ÖLÜMÜN
ALNINA ADINI YAZDIN...
Vətən,
başın sağ olsun!
(əvvəli ötən
sayımızda)
- Adım
Qiyasdı. Elşadla bir sinifdə oxumuşuq. Sinifimizdə 27
nəfər idik. İçimizin ən təmkinlisi, amma son dərəcə
də qapalısı məhz Elşad idi. Ondan nəyi
soruşurduqsa cavabını bilirdi. Ancaq
soruşmadığımız məsələyə heç
vaxt bizi qatmazdı. Təmkinlə, çox
ağır-ağır münasibət bildirirdi hər şeyə.
Uşaqlıqdan canında bir ağsaqqallıq, bir
böyüklük var idi. Təsəvvür edin ki, biz orta məktəbi
Zəngilandakı 1 saylı məktəbdə bitirmişik, özü
də 1989-cu ildə. Qarabağ hadisələrinin artıq Azərbaycanı
bürüdüyü bir vaxtda. Təsəvvür edin ki, o,
ali məktəbə qəbul olunsa da, tətil vaxtlarında, bəzən
də müəyyən fasilələr olanda Zəngilana gəlib
könüllü dəstədə
döyüşürdü. Heç kim onu buna cəlb etmirdi,
çağırmırdı, o özü gəlirdi. Bizimlə
səngərdə dayanır, düşmənə aman
vermirdi. İndi də inana bilmirəm ki, odun-alovun içindən
keçən, ali məktəbi uğurla başa vuran Elşad
şəhid olubdu. Mən bu xəbəri eşidəndə
inanmadım. Öncə mənə elə gəldi ki, onu kimsə
Bakıda uzaqdan atıbdı. Sonra televiziyada rəsmi xəbəri
eşitdim, dünya başıma fırlandı. Özüm II
qrup Qarabağ müharibəsi əliliyəm, müharibənin
nə olduğunu bilirəm. Elşadın həyatı, qəhrəmanlığı
canlı bir nümunədir, danışmaqla qurtarası deyil.
Tez-tez zəngləşirdik. İstirahət günlərində
vaxt tapan kimi görüşürdük.
Uşaqlığımızdan, məktəb illərimizdən,
könüllü müdafiə dəstəmizdən, Zəngilan
şəhidlərimizdən, ailəmizdən Azərbaycanın
bütövlüyündən, arzularımızdan
danışardıq. İnanın ki, onun bir dəfə də
olsun öz işindən, çalışdığı idarədən
nə isə dediyini eşitməmişəm. Ha
dolayısı ilə suallar vermişəm, artıq
hamının bildiyi əməliyyatlar barəsində
soruşmuşam, bircə kəlmə deyib:
- Mən də sizin televiziyadan
eşitdiklərinizi bilirəm.
Kövrələ-kövrələ
danışan Qiyas sonda onu da bildirdi ki, Elşad bütöv
oğlan idi, bütöv kişi idi. O cür oğullar
yalnız vətənə, millətə şərəfdilər.
Ruhu qarşısında baş əyməklə demək istəyirəm
ki, onunla bir sinifdə oxuduğuma görə, dost olduğuma
görə, onun soydaşı olduğuma görə fəxr
edirəm.
Qısa arayış
Polkovnik-leytenant Quliyev Elşad Vəli
oğlu 19 dekabr 1972-ci ildə Bakı şəhərində
anadan olmuşdu. 1989-cu ildə Zəngilan rayon 1 saylı orta məktəbi
bitirdikdən sonra müstəqil əmək fəaliyyətinə
başlamış, 1992-ci ilin fevral ayınadək Azərbaycan
Respublikasının Elmlər Akademiyasının
"Kristall" şöbəsinin "Soba" koperativində
texnoloq vəzifəsində
çalışmışdır. 1990-cı ildə Azərbaycan
Teniki Universitetinə daxil olmuş və 1995-ci ildə həmin
universitetin energetika fakültəsini bitirmişdir.
