ÖLÜMÜN ALNINA ADINI YAZDIN...

 

  Vətən, başın sağ olsun!

 

  (əvvəli ötən saylarımızda)

   

   Elə mən bu duyğuların içərisində Elşadın Sevinci ilə danışmaq, onun fikirlərini dinləmək istəyirəm. İnanın, bəlkə də o səsi ömrüm boyu unutmayacam. O səsdəki kədəri, o səsdəki sevinci, o səsdəki işığı, o səsdəki inamı, o səsdəki titrəyişi, o səsdəki qeyri-adiliyi dinlədikcə mən bəlkə də təkcə ölüb-dirilmədim, həm də bu dünyanın namərdliyinə açıq-aşkar üsyan etmək, lənət oxumaq, tüpurmək istədim. Güllənin namərd olduğunu bilirdim, amma, sən demə, namərd təkcə güllə deyil, həm də tətikdi, həm də tətiyi çəkən barmaqdı, həm də nişan alandı. Bir sözlə, bu dünyanın özüdü. Bilmirəm, harda oxumuşam, yoxsa eşitmişəm belə bir söz var: "qəhr olası dünya!!!" Görünür, bu qəhr olası dünya hələ çox namərd barmaqların, tətiklərin, güllələrin, insanlığın qəsdinə duranların nazı ilə oynayacaq, onlara meydan olacaq. Nə isə...

   - 2004-cü il idi. Oktyabr ayında məscidə getmişdim anamla. Namaz qıldıqdan sonra müəyyən məsələlərə aydınlıq gətirmək üçün ətrafa diqqət yetirəndə gözlərimiz sataşdı. Ondan sualıma cavab istədim. Çox təmkinlə, məntiqlə, özü də əsl din adamı kimi mənə hər şeyi izah etdi. Onu dinlədikcə içimdən qəribə hisslər gəlib keçirdi. Hiss edirdim ki, mənə nə isə olur. Sonralar hisslərimdə yanılmadığıma əmin oldum. 2004-cü ilin oktyabrından başlanan bu tanışlıq 2006-cı ildə bizi birləşdirən nişanla, toyla ömrümüzə həkk olundu. Təkcə yollarımız yox, ömrümüz də, taleyimiz də birləşdi. İl yarım nişanlı yaşadıq, bir-birimizi dərindən öyrəndik. Həmin il yarım ərzində bir dəfə də olsun onun vədinə xilaf çıxdığını, nəyisə düz demədiyini, hansısa məsələdə məni ustalıqla "yola verdiyini" hiss etmədim. Vəd verdiyi görüşə gələ bilməyəcəyini dəqiqləşdirib həmin vaxtdan azı bir saat əvvəl gələ bilməyəcəyini xəbər verirdi. Heç vaxt məni gözlətmirdi. Bir yerdə olanda da hiss edirdim ki, içində bir narahatlıq var. Soruşanda təbəssümlə deyirdi:

   - Sevinc, özün bilirsən ki, bizim işimiz bir az fərqlidi. Hər dəqiqə zəng gələ bilər. Ona görə məni başa düşməyə çalış.

   Mən də onun dediklərinə artıq öyrənimşdim. Səhər işə yollananda heç vaxt demirdi ki, axşam qayıdanda filan işi görərik. Həmişə sağollaşıb, "hələlik" deyib gedirdi. Mən də bilirdim ki, o "hələlik" deyibdisə, bu axşam, sabah evə gəlməsin. Ancaq telefon əlaqəsini heç vaxt kəsməzdi. Harda olmasından asılı olmayaraq, imkan düşən kimi zəng vurar, məni, uşaqları soruşardı, narahatlığımıza son qoyardı. Bizim toyumuz 2006-cı ilin aprel ayında olub. Həmin gündən mən artıq birmənalı olaraq özüm üçün qətiləşdirmişdim ki, biz hər şeyə hazır olmalıyıq. Çünki onun işi risklərlə dolu idi. Hər dəfə evdən çıxanda hamımızla möhkəm-möhkəm görüşürdü. Qayıdanda da yenə həmin istəklə bizi bağrına basırdı. Suallarımın cavabında həmişə susurdu, yalnız uşaqlardan danışırdı. Onları necə böyüdəcəyindən, necə istiqamətləndirəcəyindən söz açırdı. Televizorda MTN-nin əməliyyatlarından söz gedəndə üzünə baxırdım. Məni anlayırdı və bircə kəlmə deyirdi:

   - Mən də orda olmuşam!!!

