"Jurnalist
gedib karyerdə daş daşıyası deyil ki?"
"Həmkar"
rubrikasının 12-ci sayının qonağı jurnalist,
hazırda Gənclər Təşkilatları Milli
Şurasının mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət
göstərən Orxan Əlidir.
"... istədiyimi yaza bilirəm
- Jurnalistikaya hələ məktəbdə
oxuyanda həvəsim olub. İlk dəfə
üçüncü sinifdə oxuyanda "Günəş"
jurnalında şeirlərim çap olunurdu. Sonra bir sıra məktəbli
qəzetlərində yazılar yazmağa başladım. Amma
bunlar hamısı həvəskar işlər idi. Universitetə
imtahan verəndə atam deyirdi ki, hüququ yaz. Amma mən təkcə
jurnalistikanı yazmışdım. Ora da qəbul oldum. Elə
birinci kursun 3-cü ayında fakültənin müəllimi Nəsiman
Yaqublunun açdığı "Jurnalist" qəzetində
yazılar verməyə başladım. Sonra elə ordan da
"Bakı an" adlı qəzet təsis elədik və
bir neçə nömrə çıxdı. Beləcə
jurnalistikada ilk addımlarımı atmağa başladım…
- Deyəsən jurnalistlərin
hamısı şairdi...
- Belə deməzdim. Amma qələm
adamlarının şairliyin olması təəccüblü
deyil. Bir də ki, həmkar, öz aramızdı Azərbaycan
xalqı elə şair xalqdı.
-
İndi praktiki jurnalistikadan uzaqlaşmısan. Jurnalist
üçün mətbuat katibi işləmək onun əl-qolunu
bağlayır. Sən necə düşünürsən
- Yox mən praktiki jurnalistikadan
uzaqlaşmamışam. İndi də yazıram. Həm
köşə yazıları, həm də araşdırmalar
və s. Mətbuat katibi olmaq mənim əl-qolumu
bağlamayıb. Çünki Milli Şurada jurnalist kimi fəaliyyətim
üçün heç bir məhdudiyyət yoxdur. Əksinə,
mən əvvəlkindən fərqli olaraq daha sərbəst və
istədiyimi yaza bilirəm.
"Nazir deyiləm ki..."
- Əvvəllər
istədiyini yaza bilmirdin?
- Yazırdım. Amma ürəyim
istədiyi kimi yox. Bəzən isə sadəcə yazı
xatirinə. Amma gördüm ki, bu mənlik deyil.
- Hansı qəzetdə işləyəndə
belə idi?
- Bunu hamı bilir. Mənim bundan əvvəlki
iş yerim olan "İki sahil" qəzeti. Düzdür
orda da istədiyim kimi yazırdım. Amma mövzular məni
çox sıxırdı. Həm də nə qədər də
olmasa bəzi şeyləri yazmaq olmurdu. Qəzetin formatı
buna imkan vermirdi. Demirəm ki, qadağa var idi. Hətta bir dəfə
çox ciddi bir araşdırma apardım. Bir neçə
yazı verdim silsilə olaraq. Ən maraqlı yerində
dayandırmalı oldum...
- Niyə?
- Bunu açıqlamaq istəmirəm...
- Maraqlı olan da həmin
açıqlamaq istəmədiyin məqamdır.
- Artıq elə yerə gəlib
çatmışdım ki, kimlərinsə maraqlarına
toxunurdum. Belə bir yazının isə "İki sahil"
kimi nüfuzlu qəzetdə dərc edilməsi böyük səs-küyə
səbəb ola bilərdi.
-
"İki sahil"lə indiki işində maddi mənada nə
fərq var?
- "İki sahil" qəzetində
əksər redaksiyalardan fərqli olaraq məvacibim pis deyildi.
Amma deyim ki, mənə tam çatırdı yox. İndiki məvacibim
ordakından da azdır. Amma əvvəlkindən fərqli
olaraq daha çox imkanlar yaranıb. Jurnalist kimi müxtəlif
yerlərlə əməkdaşlıq etməyə şərait
var. Həm də başqa xırda da olsa işlərim var.
-
Ümumi cavab oldu. Bir qədər konkretləşdirsək?
- Nazir deyiləm ki, deyim ancaq
maaşa baxıram. Xırda biznes var. Qaynımla birgə
kompüter alış-satışı ilə məşğul
oluruq. Allah bərəkət versin, 3-5 manat gəlirim olur. Amma
o da həmişə yox.
"Ekranda yalnız akademikin qalstuku görünürdü"
- Deyəsən tələbə
vaxtı yaxşı operatorluğun da olub...
- Hə, bildim nəyi deyirsən.
