Mühacir qızı Nəzifə - Hekayə

 

   Qeyd: Bu əhvalatı 1980-ci illərdə qələmə almışam. Hekayə qəhrəmanları hadisələri təxminən 1965-75-ci illər arasında yaşayıblar.

   Nəzifə, qaranlıq otağında pəncərənin kənarında oturub xəyala dalmışdı.

   İndiyə qədər eşitdiklərini nəzərə alsa, Almaniya soyuğu və yağışı bol olan bir ölkədir. Buludlu havaları, dumanlı küçələri var. Bu dumanlı küçələrdə soyuq insanlar gəzir. Oranın günəşi də çox nazlıdır, istədiyin vaxt çıxmır ortalığa. Xüsusən qış aylarında demək olar ki, heç görünmür.

   Böyükdən böyük mağazaları var Almaniyanın. Yazda sərin, qışda isti havasıyla, istənilən əşyanı tapa bilmək və istədiyinə toxunmaq imkanıyla insan gəzməyə doya bilməzmiş bu yerləri. Səhərin tezdən, ya da axşamın gec saatlarında türk qadınları təmizləyərmiş bu mağazaları. Kişiləri də bu qaranlıq ölkənin yollarını süpürərmiş.

   Amma insan özünü yad hiss eləməzmiş Almaniyada. Çünki burda türklər çox imiş. Halbuki, İsveçdə vəziyyət başqaydı. Almaniyadan daha soyuq və uzaq bir ölkəydi bura. Türklərin sayı da çox az imiş.

   İllər əvvəl İsveçə gəlin gedən qonşuları Cevriyyə bacıdan öyrənmişdi bunları. Qadın hər dəfə gələndə oralardan şikayətlənirdi. Ən çox da tənhalıqdan. "Okeanın ortasında kiçik bir qayıq kimiyəm, batmamaq üçün çabalayıram" deyərək, tənhalığını dilə gətirirdi.

   Yaxınlarından xeyli qız evlənib getmişdi uzaqlara. Fransa, Almaniya, Hollandiya, İsveç... hətta Amerikaya, Avstraliyaya gedənlər vardı. Varlı görünüşü olan adamlar, dəbdəbəli avtomobillərlə gəlib, alıb aparmışdılar onları və sonu naməlum bir taleyə doğru uçub getmişdi gənc qızlar.

   Nəzifə, Gültəpədən İzmir körfəzinə baxan evlərinin kurjevalı pərdə asılmış otağında oturmuş, dənizə doğru baxsa da, beyni bu düşüncələrlə məşğul idi. Bir az öncə işdən gəlmişdi, canında iş gününün yorğunluğu vardı. Onun xınalı əlləri günboyu tütün təmizlədiyindən, əlləri və üstü- başı tütün iyi verirdi. Amma o yorğunluqdan əllərini yuyacaq, üstbaşını dəyişdirəcək gücü belə tapa bilməmişdi özündə.

   Nəzifə bir az əvvəl işdən gəlmişdi, yorğun idi. İzmirin dağları şahid idi buna.

   Çöldə hava tutqun idi. Bir-birləriylə sözləşibmiş kimi, səmadakı bütün qara buludlar İzmirə doğru irəliləyirdi.

   Getdikcə daha da genişlənən körfəzin intəhasızlığında batmaqda olan günəş bu gün görünmürdü. Yalnız bulud çatlaqları arasından hərdən sızan işıq şüalarını bir anlıq görmək mümkün idi. Buludsuz axşamlardakı möhtəşəm işıq selinin yanında kiçicik bir sızıntı mənasız görünürdü.

   Yamanlar dağının üzərində tez-tez çaxan şimşəklərin ardınca, qaranlıq çöldə dəlicəsinə qaçan at sürülərinin səsləri kimi göy gurultuları eşidilirdi.

   Sarı pərdəli otaqdan ancaq bir dəsmal parçası böyüklükdə görünən dəniz kül rənginə bürünmüş, dalğalar oyanaşırdı. Əvvəllər sahil kənarındakı tikililər ancaq gecəqondu olduğu üçün körfəz daha aydın görünürdü. O vaxtlar bu otağa "dənizə baxan otaq" deyirdilər. Gecəqonduların iki üç mərtəbəli tikililərə çevrilməsiylə bu ad da unudulmuşdu.

   Küçədə oynayan bir neçə uşağın səsi otağa qədər gəlirdi. Nəzifənin gözü bəzən onlara, bəzən də atasına sataşırdı. Yaşlı adam bağçanın bir küncündəki kiçikli-böyüklü daşları qaydaya salmağa çalışırdı.