   Hər dəfə evdən çıxanda uşaqları mənə, məni də Allaha tapşırırdı. Deyirdi bir-birinizdən muğayat olun.

   Həmin gün çox narahat idim. Gecəni yata bilməmişdim. Səhər oyanan kimi ona zəng çaldım, telefonu bağlı idi. Əməlli-başlı narahatlıq keçirirdim. Qərar tapa bilmirdim. Sonra zəng gəldi. ... (Ağlayır). İndi onun yoxluğuna inanmaya-inanmaya öz-özümə söz vermişəm ki, oğlanlarımızı atalarının adına layiq böyüdəcəm. Elə edəcəm ki, onlar ataları ilə qürur duyduğu kimi, atalarının ruhu da onlarla qürur duysun. Böyük oğlum Əmmar müəyyən məqamları duyur, amma büruzə vermir. Naim isə hələ 7 aylıqdır, onun heç nədən xəbəri yoxdur. Necə bir ata itirdiklərini böyüyəndə biləcəklər...

   Sevinc xanım danışdıqca mən də öz-özümə düşünürəm ki, belə bir atanın övladı olmaq həqiqətən qürurludur. Birdən yadıma məclisdə Elşadın qardaşı Elnurun söylədikləri düşür. Elnur dedi ki:

   - Qardaşım uşaqlarının adını özü qoydu. Biz bunu gözləmirdik. Adətən biz tərəflərdə uşağın adını böyüklər qoyur. Amma gözlədiyimiz halda Eşad özü dedi ki, oğlumun adını Əmmar qoyuram. İlk dəfə eşidirdim bu adı. Təəccüb və maraqla üzünə baxdım. O da təbəssümlə bildirdi ki, Əmmar İslam dininin ilk şəhididir. Yəni din yolunda ilk şəhid gedən Allah bəndəsinin adı Əmmardı. İşə bax, talehə bax, şəhidinin adını daşıyanın atası da şəhid oldu. Balaca Naimin də adını özü qoydu, onu da türklərdən götürmüşdü. Amma niyə, bax, onu bilmirəm.

   - Elnur müəllim, siz özünüz də mundir geyinmisiniz, yəni polis mayorusunuz. Qardaşınızın hansı xarakterik cəhəti sizin üçün diqqətçəkən olub?

   - Ən əsası o həm idmanı, həm də musiqini çox sevirdi, gözəl şəkillər çəkirdi. Qarmonda xalq musiqilərini elə ifa edirdi ki, adamın ruhu rahatlıq tapırdı. Digər tərəfdən ərəb dilini gözəl bilirdi. Ümumiyyətlə, biz dinə bağlı ailəyik. Nəslimiz Qara Seyidin şəcərəsindəndi, seyid Həcərin nəvələriyik.

   Həmişə namaz qılıb, oruc tutub. Heç vaxt ucadan danışdığını eşitməmişəm. Dostları çox az idi, hər adamla dostluq etmirdi. Amma istənilən mövzuda onunla danışmaq həm xoş idi, həm rahat, bircə öz işindən başqa. Mən də hüquq-mühafizə orqanında işləyirəm. Amma bir dəfə də olsun o, öz işi barəsində mənimlə də söhbət etməyib. Bir də ki, mənim qardaşım çox inadcıl idi. Qarşısına qoyduğu məqsədə çatmaq üçün bütün gücünü sərf etməkdən yorulmur, bezmirdi. Görünür inadkarlığı, intizamlı olmağı və bir də dəyanəti onu hamıya sevdirmişdi. Mən onunla qürur duyuram. Çünki o, söz düşəndə deyirdi ki, zabit üçün ən böyük şərəf vətən yolunda şəhid olmaqdı, düşmənə qalib gəlməkdi.

   O, həmin şərəfi qazandı. Onun şəhid olması xəbərini eşidəndə bir anlıq ürəyim sanki dayandı. Sonra hardansa mənə qeyri-adi bir güc, dözüm gəldi. Görünür bu, bizim Allaha bağlılığımızdan qaynaqlanır. Axı şəhidin yeri Tanrı dərgahındadır.

   Polis mayoru Elnur Quliyev danışdıqca mənim yadıma Ramiz Rövşənin misraları düşür. Ramiz Rövşən yazır:

  

   Bu nə səsdi, bu nə azan,

   Xəbər gəlir ölümdən

   Yer axtarma qəbir qazan-

   Mən durmuşam yerimdə...