İdmanın ağır atletika və kik-boks növü ilə
məşğul olmuşdur. 1995-ci ilin dekabr ayından MTN həqiqi
hərbi xidmətə qəbul edilərək xüsusi əməliyyat
idarəsinin əməliyyat tədbirləri şöbəsinə
əməliyyat əməkdaşı vəzifəsinə təyin
olunmuş, 1998-2010-cu illər ərzində baş zabit,
bölmə və şöbə rəisi vəzifələrində
xidmət etmişdir. MTN tərəfindən keçirilən əməliyyatlar
tədbirlərində fəal iştirak etdiyi
üçün "Vətən uğrunda",
"İgidliyə görə" medalları ilə təltif
olunmuşdur. 2012-ci ilin aprel ayının 6-da Xüsusi Əməliyyatlar
Baş İdarəsi tərəfindən keçirilmiş tədbir
zamanı həlak olmuşdur
Bu, qısa, rəsmi bir
arayışdır. Amma əslində bu həm də
Elşadın ömür yolunun müəyyən məqamlarıdır.
O yolun ki, Elşad bunu özü seçmişdi və bu yolun
dolanbaclarından da, çətinliklərindən də onu
addımbaaddım izləyən təhlükələrindən
də əvvəlcədən xəbərdar idi.
Çünki onu bu işə qəbul edəndə artıq məlumatlandırmışdılar.
Düşünməsi üçün vaxt da vermişdilər
və o da çəkdirdiyi şəklin bir nüsxəsini
anası Kəsirə xanıma göstərib yenə də
özünəməxsus şəkildə demişdi:
- Ana, bu şəkili yaxşı
saxla.
İndi üzbəüz
oturduğum həkim-genekoloq Kəsirə Əhəd
qızı Ələkbərova dərin bir hüzn içərisində
güclə eşidəcəyim bir səslə dillənir:
- Mən Bakıda doğulmuşam.
Ailə qurandan sonra Zəngilana köçdük. Vəlinin
doğulduğu rayonda onunla çiyin-çiyinə işləməyə
başladım. Şəhərdən gəldiyim
üçün burda mənə "Qərib qız"
deyirdilər. Bax, mən o "qəriblikdə"
üç övlad böyütdüm. İnanın ki, onlara
elə tərbiyə vermişəm ki, heç birindən nə
vaxtsa bir pis hərəkət gözləmək
ağlımdan da gəlib keçmir. Çünki mən
onları "cinlə, xortdanla" qorxutmamışam. Əksinə,
mən onlara "səndən yaxşı əsgər
olmaz" demişəm. Onlar da yaxşı əsgər olmaq
üçün yaxşı nə varsa, onu etməyə
çalışıblar. Hər kəs bunu bilir. Elşada da
həmişə dediyim bu olub. "Oğlu yaxşı əsgər
olmalıdı!".
Doğrudur, indi Elşad cismən
bizim yanımızda yoxdur. Amma o mənim gözümün
qabağındadı, evimin içindədi, ürəyimdədi.
Bax, bu gördüyünüz şəkli göstərib dedi
ki, "MTN-də işə qəbul olundum. Bu şəkli
saxla". Aldım, diqqətlə baxdım. Gözlərində
nə isə var idi. nə qədər elədim oxuya bilmədim.
Eləcə ürəyimdə bir xal qaldı. Fürsətdən
istifadə edib evlənməsi barədə söz saldım.
Söhbətdən yayındı. Həmişə belə
edirdi. Mən hansısa bir qızın adını çəkəndə,
toy söhbətini ortaya atanda, darıxma, deyirdi. 2006-cı ildə
həmişəki kimi yenə gəldi bizə baş çəkməyə.
Sözlü adama oxşayırdı. Birbaşa dedi:
- Ana, sənə bir gəlin
tapmışam!
Nə qədər elədim yenə
kimliyini, adını söyləmədi. Dedi imkan ver, bir az da
yaxından tanıyım, sonra sizi tanış edəcəm.
Günlərin birində məni sevdiyi ilə, Sevinclə
tanış elədi. O dəqiqə ürəyimə
yatdı. Hiss elədim ki, bu mənim də, Vəlinin də,
Elşadın da axtardığı qızdı. Gözəl
bir ailənin qızı olan Sevincə elçi
düşdük. Onların xoşbəxt günlərinin
şahidi olduq. İndi... (göz yaşını gizləməyə
çalışır) İndi Sevincin üzünə də
baxa bilmirəm. Onun üzündə həmişəki sevinc,
təbəssüm elə bil azalıb, tükənib.