   Oynayan uşaqlara baxa-baxa Nəzifə düşündü ki, "Bir azdan yağış başlasa oyunlarını kəsib gedərlər"

   Sonra o da az əvvəl onu məşğul edən düşüncələrindən ayrılıb, uşaqlıq günlərini arzuladı.

   Çox yox, beş altı il əvvələ qədər o da qaçıb oynamışdı küçələrdə. İp atlama, gizlənpaç, körəbə...Bütün oyunları ürəyi istədiyi qədər oynamışdı. Ən çox ip atlama oyununu sevirdi. İp üstündən yaxşı atlayardı, heç yanmazdı. Bəzən də, Nif dağının üzərinə böyük bir ay doğulduğu zaman, digər uşaqlarla birlikdə o da küçəyə çıxar, gecənin yarısına qədər danışardılar.

   O uşaq olanda anası, Zeytunluq tərəfdə tütün mağazasında çalışırdı.

   Yaz aylarının insanı yapışqan kimi tərlədən istiləri, yerini axşamın sərinliyinə verərkən, tütün, üzüm və əncir mağazalarında çalışan qadınlı qızlı işçilər də, yorğun, tərli bədənləri və tütün iyi verən üst-başlarıyla evlərinin yolunu tutarlardı.

   Nəzifə, anası gələnə yaxın onu küçədə gözləyərdi. Onu uzaqdan seçər, seçməz, üstünə qaçar,özünü onun qolları arasına atardı. Anası da Nəzifəni tütün iy verən üstbaşıyla qucaqlar, öpərdi. Sonra da çantasından onun üçün aldığı simiti çıxarardı. Simit də tütün iyi verərdi, amma alışmışdı Nəzifə, iştahla yeyərdi tütün iy verən simiti.

   O zamanlar küçədə oynadığı çoxlu dostları vardı. Nərmin, Səmra, Güldən, Sabahat... Bir də Kamal var idi ...Kamal !

   Zaman keçdikcə yoldaşlarıyla yolları ayrıldı. Güldəni iki il əvvəl bir taksi şoferi qaçırmışdı. O zamanlar hələ on səkkiz yaşındaydı Güldən. Sarı saçlı, yaşıl gözlü çox gözəl bir qız idi Güldən. O da Nəzifə kimi bir göçmən qızı idi. Sonra bir daha xəbər olmadı ondan. İstəyərəkmi getmişdi, yoxsa zorla qaçırılmışdı, onu da kimsə öyrənə bilməmişdi.

   Başqa bir mühacir qızı Sabahatla isə son vaxtlara qədər birlikdə idilər. İkisi də Tekel Siqaret Fabrikində işləyirdi. Bütün günü birlikdəydilər. Nahar fasiləsində fabrikdən çıxar, həm alver edər, həm də fabrik önündə yığışan gənc oğlanlara tərs-tərs baxardılar. Fasilədən sonra da birlikdə Kordona gedib, batmaqda olan günəşi izləyərdilər. Bəzən də Fuardə axşam gəzintisinə çıxardılar

   Ancaq Sabahat getdikcə dəyişməyə başlamışdı. İşləmək çətin gəlirdi ona. Tez-bazar evlənməyi, fabrikdən xilas olmağı və övlad sahibi olmağı arzulayırdı.

    Sabahat, bu istəyinə tez bir zamanda qovuşmuşdu. Bir gün Fuarda hər zamankı gəzintilərinin birində bir nəfərlə tanış oldular. Adam bir bəhanə tapıb onlarla tanış olmağı bacarmışdı. Həmin şəxs yaxşı geyimli, bığları və saçları səliqəli, səlist danışan birisiydi. Sanki ağızından bal damırdı. "Birini olmasa, o birini" düşüncəsi ilə, iki qızı da söhbətləri ilə ovsunlamışdı.

