"HEÇ KİM GÜLLƏLƏNMƏSİN..."

 

  Bunu Nərimanov qəti şəkildə tələb etdi

 

  (əvvəli ötən sayımızda)

  

   Bir xeyli sonra sənədlərlə qayıdan Pankratovu Nərimanov dərhal qəbul etmədi. Köməkçisinə dedi:

   - Protokolları və sənədləri ondan al gətir, qoy özü hələ gözləsin, bir azdan çağıraram.

   Generalların hər biri haqqında on beş-iyirmi səhifəlik "Həbs vərəqəsi" tərtib olunmuşdu. Bir neçə rus və erməni bolşeviki dindirilmədə onların əleyhinə ifadələr vermişdilər. Nərimanov 717 nömrəli protokolu açıb oxuyanda donub qaldı. Buradakı azərbaycanlı rotmistrinin imzası ona daha ağır təsir etdi. Təəssüf hissilə başını yırğalayıb öz-özünə dedi: "Ay namərd İlyas bəy, kimi kimə satırsan? Vaxtilə adı, sanı ilə rus ordusunda şöhrət tapmış dindaşın olan sərkərdələrimizimi? Anam Həlimə haqlı deyərdi ki, oğul, hər çiy süd əmənə inanma, insanın naxələfliyi onun bəy və ya rəiyyət olmasına dəlalət eləmir "Kotanı bərkdə, igidi yaman gündə sınarlar" - deyib, babalar.

   Bu dindirənlərin A.Qubin, Boris Qluxaryev, Semyon Pankratov olmalarını başa düşürəm. Bəs səni - ziyalı nəslin bəy balasını, rotmistri necə anlayaq. Ay namərd, gör nə ifadə vermisən:

   "General Səməd bəy Mehmandarov nazir olanda fəhlə və kəndliyə düşmən gözü ilə baxırdı. O, müsavat hökumətinin bu vəzifəyə təyin etdiyi əlaltısı idi. Bolşevik hökumətinə nifrət edirdi. İnqilabımızı, Qırmızı ordunu sevməyən qatı müsavatçıdır.

   Qoca general Səməd bəy Mehmandarov Qırmızı ordunun bəzən düçar olduğu məğlubiyyətdən çox razı qalardı. General Əli ağa Şıxlinskinin isə Denikin ordusuna rəğbəti vardı".

   İki saatdan çox sənədlərlə tanış olan Nərimanov heç kəsi qəbul etmədi. Xeyli fikirli dayanıb daş kimi hərəkətsiz qaldı. Otaqda yalnız bircə səs sükutu pozur - divar saatı aramsız tıqqıldayırdı. O gözləmədiyi müdhiş bir çətinliklə üzbəüz durduğunu yaxşı dərk edirdi. Yuxudan yarımçıq oyanıb, yatağından durmağa taqəti olmayan adamlar kimi halsız idi. Başında dumanlı xatirələr cövlan edirdi. Qəlbinə dolan kəskin nifrət duyğusu ilə qarşısındakı sənədlərə indi ötəri baxırdı. Çox sevdiyi general eloğullarının əleyhinə yazılmış qarayaxma sətirlər gözlərini yandırırdı. Bayaqdan yarıaçıq qapıda dayanan köməkçi Nurməmməd məhəbbətlə ona baxırdı. Qayğıkeşliklə:

   - Narahat oldum, yoldaş Nərimanov, - dedi, - yorulmadınız?..

   Sədr köməkçisinin sualını cavabsız qoyub:

   - Burax, gəlsin, - dedi, - onug

   İçəri girən Pankratov çox bikef idi. Hiss olunurdu ki, sədrin onu bu qədər gözlətməyi xətrinə dəymişdi.

   Yoldaş Pankratov, söhbətimiz bir növ istintaq sayağı olacaq. Mən sizin və Qubin familiyalı işçinizin dindirilmə protokolları ilə tanış oldum. Dəqiqlik naminə sizdən bəzi faktları bilmək istərdim. Bax, elə götürək general Əli ağa Şıxlinski barədə yazılanları. Siz burada göstərirsiniz ki, Əli ağa Şıxlinski ağqvardiyaçı general Denikinlə əlaqə yaradıb, Qırmızı ordunun məğlubiyyətinə sevinib və Qırmızı orduya qarşı hərbi qüvvələri indi də səfərbər edir. Bu faktlar hardandır və nə dərəcədə doğrudur?

   - Bu faktları bizə agentimiz verib.

   - Axı, burada agentin yox, xüsusi şöbənin böyük hərbi müstəntiqi Qubinin imzası qoyulub. Siz bu sənədi oxumusunuzmu?

   - Yox, oxumamışam.

   - Bəs dindirilmə protokolunun üstündə sizin dərkənarınız var. "Həbs olunsun və cəzalandırılsın?" yazmısınız.

   - Mən əməkdaşlarıma özüm qədər inanıram.

   - Necə inanırsınız ki, protokolu oxumadan az qala ölüm hökmünə qol çəkirsiniz. Görkəmli generalın taleyinə belə etinasız yanaşmaq nə dərəcədə doğrudur?

