Səkinə İsmayılova: "Opera səhnəsində hər xanəndə ifa edə bilmir"

 

 "Münsiflər heyətinin yeganə xanım münsifiyəm"

 

- Səkinə xanım, həyatınızı, demək olar ki, incəsənətə, muğamın təbliğinə həsr etmisiniz. İllər keçir, aylar ötür. Bu illərdə arxaya dönüb baxan zaman nə kimi hisslər sizi tərk etmir? Ümumiyyətlə, bu illərdən nə danışa bilərsiniz?

   - Mən Asəf Zeynallı adına Muğam məktəbini bitirib, birdəfəlik Opera və Balet teatrının səhnəsinə gəlmişəm, sənətə, yaradıcılığa ilk addımlarımı da elə bu səhnədə atmışam. Belə deyərdim ki, mənim üçün elə əsl xoşbəxtlik o oldu ki, təhsilimi bitirən kimi böyük səhnədə yaradıcılıq həyatıma başladım. Sənət dünyam da elə bu teatrdan başladı. Səhnəyə çıxışım, muğamı təbliğ etməyim, sənət dahiləri ilə görüşlərim, dünya ölkələrinə qastrol səfərlərim elə bu illərdən başlayır. Bugünkü gündə sənətimə münasibəti görüb, deyirəm, çox şükürlər olsun ki, əziyyətim hədər getməyib.

   - Səkinə xanım, Opera və Balet teatrında kimlərlə tərəf müqabili olmusunuz? Leyli siz olmusunuz, bəs Məcnun kimlər olub?

   - Bu teatrda mən bir çox rollarla çıxış etmişəm. Hər adam da muğam oxuya bilmir, çünki bu, qandan-candan gəlməlidir. Mən Opera Balet teatrına gələndə çox gənc idim, bu zaman teatrda öz sözünü demiş sənətkarlar var idi. Qadın rollarının ifaçıları Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Məmmədova Məcnun, Qərib, Kərəm kimi kişi rollarının ifaçıları isə Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu idi. Bu insanların hər biri ilə tərəf müqabili olmuşam.

   "Leyli Məcnun" tamaşasında ilk tərəf müqabilim Canəli Əkbərov olub. Canəli müəllim həmçinin bu rolun hazırlanmasında da mənə çox kömək edib. Sonralar Arif Babayev Baba Mahmudoğlu ilə tərəf müqabili olmuşam. Sonraki illərdə isə səhnəmizə yeni məcnunlar gəlirdi, bunlardan Alim Qasımov, Mənsum İbrahimovla da uzunmüddətli tərəf müqabili oldum.

   O səhnədə yetişdiyim üçün bu gün mənə dünyanın heç bir səhnəsi qorxulu deyil. Rəhmətlik Rəşid Behbudovun yaratdığı bir musiqi kollektivinin, şəxsən özünün dəvəti ilə 7-8 ölkədə olmuşam, onunla bir səhnəni paylaşmışam. Bu teatrda mənə lazım olan hər bir diqqət olub, bu gün artıq hiss edirəm ki, öz gücümü, potensialımı gənclərə sərf etməliyəm. Mənə qədər gələn bu sənəti gələcək nəsillərə ötürməliyəm.

   - Bu gün sənət adamına lazımdır?

   - Əgər sənətini sevirsənsə, sənətinə hörmətin varsa, hər şey gəlib səni tapacaq.

   - Bugünkü estradadan, şou-biznesdən danışa bilərsiniz? Razısınızmı?

   - Özümdən özümə qarşı olan münasibətdən danışa bilərəm. İstər xalqımızın, istərsə dövlətimizin mənə olan münasibətindən çox razıyam.

   - İlk dəfə muğamı qavalla ifa edən xanım olmusunuz. Çəkinmədinizmi, hansısa böyük sənətkar sizə qarşı çıxar, yoxsa əksinə oldu?

   - Bəli, xanımlar içərisində ilk dəfə qavalı meydana, araya-ərsəyə mən gətirdim. Əgər bir xanım xanəndə dəstgah muğamını öz boynuna götürüb oxuyursa, o, qaval çalmağı da bacarmalıdır. Amerikaya səfərim var idi, bu səfərdə tar, kamança ifaçı olmalı idi, 4-cü bir insanın orada iştirakı mümkünsüz idi. Mütləq orada özümü müşayiət etməli idim. 1 ay müddətində çalışdım, məşq etdim, alındı. İndi istənilən televiziya kanalını açanda, görürsən ki, qadın ifaçı əlində qaval müşayiət edir. Bu ənənə davam edirsə, gördüyüm işə görə, əlbəttə, çox fəxr edirəm.

   İndi qadın xanəndələri qavalsız təsəvvür etmək olmur. Axı bizim muğam sənətini təkcə kişi xanəndələr inkişaf etdirməyib. Əsrlər boyu qadın xanəndələrimiz olub. Fikirləşirəm ki, əgər xanım xanəndə heç bir şeydə kişi xanəndədən geri qalmırsa, ən çətin muğamları ifa edirsə, bunun da öhdəsindən gələ bilərdi.

   Yox, buna görə kimsə mənə qarşı çıxmadı, dedilər, çətindir, bunu etmək olmaz, amma kim özünə güvəndisə, bu işi gördü.

   - Səkinə xanım, dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmusunuz. Neçə ildir muğam sənətini təbliğ edirisiniz?

   - Elə ölkələr var, 7-8 dəfə orada qastrol səfərində olmuşam. Xalq musiqimizin təbliği mənim yaradıcılığımda xüsüsi yer tutur. Artıq 35 ildir, xalq musiqimizi təbliğ edirəm.

   - Bu hər xanəndəyə nəsib olmur...