   Bir akşamüstü, günəşin qırmızı şüaları İzmirin dar küçələrində, mənzil və fabrik divarlarında, uzaqlardakı gecəqondular məhəlləsində son gəzintisini edərkən, o adam da kim bilər neçənci dəfə fabrikin qarşısına gəlmişdi. Nəzifənin evlilikdə ya da vaxt keçirməkdə niyyətinin olmadığını anlayınca, Sabahata daha çox diqqət ayırmağa başlamışdı. Amma Sabahat da bu görüşlərində münasibətlərini ciddiləşdirmək niyyətində idi. Fabrikdə işləyən dünyagörmüş yaşlı qadınlar onun beyninə bu fikri salmışdılar. Əgər hər fabrik önünə gələnlə danışıb, vaxt keçirirsə nə olardı bu işin sonu? Bir qızın adı bir neçə adamla çıxdımı, deməli o qız evdə qalacaq. Buna görə də kəsə yolla nəticə əldə eləməsi lazım idi. Tekeldəki qızların aldadılmamaq, istifadə olunmamaq üçün silah olaraq istifadə etdikləri bir cümlə vardı, bu gün o cümləni söyləyəcəkdi. Necə ki, bunu elədi. Tam Fuaryə girmişdilər ki, "Baxın"", dedi Sabahat qəşəng geyimli adama, "Əgər mənimlə bir könül əyləncəsi olaraq danışmaq, gəzmək, vaxt keçirmək niyyətindəsinizsə heç danışmayın. Belə daha yaxşı olar. Çünki mən evlənib yuva qurmaqdan başqa düşüncəsi olmayan bir qızam."

  Bu söhbətdən bir neçə ay sonra evləndi Sabahat. İndi İstanbulun sahil səmtlərindən birində yaşayırlar. Ancaq Nəzifəyə göndərdiyi məktubda bədbəxt olduğundan danışırdı. Əri ümid etdiyi kimi çıxmamışdı. Evlilikdən əvvəlki söhbətləri, şirin vədləri artistlik imiş. Uzun-uzadı şikayətlənəndən sonra məktubun sonunda, "Əsla mənim kimi sən də aldanma. Gözəl qızsan, neynirsən elə, imkanlı biriylə evlən" deyə Nəzifəyə öyüd vermişdi.

   Nəzifə də sanki bu məsləhətə əməl etmiş, imkanlı bir Almaniyalı tapmışdı. Daha doğrusu, Nəzifənin ağılında olmadığı bir vaxtda Almaniyalı onu tapmışdı. İndi araya hörmətli adamlar salaraq işin baş tutması üçün yollar axtarırdı. Toy filan etmədən qızı tez-bazar Almaniyaya aparmaq istəyirdi.

   Almaniyalı, yaşı qırxın artıq, kök, dolğun üzlü, incə bığlı biriydi. Dediyinə görə, İzmirin ən yaxşı yerlərində bir neçə mənzili, Bulaqda bir yaylaq evi, bir-iki fabrikdə də normal ortaqlıq payı vardı. Bu il evlənmək niyyətiylə gəldiyi üçün özünə yeni bir "Mersedes" almışdı. İllər əvvəl baş tutan evliliyi, bir müddət sonra boşanmayla nəticələnincə, o da bir daha bu mövzuda hər hansı bir cəhd göstərməmişdi. Ancaq yaşı qırxı keçincə evlilik dünyasındakı şansını yenidən sınamağa qərar vermişdi.

   Almaniyalı, Nəzifənin valideyinlərinin "ağızından girib burnundan çıxdı". Qızlarını Almaniyaya aparacaqdı, orada kraliçalar kimi yaşayacaqdı Nəzifə. Əli istidən soyuğa dəyməyəcəkdi. Bir əli yağda, bir əli balda olacaqdı, istədiyi kimi yeyib-içəcək, istədiyi kimi geyinəcəkdi.

   O adamın dedikləri valideyinlərinin xoşuna gəlmişdi. Bir az yaş fərqi vardı amma heç nə olmazdı. Nəticədə qızları ağgünlü olacaqdı. Həm də indiki zamanda kim qızına dürüst bir ər tapa bilirdi ki? Həm də necə də olsa adam Almaniyalı idi. Baş nazirdən də çox maaşları vardı onların. Onun bir aya xərclədiklərini bir aya qazana bilmirdilər. Sözün qisası, bu iş onlara uyğun gəlirdi. Yetər ki, Nəzifə "hə" desin. Özləri, o biri uşaqları heç, təki Nəzifə yaxşı bir həyat sürsün, fabrikdən xilas olsun.

   Nəzifənin isə ağızını bıçaq açmırdı, nə "hə", nə də "yox" deyəcək vəziyyətdə deyildi, düşüncələri çox qarışmışdı. Hər şey elə tez inkişaf etmişdi ki, hadisələr onun üçün hələ indi aydınlaşırdı. Son vaxtlar bacardığı bir iş vardı, işdən gəldikdən sonra pəncərə kənarında oturub, çölə baxaraq saatlarla düşünmək. Keçmişi də, gələcəyi də götür-qoy edirdi. Artıq Sabahat da yox idi. O olsaydı, Fuarda ya da Kordonda bir gəzşirək bu mövzudan danışa bilərdilər.

