"Azərbaycan
bayrağı Xankəndidə və Şuşada
dalğalanacaq"
"Buna tam əminəm:
bizə qarşı informasiya müharibəsi
aparılır"
Qlobal informasiya məkanında
informasiyalarla bərabər, təxribatlar da kifayət qədər
çoxdur. Bu təxribatlar bəzi hallarda açıq, bəzi
hallarda məxfi, yəni, gizli xarakter daşıyır".
Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunları
ilə bağlı aprelin 16-da keçirdiyi müşavirədə
Azərbaycan prezidenti İlham Əliyevin növbəti dəfə
maraqlı çıxışı olub. Prezident ölkənin
iqtisadi-siyasi, sosial-mədəni həyatını xarakterizə
edib.
İlham Əliyev Azərbaycanın
informasiya müharibəsinə məruz
qaldığını bildirib. Dövlət
başçısı bəyan edib ki, bu informasiya müharibəsinin
aparılması işində, əlbəttə ki, ilk növbədə,
erməni lobbisi öz fəallığı ilə seçilir:
"Getdikcə informasiya təhlükəsizliyi məsələləri
daha da çox aktuallaşır. Bizə qarşı informasiya
müharibəsi aparılır. Bu, həqiqətdir. Mən
buna tam əminəm, bu barədə iki fikir ola bilməz. Azərbaycanı
qaralamaq, reallıqlarını danmaq, Azərbaycanı geridə
qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim
etmək cəhdləri, ilk növbədə, erməni
lobbisinin çirkin əməllərindən qaynaqlanır.
Onların təsir dairəsi kifayət qədər
genişdir, müxtəlif ölkələrin aparıcı mətbu
orqanlarında təmsil olunurlar. Bəzən başqa familiyalarla
təmsil olunurlar, öz mənşəyini gizlədirlər.
Bu, indi ikinci məsələdir. İnsan öz milli mənsubiyyətini
gizləməməlidir. İstənilən insan öz milli mənsubiyyəti
ilə fəxr etməlidir. Amma onlar başqa ölkələrdə
nədənsə bu sahədə də seçilirlər".
Prezident deyib ki, Azərbaycan azad
internetin olduğu ölkələrdəndir: "Bunu, bəzən
bizi tənqid etmək istəyənlər unutmasınlar.
İnternet istifadəçilərinin sayı getdikcə
artır, 50 faizdən çoxdur".
İlham Əliyev onu da
vurğulayıb ki, erməni lobbisi bəzi hallarda Azərbaycana
qarşı açıq kampaniya aparır. Çalışırlar
ki, Azərbaycanın imicinə koordinasiya edilmiş şəkildə
xələl gətirsinlər: "Onların fəaliyyəti
məqsədyönlüdür və bu gün erməni lobbisi
üçün bir nömrəli hədəf Azərbaycandır.
Bizim üçün də, bir daha demək istəyirəm
ki, bir nömrəli düşmən erməni lobbisidir. Biz bu
mübarizəyə də hazır olmalıyıq".
"Erməni lobbisi təşkilatlanmış çox
aqressiv və mənfi qüvvədir"
Ölkə başçısı
son illərdə vəziyyətin böyük dərəcədə
dəyişdiyini bildirib: "Azərbaycanın diaspor təşkilatları,
bizim sağlam qeyri-hökumət təşkilatlarımız,
Azərbaycanın xaricdəki səfirlikləri, bizim ictimaiyyətimiz,
xarici mətbuata çıxış imkanlarımız və
mövqeyimiz güclənir. Ancaq hələ ki, biz
reallıqları da nəzərə almalıyıq. Erməni
lobbisi Avropada və başqa ölkələrdə,
böyük ölkələrdə onilliklər, bəlkə əsrlər
boyu fəaliyyət göstərir, təşkilatlanmış
çox aqressiv və mənfi qüvvədir. Bizə
qarşı, necə deyərlər, mənfi informasiyanın təkanvericisi
erməni lobbisidir. Erməni lobbisinin təsiri altında olan,
onların çirkli pulları ilə dolanan bəzi ölkələrin
siyasi xadimləridir. Biz onların adlarını bilirik,
onları tanıyırıq. Onların qondarma
"Dağlıq Qarabağ respublikası"na səfərlərinin
sayına baxmaq kifayətdir ki, hər bir adam bilsin, nə
üçün onlar oraya gedirlər. Bu, ikinci qüvvədir".