Bir dəfə hələ jurnalistikada oxuyanda fakültənin
studiyasında Universitet televiziyası üçün
veriliş hazırlayırdıq. İndi "Xalq qəzeti"ndə
işləyən qrup yoldaşım Əfsanə Ələsgərli
məndən xahiş etdi ki, bəs çəkiliş eləmək
lazımdır, operator yoxdu. Mən də razılıq verdim.
Kameranı götürüb AMEA-da bir akademikin yanına getdik.
Kameranı qurdum. Qırmızı düyməni basdım.
Akademik də danışmağa başladı. Cəmi 1 dəqiqədən
sonra kameranın enerjisi bitdi. Əlavə bateriya da
olmadığından vəziyyət çətinləşdi.
Amma hələ Əfsanəyə bir söz demədim. Təxminən
sönmüş kamera qarşısında 1 saatdan çox
danışan akademik sonda təşəkkür elədi.
Universitetə qayıdanda isə cəmi 1 dəqiqəlik
çəkiliş etdiyimi Əfsanəyə deyəndə
qız sözün həqiqi mənasında dəli oldu. Sən
demə, Əfsanə bu akademiki müsahibəyə razı
salana qədər 1 ay gözləyib. Ən gülməli məqam
isə həmin 1 dəqiqəlik çəkilişdə idi.
Kameranı elə "mükəmməl" qurmuşdum ki,
ekranda yalnız akademikin qalstuku görünürdü.
- Orxan, hazırki işin jurnalist həmkarlarla
əlaqələrinə təsir etməyib? Yəni o mənada
ki, sən indi bir qurumun mətbuat katibisən, tədbirlərdə,
yığıncaqlarda onlarla az-az görüşürsən...
- Yox, əksinə mətbuat katibi
olandan sonra jurnalistlərlə daha sıx əlaqələrim
yaranıb. Demək olar ki, tez-tez görüşürəm. Həm
də Milli Şurada o qədər tədbir olur ki, jurnalistləri
görmək sarıdan problemim yoxdu. Jurnalist dostlarla isə zəngləşirik.
Çox vaxt görüşürük, çay içirik.
- Kimlərlə?
- Məsələn, "525-ci qəzet"dən
Bəxtiyar Məmmədli, "Şərq" qəzetinin
keçmiş əməkdaşı Seymur Qasımbəyli,
Seymur Verdizadə, Elşad Eyvazlını demək olar ki, hər
gün görürəm.
"O qədər məşhur imzalar var ki,
yazdığı bir şey deyil"
- Bu sualı əksər həmkarlarıma
vermişəm. İstərdim ki, sən də cavablayasan. Səncə
müxbir nə qədər əməkhaqqı
almalıdır ki, heç olmasa ortabab dolansın?
- Minimum 500. Bu da əgər subay
olsa. Evlidirsə, onda heç 500 də çatmaz. Amma bizdə
300 manata hətta 250 manata dolananlar da var. Bildiyimə görə
elə redaksiyalar var ki, müxbir 150 manat maaş alır. Bu
heç onun yolpulu eləmir.
- Əgər
dolana bilmirsə, niyə işləyir?
- Bilirsən, jurnalistika xəstəlik
kimi bir şeydi. Bilmirəm bəlkə bu yalnız mənim
subyektiv fikrimdir, amma jurnalist yegənə peşə sahibidir
ki, qələmdən pul çıxardır. Jurnalist gedib
karyerdə daş daşıyası deyil ki? Demirəm ki, bu
iş ayıbdır. Amma bu insan əgər jurnalistdirsə,
deməli, onun həm də bir vicdan borcu var. Məsələn,
işləməsə belə sabah bir hadisə ilə
rastlaşanda ona biganə qala bilməyəcək.
- Səncə
imzanın məşhurluğu jurnalistin peşəkarlığından
xəbər verir?
- Bəzi hallarda elədir. Amma bu o
demək deyil ki, hansısa imza məşhurdursa həmin adam
peşəkardır. O qədər məşhur imzalar var ki,
yazdığı bir şey deyil. Sadəcə hanısa
sensasiya ilə məşhur olur. Amma elə tanınmayan imzalar
var ki, çox peşəkar insanlardır. Bir də məşhurluq
məşhurluğu sevənlər üçündür.
- Həmin məşhur olub peşəkar
olmayan imzalar kimlərdir?
- Ad çəkmək lazım
deyil. Çünki həmin insanların özlərinin
oxucuları var. Mən kimisə xoşlamıramsa, o demək
deyil ki, onu hamı sevməməlidir. Mən subyektiv olaraq
fikrimi dedim.
- Elə subyektiv olan fikrində kimlərdir
onları de
- Məni
jurnalistlərlə düşmən eləmək fikrin var?
- Yox. Sualıma cavab almaq istəyirəm.
