Bir arı oyanıb qış yuxusundan, Bir gülün canına üşütmə düşüb...

 

  Bahar lövhələri

  

   Elə bil çəməndə toy-düyün olub,

   Heyrətim güllərin gözündən öpür.

   Arılar o qədər ərköyün olub

   Qönçə açılmamış üzündən öpür.

 

   Sünbüllər tellənir meh tumarıyla,

   Lalələr bir yanda özünü çəkir.

   Ərköyün kəpənək işlək arıyla

   İkisi bir gülün nazını çəkir.

  

   Nərgizlər məst olub öz qoxusundan,

   Hər naxış üstünə yüz ilmə düşüb.

   Bir arı oyanıb qış yuxusundan

   Bir gülün canına üşütmə düşür.

  

   Bir ləçək üstündə arı izləri,

   Bir ləçək altında xəzəl görünür.

   Gözümdən çəkilmir şehli gözləri,

   Güllər ağlayanda gözəl görünür.

 

   Uğunur budaqda tumurcuq çatlar,

   Gönçələr dartınıb qınından çıxır.

   Cücərən toxumla, uzanan otla

   Torpağın ağrısı canından çıxır.

 

   Sancılıb yamacın gül taglarına,

   Marağım yolumdan saxlayır məni.

   Cığırlar dolanır ayaqlarıma

   Elə bil özünə bağlayır məni.

  

   Duman bir dərənin dodaqlarında,

   Bulud bir zirvənin qaşı üstədi.

   Ürəyim quzeydə qalan qarın da

   Qaralan rəngini yaşıl istədi.

  

   Sarmaşıq salxımı saçaqlı sehir,

   Daşlar da gözümə çiçək göründü.

   Bağrıma basardım daşları bir-bir,

   Neynim ki, qollarım kiçik göründü.

  

   

   İndi

 

   Yenə cavanlaşır Qafqaz dağları,

   Zirvələr əynindən soyunur qarı.

   Qayalardan axan şıltaq suları

   Dərələr köksündə uyudur indi.

 

   Xan çoban zirvədə çalır tütəyi

   Yanır lalə-lalə dağın ətəyi,

   İldırım qəfildən çəkir tətiyi,

   Göylərin harayı, hayıdır indi.

 

   Güllər əfsunlayıb dağ arısını,

   Ayı mağar edib mağarasını

   Çalır ağacdələn nağarasını,

   Zümrüd meşələrin toyudur indi.

  

   Öyrənmək asanmı dağın yaşını

   Zirvə bəyaz qarlı, yamac yaşılı.

   Sarala-sarala gedən yaşıllıq

   Göyərə-göyərə qayıdır indi.

 

 

   Bu çiçək axşamı, bu gül axşamı

 

   Gəzirəm şeirimin gül ləklərini,

   Heyrətim könlümü qana çevirir.

   Gül elə soyunur ləçəklərini,-

   Arılar üzünü yana çevirir.

   Bu çiçək axşamı,

   bu gül axşamı.

  

   Qızılı təllərə yaşıl şeh düşür,

   Ay quzey qarında bəyaz gül açır.

   Çiçəklər zoğalın sarı gülüşü,

   Göyəm ağacları göm-göy dil açı

   Bu çiçək axşamı,

   bu gül axşamı.

  

   Üşüyür qum üstə yarpız çiçəyi,

   Meh öpür lillənən dodaqlarından.

   Quru qarağacların sarıköynəyi

   Asılıb səsinin budaqlarından

   Bu çiçək axşamı,

   bu gül axşamı.

  

   Ələnir nur üstə nur narın-narın,

   Bir tonqal göyərir al zərrələrdən.

   Gözləri qamaşır qarışqaların,-

   Qaldırır dən kimi Günəşi yerdən

   Bu çiçək axşamı,

   bu gül axşamı.

  

   Bənövşə gözündə nazlı bir giley,

   Sıxdım bir laləni,

   gördüm qan çıxır.

   Şairlik adında nə varsa hər şey

   Süzülüb bu axşam canımdan çıxır ...

   Bu çiçək axşamı,

   bu gül axşamı.