Prezident vurğulayıb ki,
üçüncü qüvvələr də var: "Əfsuslar
olsun ki, bəzi ölkələrdə islamofobiya meyilləri
güclənir. Bu da reallıqdır. Çox mənfi
reallıqdır, ancaq reallıqdır. Biz də bu reallıqla
hesablaşmalıyıq. İslamofobiya meyilləri gücləndikcə
müsəlman ölkələrinə münasibət də mənfi
istiqamətə gedir. Biz bunu bilməliyik və deməliyik.
İslamofobiya xəstəliyinə yoluxmuş siyasətçilərin
sayı artmaqdadır. Bu qüvvələr müsbət mənada
seçilən, öz müasirliyi, müstəqil siyasəti
ilə fərqlənən, islam dəyərlərinə sadiq
olan ölkə kimi Azərbaycanı görəndə, əlbəttə
ki, sevinmirlər, məyus olurlar. Biz bu amili də daim nəzərdə
saxlamalıyıq və çalışmalıyıq ki, bu vəziyyəti
öz siyasətimizlə xeyrimizə dəyişdirək".
"Dünya ictimaiyyəti BMT-dir.BMT də bizi dəstəkləyir"
Prezident Azərbaycana qarşı
informasiya müharibəsi aparan digər qüvvələrin Azərbaycanın
müstəqil siyasətini qəbul etməyənlər
olduğunu deyib: "Onlara elə gəlir ki, Azərbaycan kimi
ölkə müstəqil siyasət aparmamalıdır. Kiminsə
qanadının altına keçməlidir və müstəqil
siyasətə malik olmamalıdır. Elə qüvvələr
də var ki, biz onları tanıyırıq. Onların Azərbaycana
qarşı gizli mübarizəsi gedir. Bu mübarizəni bəzi
hallarda açıq yox, qorxaqcasına informasiya məkanında
aparırlar".
Prezident Azərbaycanın müstəqil
siyasətinin, beynəlxalq məsələlərlə
bağlı qəti mövqeyinin dünya birliyi tərəfindən
dəstəkləndiyini vurğulayıb: "BMT Təhlükəsizlik
Şurasına seçilməyimiz bizim böyük təntənəmizdir,
zəfərimizdir. Bizi 155 ölkə dəstəklədi.
Budur, dünya ictimaiyyəti. Dünya ictimaiyyəti hansısa
regional təşkilat deyil. Dünya ictimaiyyəti BMT-dir. BMT də
bizi dəstəkləyir".
"Biz hər bir əsassız hücuma cavab verməliyik,
veririk və verəcəyik"
Prezident bəzi qüvvələrin
Azərbaycanın siyasətindən
qıcıqlandığını qeyd edib: "Onlar yeni
imkanlardan istifadə edib informasiya təxribatları ilə məşğul
olmağa çalışırlar, yalan, böhtan xarakterli məlumatları
ötürürlər. Mətbuat hazırda, nəinki
informasiya mənbəyidir, eyni zamanda, təxribat mənbəyidir.
Əfsuslar olsun ki, bu, belədir. Biz isə öz növbəmizdə
buna hazır olmalıyıq. Biz hazırıq. Biz hər bir əsassız
hücuma cavab verməliyik, veririk və verəcəyik".
Dövlət
başçısı Azərbaycana qarşı informasiya təxribatlarının
bu faktlarla məhdudlaşmadığını qeyd edib:
"Elə qüvvələr var ki, bölgədə vəziyyəti
qarışdırmaq istəyirlər. Elə qüvvələr
var ki, Azərbaycanı öz qonşuları ilə
üz-üzə qoymaq istəyirlər. Burada da informasiya təxribatlarından
istifadə edilir. Başqa necə istifadə edə bilərlər?!
Mümkün deyil. Çünki qonşularımızla əlaqələrimiz
tarixi köklərə söykənir. Biz bütün
qonşularla, - Ermənistan təbii ki, istisna olmaqla, - normal,
yaxşı dostluq münasibətləri yaratmışıq
və bu dostluq münasibətlərini gücləndiririk,
gücləndirəcəyik. Heç bir qonşumuzla problemimiz
yoxdur".
"Kim istəyir, Azərbaycanı qarşıdurma
arenasına çevirsin,gedib özünə başqa yer
axtarsın"
"Azərbaycan heç vaxt
başqa ölkələrin planlarında iştirak etməyəcək.
