MÜQƏDDƏS
ARZULARA QOVUŞMAQ ZAMANI
Hər
dəfə bu yerdən keçəndə...
Siz bu ala qapının
"yaralı" tağı altından keçərkən
varlığınızda illərlə kök salmış kədərə
boyun əyməyin. Bilirsiniz ki, bu qapı yaddaşlarda əbədi
yaşayacaq rəmzi bir görüntüdür. Siz kədərə
nifrət edib, azca irəliyə baxın; qarşı
meydandakı ən hündür yerdə dalğalanan Azərbaycan
Bayrağına, Bütöv Azərbaycanın nəhəng xəritəsinə,
Vətən uğrunda canlarından keçmiş Ağdam
şəhidlərinin xatirə kompleksinə, bir az
aşağıdakı gül-çiçəkli çəmənliyə,
təbiət gözəlliyini vəsf edən, həyatın
davam etdiyini, qələbənin
yaxınlaşdığını bildirən hər nə var
onlara tərəf boylanın.
Kədərə nifrət edin...
Şəhər necə olur ki?..
Qarşıda Quzanlıdır.
Ağdam şəhəri işğal altında olduğundan
rayonun inzibati mərkəzi hələlik burada yerləşir.
Quzanlıya qəsəbə deyirlər. Ancaq görənlər
bilir ki, Ağdam şəhərinin bu kiçik
qardaşı, necə səliqəli, necə gözəl və
müasir bir şəhərdir. Şəhər necə olur
ki? Düşmənə göz dağıdır Quzanlı.
Yaraşıqlı küçələri, park və
meydanları, modern binaları, Olimpiya İdman Kompleksi və
digər idman qurğuları, mədəniyyət ocaqları,
işıqforlu küçələri...
Şəhər necə olur ki?
Burada gözəl bir muğam
eşitsən, tar, qaval səsi eşitsən, lap
addımbaşı musiqi ilə rastlaşsan, təəccüblənməzsən.
Çünki sən də bilirsən ki, bütün bunlar
Ağdamın havası, suyu, çörəyi kimi gündəlik
həyat mənbəyidir. Bənzərsiz muğam ustaları,
virtouz sənətkarlar Qarabağın, xüsusilə
Ağdamın əbədi ənənəsini yaşadıblar
və yaşadırlar.
Birliyin musiqi fəlsəfəsi
Ancaq... Sən bir məktəb qarşısından, mədəniyyət klubu, musiqi kolleci yaxınlığından keçərkən, hər deyəndə eşitmədiyin toplum musiqi təntəsinin sehrinə düşəcəyinə də təəccüblənmə. Daim camaat içində - kəndlərdə, Quzanlıda, tikinti meydanlarında, məktəblərdə, idman yarışlarında... görünən, uşaqdan tutmuş böyüklərə kimi hər bir sakinlə özünəməxsus qayğıkeşliklə söhbət edən, bütün təkliflərə diqqət yetirən icra başçısı Nizami Sadıqov da ayrı-ayrı yerlərdə təsadüfən eşitdiyi xor sədalarına təəccüblənməyib. Nizami müəllimin özü demiş, musiqi janrları içində xorun özünəməxsus fəlsəfəsi var (unutmayın ki, Nizami Sadıqov da qarabağlıdır, Ağdamda dünyaya göz açıb böyüyüb...), xor birliyin, birgə mübarizənin, birgə məqsədin musiqi tərənnümüdür
Həmişə
təklifləri, müraciətləri dinləyən
başçı, bu dəfə
camaatı, yəni daha çox
əlaqədar mühitin nümayəndələrini
birlikdə dəvət edərək özü
təklif verib. Deyib ki, yetişməkdə olan
gənc nəslin bütün istiqamətlərdə
birlik və mübarizlik
əhval-ruhiyyəsini qoruyub saxlamağa, daha da yüksəltməyə çalışmalıyıq.
Müharibə veteranları ilə görüşlər, kitab müzakirələri, idman
yarışları, digər kütləvi tədbirlər geniş miqyas alsa daha
yaxşıdır. Xor kollektivlərinin
yaradılması, çoxaldılması, müsabiqələr
keçirilməsi, ümumiyyətlə, bu
janrın mövsümi deyil,
müntəzəmliyinin qorunması çox
vacibdir.
Az vaxt ərzində Nizami müəllimin
gündəlik nəzarəti altında yaradılan onlarla xor
kollektivinin səsi-sədası bu gün Ağdamın hər
yerindən eşidilir və qəlblərdə sevinc, qürur
hissləri oyadır. Hələ bir bu kollektivlərin müxtəlif
mərhələ müsabiqələrinin
iştirakçısı olasınız, repertuar zənginliyini,
məktəbli qızların, oğlanların iradəsini, həvəs
və coşğusunu görəsiniz, xor kollektivi rəhbərlərinin,
münsiflər heyətləri üzvlərinin peşəkarlıq
iddialarını görəsiniz... Heç vaxt təmkinini
pozmayan başçının bu harmoniyanı seyr edərkən
üz-gözündəki sevinc təbəssümünü
görəsiniz...
Ağdam rayonunun sosial-iqtisadi
inkişafı ilə bağlı yazını qələmə
alarkən bu hadisədən yan keçmək mümkün
deyildi...
Ağdam iqtisadi yüksəlişdə
İndi də bütövlükdə
ötən il və bu ilin əvvəllərində
görülən işlər barədə. 2011-ci il Ağdam
rayonu üçün də uğurlu olmuşdur. Keçən
il rayonda tikinti, abadlıq və quruculuq sahəsində müəyyən
işlər görülmüş, bir sıra mühüm
obyektlər istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 11 iyun 2011-ci il tarixli sərəncamı
ilə ayrılmış 6 milyon manat vəsait hesabına
rayonun 21 kəndini, 6 köçkün qəsəbəsini
birləşdirən 46 min nəfərdən çox əhaliyə
xidmət edən 28 km. uzunluğunda
Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli
avtomobil yolu çəkilib başa
çatdırılmışdır.
Azərbaycan Respublikasının
Prezidentinin 25 noyabr 2009-cu il tarixli sərəncamı ilə
ayrılan vəsait hesabına Quzanlı qəsəbəsində
hər biri 15 çarpayılıq doğum evi və uşaq xəstəxanası,
eyni zamanda müasir tipli təcili və təxirəsalınmaz
tibbi yardım stansiyası tikilmiş, qəsəbədəki
mədəniyyət evində əsaslı təmir işləri
başa çatdırılmış, avadanlıqlarla təmin
olunmuş, bütün bu obyektlər istifadəyə
verilmişdir.
2011-ci ildə Quzanlı qəsəbəsində
mərkəzi kitabxananın, subartezian quyularının
istismarı və su-kanal idarələrinin, dövlət
sığorta şirkətinin Ağdam rayon filialının
inzibati binalarının tikintisi başa
çatdırılmışdır.
(ardı gələn sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-19
aprel.-S.7.