Tamam Bayatlı Önər: "Vaqif yalnız mənə məxsus deyil..."
Xanımı
Vaqif Bayatlı Önər haqda danışır
Anlaşıldı ki, Lent.az-ın "Yaxın adam" layihəsi bu dəfə Vaqif Bayatlı Önərə həsr olunub. Onun haqqında kimin danışa biləcəyini çox götür-qoy etdik. Bir neçə adamı nəzərdən keçirdik. Sonra nədənsə Tamam xanımın üzərində dayanmalı olduq. Görünür, belə bir insan - heç bir təfsilata varmadan adını çəkməklə özü bəlli olan şəxsiyyət haqda yalnız gecə-gündüz onunla bir yerdə olan, onunla bir məişətdə, mənəviyyatda, bir ortamda nəinki dözən, hətta bunu zövq alaraq yaşayan xanımı danışa bilər...
Mən
onu heç kimə qısqana bilmirəm
Bilmirəm,
tanışlığımızın tarixi haradan
başlayır, çünki tanış olandan sonra başa
düşdüm ki, onu mən çoxdan tanıyıram. Həm
də bu adamın yalnız özümə deyil, hər bir
adamın hisslərinə, düşüncələrinə
necə yaxın olduğunu hiss etdim. O elə bir adamdır ki,
insan tək-tənha öz özü ilə danışanda qəlbində
belə bir adamı tutub onunla danışır. Əslində
öz-özünlə danışmırsan, hansısa daxili
bir həmsöhbətin olur - o həmin adamdır. Elə bir
adamdır ki, hər bir adam onunla müsahib olanda elə bilir
ki, onu çoxdan tanıyır. O, hamının daxilindəki
adamdır. Dostlarının dəfələrlə
yazılarında oxumuşam, söhbətlərində
eşitmişəm ki, Vaqif ətəyində namaz
qılmalı adamdır. Ona sözünü deyəndən, üzünə
baxandan sonra
rahatlıq tapırsan.
Vaqif müəllim yalnız mənə
məxsus deyil. Mən onu heç kimə qısqana bilmirəm,
buna yer qoymayıb. Biz tanış olandan onun ətrafında
daim gözəl, ziyalı, onu çox sevən qadınlar
olub. Onlar poeziyanı, ədəbiyyatı sevən, təhlil
edən adamlardır. Bu münasibətləri qısqanmaq onu
cılızlaşdırmaq olardı. Bunu edə bilmərəm.
Bu münasibətlər yüksək səviyyəli
münasibətlərdir. Vaqif hamınındır, hər bir
adamındır. Ona ustad deyən nə qədər insanlar,
xüsusən gənclər var. Onun mobil telefonuna gələn
bütün zənglərə mən cavab verirəm,
çünki mobil telefonu işlətməyi öyrənmədi,
yəqin öyrənməyəcək də. Vaqif müəllimin
səhhətində problemlər var, bəzən onu sevənlərin
mənə acıqları da tutur ki, yəqin ona yaxşı
baxmadığım üçün xəstələnir.
Biz tanış olmamışdan mən
onun şeirlərini oxuyurdum. Bir dəfə İntiqam
Qasımzadənin rus dilində verilişinə
baxırdım. Vaqif müəllim o vaxt Gürcüstanın
Beynəlxalq Mayakovski mükafatını almışdı və
onu verilişə dəvət etmişdilər. Rus dilində
aksentlə danışdığını eşidib kanalı
dəyişmək istədim, gördüm ki, aksentlə
danışsa da çox maraqlı fikirlər deyir və
saxlayıb axıra qədər o verilişə baxdım. O
vaxtlar da tanınırdı. Ədəbiyyat aləmində
çox tez qəbul olunmuşdu.
Vaqif müəllimə qədər
mən poeziyanı dərk etmirdim, nəsri çox sevirdim.
Vaqif müəllimlə tanışlıqdan sonra bildim ki,
poeziya nədir, nəsr nədir və poeziya heç də nəsr
deyil. Universitetdə müəllimimdən eşitmişdim,
deyirdi ki, hər bir güclü müşahidə,
yaxşı yazmaq qabiliyyəti olan adam yazıçı ola
bilər, amma şair ola bilməz, çünki şairlik
Allah vergisidir, şair kimi ya doğulursan, ya da doğulmursan.
Vaqif müəllimlə tanışlıqdan sonra anladım
ki, müəllimimiz düz deyib. Vaqif müəllim şair
doğulan adamdır.