Mən bunu dəfələrlə demişəm" deyən
dövlət başçısı hələ prezidentlik
dövrünün əvvəlindəki bəyanatını
xatırladıb: "Azərbaycan qarşıdurma arenasına
çevrilməyəcək. Kim istəyir, Azərbaycanı
qarşıdurma arenasına çevirsin, gedib özünə
başqa yer axtarsın. Biz heç vaxt imkan verə bilmərik
ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi
planlarda istifadə edilsin və bunu hamı bilir. Belə olan
halda yenə gəlir informasiya təxribatı məsələləri.
Mötəbər, dünya səviyyəli mətbu orqanlarda
çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir
altında olan digər mətbu orqanlar yayır. Beləliklə,
rəy formalaşır. Yaxud da ki, formalaşdırmağa
çalışırlar ki, Azərbaycan bölgədə
hansısa başqa planlara malikdir".
Prezident Azərbaycanın bölgədə
sülh, sabitlik, əmin-amanlıq olmasını, qonşularla
münasibətlərin prioritet xarakter
daşıdığını bildirib: "Biz bu bölgədə
yaşayırıq və yaşayacağıq. Mən
qonşulardan da Azərbaycana ancaq müsbət münasibət
görürəm və buna çox şadam. Ona görə,
biz bunu bilməliyik, bu barədə açıq deməliyik və
buna qarşı biz öz prinsipial mövqeyimizi
qoymalıyıq və qoyuruq".
"Xocalıda soyqırım törədənlər
faşistlərdir,bunun başqa adı ola bilməz"
İlham Əliyev həmçinin
diqqətə çatdırıb ki, bütün beynəlxalq
tədbirlərdə Azərbaycanın hər zaman ölkənin
baxışlarını, mövqeyini və siyasi xəttini
ifadə edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətləri,
torpaqlarımızın işğal altında qalması və
bir milyon soydaşımızın əziyyət çəkməsi
məsələlərinə toxunaraq, dünya birliyinin diqqətini
bu məsələlərə yönəldib:
"Bütün tədbirlərdə Ermənistanın
işğalçı siyasətini ifşa etmişəm, edəcəyəm.
Münaqişənin həlli ilə bağlı bizim prinsipial
mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın
ərazi bütövlüyü qeyd-şərtsiz bərpa
edilməli, işğalçı qüvvələr
torpaqlarımızdan geri çəkilməlidir. Beynəlxalq
birlik tərəfindən tanınan ərazi
bütövlüyümüz tam şəkildə bərpa
ediləcək. Mən buna şübhə etmirəm".
Bakıda Avronest Parlament
Assambleyasının ikinci sessiyasının keçirildiyini
xatırladan ölkə başçısı bu sessiyanın
Avropa İttifaqının xaricində ilk dəfə
keçirildiyini vurğulayıb: "Sessiya çox yüksək
səviyyədə keçirildi və yenə də bu, bizə
imkan verdi ki, Avropa Parlamenti deputatlarına birbaşa müraciət
edərək, Azərbaycanın həm gördüyü
işlər, həm mövqeyi haqqında məlumatı verək,
xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin tarixi və həqiqətləri,
azərbaycanlılara qarşı törədilən
soyqırımı, erməni faşizmi haqqında
mövqeyimizi bildirək. Xocalıda o qanlı faciəni,
soyqırımını törədənlər faşistlərdir,
bunun başqa adı ola bilməz. Mən bu imkanlardan istifadə
edərək həm həqiqətləri, həm Azərbaycanın
mövqeyi və gələcəyə ümumi
baxışları haqqında fikirlərimi bildirmişdim.
Bizim xarici siyasətimiz açıqdır, aydındır və
birmənalıdır. Bölgədə, dünyada rolumuz
artır. Bu, həqiqətdir və bu həqiqətlə
hesablaşmaq lazımdır".
"Gün gələcək Azərbaycan bayrağı
Xankəndidə və Şuşada dalğalanacaq"
Ölkənin hərbi
potensialının gücləndiyini deyən prezident bu sahəyə
böyük diqqət göstəriləcəyini bildirib:
"Biz güclü hərbi sənaye yaradırıq, eyni
zamanda, böyük həcmdə hərbi texnika, silah, sursat
alırıq və alacağıq. Mən hələ hava
hücumuna qarşı silahlardan danışmıram, tanklar,
artilleriya qurğuları, döyüş təyyarələri,
müxtəlif silahlar, döyüş aparmaq üçün
lazım olan bütün müasir ləvazimatlar alınır
və alınacaq. Deyə bilərəm ki, hər bir yerdə
olduğu kimi, bu sahədə də biz şaxələndirilmiş
siyasət aparırıq, bir istehsalçıdan asılı
deyilik. Bu sahədə bizimlə əməkdaşlıq etmək
istəyən ölkələrin sayı artır və
imkanımız var. Biz bəzi başqa ölkələrdən
fərqli olaraq heç nəyi müftə almırıq,
pulla alırıq və bu siyasət davam edəcək. Azərbaycanın
artıq güclü ordusu var. Bütün silahlı qüvvələr
bu gün istənilən vəzifəni - ölkəmizin
bütün maraqlarını müdafiə etmək
üçün hazırdırlar, buna qadirdirlər.
