UNİCEF rəsmiləri regiona səfər ediblər

 

   Onlar BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində 4 rayonun icra hakimiyyətinin başçısı ilə görüşüblər

 

   UNİCEF-in dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi və Beyləqan rayonlarında həyata keçirdiyi "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində görülən işlərlə tanış olmaq məqsədilə UNİCEF-in ölkə direktorunun müavini Rəşid Mustafa, qurumun gənclərin və yeniyetmələrin inkişafı üzrə mütəxəssisləri Aida Aylarova və Natiq Umarov regiona səfər ediblər. 

   Səfər zamanı onlar ilkin olaraq Tərtər, Yevlax, Goranboy və Bərdə rayonlarının icra hakimiyyəti başçıları ilə görüşlər keçiriblər. Görüşlərdə BAMF-ın sədri Umud Rəhimoğlu, rayon gənclər və idman idarələrinin rəhbərləri, BAMF-ın proqram departamentinin rəhbəri Nik Nvolisa və "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin regional koordinatoru Siyab Məmmədli iştirak ediblər.

   BAMF-ın informasiya departamentindən verilən məlumata görə, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Musayev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev qonaqları ehtiramla qarşılayıblar, rəhbərlik etdikləri rayonlarda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində görülən işlər və digər fəaliyyətlər barədə onlara məlumat veriblər. Rayon İcra Hakimiyyətlərinin başçıları qonaqlara Qarabağ münaqişəsinin yaranması tarixindən, Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi nəticəsində yaranmış problemlər barədə ətraflı məlumat veriblər.

   Görüşlərdə Rəşid Mustafa hər bir rayonun rəhbərinə minnətdarlığını bildirib və UNİCEF-in Azərbaycanda həyata keçirdiyi missiyasından, təhsil və sağlamlıq, uşaqların, yeniyetmə və gənclərin, qadınların hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərdən danışıb. Rəşid Mustafa və BAMF-ın sədri Umud Rəhimoğlu həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi ilə bağlı indiyədək görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıb, regionda gənclərin inkişafında, üzləşdikləri problemlərin araşdırılmasında onların özlərinin iştirakına imkan yaradılmasında mühüm əhəmiyyət kəsb edən layihənin yerlərdə icra strukturları və digər qurumlar tərəfindən hərtərəfli dəstəklənməsinin vacibliyini vurğulayıblar. İcra hakimiyyəti başçılarının gənclərlə müntəzəm olaraq görüşlər keçirməsinin, regionda yaşayan oğlan və qızlara sərbəstlik verilməsinin, onların səmərəli təkliflərinin vaxtaşırı dinlənilməsinin, gənclərlə bağlı qərarların qəbulunda onların iştirakının təmin olunmasının mühüm amil olduğu diqqətə çəkilib.

   Həmçinin görüşlərdə layihə çərçivəsində keçiriləcək iki konfransa hazırlıq və tədbirlərlə bağlı digər zəruri məsələlər rayonların rəhbərləri ilə birgə müzakirə edilib. Yevlax, Goranboy və Bərdə rayonlarının da iştirak edəcəyi ilkin konfransın Tərtər rayonunda keçirilməsi planlaşdırılıb. R.Mustafa və U.Rəhimoğlu bildiriblər ki, yaxın vaxtlarda ikinci konfransla və bütövlükdə layihənin icrasının gedişi ilə bağlı Ağdam, Ağcabədi və Beyləqan rayonlarına səfərlər olunacaq.

   R.Mustafa həmçinin regionlarda məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni tərbiyə ocaqlarının tikilib istifadəyə verilməsi və səriştəli kadrlarla təmin olunması kimi mühüm məsələlərə yerlərdə xüsusi diqqət yetirilməsinin zəruri olduğunu bildirib.

   Görüşlərdə UNİCEF rəsmisi regiona səfəri zamanı Dağlıq Qarabağ probleminin törətdiyi dəhşətləri, qaçqınların və məcburi köçkünlərin acınacaqlı vəziyyətini və xüsusilə onların yurd həsrətini öz gözləri ilə gördüyünü təəssüf hissi ilə dilə gətirib və münaqişənin tezliklə danışıqlar yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması arzusunu bildirib.

   Rayonların rəhbərləri "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində yaradılmış Təbliğat Qrupu (TQ) üzvləri ilə və digər gənclərlə ayda bir dəfə görüş keçirəcəklərini, bu görüşlərdə ən çox gənclərin dinləniləcəyini, onların problemlərinin aradan qaldırılması istiqamətində müzakirələr aparılacağını özlərinin fəaliyyətlərinin tərkib hissələrindən birinə çevirəcəkləri barədə UNİCEF rəsmiləri və layihə rəhbərliyi ilə razılığa gəliblər.

   Səfər zamanı həmçinin UNİCEF rəsmiləri Yevlax, Tərtər, Goranboy və Tərtər rayonunda "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində yeniyetmə və gənclərdən formalaşdırılmış və könüllü fəaliyyət göstərən Təbliğat Qrupları ilə görüşublər, onların gördükləri işlərlə maraqlanıblar, gənclərə öz məsləhət və tövsiyələrini veriblər. Görüşlərdə TQ üzvlərinə üzərində UNİCEF-in simvolları olan geyim paltarları hədiyyə olunub.

   Görüşlər başa çatdıqdan sonra UNİCEF-in nümayəndələri BAMF-ın Tərtər rayonundakı regional ofisində layihə rəhbərinin, əsas və regional koordinatorların iştirakı ilə "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin icrasının vəziyyətini və yaxın günlərdə TQ üzvlərinə keçiləcək təlimlər üçün hazırlanmış təlim materiallarını müzakirə ediblər.

   Qeyd edək ki, UNİCEF-in dəstəyi ilə BAMF-ın sözügedən rayonlarda həyata keçirdiyi bu layihəsinin əsas istiqamətləri narkotikadan istifadə, erkən evlilik, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, sosial-iqtisadi inkişafda gənclərin iştirakı və zəif təbəqənin, təcrid olunmuş insanların inteqrasiyası məsələləri ilə əlaqədar gənclərin maarifləndirilməsindən ibarətdir. Məqsəd isə idarəetmə işlərinə daha yaxından cəlb olunmaları istiqamətində gəncləri təlimləndirmək, ətrafda baş verənlərə daha fəal mövqe nümayiş etdirməyə həvəsləndirmək, gənclərin həyatı ilə bağlı müsbət dəyişiklikləri müdafiə etməkdir.

 

 

   Ədalət.-2012.-17 aprel.-S.6.