   Evdəkilər də Nəzifənin bu durğunluğunun fərqində idi. Amma çox da üstünə getmirdilər. Atası Dəmir ağa, özləri hər nə qədər istəsələr də, son qərarı Nəzifənin verəcəyini Almaniyalıya açıq açıq söyləmişdi.

   Çöldə hava getdikcə qaralırdı. Uşaqların səsi də kəsilmişdi. Yəqin ki, evlərinə getmişdilər.

   Gözü yenə atasına sataşdı. Uzun müddət idi ki, bağçadakı bu daşlarla məşğul olurdu Dəmir ağa. Onları ölçülərinə görə ayırar, hərdən də yerlərini dəyişdirərdi. Bəzən də əlinə metrəni alıb, bağçanı ölçər, sonra da əlini çənəsinə söykəyərək bəzi hesablamalar aparardı.

   Nəzifə, atasının bu daşları nə üçün saxladığını bilirdi. Bəli, yeni bir ev etmək istəyirdi Dəmir ağa. Makedoniyadan onunla birlikdə İzmirə köç edən tanışları evlərini timişdilər, amma o heç cür başlaya bilməmişdi tikintiyə. Uzun müddət iş tapa bilmədiyi üçün çətin günlər keçirmişdilər. Nəinki tikintiyə başlamaq, qazandıqlarıyla güc-bəlayla dolanırdılar. Dəmir ağa, iş tapmaqdan ümidini kəsdiyi vaxt, bir tanışı vasitəsiylə, fabrikdə gözətçilik işinə düzəldi. Bir-iki il sonra yaşına uyğun təqaüdə çıxacaqdı, o zaman tikintiyə də başlayacaqdı.

   Nəzifə köç illərini xəyal kimi xatırlayırdı. O zamanlar daha pis vəziyyətdə olan bu evdə, Dəmir ağa bir gün bütün uşaqları yığmıb, onların arasında oturaraq, "Övladlarım Makedoniyadakı kəndimizi tərk edib Türkiyəyə gəldik. Bu köç əldə ovucda bir şey qoymadı, amma işlələyəcəyik və inşallah yaxın vaxtlarda evimizi tikəcəyik. Sizlər də burada evlənib, xeyirlisiylə öz evinizi quracaqsınız" demişdi.

   Nəzifə o zamanlar atasının bu sözlərini ölçüb-biçə bilməmişdi. Yalnız böyük bir şəhərə gəldiyinin fərqində idi. Gecə olan kimi, İzmirin ucsuz-bucaqsız işıqlarına baxar, öz evlərinə elektrikin gələcəyi günü həsrətlə gözləyərdi. Çətin illər idi ilk illər. Qazana biləcəkləri iş yerləri, İzmirin əncir, üzüm və tütün mağazaları idi. O səbəblə mağazaların açıldığı gün, işçilər iş yerini əldən buraxmamaq üçün, gecədən gəlib mağazaların qarşısında səhərə qədər gözləyərdilər.

   Yamanlar tərəflərdə çaxan şimşəyə baxarkən, "Off..." dedi Nəzifə, bu yağış başlasaydı heç olmasa"

   Sonra Kamal yadına düşdü. Bir vaxtlar darısqal küçələrdə baş-başa verib söhbətləşdikləri Kamal. Onsuz da indiyə qədər onun ürəyinə Kamaldan başqası girməmişdi.

   O zamanlar Kamal çox şey izah edirdi ona. Əsgərlikdən sonra Amerikaya gedib TIR sürücülüyü edəcəyini, bu yolla çoxlu pul qazanacağını, hətta şansı gətirsə orada tanınmış bir artist olacağını, ancaq bütün bunları bacarmasa, o zaman Alsancak limanına yanaşan xarici gəmilərdən birinə işə düzəlib dünyanı gəzəcəyini filan, danışardı Kamal.

   Əsgərlikdən sonra həqiqətən Kamal yoxa çıxmışdı. Görəsən danışdıqlarından birini reallaşdıra bilmişdimi? Bəlkə də buralardan küsüb İstanbula gedib. Zeytinburunda qohumları vardı.

   Kamalın adı ətrafda pis çıxmışdı. Bəzi krimnal hadisələrə qarışmış , bu səbəblə də bir neçə ay Şirinyer Uşaq İslah müəssisəsində həbsdə yatmışdı. Amma Nəzifə Kamala heç bir zaman pis bir insan gözüylə baxmamışdı. Çünki qürurlu biriydi o. Belə bir adam pis ola bilməzdi. Ah... kaş indi çıxsaydı ortaya. Ona elə ehtiyacı vardı ki...