Dağlıq Qarabağda və işğal edilmiş
torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə
hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan
tökülmədən, sülh, danışıqlar yolu ilə
edək və hər an, hər gün biz qələbəyə
yaxınlaşırıq. Hər gün Ermənistan daha da
böyük tənəzzülə uğrayır, Azərbaycan
daha da güclənir. Biz hər gün qələbə
gününü yaxınlaşdırırıq. Gün gələcək
Azərbaycan bayrağı Xankəndidə və Şuşada
dalğalanacaq".
"Özünü hörmətli mətbu orqan sayan
telekanallar, qəzetlər təxribata qarışırlar"
İlham Əliyev bəzi xarici mətbuat
orqanlarında Azərbaycanın əleyhinə dərc olunan
böhtan xarakterli yazılardan da danışıb:
"Qanunsuz tikilmiş binaların köçürülməsi
ilə bağlı spekulyasiyalara yol verilir, xüsusilə
xarici mətbuatda. Bu da Azərbaycana qarşı bir növ
qaralama kampaniyasının tərkib hissəsidir. Təəssüf
edirəm ki, özünü hörmətli mətbu orqan sayan
telekanallar, yaxud da ki, qəzetlər bu təxribata
qarışırlar. Azərbaycanda verilən kompensasiya ən
yüksək səviyyədədir. Hər kvadratmetrinə
görə 1500 manat vəsait ödənilir. Deyə bilərəm
ki, kompensasiya alanların mütləq əksəriyyəti bu
məbləğlərlə razıdırlar. Amma təxribatçı
qüvvələr var ki, bundan öz məqsədlərinə
çatmaq üçün istifadə etmək istəyirlər.
Şəhərin ümumi abadlaşma prosesi hansısa tədbirlə
əlaqədar deyil. Bizim ümumi xəttimiz, siyasətimiz,
şəhərsalma proqramlarımız var".
Ölkə başçısı
Bakının yeni şəhərsalma konsepsiyasını təsdiq
etdiyini xatırladaraq, yenilik, quruculuq və köçürmə
proseslərinin əvvəlki dövrdən müəyyən
edilmiş qaydada aparıldığını
vurğulayıb: "Bunun heç bir beynəlxalq tədbirlə
əlaqəsi yoxdur. Biz nə qədər mümkündür
hər yerdə parklar, yaşıllıq zolaqları
salırıq. Şəhərin mərkəzindən
köçürülən ərazilərdə avtomobil
dayanacaqları, yeraltı avtomobil dayanacaqları
yaradılır. Buna böyük ehtiyac var. Onun üstündə
gözəl yaşıllıq zolaqları, parklar, ictimai yerlər
tikilir və biz bu siyasəti davam etdirəcəyik".
"Texnoparkların yaradılması istiqamətində
çox təsirli və ciddi addımlar
atılmalıdır"
Prezident neft-kimya sənayesindəki
yeniliklərə də diqqət çəkib. İlham Əliyev
bildirib ki, neft-kimya, neftayırma və qaz emalı
zavodlarının qurulmasına qoyulan investisiya 10 milyard manatdan
artıq ola bilər: "Bu il texnoparkların
yaradılması istiqamətində çox təsirli və
ciddi addımlar atılmalıdır. Artıq təcrübə
də var, Sumqayıt Texnoparkı çox gözəl təcrübədir.
İndi Gəncədə, Balaxanıda və Sumqayıtda buna
oxşar yeni texnoparkların salınması prosesi gedir. Mən
hesab edirəm ki, bu il biz artıq konkret işlərə
başlamalıyıq. Yeni texnoparkların
yaradılmasına özəl sektorun dəstəyi ilə nail
olunacaq".