Oğlumun şəklinə baxanda hər dəfə evin
ortasındakı bu stolun ətrafına bir neçə dəfə
fırlanıb axır ki, sevdiyi qızın adını ondan
necə qopartdığını xatırlayıram. O boyda
kişi mənimlə balaca uşaq kimi əylənir, ana nəvazişi
umur, oğul qılığı göstərirdi. İnanmaq
mümkün deyil. Çünki mənim oğlum bir dəfə
də olsun hansı tapşırığı yerinə
yetirdiyini, hansı işi gördüyünü heç kimə
söyləməyib, hətta mənə də. Yalnız
aldığı medalları, mükaftaları mənə,
atasına gətirib göstərib təbrikimizi,
xeyir-duamızı dinləyib, sonra öz Sevincinin yanına gedərdi
Kəsirə xanım kövrələ-kövrələ
onu da dedi ki, mənim oğlum Elşad oruc tutub, namaz
qılırdı. Sevdiyi qızla da məsciddə
tanış olmuşdu. İnanın ki, bizim ailədə,
bizim evdə Allahın Quranından müqəddəs, əziz
heç nə yoxdur. Balalarım da o müqəddəsliyi həmişə
başlarının üstündə saxlayıblar. Mən də
həmişə onlarla, ümumiyyətlə isə
gördüyüm yaraşıqlı, boylu-buxunlu oğlanla,
qızla fəxr etmişəm. Əlimi göyə
açıb Allaha dua edirəm ki, bu balaları bəd nəzərdən
qorusun. Bütün şəhidlərin ruhu şad olsun!
Görünür bu da belə bir yazıdı. İstəməsəm
də, bacarmasam da taleyin hökmü ilə
barışmalıyam. Sevinirəm ki, bu, Tanrıya qovuşmaq,
haqq dərgahına mehman olmaq oğlumun adına, vəzifəsinə,
xidmətinə qüsur gətirmədi. Əksinə, o,
borcunu kişi kimi, əsgər kimi yerinə yetirdi. Onun
nişanələri mənə təsəllidi, onun təmiz
adı mənə təsllidi, onun ruhu mənim evimdə, mənim
canımdadı...
Kəsirə xanım
danışır və mən onun dözümünə, dəyanətinə
heyranlığımı gizlədə bilmirəm. Ananın hər
sözünün arxasında Elşad dayanır, onun həyatı,
qəhrəmanlığı dayanır. Bu qürur hissi ilə
dəyanət hissinin necə bir-birinə
qarışdığını yalnız özün görməklə
inana bilərsən, təsəvvürü eşitməklə
yox. Və mən ananın dediyi kimi, "qəriblikdə"
böyüdüb Gəncədə şəhid olan oğlu
üçün saxladığı yasın, geydiyi qara
paltarın özündə də bir təmkin, bir
böyüklük gördüm. Hər halda, mən gözləri
bir az çuxura düşmüş, rəngi sozalmış,
kiprikləri nəmli ananın dünyasını,
duyğularını müəyyən qədər anlaya
bildim. Əmin oldum ki, ana oğlunun şəhidliyini qəbul
etsə də, onun ölümsüzlüyünə də
inanır...