   - İşimin çoxluğundan vaxt tapıb oxuya bilməmişəm.

   - Onda mən oxuyum, siz də eşidin. "Tamamilə məxfidir". Tam artilleriya generalı, hazırda Azərbaycan Sovet Sosialist Respublikasının Hərbi-Dəniz Komissarının müavini Əli ağa Şıxlinski təqsirli bilinir:

   1. Ondan ötrü ki, 1917-18-ci illərdə Əli ağa Şıxlinski hərbi hissələr təşkil etmiş və Sovet hökumətinə qarşı ən fəal iştirakçı olmuşdur.

   2. 1920-ci ildə Qızıl ordu əleyhinə Azərbaycandakı bütün hərbi qüvvələri səfərbər etmişdir. 27 aprel çevrilişindən sonra Gəncəyə qaçmağa imkan tapmamışdır.

   3. Fürsətdən istifadə edərək Hərbi-Dəniz Komissarının etibarını qazanmış və onun müavini olmuşdur. Bu vəzifədə olarkən fəhlə-kəndli hökumətinin Gəncədə və Gürcüstanda olan düşmənləri ilə gizli əlaqə saxlamışdır.

   4. Sovet hökumətinə rəğbəti olan Azərbaycan zabitlərinin hamısını həbs etdirmişdir.

   5. Azərbaycanda Sovet hökumətinin qələbəsindən sonra Könüllü Denikin ordusu ilə əlaqələri haqqında çox mühüm sənədləri mayın 15-17-də məhv etmişdir.

   6. Mayın 25-də Gəncədə olan üsyan haqqında onun xəbəri olmuş və təşkilatçıları ilə əlaqə yaratmışdır.

   XI ordunun xüsusi şöbəsinin böyük

   hərbi müstəntiqi A.Qubin".

   Ürək ağrısı ilə köksünü ötürən Nərimanov dedi:

   - Altı bəndin hamısının iftira olduğu məlumdur. Mən bunlar barədə daxili işlər naziri Həmid Sultanov və Hərbi-Dəniz Komissarı Çingiz İldırımla məsləhətləndim. Sizin əməkdaşınız A.Qubinin yazdıqlarının yalan olduğunu onlar da təsdiq etdilər. Digər bir sənəddə oxuyuruq ki, Gəncə üsyanı vaxtı general Şıxlinski Bakıda olub. Bunu keçmiş birinci Gəncə süvari diviziyasının qərargah rəisi polkovnik Vasili Sokolovdan aldığınız dindirilmə protokolunda açıq-aydın yazmısınız.

   Gəlin həmin protokolla tanış olaq: "On birinci ordunun xüsusi şöbə müstəntiqi A.Qubin Gəncə üsyanının iştirakçısı və ağqvardiyaçı generalla yaxın münasibətinə görə ittiham olunan müttəhim Vasili Nikolayeviç Sokolovun dindirilmə protokolundan çıxarış:

   Sual: Nə vaxt və kiminlə general Cavad Şıxlinski teleqraf xətti və telefonla neçə dəfə, nə barədə danışmışdır?

   Cavab: Sovet hökumətinin ilk günləri Hərbi-Dəniz Qüvvələrinin xalq komissarı yoldaş Çingiz İldırım general Cavad Şıxlinskini telefona çağırdı. Orduda qalıb xidmət edib-etməyəcəyi fikrini soruşdu. Cavad bu təklifə cavab vermək üçün Əli ağa Şıxlinskidən məsləhət almaq istəyini bildirdi. Çingiz İldırım dedi ki, general Əli ağa Şıxlinski yanımdadır. Və dəstəyi ona verdi. Əli ağa Şıxlinski Cavada dedi: "Çevriliş qansız başa çatmışdır, vəziyyət əladır. Mən qulluq edirəm".

   Bundan sonra Əli ağa Şıxlinski dəstəyi Çingiz İldırıma qaytarmışdır. Cavad da Çingiz İldırıma Sovet hökumətində hərbi qulluqda qalacağını və xidmət edəcəyini bildirmişdir.

   Bütün bu söhbət Cavad Şıxlinski tərəfindən mənə deyilmiş və mən də bu izahatımda olduğu kimi çatdırıram. Cavadın Çingiz İldırımla gürcü zabitlərinin həbsi ilə bağlı telefon söhbəti də olmuşdu. Mayın iyirmisinə kimi (nə qədər ki, Gəncə şəhərindəki qarnizonun rəisi vəzifəsindən çıxarılmamışdı) özünün baş yavəri rotmistr Əhməd bəy Əfəndiyev-Musabəyovu beş dəfə Əli ağa Şıxlinskini telefona çağırmaq üçün teleqrafa göndərmişdi. Danışığın baş tutub-tutmaması haqqında mən heç nə bilmirəm.

   Sual: Hesab edirsiniz ki, Əfəndiyev, Əli ağa Şıxlinski ilə Cavad Şıxlinskinin adından danışmışdır? Üsyanın gedişi vaxtı Cavadın bu üsyanda təşkilatçı və iştirakçı olması mümkündürmü?