Kənd təsərrüfatı
sahəsində ciddi işlər görüldüyünü
deyən ölkə başçısı bu sahənin
inkişafı üçün müasir texnologiyaların tətbiqinin
vacibliyini qeyd edib. Bu sahədə aqroservislərin
qurulmasına xarici investorların da maraq göstərdiyini
vurğulayan prezident bu sahəyə yerli investorların da cəlb
edilməsinin lazımlığını qeyd etməklə,
yeni aqroservislərin yaradılması ilə bağlı təkliflərin
hazırlanması barədə tapşırıq verib:
"Subsidiyalarla, dövlət tərəfindən verilən
güzəştlərlə bağlı yeni təkliflər
verilməlidir. Birinci mərhələdə biz kənd təsərrüfatını,
xüsusilə taxılçılığı
stimullaşdırmaq üçün bu subsidiyaları
ayırdıq. Həm yanacağa, həm gübrələrə,
eyni zamanda, əkilən məhsullara hektarbaşı
subsidiyalar pul şəklində verilir. Bu, çox müsbət
təşəbbüs idi və işgüzarlığın
artmasına böyük təkan verdi. Mənim təklifim ondan
ibarətdir ki, biz bu subsidiyaları daha da təkmilləşdirək.
Söhbət ondan getmir ki, bunu azaldaq, yaxud da ki, aradan
götürək. Yox, əksinə, söhbət ondan gedir ki,
bunlar daha da səmərəli şəkildə işləsin.
Bəlkə buna daha da böyük məbləğ
ayrılsın. Ancaq verilən subsidiyalara görə nəticə
daha da təsirli olsun. İndi subsidiyaların həcmi verilən
nəticə ilə uyğun gəlmir. Nəticə daha da
çox və təsirli olmalıdır".
Ərzaq təhlükəsizliyi məsələsinə
toxunan ölkə başçısı burda ərzağın
keyfiyyətinin də nəzərdə tutulduğunu bildirib:
"Son zamanlar bu sahədə ciddi dönüş
yaradılıb. Əvvəlki dövrdə deyə bilərəm
ki, bu sahə ümumiyyətlə diqqətdən kənarda
qalmışdı və yoxlamaları aparan qurumlar əfsuslar
olsun ki, vəzifə borclarını layiqincə yerinə
yetirmirdilər. Onların yoxlamaları formal xarakter
daşıyırdı. Yaxud da ki, gedib hansısa yoxlamanın
aparılmasından sonra onlar qanunsuz tələblərdə də
iştirak edirdilər. Beləliklə, həm yerli, həm
xarici keyfiyyətsiz məhsullar bizim bazarımızı
bürümüşdü".
Prezident bu sahədə həm
bazar, həm də idxala nəzarətin güclü olmasının
vacibliyini qeyd edib.
"Bəzi kanalların insanlara verdikləri təkliflər
çox məyusedicidir"
Prezident deyib ki, insan
sağlamlığına təhlükə olan keyfiyyətsiz ərzaqlardan
danışarkən, televiziya kanallarındakı mətbəx
proqramlarına toxunmaya bilmir: "Bizim televiziyaların, demək
olar ki, hamısı indi mətbəxlə, yeməklərin
bişirilməsi, hazırlanması ilə bağlı
verilişlər təqdim edirlər. Birincisi onu demək istəyirəm
ki, bu da xaricdən gələn bir meyildir. O ölkələrdə
ki, evlərdə yemək bişirilmir, onlar üçün bəlkə
bu, daha da aktualdır. Azərbaycanda evlərdə bişirilən
yemək, indi istənilən restorandan daha da
yaxşıdır, ləzzətlidir. Amma bu, bir dəbdir, bizə
də gəlib çatıb. Mən etiraz etmirəm, olsun.
Ancaq bir şərtlə ki, orada göstərilən reseptlər
və yeməklərin bişirilmə qaydaları insanların
sağlamlığına mənfi təsir göstərməsin.
Mən o verilişlərə hərdənbir baxıram və
bəzi hallarda çox ürək ağrısı ilə
görürəm ki, indi yağın içində üzən
yeməklər təbliğ edilir. Axı olmaz. Bu yeməkləri
gündə yeyən insan xəstələnəcək. Yəni,
nə qədər gülməlidisə, bir o qədər də
faciəvidir. Biz sağlam həyat tərzini təbliğ
edirik, insanları pis vərdişlərdən çəkindiririk,
idmanı təbliğ etdiyini, siqaret çəkənə
müsbət münasibət ola bilməz. Alkoqollu içkilərə
aludə olanlar qınaq obyektinə çevrilməlidir. Belə
olan halda, bizim bəzi kanalların insanlara verdikləri təkliflər
əlbəttə ki, çox məyusedicidir".
