Bəhailik
və Azərbaycan bəhailəri haqqında
Bəhailik
nədir? Bəhalilər kimə xidmət edir və Azərbaycanda
onların fəaliyyəti nədən ibarətdir?
Yəqin ki, yuxarıdakı suallar
çoxlarını düşündürür. Məhz bu
suallara cavab tapmaq məqsədi ilə araşdırmaya başladım.
Təxminən iki ay öncə Azərbaycan Bəhai
icmasının ofisində qonaq oldum və bəhailik
haqqında 10-dan çox kitab əldə elədim.
Bu gün dünyanın 235 ölkəsində
6 milyondan çox bəhai var. Qonşu İranda isə 300
000-dən artıq bəhai yaşayır. İranda İslam
inqilabı həyata keçiriləndən sonra 200-dən
çox bəhai edam olunub. Azərbaycanda təxminən 1000 nəfərə
yaxın bəhai var. Ölkəmizdə bəhailər təqib
olunmur. Ramazan bəyin bildirdiyinə görə Bəhailər
20 000-dən artıq şəhid verib. Əsas təşkilatları
Ümumdünya Ədalət Evidir.
Bəhailiklə bağlı, bu
dinin Azərbaycanda və dünyada yayılmasıyla
bağlı suallarımı Ramazan Əsgərli
cavablandırır. Müsahibim Ramazan bəy Azərbaycan Tibb
Universitetinin məzunudur. 12 yaşından həqiqət
axtarışında olduğunu bildirən həmsöhbətim,
axtardığı bütün sualların cavabının Bəhai
dinində olduğunu bildirir.
- Ramazan bəy, mümkünsə,
əvvəlcə bəhailik və onun yaranması haqqında
oxucularımıza məlumat verərdiniz. Harda, hansı məqsədlə
yaranıb bəhailik?
- Əvvəlcə sizə babilik
haqqında məlumat verməyim yerinə düşərdi. Babilik,
Seyyid Əli Məhəmməd Babın yaratdığı bir
dini təlimdir. İranda, daha doğrusu Güney Azərbaycanda
yaranıb. Seyyid Əli Məhəmməd Bab, 1844-cü ildə
Bab ləqəbini götürmüş, özünü
Allahın vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18
müridindən biri olan Quddusla Məkkəyə yollanaraq
müsəlmanların müqəddəs ibadətgahı Kəbə
yaxınlığında öz missiyasını elan etmiş,
vəd olunmuş Qaim, yəni Mehdi olduğunu bildirmişdir.
Daha sonra Seyyid Əli Məhəmməd Kufə şəhərinə
gedərək orada öz dəvətini elan edib. Təbliğinə
başladığı gündən Babın təlimi fanatizmə
qarşı yönəlmiş olduğu və tamamilə yeni
prinsip və qanunlar elan etdiyi üçün İran cəmiyyətinin
orta və aşağı təbəqələrində
özünə çoxlu tərəfdar topladı. Lakin Seyyid
Əli Məhəmməd Babla bu dəvət və missiya bitmirdi.
Seyyid Əli Məhəmməd Bab özündən sonra
zühur edəcək "Allahın zahir edəcəyi kəs"
haqqında danışmış, bütün
yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin
bir qismi tərəfindən kafir elan olunub, bir qismi tərəfindən
isə qəbul edilib. Yəni ona münasibət birmənalı
olmayıb. Gündən günə artan nüfuzu və
ardıcıllarının İranı bürüməsinə
görə şah hökuməti onu həbs etdi və Maku
zindanına saldı. Seyyid Əli Məhəmməd Bab Maku
zindanında "Bəyan" adlı kitabını qələmə
alıb.
Babın artan nüfuzu həm
hakimiyyəti, bundan daha çox üləmaları qorxuya
salmışdı, odur ki, onlar Onun birdəfəlik məhvi
üçün çalışdılar və buna 1850-ci ildə
nail oldular. Bab həmin il iyul ayının 9-da Təbrizdə,
insanların gözü qarşısında güllələndi.
- Babın öldürülməsi
ilə babilik bitdi və yeni bir dönəm başladı.
