyahı bu həftə
açıqlanacaq. Ona görə də məsələni
gündəmdə saxlayacağıq.
Cəlil
Cavanşir
Ədalət.-2012.-11 aprel.-S.4