Prezident özəl kanalların
siyasətinə qarışmaq fikrində
olmadığını deyib: "Ancaq məsləhət verə
bilərəm ki, insan orqanizmi üçün sağlam reseptləri
daha çox tətbiq etsinlər".
Ölkə başçısı
daha sonra qeyd edib ki, bu il məcburi köçkünlərin
yaşayış səviyyəsinin
yaxşılaşdırılması üçün Neft
Fondundan 300 milyon manat vəsait ayrılıb, Azərbaycan
enerji təhlükəsizliyi ilə bağlı məsələləri
uğurla həll edib, dənizkənarı zolaq Zığa qədər
davam etdiriləcək, su və kanalizasiya layihələrinin
icrası bütün ölkə üzrə gedir və
2014-cü ildə başa çatdırılacaq, kəndlərdə
belə, əhalinin təmiz su ilə təmin olunması
üçün modul tipli sutəmizləyici qurğular quraşdırılacaq.
"Korrupsiya ilə mübarizə bir gün,bir dəqiqə
səngiməməlidir"
"Bu il və gələn il əmanətlərin
qaytarılması prosesi aparılacaq, əlbəttə
inflyasiyaya daha da böyük təkan verə biləcək
amillər də olacaq. Əlavə yükdür, 1 milyard manata
yaxın vəsait dövriyyəyə buraxılacaq. Elə etməliyik
ki, istehsal qiymətlərinə nəzarət daha da
güclü olsun".
Bunu da Nazirlər Kabinetinin bu ilin
ilk rübünün yekunlarına həsr olunmuş
müşavirəsində İlham Əliyev bildirib. Prezident nəzarətin
güclənməsinin istehsal qiymətlərinin səviyyəsini
sabit saxlamağa imkan verdiyini deyib. Onun sözlərinə
görə, müvafiq qurumların ənənəvi bayram ərəfəsində
qiymətlərin qalxmaması üçün gördükləri
tədbirlər də bəhrəsini verir: "Əvvəlki
illərdə bayram ərəfəsində qiymətlər
qaldırılırdı və bayramdan sonra da enmirdi. Hər
ildə ən azı iki dəfə qiymətlər süni
şəkildə şişirdilir. Biz bu xoşagəlməz
meyillərlə ciddi mübarizə aparırıq və
aparacağıq. Qiymətləri süni şəkildə
şişirtmək istəyənlərə qarşı
mübarizə daha ciddi olmalıdır. Onlara qarşı cəza
tədbirləri daha da təsirli olmalıdır".
Prezident təqaüd
islahatlarının bundan sonra da aparılacağını
deyib: "Hazırda Azərbaycanda orta pensiyanın səviyyəsi
150 manat və ya 190 dollardır. Orta maaş 370 manat, yəni
470 dollardır. Bu, artır, getdikcə daha da artacaq və beləliklə,
qiymətlərin normal səviyyədə qalmasına daim diqqət
göstərilməlidir".
Ölkədə maaş və təqaüdlərin
əsasən plastik kartlarla ödənildiyini deyən ölkə
başçısı lakin vəsaitin daha dərhal nağd
halda çıxarıldığını bildirib. Bunun birinci
səbəbi psixolojidirsə, ikinci səbəb həmin kartla əksər
yerlərdə alış-veriş etməyin
mümkünsüzlüyüdü: "Posterminallar
olmadığı üçün bu kartlar sadəcə
olaraq bir funksiyanı daşıyırdı ki, pensiyaların,
əməkhaqlarının verilməsi zamanı xoşagəlməz
hallara son qoyulsun. Çünki hamımız yaxşı
xatırlayırıq ki, əvvəllər maaş, pensiya
kassirlər vasitəsilə verilirdi və xoşagəlməz
hallar kifayət qədər çox idi. Əslində bu, bir ənənəyə
çevrilmişdi. Hər bir maaş alan özünü
borclu hesab edirdi ki, kassirə maaşından pul versin. Nə
üçün o pulu verməli idi?! O, kassirin babasının
puludur?! O, dövlətin puludur. Ancaq bir ənənə
yaranmışdı və bu, geniş vüsət
almışdı. Biz hamımız bunu yaxşı bilirik.
Maaşların, pensiyanın plastik kartlarla verilməsi buna son
qoydu".
Ölkə başçısı
deyib ki, vəsaitin kartla verilməsi həm də ölkədə
nağdsız ödəmələrin genişlənməsinə
yol açmalıdır, bunun üçün isə
posterminalların geniş tətbiq edilməsinə ehtiyac var.