  

   Doğrudan da şəhid üçün Tanrı dərgahı varsa, onu yer üzündə axtarmağın məncə heç mənası yoxdur. Axı bir də Tanrı sevdiklərini daha tez öz ucalığına qaldırır. Həmin ucalıqda da bir əbədiyyət var. Bu əbədiyyəti hər kəs qazana bilsə, yer üzü yəqin ki, cənnət olar...

   Oğul atası, qəhrəman övlad böyütmüş Vəli həkimlə söhbət etmək də mənim üçün asan olmadı. Onun qüruru, dözümü, cərrah mətanəti, iradəsi heyrət doğursa da, ancaq səsindəki azacıq titrəyiş adama dərhal təsir edir. Vəli həkimin dedikləri:

   - Oğlanlarım qoşa gələndə həmişə birinci Elşada diqqət yetirmişəm. Addımları çox qətiyyətli olurdu. Yerişindən, pəhləvan görkəmindən bir zəhm tökülürdü. Amma di gəl ki, danışanda doğmaların arasında ipək kimi olurdu. O biri oğlumun xətrinə dəyməsin, mən onunla özüm də bilmədən nədənsə daha çox qürur duyurdum. Bilmirəm bu hiss hardan ürəyimə dolmuşdu. Bəlkə də onu vaxtından əvvəl itirəcəyim mənə bu yolla xatırladılırdı. Amma indi ona təəssüf eləyirəm ki, Elşadın çox işləri yarımçıq qaldı. Bu təəssüflə yanaşı, həm də sevinirəm ki, Elşad vətən üçün şəhid oldu və bir də ölkə prezidentinin onun xidmətlərinə verdiyi qiymət mənə təsəlli oldu. Bir daha inandım ki, vətən öz şəhidini unutmur.

   Atanın titrəyən səsi gah ciddiləşir, gah da həlimləşirdi. Açığı onun dediklərinin hamısını yaddaşıma köçürüb yaşatmaq gücündə deyiləm. Çünki belə bir itkinin yaratdığı mühit məni də əməlli-başlı öz qoynuna alıb. Mən də köməyimə çatan Ramiz Rövşənin misralarına söykənib dururam.

  

   bizdən ayrılıb

   ən əziz dostun

   yanına getdin

   daha dərdin?-

   yanında dostun var

   Allah kimi!...

 

   Mən bu yazını yazdıqca öz-özümə fikirləşirəm ki, görəsən bəzi həmkarlarım niyə Gəncə hadisələrində dövlət tərəfindən qınanan, ittiham olunan, günahlandırılan tərəflə daha çox maraqlanır. Amma dövlətin mənafeyini qoruyan, xidməti vəzifəsini yerinə yetirən polkovnik-leytenant Quliyev Elşad Vəli oğlunun, eləcə onun çiyindaşları barəsində susurlar. Məgər vəzifə borcunu yerinə yetirən unudulmalıdı? Onun haqqını kimsə dilə gətirməməlidi? Hər halda, ən böyük həqiqətin kimin tərəfində olduğunu Tanrı daha gözəl bilir xidməti olanın da mükafatını Tanrı ilə yanaşı, dövlət həmişə verib qiymətləndirib. İndi oxuyacağınız bu sərəncam dövlət başçısı tərəfindən imzalanıb.

   Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

   Gəncə şəhərində ictimai-siyasi sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə təxribat-pozuculuq terror aktları planlaşdıran silahlı qrupun zərərsizləşdirilməsində göstərdiyi xidmətlərə görə, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyev (ölümündən sonra) "Azərbaycan bayrağı" ordeni ilə təltif edilsin.

   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

   Bəli, bu artıq Elşad Quliyevin göstərdiyi qəhrəmanlığın rəsmi təsdiqidir. Onun ruhunun rahatlığı yəqin ki, övladlarının xoşbəxt günləri ilə yanaşı, Azərbaycanın əbədi müstəqilliyi torpaqlarının bütövlüyü ilə tapacaqdır. Çünki o, canından artıq sevdiyi dövlət üçün, müstəqil Azərbaycan üçün şəhid olub. Ruhu şad olsun!

 

 

   Əbülfət MƏDƏTOĞLU

 

   Ədalət.-2012.-18 aprel.-S.4.