   Cavab: Üsyanın baş tutmasını Cavad çox istəyirdi. Mən belə fikirləşirəm ki, əlbəttə, üsyanın başında duran adam onun qələbə ilə nəticələnməsini arzulayar.

   Sual: Üsyanın başında kimlər dururdu?

   Cavab: Mayın 15-də 20-də Azərbaycan diviziyasının zabitlərinin vəzifədən çıxarılıb əvəzində rus sovet zabitlərinin təyin olunması yalnız Azərbaycan zabit heyətinin deyil, Gəncə əhalisinə bərk toxunmuşdu. Bu təyinatı milli zabitlər özlərinə təhqir bilirdilər. Bu xüsusilə, general Cavad Şıxlinskini, General Məhəmməd Mirzə Qacarı, polkovnik Cahangir bəy Kazımbəyovu başqalarını bərk əsəbiləşdirmişdi. Səhv etmirəmsə üsyana da bunlar rəhbərlik edirdilər. Bu dəyişiklikdən sonra onlar özlərinə yer tapa bilmirdilər.

   Sual: Üsyan vaxtı general S.Mehmandarov Ə.Şıxlinski Gəncəyə gəlmişdilər?

   Cavab: Xeyir, mən o vaxtlar Gəncədə idim. Onları orada görməmişəm.

   Sual: Bəs niyə Cavad məhz general Əli ağa Şıxlinski ilə məsləhətləşir tez-tez onu telefona çağırırdı?

   Cavab: Axı, general Əli ağa Şıxlinski onun doğma əmisidir. Cavad ona ata kimi hörmət edirdi. Əvvəllər həmişə ağsaqqal kimi onunla məsləhətləşirdi. Mən Azərbaycan ordusuna qulluğa gələndən belə məsləhətləşmənin dönə-dönə şahidi olmuşam. Mənim yadımdadır ki, Cavadın kiçik qardaşı, polkovnik Rüstəm bəy Şıxlinski əmisi general Əli ağa Şıxlinskidən məsləhət alardı.

   Sual: O qardaşdan danışmayın, sizdən onun barəsində soruşmuram. Polkovnik Rüstəm bəy adlı şəxs daha yoxdur. O Bakıda Sovet hökumətinin düşməni kimi güllələnib".

   Nərimanov oxumağına ara verib dayandı, diqqətlə Semyon Pankratova baxıb soruşdu:

   - Polkovnik Rüstəm bəyi nəyə görə güllələmisiniz?

   Pankratov soyuqqanlılıqla cavab verdi:

   - O, komandanlıq etdiyi ikinci artilleriya divizionu ilə Biləcəridə qarşımıza çıxmışdı. Bizə qarşı vuruşurdu. Onu dördüncü şöbənin müstəntiqi kapitan Akopcanov və Troyan həbs edib iyunun 11-də güllələyiblər. Bizdən xəbərsiz 

   Nərimanov:

   - Davam edək, - dedi. - Daha sonra müstəntiq Qubin polkovnik Sokolovdan soruşur:

   - Siz general S.Mehmandarov və Ə.Şıxlinski ilə yaxından tanışsınız?

   Cavab: Cahan müharibəsi illərində general Səməd bəy Mehmandarovun korpusunda xidmət etmişəm. Ordan tanışlığımız vardı. 1920-ci ilin fevral ayında mənzil məsələsinə görə raport yazmışdım. Çağırıb vəziyyətimi soruşdu. Ailəmin Tiflisdə yaşadığını biləndə kömək eləməyə söz verdi. Əli ağa Şıxlinski ilə dəfələrlə görüşüb söhbət etmişəm. Gəncəyə gələndə həmişə qardaşı oğlu Cavad Şıxlinskinin evində qalardı. Gəncədəki Azərbaycan praporşiklər məktəbini yoxlamağa və buraxılışına gələrdi.

   Sual: Üsyan vaxtı harada xidmət edirdiniz?

   Cavab: Sovet ordusu Gəncəyə gələndən üç-dörd gün sonra general Vodopyanovun ikinci süvari korpusunun qərargahında xidmət edirdim.

   Sual: vaxt həbs olunmusunuz?

   Cavab: İyunun 25-də həbs olunmuşam. Qırmızı ordu gələnə qədər Gəncədəki Birinci Azərbaycan süvari diviziyasında qərargah rəisi idim. Cavad Şıxlinski ilə birgə xidmət etdiyimə görə həbs olunmuşam.

   Sual: Günahınızı boynunuza alırsınızmı niyə məhz Azərbaycan ordusuna xidmətə gəlmisiniz?

   Cavab: İmperiya ordusu dağılandan sonra bir çox hərbiçilər kimi mən işsiz qaldım. Ailəm ehtiyac içində idi. 1918-ci ildə Gəncəyə gəlib raport yazdım. Dərhal qəbul etdilər.

  

 

   (ardı var)

 

  Şəmistan Nəzirli

 

  Ədalət.-2012.-12 aprel.-S.6.