Mən adi insanla yaşamıram
Vaqif müəllimin həyat
yoldaşı olmaq rahatlıq deyil, amma bu mənim seçimim
deyil, Tanrının qismətidir. Bu adam özü narahat
adamdır, narahat adamın yanında necə rahat yaşamaq
olar? Hiss edirsən ki, o səni düşünmür, evini
düşünmür, xalqını, Azərbaycanı, türk
dünyasını, böyük ədəbiyyatı
düşünür. Türk kanalları gün ərzində
nə qədər xəbər verirsə, hamısını
dinləyir. Uyğur türklərinin, Orta Asiya türklərinin
vəziyyəti ilə maraqlanır. Qarabağ dərdi, həmkəndlilərinin,
yaxınlarının fikri hamısı ondan keçir. Öz
kəndinə gedə bilmir, anası vətəndən kənarda
torpağa tapşırıldı, ona ağrıyır. Bu
cür həssas adamda bunların hamısı birləşib.
Üz qırışından, alın qatından bunları
görürəm. Cılız cüssəsinə bu qədər
dərd yığan adam necə rahat ola bilər? Yerlə
göylə əlləşir. Yatanda da beyni fəaliyyətdədir,
dincəlmir. Mənə baxır və bilirəm ki, məni
görmür. Sizə bir misal deyim, bir dəfə mən dərsdən
gəlirəm, pilləkənlə qalxıram, o da pilləkənlə
düşür və mənə "axşamınız
xeyir" deyib, yad adam kimi keçir. Deyirəm, Vaqif, bu mənəm.
Belə bir adam məni görməyə, seçməyə,
evlənməyə də bilərdi, amma görünür, bu,
taleyin seçimidir. Görünür ki, bu həyat
missiyası imiş ki, onun yanında mən
olmalıymışam. Bəzən söhbət eləyirik və
birdən anlayıram ki, o məni dinləmir, buna artıq
alışmışam. Bəlkə də adi insanlar kimi hər
söhbətə reaksiya verib, müzakirəyə qoysaydı,
mənim üçün maraqsız olardı. Mən adi
insanla yaşamıram. Vaqif müəllim adi insan deyil.
Hamımızın sevdiyimiz böyük şairimizdir. Onun
şeirləri qədər insanı Allaha, saflığa
yaxınlaşdıran ikinci poeziya nümunəsi yoxdur. O, mənim
qonşum da olsaydı, mən belə bir adamın zəmanəsində
yaşadığım üçün, onu canlı
tanıdığım üçün, onun da, mənim də
bir millətə mənsub olduğumuz üçün fəxr
edərdim. O, mənimlə danışmasa belə, məni
dinləməsə belə mənə onun varlığı
kifayətdir. Yaşamaq üçün hansı mənəvi
ehtiyaclar varsa, Vaqif müəllim mənə verir. Bunu onun
varlığından, poeziyasından, üz cizgilərindən
alıram. Onun ətrafındakı adamların da özlərinə
lazım olanı ondan götürdüklərini görürəm.
O, xərclənən adamdır, təki Allah canını
sağ eləsin. İnanmıram ki, o ətrafdakılardan nə
isə götürsün, biz ondan götürürük.
Kimsə ona dondurma piştaxtasını
tapşırıb getmişdi
Elə vaxt olub ki, onun üzünə
baxanda beynimdən keçən hər hansı bir
cılız fikir üçün xəcalət çəkirəm.
İnsanın durulması üçün elə bir adamın
varlığı kifayətdir. Məsələn, onun
yanında kiminsə məvacibinin azlığından, yaxud
çoxluğundan danışsan elə reaksiya duyarsan ki,
utanarsan. Deyərsən gör bu insan hardadır, sən onun
yanında nədən danışırsan. Onun üçün
sənin danışdığın məişət
mövzusu mövcud deyil. Bizdə məişətin
bütün qaydaları pozulub. Heç nə öz
qaydasında deyil. Əgər evdən çıxanda mobil
telefonumu unutmuşamsa, onu gətirməyi ondan xahiş etməyin
heç bir mənası yoxdur. Əvvəla
çağırışını gec eşidəcək, sonra
da gözünün qabağında olan telefonu yoxdur deyəcək,
o elə şeyləri görmür. Bu adam yer adamı deyil. O,
mənim üçün həyat yoldaşı deyil, xalqa məxsus
bir qiymətli incidir ki, mən onun yanındayam. Tam məsuliyyətlə
deyirəm ki, bizimlə bir dövrdə yaşayan dahidir. Sadəcə,
bütün dahilər öz dövründə deyil, sonradan
anlaşılıb. Bununla belə o, uşaqla uşaqdır,
böyüklə böyük.
