Bir kənddən ədəbi reportaj
Bakıda
kitab təqdimatlarına, ədəbi məclislərə
tez-tez dəvət alırıq və çoxuna da qatılma
imkanımız olur. Ancaq bölgələrimizdə
bu cür tədbirlərə
şəxsən mən heç
qatılmamışdım. Ta ki, aprelin 15-də
Xaçmazın Bostançı kəndində keçirilən
kitab təqdimatına qədər...
Həmin gün Xaçmazda fəaliyyət
göstərən "Ulduzlar" ədəbi
məclisi öz ənənəsinə sadiq şəkildə burada
bir kitab təqdimatı
düzənləmişdi. Bu kəndin sakini olan Aqşin
Dadaşoğlunun müxtəlif illərdə
qələmə aldığı "Güzgüdə əksim
ağlamır" adlı şeirlər kitabının təqdimatı
idi. Bakıdan dəvətlilər
arasında bəndənizlə bərabər Beynəlxalq Avrasiya Mətbuat Fondunun humanitar məsələlər departamentinin
rəhbəri, publisist Siyab
Məmmədli və Qarabağ qazisi, məşhur kəşfiyyatçı
və jurnalist həmkarımız Rey Kərimoğlu vardı. Səhər erkəndən
Bakıdan yola çıxıb günortaya ora
çatmışdıq. Xoş bir yaz havası, ətrafda
oyanmaqda olan gözəl
təbiət, insanların sadəliyi və ciyərlərimizə
acgözlüklə çəkdiyimiz təmiz hava
bir günlük də
olsa bizi tam xoşbəxt eləməyə yetirdi.
Yuxarıda bir ənənədən
bəhs etdik axı. Deməli, bu "Ulduzlar" ədəbi
məclisi son zamanlar öz üzvlərinin yeni
kitablarının təqdimatını onların öz
yurdlarında, öz evlərində təşkil edir.
Şairin kitabı dərc edilincə məclisin bütün
üzvləri onun evində çay süfrəsi arxasında
toplaşıb əsəri müzakirə edir, hər kəs
öz şeirlərini, fikirlərini səsləndirir, yeni
kitab bir növ daha bir məclis üçün yaxşı mənada
bəhanə rolunu oynayır. Əlbəttə, bu heç də
o demək deyil ki, məclisin belə tədbirləri
keçirməsi üçün yeri yoxdur. Əksinə,
rayonun mərkəzi kitabxanası tam olaraq onların sərəncamındadır
və istədikləri tədbiri orada təşkil etmək
üçün hətta rayon rəhbərliyi səviyyəsində
şərait yaradılıb. Təbii ki,
buna yalnız sevinmək olar.
Təqdimat mərasiminə rəhbərlik
edən ziyalı, "Ulduzlar" ədəbi məclisinin sədri
və şair Fərzalı Ziyanur Aqşinin yaxşı məziyyətlərindən,
onun məclisə qatılmasından və şeirlərinin
hamı tərəfindən necə sevilməsindən
ağız dolusu danışırdı. Məclisdə elə
bir ab-hava vardı ki, elə bil yalnız Aqşinin deyil, hər
bir məclis üzvünün illərlə həsrətində
olduğu bir kitabı çapdan çıxmışdı.
Bu kollektivdə olan səmimiyyət, qarşılıqlı
hörmət və anlayış, ziyalı təmkini çox
zaman bizim Bakıda belə müşahidə edə bilmədiyimiz
ortamdan xəbər verirdi. Azərbaycanın bir qədər həssas
olan şimal sərhədindəki bu rayonun tək bir ədəbi
məclisində bu qədər vətənsevər, millətə
və dövlətə bağlı insanların bir araya
toplaşması və həqiqi mənada ziyalı bir ortamda, ədəb
və mərifət çərçivəsində
müzakirə aparması mənimlə birlikdə Bakıdan
gedən digər qonaqları da heyran etmişdi. Elə onun nəticəsi
idi ki, geri dönərkən söhbətimiz yalnız bu
insanlar, onların məclisi, səmimiyyəti və əlbəttə
ki, Xaçmazın gözəllikləri haqqında oldu.
Fərzalı Ziyanur Aqşini
yaxşı bir şair olmaqla bərabər yaxşı bir
dost, yaxşı bir insan kimi də xarakterizə etdi. Onun
çıxışından belə anlaşıldı ki,
Aqşin uzun illərdir şeir yazmasına baxmayaraq heç
zaman onları dərc etdirməyə meylli
olmayıbmış. Yalnız ötən il onun həmkəndlisi,
şair dostu Mehrəli Qulu və daha bir şair dostu Məmməd
Qədirin təkidli tələblərindən sonra Aqşin
şeirlərinin az bir hissəsini kitablaşdırmağa
razı olub. Və indi "Güzgüdə əksim
ağlamır" adlı bir şeir toplusuyla Azərbaycan ədəbiyyatına
artıq öz töhfəsini verib.
