ŞABRAN: ƏFSANƏLƏRDƏN REALLIQLARA...

 

   (əvvəli ötən sayımızda)

  

   Rayonun cənub tərəfindən milli ornamentlərlə cilalanmış giriş qapısı tikilmişdir. Şəhərin mərkəzində "Bulaq" kompleksinin və qarşısındakı meydanın tikintisi yekunlaşmışdır. Şəhərin 23 küçəsində, M.Rəsulzadə küçəsinin bazara daxil olan hissəsində, ümumilikdə 13,65 km yol tikilmişdir. 5,48 km uzunluğunda olan 9 küçəyə 30538 kv.m asfalt döşənmiş, 8,17 km uzunluğunda olan 14 küçə isə 49036 kv.m çınqıl və qırma daşla tikilmişdir.

   Özəl bölmələr 4,96 milyon manatlıq tikinti aparmışdır.

   80 çarpayılıq yeni xəstəxana, 80 şagird yerlik Vələsli ümumi orta məktəbi, Qarabağ əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış evi tikilib istifadəyə verilmiş, 1 şəhid ailəsi, 15 Qarabağ müharibəsi əlili mənzillə təmin olunmuşdur. 2 nəfər Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evi tikilmişdir. Şəhər 1 saylı uşaq bağçası, Aygünlü tam orta məktəbi əsaslı təmir olunub istifadəyə verilmiş, Pirəbədil tam orta, Çuxurazəmi ümumi orta məktəblərinin tikintisinə başlanmışdır. Hazırda xüsusi əhəmiyyət daşıyan böyük bir layihə, Şabran şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin qurulması işləri sürətlə davam edir. Bu layihənin icrası cari ilin yarısınadək başa çatdırılacaqdır.

   Poeziya Evinin tikintisi, Xaqaninin heykəlinin ucaldılması da 2011-ci ildə görülmüş işlərin siyahısına daxildir. Ötən il əsası qoyulmuş "Məktəbli Dünyası"nın tikintisi başa çatmaq ərəfəsindədir.

   Rayon ötən ili iqtisadiyyatın bütün sahələrində yaxşı göstəricilərlə başa vurmuşdur. İl ərzində istehsalın həcmi 263,2 milyon manata çatmış, sənaye məhsulları istehsalı 41 faiz artaraq 12,04 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalı 46 faiz artaraq 63,3 milyon manat olmuşdur.

   Adambaşına düşən məhsul istehsalı 13 faiz artaraq 4,9 min manat, bir nəfərə düşən pul gəlirləri 13 faiz artaraq 1,6 min manat olmuşdur. Orta aylıq əmək haqqı 10 faiz artdığından indi rayon üzrə işləyənlərin orta aylıq əmək haqqı 258,9 manata çatmışdır. Beş il əvvəl isə bu rəqəm cəmi 102,6 manat idi.

   Rayonun iri istehsal müəssisələrində: Dəvəçi Dəyirman MMC-də 26,7 min ton un, 8,7 min ton kəpək, "Dəvəçi Broyler" ASC-də 14,9 min ton quş əti istehsal edilmişdir. "Dəvəçi Broyler" ASC-də yeni müəssisə - "Dəvəçi Broyler Dərin Emal" sexi tikilib istifadəyə verilmişdir. Yeni işə salınmış istehsal sahəsində 70 nəfər əlavə işlə təmin edilmişdir.

   2011-ci ildə fərdi sahibkarlıq subyektlərinin sayı 207 vahid artaraq 2071-ə, özəl müəssisələrin ümumi sayı 19 subyekt artaraq 242-yə, nisbətən iri istehsal müəssisələrinin sayı da artaraq 21-dən 26-ya çatmışdır. Rayondakı bank filialları tərəfindən sahibkarlıqla məşğul olan 2833 nəfərə 9 milyon 318 min manat həcmində güzəştli kredit verilmişdir.

   Sahibkarlığın inkişafı ümumdaxili məhsul istehsalının artım dinamikasında da özünü göstərir. Rayonda istehsal olunan sənaye məhsulunun 84,8 faizi, kənd təsərrüfatı məhsullarının isə 99,8 faizi özəl sektorun payına düşür. 

   2011-ci ildə 494 yeni iş yeri açılmışdır ki, onlardan 149-u daimi iş yeridir. Son 8 ildə isə rayonda 5961 iş yeri açılmışdır ki, onlardan da 2980-ı daimi iş yerləri olmuşdur.

   Son illər respublika əhalisinin rifah halının yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində rayon əhalisinin rifahı da xeyli yaxşılaşmışdır. 2011-ci ildə pensiya və müavinət alanların sayı 9075 nəfər olmuşdur ki, onların da əmək pensiyalarının və müavinətlərinin ödənilməsinə 11 milyon 79,6 min manat vəsait sərf olunmuşdur.

