"ŞUX RƏNGLƏRİN TƏRANƏSİ"

 

   Toğrul Nərimanbəyovu düşünərkən

  

   Bu günlərdə yolum "Təhsil" nəşriyyatına düşmüşdü. Həmişə olduğu kimi, burada özümə qarşı olan səmimi münasibətdən istifadə edib nəşriyyat əməkdaşlarının kitab rəflərinə göz gəzdirdim və diqqətimi nəfis şəkildə çap olunmuş, oxucuya "gəl-gəl" deyən bir kitab çəkdi. Kitabın müəllifi Azərbaycan oxcusuna yaxşı tanış olan dəyərli publisist- yazar Möhbəddin Səməd idi. Çoxdandı onun imzasını mətbuatda görmürəm. Ona görə də maraq məni bir az da həvəsləndirdi və dostlardan icazə almadan əlimi kitaba doğru uzatdım...

   "Şux rənglərin təranəsi" Azərbaycanın, eləcə də keçmiş SSRİ-nin xalq rəssamı, dövlət mükafatları laureatı, çoxlu sayda sərgilərin iştirakçısı, dünya şöhrətli rəsam Toğrul Nərimanbəyovdan bəhs edir. Bu kitabda dəyərli publisit Möhbəddin Səmədin özünəməxsus üslubda qələmə aldığı bir rəsam ömrünün fırça ilə, tablo ilə, tamaşaçı ilə, bütövlükdə həyatla üz-üzə dayanan, gözə, ruha hopan anlarından söbət açır. Hər səhifədə böyük rəssamın yaradıcılıq yolu, soy kökü, dünyaya baxışı, yer coğrafiyasını gəzib dolaşması, bəzən özündən əvvəl çəkdiyi rəsmlərin uzaq, yaxın ölkələrə gedib çıxmasıg əksini tapıb. Bütün bunlar oxucuyla müəllifin canlı dialoqu, fikir mübadiləsidir.

   Mən bu kitabı oxuduqca təkcə Toğrul Nərimanbəyovun nəsil şəcərəsini deyil, həm də yaradıcılığının ilk günlərindən son anlarına qədər olan bütün məqamları öyrəndim, məlumatlar əldə etdim və xüsusi ilə bu böyük sənətkarın insana, həyata sevgisinin rənglərdən qopan pıçıltılarını eşitdim.

   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hazırlanmış bu kitab əslində Toğrul Nərimanbəyovun 80 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev cənablarının imzaladığı sərəncama uyğun olaraq nəşir olunmuşdu. Kitab o qədər nəfis və o qədər rəngarəngdir ki, təkcə onun səhifələrindəki fotolara nəzər yetirmək oxucunu uzaq, yaxın illərə aparır. Burada Toğrul Nərimanbəyovun ailə üzvlərinin, Azərbaycanın birmənalı şəkildə dünyaya bəxş etdiyi Səttar Bəhlulzadənin, Rəşid Behbudovun, Qara Qarayevin, Niyazinin, Tofiq Quliyevin, Fikrət Əmirovun, eləcə də Ulu Öndərimizin və onun varisinin böyük rəssamla birlikdə olan anlarını əks etdirən şəkillər insanda xoş duyğular oyadır. Mən bu fotolar arasında məşhur hind rəssamı Əminə Ahucanın, alman rəsm-kolleksiyaçısı, professor Piter Lyudviq, məşhur yapon rəssamı Uoeno Mokato, məşhur bolqar rəssamı Beçkov Uznov, Qırğız yazıçısı Çingiz Aytmatov, Fransanın sabiq mədəniyyət naziri Andre Malero, görkəmli rus rejissoru Gerasimov və digərləri ilə birgə şəkillərini də böyük fəxr hissi ilə gözdən keçirirəm. Bu kitabda bir neçə bölmə xüsusi ilə diqqəti çəkir. Burada "Portretlər", "Uşaq aləmi", "Rəssamın şeir dəftərindən", "Təbiət mənzərələri", "Rəssam sənət haqqında", "Natürmort" və digər bölmələr xüsusi ilə maraqlıdır.

  

   Dörd divar,

   döşəmə, tavan 

   kub,

   Köhnə fırça kimi

   burda hər şey.

   ağappaqdı hər yan,

   ha əlləş, ha parpıla

   qapı tapmayacaqsan.

   Mamırdır,

   çamırdır ,

   hamardır,

   diş ağardır

   divarlar.

 

   - bu misraların da müəllifi Toğrul Nərimanbəyovdur.

   Şəxsən mən bu kitabı oxuyandan sonra rəssamın poeziya ilə bağlılığının nümunələrini görüb, əmin oldum ki, doğrudan da şairlər misralarla şəkil çəkdiyi kimi, rəssamlar da fırça ilə şeir yazırmış.

   Bəli, "Təhsil" nəşriyyatında diqqətimi çəkən bu kitabın təkcə mənim üçün yox, bütövlükdə Azərbaycan rəssamlığını, xüsusi ilə Toğrul Nərimanbəyov yaradıcılığını sevənlər üçün böyük bir hədiyyə olduğunu birmənalı ifadə etmək mümkündür. Özü də bu kitabın müəllifi sözün böyük cəfakeşlərindən olduğuna görə poliqrafiya işinin uğurları ilə birləşərək Toğrul Nərimanbəyovun adına layiq bir kitabın araya-ərsəyə gəlməsinə şübhə yeri qoymayıb. Hər kəs bu kitabla maraqlansa, dediklərimizin şahidi ola bilər.

  

 

  Əbülfət MƏDƏTOĞLU

 

  Ədalət.-2012.-12 aprel.-S.5.