Tədbirdə Mehrəli Qulu və
Məmməd Qədirlə bərabər digər
iştirakçılar da çıxış etdilər. Onlar
öz çıxışlarında Aqşinin şeirlərini
təhlil edir, öz dəyərli fikirlərini səsləndirərək
məclisə ayrı bir gözəllik qatırdılar. Qubada
fəaliyyət göstərən "Xəyal" TV-nin heyəti
isə məclisi başdan ayağa lentə alaraq yaxın
günlərdə bir saatlıq veriliş
yayımlayacağını bildirdi. "Xəyal"ın əməkdaşı
olan şair və bölgənin sayılan ziyalılarından
biri Pirəli Rüklü də Aqşini təbrik
sözündə dəmir qapı Dərbəndimiz də daxil
olmaqla Şabran, Quba, Xaçmaz və Qusarın ədəbi
mühiti haqqında çox maraqlı müşahidələrini
paylaşdı. Eyni zamanda qeyd etdi ki, Bakıdan gələn
qonaqları böyük məmnuniyyətlə Qubada fəaliyyət
göstərən "Gülüstan" ədəbi məclisinin
tədbirlərində görmək istərdi. Pirəli
Rüklü və başqa çıxışçılar
öz çıxışlarında onu da qeyd etdilər ki,
paytaxtla bölgələr arasında ədəbi ictimaiyyətin
əlaqələrinin möhkəmləndirilməsi ümumi
işin xeyrinə olardı. Onlar haqsız da sayılmazlar.
Çünki bizim tək bir "Ulduzlar" ədəbi məclisində
gördüyümüz şairlər ordusu ondan xəbər
verirdi ki, bu bölgədə ədəbiyyatın yetərincə
sanballı yaradıcıları var.
Bakıdan gələn qonaqlardan
Siyab Məmmədli və Rey Kərimoğlunun
çıxışları isə məclisdəkilərin həqiqi
mənada sevincini birə beş artırdı. Qonaqlar
Aqşinin kitabı haqqında öz təhlillərini dilə
gətirməklə bərabər belə bir istiqanlı və
ziyalı bir mühitin qonağı olduqlarından xüsusi
sevinc duyduqlarını bildirdilər. Özəlliklə də
Siyab Məmmədlinin yenicə tanış olduğu kitab və
şairin yaradıcılığı haqqında təhlili məclisdəkilərə
ayrıca zövq verdi. Qarabağ qazisi və həm də bir qələm
adamı olan Rey Kərimoğlunun fikirləri isə vətənsevərlərdən
ibarət olan bu məclis əhli üçün uzun zaman
unudulmayacaq xoş xatirələr sırasına
yazıldı. Bəndəniz də öz
çıxışında hətta gözlədiyindən
qat-qat yüksək səviyyəli və ziyalı bir məclisin
qonağı olduğundan ayrıca qürur duyduğunu,
Xaçmazda gördüyü gözəlliklərdən həzz
aldığını vurğuladı.
Tədbirin sonunda "Ulduzlar" ədəbi
məclisi adından Aqşinə hədiyyələr təqdim
edildikdən sonra o, qonaqlara təşəkkürünü
bildirdi və ötən gecə yazdığı bir şeiri
ilə sözünü bitirdi.
Məclis o qədər xoş
keçirdi ki, buradan ayrılmaq heç kimin ağlına belə
gəlmirdi. Yalnız bir də onda xəbər tutduq ki, yolumuz
uzaqdır və artıq qalxmaq lazımdır ki, Bakıya
yetişə bilək. Beləcə çox xoş, şəhər
qarğaşasından uzaq, saf insanların arasında
keçirdiyimiz bir günü başa vurub geri döndük. O
ümidlə ki, yenidən imkan tapıb bu və bölgənin
bənzəri məclislərinə qatılaq. Axı onlar bizi
hər zaman görməyə şad olacaqlar.
Və şairdən, şeirdən
yazasan, şeirə yer verməyəsən? Olmaz belə əlbəttə.
Ona görə də Aqşin Dadaşoğlunun
"Güzgüdə əksim ağlamır" kitabından
bir şeir nümunəsi təqdim etməklə yazımı
bitirirəm.
Aqşin Dadaşoğlu
Öldürər
Deyirsən vaxt öldürürəm,
Vaxt səni, vallah, öldürər.
Əcəl vaxtı gələn
zaman,
Bu gün, ya sabah öldürər.
Burdan keçdi pirlər,
şıxlar,
Bu dünyaya yaraşıqlar,
Eylədiyin yaxşılıqlar,
İçində günah
öldürər.
Çox zəhərin dadı
çıxıb,
Çox doğmanın yadı
çıxıb,
Əzrayılın adı
çıxıb,
Bəndəni Allah öldürər!
Azər
Həsrət,
Ədalət.-2012.-18
aprel.-S.7.