   - Bəlkə nəsib olur, amma o insan, iradəsinin zəifliyindən qaçır, çünki bu sənət çətin sənətdir, çətin janrdır. Çünki bu ağırlığı illərlə çiyində daşımaq lazımdır. Bu gün görürsən ki, muğam sinfini bitirirlər, amma öz yaradıcılıqlarını başqa musiqi sahəsinə həsr edirlər.

   - Tələbələr yetişdirirsiniz. Pedaqoji sahənizdən danışa bilərsiniz?

   - Bəli, tələbələrim çoxdur. Artıq 10 ilə yaxındır, bu sahə ilə məşğul oluram. Bildiyiniz kimi artıq 2005-ci ildən ənənəvi olaraq Muğam televiziya müsabiqəsi keçirilir. Münsiflər heyətinin yeganə xanım münsifiyəm. Bu müsabiqə imkan verir ki, muğam sənətinə ilk addımlarını atan insanlar burada öz imkanlarını göstərsinlər, inkişaf etdirsinlər. Bu muğam müsabiqəsi bütün gənc ifaçılara imkan yaradır ki, 5-6 ayın içində həm tanınsın, həm imkanlarını göstərsin, həm sevilsinlər. Bundan gözəl ola bilər ki? Fürsətdən istifadə edib müsabiqənin təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm. Hansı ölkəyə qastrol səfərinə gedirəmsə, hamı bu müsabiqə haqqında maraqlanır.

   - Opera Balet teatrında bir çox obrazlar yaratmısınız, bunu bilirik. Bəs sizə hansısa başqa teatrdan təklif gəlsə, dəvəti dəyərləndirə bilərsinizmi?

   - Opera səhnəsində hər xanəndə ifa edə bilmir. Belə deyim ki, əgər bu gün bizim muğam sənətində 200 xanəndə varsa, onlardan 3-4 nəfər opera səhnəsində çalışır. Çünki musiqini duymaq qabiliyyəti, aktyorluq, aktrisalıq qabiliyyəti olmalıdır. Bu da hər adamda olmur. Hər halda, mənim aktrisalıq qabiliyyətim olmasaydı, orada Leyli, Gülbahar, Şahsənəm, Əsli kimi rolları ifa edə bilməzdim. Amma bir istək olsa, istər filmdə, istərsə teatrda hansısa tarixi qadın obrazını yaratmaq istərdim.

   - Hansı qadın obrazıdır yaratmaq istədiyiniz?

   - Əsasən tarixdə olan qadın obrazlarını yaratmaq istərdim. Məsələn, Xurşidbanu Natəvan, Reyhan xanım kimi tarixi qadın obrazları.

   - Sənətinizdə nə kimi yeniliklər var? Hansı yenilikləri bizimlə bölüşə bilərsiniz?

   - Sənətimin yenilikləri hər dəqiqə, hər an, hər gün artır. Bu gün sizinlə müsahibə edirik, bunun özü də bir yenilikdir (gülür). Almaniyada səfərdə oldum, yenə də qastrol səfərlərinə hazırlaşıram, inşallah, onları da reallaşdıracağam. Qarşıdan bizim çox tanınmış xanəndələrimizin yubiley gecələri gəlir, onlara hazırlaşıram. Mənə elə gəlir ki, bugünkü gündə məhz muğam sənətinə xidmət edən xanəndənin hər dəqiqəsi, hər anı bir yenilikdir.

   - Konsert verməyi düşünürsünüz?

   - Desəm ki, düşünürəm, bu, yalan olar. Onu da qeyd edim ki, Heydər Əliyev adına sarayda konsert verən ilk qadın xanəndəyəm. Bu sarayda iki böyük konsert vermişəm. Dəfələrlə başqa yerlərdə də konsertlərim baş tutub. Konsert verməyin bir çox çətinlikləri var. Kim isə rahatlıqla bu işləri görsə və mənə desə ki, Səkinə xanım, siz ancaq gəlib ifa edin, mən bu təklifi məmnuniyyətlə qəbul edərəm.

   - Özünüzü xoşbəxt qadın sayırsınızmı?

   - Əgər bu gün tələbələr sevərək məni gəlib görmək istəyirlərsə, xalq məni sevirsə və alqışlarla səhnədən yola salırsa, dünyanın bir çox ölkələrində məni tanıyırlarsa və məxsusi olaraq öz adımdan dəvət edirlərsə, necə deyə bilərəm ki, xoşbəxt deyiləm. Bu xoşbəxtliyimə görə ailəmə də borcluyam ki, hər zaman mənə dəstəkdir. Bu xoşbəxtliyi mən evdən, ailədən paylaşaraq xalqın arasına çıxıram.

   - Ailədən söhbət düşmüşkən şəxsi həyatınızdan danışa bilərsinizmi? Sizi sevənlər çoxdur, yəqin ki, maraqla müsahibənin sonunu gözləyirlər.

   - Mənim həyat yoldaşım neftçidir, uzun illər neft sahəsində işləyib. Qızım dilçidir, bu yaxınlarda ailə həyatı quracaq. Böyük bir nəslin başında duran insan kimi mənim üçün sənətimdə xalqımın, yaxınlarımın, qohumlarımın, ailəmin dəstəyi çox vacibdir. Mən onları çox dəyərləndirirəm və çox sevirəm.

   - Belə başa düşdüm ki, hələ nənə olmamısınız.

   - Yox hələ (gülür). O da Allahın bir xoşbəxtliyidir, inşallah, nə vaxtsa qismət olarsa, nənə titulunu da daşımağa hazıram (gülür).

 

 

   Ədalət.-2012.-17 aprel.-S.8.