   Dövlət tərəfindən ünvanlı sosial yardım təyin olunmuş ailələrin sayı 585, onların ailə üzvlərinin sayı 2453 nəfər olmuşdur. Onlara 1 milyon 232,9 min manat vəsait ödənilmişdir.

 

   Aqrar sahə diqqət mərkəzində

 

   Kənd təsərrüfatı rayonun iqtisadiyyatının aparıcı sahələrindəndir. 2011-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı 46 faiz artmışdır. Rayonda 21,7 min ton taxıl, 8,4 min ton tərəvəz (187 ton çox), 834 ton meyvə (69 ton çox), 835 ton üzüm (18 ton çox) istehsal edilmişdir. Son 4 ildə rayonda meyvəçilik və üzümçülüyün inkişafına maraq artmışdır. 2011-ci ildə 212 hektar meyvə, 171 hektar yeni üzüm bağları salınmış, meyvə bağları 1439, üzüm bağları 365 hektara çatdırılmışdır.

   Yaxın keçmişdə Şabranda da 24 min ton üzüm istehsal edilirdi. Rayon ərazisində 3 üzüm emalı müəssisəsi var idi. Ölkəmizdə qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq üzümçülüyün inkişafı ilə bağlı ənənəni davam etdirmək, bu sahəni rayonun iqtisadiyyatının ən gəlirli sahəsinə çevirmək üçün yaradılan şəraitdən bütün mövcud ehtiyatlardan səmərəli istifadə olunacaqdır.

   Ötən ildə aqrar sektora dövlət dəstəyi tədbirləri, o cümlədən vergi azadolmaları, lizinq xidmətləri, güzəştli kreditlərin subsidiyaların verilməsi davam etdirilmiş müasir texnologiyalara əsaslanan heyvandarlıq quşçuluq müəssisələri yaranmışdır. 2011-ci ildə sahibkarlar tərəfindən daha 200 min başlıq kiçik quşçuluq sexləri tikilib istifadəyə verilmişdir. Rayonda mal-qaranın inkişafında da müsbət irəliləyiş davam edir. Mal-qaranın sayı artaraq 24 min 234 başa, qoyun keçilərin sayı 46 min 184 min başa çatmışdır. 2011-ci ildə 16,5 min ton ət, 12,4 min ton süd, 12,4 milyon ədəd yumurta istehsal edilmişdir.

   Son illərdə rayonda arıçılıq intensiv inkişaf edir. Hazırda 127 fərdi təsərrüfatda 1767 arı ailəsi saxlanılır ki, bu da ötən illə müqayisədə 297 arı ailəsi çoxdur.

   2011-ci il ərzində rayonda ümumi məhsul istehsalının 63 milyon 200 min manatı ya 24 faizi kənd təsərrüfatı sahəsindən olmuşdur. Bunun 11 milyon 550 min manatı bitkiçilik, 51 milyon 714 min manatı heyvandarlıq, o cülmədən 1 milyon 627 min manatı meyvəçilik üzümçülük məhsulları olmuşdur.

 

   Şabran canlı muzeydir

 

   Şabran tarixi abidələrinə, flora faunasına, landşaftına görə yaşayan canlı muzeydir.

   2011-ci ildə rayondakı Şabran, Çıraqqala tarixi qoruqlarının, Ağzıbir təbiət qoruğunun sırasına mərkəzi malikanəsi ərazisinin xeyli hissəsi rayonun ərazisində olan Şahdağ milli parkı da əlavə edildi.

   İl ərzində rayonun tarixi yerlərinə, abidələrinə 171 yürüş, gəzinti olmuş 5802 nəfər turist iştirak etmişdir. Onlardan 258 nəfəri xarici turistlər olmuşdur.

   Azərbaycan Respublikası Mədəniyyət Turizim Nazirliyinin təsdiq etdiyi "2010-2014-cü illər üçün Xalq Yardıcılığı Paytaxtları" Proqramı çərçivəsində Şabran şəhəri 2011-ci il üçün "Azərbaycanın Əfsanələr Paytaxtı" elan edilmişdi. Bununla bağlı il çərçivəsində bir sıra yadda qalan tədbirlər keçirildi. Bütün bunlar da rayonun mədəni həyatında yaddaqalan oldu.

   Bəli, 2011-ci ilin rəmzi Əfsanələr Paytaxtında indi bir çox xəyallar, arzular kerçəkləşməkdə, qədimliklə müasirlik qovuşmaqdadır. Qədim Şabran haqqında çox əfsanələr söylənib. İndən belə bu elin bərəkətli torpaqları zəhmətsevər insanları barədə kim bilir necə maraqlı hekayələr danışılacaq.

   Şeirlər yazılacaq...

 

 

   MƏZAHİR ƏHMƏDOĞLU

 

   Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

   Ədalət.-2012.-14 aprel.- S.21.