 

   Daddım bu axşamın şirinliyini,

   Bu balı bə arı, nə şan gətirər.

   Yaşıl su çiçəyim yaşıl şam kimi,

   Mənə də bir yaşıl axşam gətirər

   Bu çiçək axşamı,

   bu gül axşamı ...

  

 

   Mən kənddən çıxanda gecə yarıydı

 

   Mən kənddən çıxanda gecə yarıydı

   Söyüdlər yol üstdə tellənirdilər.

   Coşan ürəyimin duyğularıydı,

   Sinəmdən süzülüb sellənirdilər.

  

   Enib dərələrin, düzlərin üstə,

   Gecə öz diliylə layla deyirdi.

   Baş qoyub dağların dizləri üstə

   Yollar şirin-şirin mürgüləyirdi.

 

   Mehlə sığallanıb nazilən otlar,

   Şehli nəvazişə bükülürdülər.

   Ayağım altında əzilən otlar,

   Torpaqdan yapışıb dikəlirdilər.

  

   Qönçələr çəmənə pıçıltı salıb,

   Yuxulu-yuxulu çiçəkləyirdi.

   Yumru evlərini çiyninə alıb

   İlbizlər izimlə iməkləyirdi.

 

   Gedirdim, gecənin haysız, haraysız,

   Həzin nəğməsindən doyammamışdım.

   Qəlbimdə sübhədək oyaq qalan qız g

   Hələ yuxusundan oyanmamışdı g

  

   Mən kənddən çıxanda gecə yarıydı,

   Ay örpək çəkmişdi çöllərin üstə.

   Heyrətim yolunu azan arıydı,-

   Uyuyub qalmışdı güllərin üstə g

  

  

   Yaşıl göz yaşları

  

   Bu sükut nə yaman durub qəsdimə,

   Nə mən "zirehliyəm",

   Nə "yağı" yalın...

   Yollar uşaq kimi qaçır üstümə,?

   Qaçır əli yalın, ayağı yalın.

 

   Baxdım, bu gül yolu,

   bu çiçək yolu,

   Düşüb ölə bilsəm bəsdimi, burda?!

   Üstdə arı yolu, kəpənək yolu,

   Yol basıb güllərin üstünü, burda...

  

   Yol azan kəpənək tüldən yapışır,

   Kəpənək günahı yuyulan deyil.

   Güllər bir-birini öpüb yatışır,?

   Güllər bu yuxudan ayılan deyil...

  

   Sükut yelkənini sözümdən asır,

   Sularda səs yarır avarın üzü.

   Gətirib divarı gözümdən asır,?

   Şəkildən asılan divarın üzü...

  

   Ulduz yağışına bax,

   narın-narın,

   Ulduzlar yağışdan yalqız çıxacaq.

   Ulduz yağışında çimən suların

   İçindən işarıb ulduz çıxacaq...

 

   Bacalar baş-başa,

   çiyin-çiyinə,

   Tüstülər ev boyu,

   ev nələr boyu?!

   Daş atıb sükutun dərinliyinə

   Üzürəm yayılan çevrələr boyu.

 

   Yollara boylanır qız ağacları,

   Düşəcək sorağa, izə adamlar.

   Yolları çırpacaq qoz ağacları

   Yola töküləcək təzə adamlar...

  

   Yaşıl göz yaşında islanan tənək,

   Özünü ağlayan dilə dönəcək.

   Gülün yarpağında ölən kəpənək

   Yarpağın üstündə gülə dönəcək...

  

   Gül gülə ötürər,

   sünbül sünbülə,

   Yaşıl heydən salar, al vurar məni.

   Elə durulmuşam, elə yüngüləm,

   Bir quş dimdiyində qaldırar məni.

   Bir sükut yaman durub qəsdimə,

   mən "zirehliyəm",

   "yağı" yalın.

   Yollar uşaq kimi qaçır üstümə, ?

   Qaçır əli yalın, ayağı yalın...

 

 

   RAMİZ QUSARÇAYLI

 

   Ədalət.-2012.-14 aprel.- S.20.