Düzmü başa düşdüm?
- Seyyid Əli Məhəmməd
Bab özündən sonra gələcək, "Allahın
zahir edəcəyi kəs" haqqında məlumat
vermişdi. Ancaq onun ölümüylə babilik tamamilə
aradan qalxmadı. Babın ardıcılları üləmaların
təhriki ilə çox qəddar təqib və qətliyamlara
məruz qalırdılar və buna görə də müdafiə
olunmaq məcburiyyətində qalırdılar. Yeni
doğulmuş dinin ardıcıllarının fəaliyyəti
yatırılsa da, Babın ideyaları tamamilə aradan
qalxmadı.
1863-cü ildə əsl adı
Mirzə Hüseyn Əli olan Bəhaullah Bağdadın Rizvan
bağında bəyan etdi ki, o bütün İlahi Kitablarda,
həmçinin Babın "Bəyan" kitabında
zühuru vəd olunmuş "Allahın zahir edəcəyi kəs"dir.
Babın sağlığında onun davamçısı
olanların, onun ardıcıllarının böyük əksəriyyəti
Bəhaullahın Təliminə iman gətirdi. Babdan sonra
özünü "Allahın zahir edəcəyi kəs"
elan edən Bəhaullahın ardıcılları bəhailər
adlanırlar. Bəhailik artıq yeni bir inanc sistemi, yeni bir
dindir.
- Babın ən məhşur
ardıcıllarından biri bildiyim qədər Güney Azərbaycanlı
şairə xanım Zərrintacdır. Bu barədə nə
deyə bilərsiniz?
- Güney Azərbaycanda Babilər
hərəkatında demək olar ki, Zərrintacın, yəni
Tahirə Qürrətüleynin xüsusi yeri var. Tahirə
xanım Şərqdə çadrasını atan ilk
qadındır. Hərəkat yatırılarkən Tahirə
xanım da öldürülüb. Azərbaycanın
tanınmış yazıçılarından Əzizə Cəfərzadənin
"Zərrintac - Tahirə" adlı əsəri də var.
Bu barədə tarixi mənbələrdə kifayət qədər
məlumat var.
- Şimali Azərbaycanda babilik nə
vaxt yayılmağa başlayıb?
- Bab öz missiyasını elan
etdiyi vaxt onun şagirdlərindən biri Molla Sadıq Vənəndli
Ordubadın Vənənd kəndinin və ətraf kəndlərin
adamlarını öz ətrafına toplayaraq Babiliyi onlara
çatdırıb. Qısa vaxt ərzində
Naxçıvanda onun çoxlu tərəfdarları meydana gəlib.
Hətta çar Rusiyası tərəfindən xanlıqdan
uzaqlaşdırılan Naxçıvan sonuncu xanı da
babiliklə bağlı olub
- Məşhur milyonçu Musa
Nağıyevin də babi olduğunu deyirlər...
- Bəli, Musa Nağıyev bəhai olub. Lakin bu məsələ
müxtəlif mənbələrdə müxtəlif cür
işıqlandırılır və ziddiyətli məlumatlar
verilir.
- Yenidən qayıdaq Babiliyin Bəhailiyə
çevrilməsinə. Bu proses necə baş verdi?
- Qeyd etdiyimiz kimi, İranda babilik hərəkatı
yatırılan zaman hərəkatın fəal üzvi Mirzə
Hüseyn Əli - Bəhaullah Osmanlı imperiyasının ərazisinə
sürgün olunur. Babilik yaranandan 19 il sonra Bəhai dinini elan
edir. Bəhaullah sağlığında öz oğlunu Əbdül-Bəha
Abbası davamçısı-Bəhai Yazılarının səvhsiz
və qüsursuz şərhçisi elan edib. Çünki
müqəddəs kəlamların şərhini vermək
üçün varisə ehtiyac var idi. Əbdül-Bəhanın
dövründə bəhailik 37 ölkəyə
yayılıb və Bəhai inzibati quruluşunun
yaradılmasının əsası qoyulub. Bu quruluşda əsas
orqan Məhfil adlanır.