Bir dəfə bir iş sənədini
evdə unutmuşdum, ev açarım da evdə qalıb. Qalır
ancaq Vaqif müəllimi tapım, onun açarı ilə
qapını açaq. Zəng eləmişəm, evdə
cavab verməyib, deməli evdən çıxıb. Mobilinə
də nadir hallarda cavab verər, bir xeyli zəng eləyəndən
sonra nəhayət cavab verib. Tələsik ona izah eləyirəm
ki, mənim evdə vacib iş sənədim qalıb,
açarı da evdə unutmuşam, gəl qapını
aç, onu götürüm. Deyir, nə
danışırsan, mən bulvardayam, evə gələ bilmərəm.
Niyə Vaqif? Deyir burda bir oğlan məndən xahiş edib
ki, dayı, dondurmalarımın yanında dayan, mən
çörək yeyib gəlirəm. Başa düşdüm
ki, nə desəm də xeyri yoxdur, söz veribsə, orda
dayanmalıdır. Əgər buraxıb gəlsəydi, onda
Vaqif olmazdı, adi adam olardı. Hərdən onun sadəliyinə
heyrət eləyirəm. Bu böyüklüyündə
insanın belə sadə olduğunu görəndə adam
öz mənasızlığından utanır.
Onun daxilində bölüşmədiyi müqəddəsliklər
var
Vaqif müəllimin zəhləsi
gedən adam yoxdur. Hələ mən ondan bir nəfər
haqqında da pis söz eşitməmişəm. Elə
qonşu ola bilər ki, şəxsiyyətsizin biridir, mən
onunla salamlaşmıram. Vaqif bu adamla səmimiyyətlə
görüşür. Deyirəm Vaqif, o adamla niyə
salamlaşırsan, o, sənin tayın deyil. Deyir, nə
danışırsan, insandır. Ona o qədər pislik ediblər
ki. Vaqif onları pislik kimi qəbul etməyib. Bir də
görürsən ona pislik edənə yaxşılıq
edir. Deyirəm Vaqif, bu həmin adamdır ki, sənə pislik
etmişdi. Belə şeylər ona mənasız
görünür. İnsan elə bir səviyyəyə
çata bilərmiş ki, bu xırdalıqlar onun
üçün görünməz olarmış. Öz dairəsində
olan, həmfikir olan adamlarla səmimiyyətlə söhbətləşir,
amma beynində elə bir dairə var ki, ora heç kimi
buraxmaz. O, canıyla-qanıyla, sifətinin
qırışları, qaşlarının
qalınlığı, gözlərinin dərinliyi,
saçlarının ağlığı, simasının mənası
ilə anadangəlmə şairdir. Bu, Allah tərəfindən
verilən bir nemətdir. Bir ömrə o qədər məna
və dərinlik sığışmaz, bu illərdən, nəsillərdən,
tarixdəki böyük şairlərimizin genlərindən gələn
bir dərinlikdir.
Allah onu bütün insani keyfiyyətlərlə
tamamlayıb. Vaqif Vətənə sevginin mükəmməl əsəridir.
Allahın seçilmişidir. Zahiri ilə daxili bir-birini
tamamlayır, təsadüfi bir şey yoxdur onda. Ona görə
də bu qədər sevilir.
Hər şeydən ağlaya bilər.
Türk bayrağına bükülmüş şəhid məhmətçiyi
televizorda görür, gözləri dolur. Mübariz
İbrahimovun adı gələndə qəhərlənir, sifəti
titrəyir. Elə məqamlar var ki, mənimlə də
bölüşmür. Məsələn, Ramil Səfərova
münasibəti bölüşmür, onun üçün
toxunulmaz mövzudur. İtirilmiş torpaqlarla bağlı hissləri
dilinə gətirmir. Mən bunları onun simasından oxuyuram.
Onun daxilində elə hisslər var ki, bölüşmür,
bunlar onun özünü də diksindirən hisslərdir.
Harda, necə çıxacaq, onu bilə bilmərik. Bunları
ondan soruşmuram, müqəddəsliyinə toxunmuram. Vaqif
müəllim Allahın möcüzəsidir.
Millətlə yaşayan
adamdır. Dünyada nə qədər türk var, onun millətidir.
Millətin ən kiçik qələbəsi onun simasına
sevinc gətirir. Bir türk uşağı Almaniya məktəbliləri
arasında olimpiadada birinci yeri tutub. Uçmağa qanadı
olmur. Ağıl, intellekt, bilik yarışlarında bir millət
övladı qalib olub Vaqif yeməz-içməz o xəbərlə
qidalanar.
Biz onunla bir dövrdə
yaşadığımız üçün xoşbəxtik.
Allah canını sağ eləsin, nə yaxşı ki var
Vaqif müəllim.
Ədalət.-2012.-18 aprel.-S.5.