Prezident korrupsiyaya və
rüşvətxorluğa qarşı mübarizənin ciddi
aparılmasının vacibliyini bildirib: "Həm inzibati, həm
də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda,
sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da
sürətlə aparılmalıdır. Mübarizə
bir gün, bir dəqiqə səngiməməlidir".
Elektron xidmətlərin geniş tətbiq
edilməsinin korrupsiya və rüşvətxorluğa
qarşı mübarizədə böyük amil olduğunu
deyən prezident İlham Əliyev bütün qurumların
elektron xidmətlər göstərməsi üçün sərəncam
imzalandığını xatırladıb: "Mənə bu
yaxınlarda verilən arayışa görə, heç də
hər yerdə bu, belə deyil. Elə qurumlar,
nazirliklər var ki, tam şəkildə elektron xidmətləri
göstərirlər. Məndəki
siyahıda elə qurumlar var ki, elektron xidmətləri qismən
göstərirlər. Elə qurumlar da var
ki, ümumiyyətlə, elektron xidmət göstərmirlər.
Mən o qurumların adlarını hələ
ki, çəkmək istəmirəm, iki həftə vaxt verirəm,
hər bir dövlət qurumunda elektron xidmət
yaradılmalıdır. Mənim sərəncamlarım
şərtsiz və yubanmadan icra edilməlidir. Sərəncam verilir və hər kəs bilməlidir
ki, sərəncamın icrasına nəzarət də var və
bu nəzarət güclüdür".
"Təkliflər reallıqlara əsaslanmalıdır"
Prezident 2012-ci ilin
birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarını özündə əks etdirən
statistikanı da sadaılayıb. Məlum olub ki, bu ilin
ilk rübündə ümumi daxili məhsulun 0,5
faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul 7,7 faiz
artdığını bildirib.
Prezident ümumi sənaye
istehsalının 0,3 faiz
azaldığını, qeyri-neft sənayesinin 16,5 faiz
artdığını deyib.
İnflyasiyanın cəmi 3,1 faiz olduğunu vurğulayan dövlət
başçısı əhalinin pul gəlirlərinin təxminən
14 faiz olduğunu vurğulayıb. Onun sözlərinə
görə, bu ilin dövlət büdcəsi 20 milyard dollardan
çoxdur, icmal büdcə təqribən 25 milyard dollara bərabərdir.
Prezident Azərbaycanın
qlobal məsələlərin həllində siyasi güc kimi
iştirak etdiyini, həmçinin maliyyə resurslarını
nəzərə alaraq maliyyə gücü kimi də
iştirak etməsinin lazımlılığını deyib.
Ölkə başçısı Dövlət İnvestisiya
Proqramının ilin sonuna kimi tam icra edilməsinin vacibliyini
qeyd edib: "Son illərin reallıqları bundan ibarətdir
ki, biz bəzi hallarda Dövlət İnvestisiya
Proqramını tam şəkildə icra edə bilmirik. Çünki bəzi hallarda vəsait bizim texniki
imkanlardan artıqdır. Yaxud da ki, bəzi hallarda
müvafiq nazirliklər və dövlət qurumlarının
hökumətə verdikləri sifarişlər o qədər
böyük olur ki, onların icrasını il
ərzində təmin edə bilmirlər. Biz
buna da diqqət yetirməliyik. Real
sifarişlər verilməlidir. Hər bir
nazirlik, hər bir dövlət qurumu öz imkanlarını
ölçüb-biçməlidir, qeyri-real təkliflər
verməməlidir. Mən başa
düşürəm, hər bir qurum, hər bir nazirlik istəyir
ki, onun sahəsində daha da sürətli işlər getsin və
beləliklə, Dövlət İnvestisiya Proqramı
formalaşdıqda daha da böyük təkliflər irəli
sürürlər. Ancaq bu təkliflər
reallıqlara əsaslanmalıdır".
Dövlət başçısı hər bir qurum və
məmurun Dövlət İnvestisiya Proqramını tam,
vaxtında və yüksək keyfiyyətlə icra etməsinin
vacibliyini vurğulayıb. Ölkədə icra edilən
böyük infrastruruktur layihələrinin 2014-cü ildə
tam başa çatdırılmalı olduğunu, bundan sonra
Dövlət İnvestisiya Proqramına yeni prizmadan
yanaşılacağını deyib.
Ölkə başçısı
Azərbaycan dövlətinin sovet dövründə
yığılan əmanətlərə cavabdehlik, məsuliyyət
daşımadığını, lakin dövlətin siyasətində
insan amilinin diqqət mərkəzində olmasını nəzərə
alaraq, belə bir sərəncam imzalandığını
xatırladıb: "Hələ 1992-ci ildə milli valyutaya
keçid dövründə on sovet rublu bir Azərbaycan
manatı nisbətində əvəz olunub - birə on.