- Belə çıxır ki,
babilik öz mahiyyətini dəyişmədən bəhailiyə
çevrilib və daha da genişlənib? Azərbaycanda daha
çox hansı şəhərlərdə
yayılırdı bəhailik?
- Bab öz yazılarında Bəhaullahın
gəlişini xəbər verib. Onun gəlişiylə bəhailik
yaranıb və inkişaf edib. O cümlədən Azərbaycanda
da bəhalik bundan sonra daha geniş yayılıb.
XIX əsrin ikinci yarısında Bəhai
İcmaları Şimali Azərbaycanın Bakı, Gəncə,
Naxçıvan, Balaxanı, Gəncə, Bərdə, Şəki,
Sabirabad, Neftçala və digər yerlərində fəaliyyət
göstərib. Bakı və Balaxanı İcmaları
dünyanın ən qədim bəhai icmalarından hesab
olunur.
1860-70-ci illərdə Bakı
İcmasının yaradılmasında Azərbaycanın xalq
şairi Mikayıl Müşfiqin babası Mirzə Əbdülqədir
İsmayılzadənin böyük rolu olub. O vaxt bu icmalarda
yüzlərlə insan təmsil olunub.
Bəhai İcmaları Azərbaycanda
yaranan gündən hər cür dini fanatizmi, mövhumat və
cəhaləti pisləyib, maarifçiliyi, uşaqlara,
xüsusən də qızlara dünyəvi təhsilin verilməsini,
qadınların cəmiyyətdə və ailədə
hüquqlarının qorunmasını təbliğ edib, dinlər
və xalqlar arası dialoq və əməkdaşlığa
can atıb. Çox az adam bilir ki, ilk dəfə azərbaycanlı
qızlara təhsil verilməsinin əsası bəhailər tərəfindən
qoyulub. Dinlər və xalqlar arası dialoq ideyasının da əsası
bəhalikdən gəlir. Yəni bu ideyanı yaradan bəhailərdir.
- Sovet dövründə bəhailik
təqib olunurdumu?
- Bəli, Sovet dövründə Bəhailər
təqib olunub və Bakı Bəhai İcmasının Məhfilinin
9 üzvü repressiyaya məruz qalıb. Bütün digər
dinlər kimi biz də Sovet hakimiyyəti dövründə təqib
olunurduq.
- Müstəqillik dövründəki
fəaliyyətinizdən danışardınız...
- 1992-ci ildə Azərbaycan
Respublikası Milli Məclisi Din azadlığı haqqında
qərar qəbul etdikdən sonra, Azərbaycan bəhailəri
rəsmi olaraq icma yaratmaq imkanını əldə etdilər.
1993-cü ildə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyi Kollegiyasının qərarı ilə Bakı Bəhailərinin
fəaliyyətinə rəsmi icazə verildi. 2002-ci ildə Azərbaycan
Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət
Komitəsində Bakı İcması təkrar qeydiyyatdan
keçib. Sumqayıt İcması da həmən ildə
qeydiyyata alınıb. 2004-cü ildə isə Azərbaycan Bəhailərinin
Milli Ruhani Məhfili rəsmi qeydiyyatdan keçib. Bu gün Azərbaycan
Respublikasında bəhailər, digər vətəndaşlarla
yanaşi, fəal həyat sürürlər. Siyasətə
qarışmırıq. Ölkənin qanunları bizim tərəfimizdən
sözsüz qəbul olunur.
- Ramazan bəy bu yaxınlarda
görkəmli yazıçımız Rafiq Tağı qətlə
yetirildi. Qətlin səbəbləri içərisində
İran ayətullahlarının verdiyi ölüm fətvası
daha çox qabardılır. Bu məsələyə
münasibətinizi bilmək istərdim...
- Mən şəxsən Rafiq
Tağının qətlini pisləyirəm. Bunu edənlərin
tapılmasını, qanun qarşısında cavab verməsini
istəyirəm. Bəhailikdə bu cür cəzalandırma
metodları yoxdur. Bizdə ölüm fətvası,
daşqalaq, asma kimi cəzalar yoxdur. İranda islam inqilabı
baş verəndən bu günə qədər 200 bəhai
edam olunub. Hələ də həbsdə olan, təqib olunan bəhailər
var.