- Deməsəm daha
yaxşıdır.
"Qəzet həmişə olub və olacaq"
- Bəs
oxuduğun imzalar kimlərdir?
- Hə bunda problem yoxdu. Oxuduğum
və oxumadığım imzaları deyə bilərəm. Ən
çox oxuduğum imza Seymur Verdizadədir. Elburusun
yazılarını da oxuyuram. Əvvəllər Zamin
Hacını çox oxuyardım. Amma son vaxtlarda oxumuram.
Çünki artıq eyni stildən bezdim. Niyaz Niftiyevin
yazıları çox xoşuma gəlir. Bundan başqa yeni
yazarlar kəşf etmişəm. Ruslan Fərzəliyevin
yazılarını izləyirəm Bir də sənin
yazılarını. Üzünə demək olmasın
yazıların camaatın başa düşdüyü dildədi
(indiyə qədər müsahiblərimin haqqımda dediyi
xoş sözləri ilk dəfədir ki, qəzet səhifəsində
yazıram. Özündənrazılıq kimi başa
düşənlər üzrlü saysınlar-İ.V) deyə
çox xoşuma gəlir. Xüsusən də "Əsgərlik
gündəliyim" adlı silsilə yazılarını
oxudum.
- Səncə
elektron media qəzet jurnalistikasını üstələyə
bilibmi?
Çünki son vaxtlar bu haqda fərqli fikirlər var.
- Mən buna inanmayanların
sırasındayam. Qəzet həmişə olub və olacaq.
Radio, televiziya qəzeti reytinqdən salmadığı kimi
elektron media da bunu bacarmayacaq. Bizdə bəlkə də bu
baş verə bilər. Amma dünya praktikasında qəzetin
xüsusi çəkisi var. Həm də axı insanlar ən
azı metroda qəzet oxumaq istəyir.
-
Mütaliə edirsən?
- Bütün günü
kompüterin qarşısında oluram. Amma qəzet hər
gün oxuyuram. Bilmirəm, bəlkə də mənə elə
gəlir, qəzetdən oxuduğun informasiya və yazı ilə
saytdan oxuduğum arasında fərq var sanki. Qəzet mənə
daha doğmadır. Amma evdə kitabxanam da var. Bir vaxtlar
Çingiz Abdullayevin dedektivlərini çox oxuyurdum. İndi
də evdə 100-dən çox kitabım var. Son vaxtlar da
oxuyuram, amma bir az azaltmışam. Stolüstü kitabım
"Qurani-Kərim"dir. Hər axşam bir-iki səhifə
oxuyuram.
"Həmkarlarıma
sözüm odur ki..."
- Bəs
idmanla aran necədir?
- Çox pis. Son vaxtlar demək
olar ki, məşğul olmuram. Amma əvvəllər məşğul
olurdum. Çox kökəlmişəm. Deyəsən yenidən
idmana qayıdacam.
- Lap peşəkar
idmançılar kimi danışdın.
- Vaxtilə güləşçi
olmuşam.
-Nə
vaxtsa yenidən gündəlik jurnalistikayla məşğul
olmaq fikrin var?
- Onu zaman göstərər. Amma
bir redaksiyada işləmək fikrim yoxdu.
- Yəni
müstəqil jurnalist kimi?
- Elə də demək olar.
-
Fikrincə jurnalist olmaq üçün ixtisas vacibdir?
- Düzdür, özüm ixtisasca
jurnalistəm. Amma bu yaxınlarda həmkarlarından birinin
fizik olduğunu biləndə jurnalist üçün
ixtisasın vacib olmadığını daha çox
anladım.
- Kim
idi o?
- Fərəh xanım
Sabirqızı.
- Fuad
Muradovla aran necədir?
-Yaxşı. Fuad Muradovla işləmək
mənə heç bir problem yaratmır. Əksinə Fuad
müəllim həmişə ətrafındakı insanlara
qarşı qayğı ilə yanaşır. Əgər məsələn
bir kiçik də olsa problemin varsa və onu demirsənsə
belə bunu hiss edir və necə yardımçı ola biləcəyini
deyir. Həm də səmimi insandır. Yəni
bürokratiyadan uzaq, mənə dost kimi münasibət bəsləyən,
daha çox sərbəstlik verən bir insanla işləyirəm.
- Son olaraq həmkarlara və həmkarımız
olmaq istəyənlərə sözün.
- Həmkarlarıma sözüm
odur ki, harda olmağından asılı olmayaraq maksimum dərəcədə
obyektiv olsunlar. Jurnalistin "Dördüncü hakimiyyət"
adını qoruyub saxlasınlar.
İntiqam
Valehoğlu
Ədalət.-2012.-13
aprel.-S.7.