   Əvvəllər Kamal küçədə, o da indiki kimi pəncərədə oturar, saatlarla baxışar, işarələşərdilər. Bəzən Kamal bağçaya girər, indiki kimi daşlarla məşğul olmaqda olan atasına "İşin irəli, Dəmir ağa" deyə salam verər, gizlin-gizlin ona da baxardı.

   Dəmir ağa, Kamalın xətrini çox istəyirdi. Çünki onun atasıyla əsgər yoldaşı idi. Birlikdə Mariborda əsgərlik etmişdilər. Maribor, Makedoniyaya çox uzaq idi, əsgərlik xatirələrini danışarkən bu şəhərdən də danışardı.

   Dəmir ağa, bu görüşlərdə Kamala öyüd verməkdən özünü saxlaya bilməzdi. "Burax bu pis xasiyyətlərini, gir bir işə sənət öyrən" deyərdi.

   Nəzifə bu xəyallar içində, qeyri-iradi Kamalın adını sayıqlayırdı. O an anası Nazlı Aba içəri girdi. Bir müddət pəncərə kənarında oturan Nəzifəni müşahidə elədi. Nəzifə qədər dalğın idi ki, Nazlı Aba onun yuxulu olduğunu düşündü. Nəzifə özünə gəlib arxaya çevriləndə anasıyla qarşılaşdı. Bir müddət baxışdılar. Qaranlıq otaqda bir-birlərinin ancaq silüetini görə bilirdilər.

   Sonra Nazlı Aba çox yavaş və titrək bir səslə danışdı:

   -Nazo qızım, hava qaralıb, lampanı yandıraqmı?

   Nəzifə də, "nə bilim ay ana" deyə cavabladı onu.

   Bu iki səs qaranlıqda əriyib itdi. Sonra yenə səssizlik çökdü. Ancaq çöldə Dəmir Ağanın gördüyü işin hənirtisi eşidilirdi.

   Sonra gözləri doldu Nəzifənin. Bir neçə dəfə içini çəkdi. Sinələri uçmaq istəyən göyərçinlər kimi titrədi. Ağlayırdı artıq. Tütün iyi verən əlləriylə gözlərini sildi.

   Birdən yerindən qalxdı, qapının yanında dayanmış anasını qucaqladı. Anası da onu, eynilə balaca vaxtı mağazadan qayıdanda qucaqladığı kimi qucaqladı.

   "Belə olacaqdı ay ana?" dedi Nəzifə, "Məni belə uzaqlaramı göndərəcəkdin. Axı Allah bizi bir-birimizdən ayırmasın deyirdin, axı məni toylu-düyünlü evləndirəcəkdin, toyumda su qabı qıracaqdın, "Payduşka" nı oynayacaqdın, atam "Vardar Ovası"nı oxuyacaqdı"...

   Nazlı Abanın da gözləri yaşarmışdı. "Belə danışma ay qızım" dedi, "Belə danışıb ürəyimi üzmə. Biz həmişə sənin yaxşılığını istəmişik. bir az ağgünlü olmağını arzuladıq. Yoxsa biz biz sənin xoş gününü, toy-düyününü görməyi istəmirikmi?"

   Elə bu vaxt Dəmir Ağa qapıda göründü. Söhbəti eşitmişdi. Nəzifə anasını buraxıb atasını qucaqladı. Dəmir Ağa qızının saçlarını qoxladı və onu alınından öpdü. Sonra sərt bir səslə:

   "Gedin", dedi "Gedin Almaniyalıya deyin ki, işiylə məşğul olsun. Mənim qürbətə ərə veriləcək qızım yoxdur, həm də öz istəyi olmadığı üçün bu heç mümkün deyil."

   Çöldəki tutqun hava yağışa çdöndü. Kirəmitlərə, ağaclara, yollara iri damlalar düşməyə başladı. Bir anda ortalığa torpaq qoxusu yayıldı.

   Yağış getdikcə güclənirdi. Yığılan sular dar küçələrdən aşağıya doğru axmağa başladı. Axan sular getdikcə çoxalırdı.

   Sanki Gültepeni sel aparırdı.

 

  Hüdai Ülker-Berlin, Almaniya Çevirən: Cəlil Cavanşir

 

  Ədalət.-2012.-14 aprel.- S.10.