- Azərbaycan respublikasının
Nazirlər kabinetinin dini icmalar üçün
ayırdığı yardımdan imtina etmisiniz. Bunu nəylə
əsaslandırırsınız?
- Bəhailikdə ianə xüsusi
bir imtiyazdır. Bəhai olmayanlar bizə ianə edə bilməz.
Hətta qoyulmuş qaydaları pozanları ianə verməkdən
məhrum etmək bir növ cəza formasıdır. Verilən
yardımın miqdarından və kim tərəfindən
verilməsindən asılı olmayaraq biz icmadan kənar mənbələrdən
və Bəhai olmayanlardan yardım qəbul etmirik.
- Sizin yəhudilər tərəfindən
maliyyələşdirildiyiniz deyirlər. Bu nədən qaynaqlanır?
- Belə bir şey mümkün
deyil. Əgər biz dövlətin yardımını qəbul
etmiriksə, deməli bu absurd fikirdir. Bizim ibadət edərkən
yönəldiyimiz qiblə, Bəhaullahın dəfn
olunduğu yer, bizim ən gözəl məbədgahlarımızı
İsrailin Əkka şəhərindədir. Bəhaullah Əkkada
dəfn olunarkən o yerlər Osmanlı torpaqları idi.
Bütün bunlar bizim haqqımızda yayılan yanlış
məlumatlardır.
- Bəhailikdə donuz ətinə,
faizə və içkiyə münasibət necədir?
- Faizə icazə verilir.
Xüsusilə bank faizləri ilə bağlı heç bir
problem yoxdur. Donuz ətinin yeyilməsi ilə bağlı
qadağamız yoxdur. Ancaq içki və narkotik haramdır.
***
Ramazan Əsgərli ilə söhbətimiz
uzun çəkdiyi üçün söhbətimizin
hamısını sizlərə çatdırmaq
mümkün deyil. Ancaq bəhailərin əsas dini prinsiplərini
oxucularla bölüşmək istəyirəm.
Dinləri haqqında bəhailərin
düşüncələri:
-Bəhai Dini - tam müstəqil, dünyavi din hesab
olunur. Bəhailər də öz dinlərinin sonuncu din
olmasına inanırlar.
-Bəhai dinin əsas
paradiqması, Allahın birliyi (vahidliyi), dinlərin birliyi və
bəşəriyyətin birliyidir.
Bəhailiyin islamdan qəti şəkildə
fərqlənən cəhətləri:
-Bəhailər islam şəriətini
qəbul etmir.
-Bəhailər Allahın sevdiyi
insanların vücudunda zühur etməsinə inanırlar.
-Namaz və qiblələri tamam fərqlidir.
Bəhailərin qıldıqları kiçik, orta və
böyük namaz müsəlman namazından fərqlidir.
Namazların böyük hissəsini Bəhaullah onların
üzərindən götürüb.
-Təqvim forması həm Miladi, həm
də hicri təqvimindən fərqlidir.
Bəhailərin ili on doqquz ay və
on doqquz gündən ibarətdir. Bəhailər on doqquzu
müqəddəs rəqəm hesab edirlər.
-Babın qiyamı təqvimin ilk
günü, ilin başlanğıcı sayılır. Təqvim
"Bədi" adlanır.
-Babın dünyaya gəldiyi
Şirazdakı evi ziyarət, bəhailərin Həcc ziyarəti
hesab olunur.
-Bab hər iki tərəfin
razılığı ilə edilən ticarətin, o cümlədən
sələmin (Faizin) halal olduğunu elan edib. Bab deyib ki, "
Allah hər iki tərəfin razılığı ilə
alış-verişi halal etmişdir. Tacirlərə, bu
günlər onların arasında adi hal almış sələmçiliyə
də izn vermişdir."
-Bab islamda olan hicab
qadağasını ləğv edib və insanların bir-birinə
baxmasını halal elan edib. Bəhai qadınları hicab
bağlamır.
Cəlil
Cavanşir
Ədalət.-2012.-13 aprel.- S.8.