2006-cı il yanvarın 1-də manatın denominasiyası həyata
keçirilib. Beləliklə, beş min Azərbaycan manatı
- köhnə manat bir yeni manata bərabər olub. Buna
baxmayaraq, hazırda min rublu olan əmanətçiyə 150
manat, yaxud da ki, 180 dollara yaxın kompensasiya ödənilir. İki min rublu
olan 300 manat, yaxud da ki, 400 dollar alacaq. Bu cədvəli davam
etdirmək olar. Yəni, bu,
özlüyündə onu göstərir ki, ən yüksək
əmsal və ən qısa dövr Azərbaycandadır.
Bu, bir daha Azərbaycan dövlətinin həmin
məsələyə nə qədər həssas olduğunu
göstərir. Mən bilirəm ki, Azərbaycan
vətəndaşları bu təşəbbüsü
alqışlayırlar".
"Biz öz yolumuzla gedəcəyik-müstəqillik,
azadlıq yolumuzla"
Ölkə başçısı
"Eurovision" mahnı müsabiqəsi ilə bağlı
xarici mətbuatda aparılan çirkin kampaniya da münasibət
bildirib: "Azərbaycan hansı ölkənin mətbuatında
bu kampaniyanın daha sürətlə getdiyini yaxşı
bilir. Elə ölkələr var ki, orada nəinki
hər həftə, hər gün Azərbaycan ilə
bağlı çirkin, böhtan xarakterli yazılar gedir.
Təbii ki, bu, əlaqələndirilmiş
şəkildə aparılan siyasətdir. Ancaq
bu siyasətin heç bir nəticəsi yoxdur və olmayacaq.
Çünki bizim siyasətimizə təsir edə
biləcək qüvvə yoxdur və nə qədər ki, mən
bu kürsüdəyəm heç vaxt olmayacaq. Biz öz yolumuzla gedəcəyik. Müstəqillik yolumuzla, azadlıq yolumuzla gedəcəyik!"
Azərbaycanda
bütün azadlıqlar olduğunu vurğulayan prezident
"Bizi bəzi hallarda nədəsə, yəni, antidemokratik
addımlarda ittiham etmək istəyənlər getsinlər
öz ölkələrində nə baş verdiyini
görsünlər. Orada hər gün, hər
həftə nümayişə çıxan insanlar
döyülür, əzilir, onların başı
partlayır, yüzlərlə nümayişçi həbs
edilir. Bu, o ölkələrdir ki,
onların bəzi mətbu orqanları Azərbaycana
qarşı çirkin kampaniya aparırlar. Yaxşı
atalar sözü var bizdə, deyir: "Öz gözündə
tiri görmür, başqasının gözündə
tükü seçir". Bax, yerinə
düşər bu atalar sözü" deyə, əlavə
edib.
Prezident Azərbaycanda demokratiya,
söz və vicdan azadlığı, sərbəst
toplaşmaq azadlığı olduğunu deyib:
"Bütün Azərbaycan ictimaiyyəti bunu da gördü
ki, ölkəmizdə sərbəst toplaşmaq
azadlığı var. Əgər bütün bu imkanlardan
istifadə etmək istəyənlər normal davranış
qaydalarını gözləsələr, şəhər
meriyasının göstərdiyi yerdə öz tədbirlərini
keçirsələr, onda sərbəst toplaşmaq
hüququndan yararlana bilərlər. Mən hesab
edirəm ki, şəhər meriyası çox müdrik
addımlar atıb və nümayişlər, mitinqlər
üçün ən məqbul, yəni, o insanlar üçün
ən məqbul və onlara yaraşan yeri seçib. O
yerdə istənilən tədbiri keçirmək
mümkündür. Bu tədbirlər məhz o
yerdə keçirilməlidir".
Prezident ölkənin gələcək
planlarından da danışıb: "Biz inamla qabağa
gedirik. Bizə qarşı təxribatlar bundan
sonra da olacaq. Bizə qarşı informasiya
mübarizəsi bundan sonra da aparılacaq. Bu,
bizi narahat etmir. Sadəcə olaraq, biz bu
barədə danışmalıyıq, öz tədbirlərimizi
görməliyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini
təmin etməliyik".
Anar
İSAOĞLU
Ədalət.-2012.-18
aprel.-S.3.