Yas mərasimində
qarşılaşdığıminsanlar arasında nəzərlərim
yaxından tanıdığım filologiya elmləri doktoru,
professor Nadir Məmmədliyə sataşdı. Onu məclisdə
görəndə bir anlıq duruxdum. Amma sonra Nadir müəllimin
el-oba xeyir-şərindən kənar qalmayan kişilərdən
olduğunu xatırlayıb onunla da söhbətləşmək,
onun da fikirlərini bilmək istədim. Çünki artıq
mənim mətbuat işçisi olduğum və Elşadla
bağlı fikirləri öyrənmək istədiyim hər
kəsə bəlli idi. Odur ki, diktafonumu çıxarıb
işə saldım. Professor Nadir Məmmədli həmişəkindən
fərqli olaraq indi nisgilli, amma nisgilin içərisində əbədi
bir işıq gəzdirən səslə, məntiqlə
sözə başladı:
- Bu xəbər
məni əməlli-başlı sarsıtdı. Xalam oğlu,
yəni Elşadın atası mənə telefonla zəng
vurdu. Salamlaşdıq. Səsi xoşuma gəlmədi. Hiss
etdim ki, danışanın səsi yerində deyil. Dərhal nə
baş verdiyini soruşdum. Güclə bildirdi ki, Elşadı
vurublar. Telefon az qala əlimdən düşdü. Amma
eşitdiyim söz məni elə silkələmişdi ki, tərəddüd
içində qalmışdım. Başa düşə
bilmirdim ki, Elşadı kim vurub? Ümumiyyətlə bu
doğrudurmu? Bəlkə nə isə başqa bir hadisə
baş verib. Hələ də Vəlinin o səsi
qulaqlarımda cingildəyir. Bir təhər özümü ələ
alıb bura gəldim. Gördüm ki, bütün qohum-əqrəba
burdadı. Elşadın dostları da həyətdə
boyun-boyuna dayanıb. İnanmamaq mümkün deyildi!..
-
Nadir müəllim, siz həm qohum, həm dost kimi
Elşadı necə xatırlayırsınız?
- Açığı mən onun
bütöv xarakteriini başqa heç kimdə görməmişəm.
Qıraqdan baxan üçün çox ciddi, qapalı,
qaraqabaq təsiri bağışlayırdı. Şahidi
olmasan inanmazdın ki, bu adam zarafat edə, deyib-gülə bilər.
Amma təsəvvür edin ki, o ədəbiyyatı da, tarixi də,
dini də çox gözəl bilirdi, ərəb dilində
mükəmməl danışırdı. Onunla istənilən
mövzuda mübahisə etmək, fikir bölüşmək
mümkün idi. Elşad folklorumuzun ən incə məqamlarını
elə açıqlayırdı ki, sanki bu sahənin mütəxxəsisidir.
Bir yerə yığışanda mövzu mövzuya
calanırdı, söz sözə. Aradabir gördüyü
işlərdən, mətbuatda xəbər tutduğumuz əməliyyatlardan
xəbər verirdi. Sualdan elə ustalıqla
yayınırdı ki, ayrılanda yadıma
düşürdü bəs, Elşad mənim sualıma cavab
verməyib. Çox qeyri-adi yaddaşı var idi. İşini
də, torağını da, ordusunu da çox sevirdi. İmkan
vermirdi ki, əsgərlə bağlı hansısa bir
qeyri-ciddi söhbət olsun. İdmana, musiqiyə böyük
marağı var idi. Uşaqların tərbiyəsini unutmurdu.
Onların əsl turkçü kimi böyüməsinə, tərbiyə
almasına çalışırdı. Ümumiyyətlə,
Elşad hər yerdə sənin axtarıb arzuladığın,
hər yerdə yanında görmək istədiyin oğul idi.
Ona etibar etmək, ona güvənmək, onunla güllə
qabağına getmək istəyən kəs daxilən tam
arxayın ola bilər. Allah onu sevə-sevə
yaratmışdı. Görünür, o sevgi də onu millətin,
dövlətin fədaisinə çevirdi.
Professor Nadir Məmmədli
danışdıqca yadıma Məmməd Arazın
misraları düşür:
Bu bəd təsadüfə nə
deyim axı,
Bir sevinc kədərə dönəcək
imiş.
Bir qəlbin alışan ümid
çırağı,
Bir anın içində sönəcək
imiş.
Hardan səsləndi, hardan düşdü yadıma bu
misralar? Axı, bu ölüm təsadüf deyil... Axı bu
sevinc kədərə dönəsi deyil... Axı bu
çıraq sönməyəcək...Çünki təsadüf
olmamağın, kədərə çevrilməyin və
sönməməyin haqqını yalnız Tanrı verir. Belə
olan halda nədən yadıma düşdü bu misralar? Bəlkə
özümə, Elşadın doğmalarına, millətinə
təsəlli üçün. Hər halda səbəbsiz
deyil. Axı heç nə səbəbsiz olmur.
(ardı var)
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2012.-17 aprel.-S.5.