Səlim Babullaoğlu: "AYB-də ciddi dəyişikliyin, islahatın tərəfindəyəm"

 

   Müsahibim istedadlı qələm adamı, şair, tərcüməçi Səlim Babullaoğludur. Oxuculara müsahibim haqqında uzun-uzadı məlumat verməyə ehtiyac görmürəm, çünki ədəbiyyatla əlaqəsi olan, sözlə yaxınlığı olan hər kəs bu imzayla tanışdır. Zəhmətkeş, çalışqan və orijnal bir qələm adamıdır Səlim Babullaoğlu. Uzun-uzadı danışmadıq. Suallarıma qısa və lakonik cavablar verdi. Ümid edirəm ki, oxucularımız üçün maraqlı olacaq

   -Səlim bəy, şeir öldü deyənlər haqlıdırmı? Doğurdanmı şeirin zamanı keçir?

   - Yox, əlbəttə. Bu dil öldü, harmoniya öldü demək olardı. Bu iddia isə mənə gülünc görünür.

   -Bir vaxtlar hamı şeir yazırdı, indi isə kütləvi romana, nəsrə keçid müşahidə olunur. Bu prosesdən nə gözləyirsiniz?

   - Görünür, şeirlə özlərini bütünlüklə ifadə edə bilməmək doğurur bu keçidləri. Azərbaycanlı şeir oxuyanların oxu vərdişləri prozaik mətləbləri adekvat poetik forma ilə həzm etməyə hazır deyil.

   Şairlərimizin böyük əksəriyyəti isə ənənəvi metika və formalarda həmin prozaik dediyim mətləbləri ifadə edə bilmir deyə, tələb olunan formalarda yazdıqları havadan asılı qalır.

   Ona görə də əksər hallarda şairlərin belə keçidləri baş verir. Amma o da olur ki, mətləb özünüifadə formasını müəyyənləşdirir. Mən sakit baxıram bu prosesə. Normal.

   Çünki ola bilsin ki, nəsrimiz bundan, belə deyək, udacaq, bir nasir qazanacaq. Ya da nəsrimiz qazanmasa belə şeirimiz də itirməyəcək. Şəxsən mən özümlə bağlı belə zərurət hiss eləməmişəm.

   - Ədəbiyyatımızda son vaxtlar baş verən prosesləri necə dəyərləndirirsiniz? Yeni tərcümələr, yeni romanlar, müsabiqələr...

   -Əlbəttə ki, yaxşıdır. Daha dinamik bir görüntü var. Amma ciddi ədəbi dərgiyə, qəzetə isə ciddi ehtiyac var.

   -"Dünya ədəbiyyatı" jurnalının yenidən nəşrinə başlayacaqsınızmı?  

   -Düşünürəm. Konkret addımlar atılıb. Hazırlıq işləri görülüb. Görək nə olur.

   -Bu gün ədəbiyyata olan maraq, yaradıcı şəxslərə olan münasibət sizi qane edirmi?

   -Məni bədii mətnə olan marağın keyfiyyəti qane etmir. Ədəbiyyatçılara maraq isə mətnə maraqdan qat-qat artıqdır.

   -Keçən il bir neçə uğurlu layihəyə imza atdınız. Bu il də fəallığınız müşahidə olunur. Amma nədənsə fəaliyyətinizi reklam etmirsiniz. Xarici səfərləriniz və son sərginiz barədə məlumat verərdiniz

   - Reklam deyəndə nə nəzərdə tutulur? Yaxşı, tutalım mən bunu başa düşdüm. Bunu heç vaxt planlı və ya məqsədyönlü eləməmişəm. Təqdimatdır, müsabiqədir və sairə...

   Mətbuatı və televiziyanı dəvət eləmişik. Gəliblər. Yazıblar. Göstəriblər. Sağ olsunlar. Amma hər şey öz-özünə baş verib. Bu il isə sərgi keçirildi Kempinski oteldə, mənim də 18 qrafik işim sərgiləndi. 

   Səhv eləmirəmsə sərgi hələ də davam edir. Bilirdim ki, ədəbiyyat tarixində Apollinerin qrafik şeirləri var. Voznesenskinin belə cəhdləri olub. Həmişə bu işlərə baxa-baxa düşünürdüm ki, bu işlərdə xətalar var.

   Daha doğrusu əvvəlki qrafik şeirlərin hamısında yazı vektoruna münasibətdə yalnışlığa yol verilib. Mətn yazılışında pauzalar sətirdən sətrə keçmələrin qaydaları var bu qaydalar təsvirin alınması xətrinə pozula bilməz. Pozularsa belə, bunu bəraəti olmalıdır. Öz işlərimdə bunu nəzərə almağa çalışdım. qədər müvəffəq oldum, bu artıq başqa məsələdir.

   2008-ci ilin son günləri yeni il tətiliydi, boş oturmağı sevmirəm deyə, notebook, bloknot karandaşla o şeirlərin böyük əksəriyyətini yazdım. Düzü, indi bilmirəm, yazdım demək doğru olardı, ya çəkdim.

   O vaxtkı işləri çox az adama göstərmişdim. Özü hamısını yox. O cümlədən, Səbinə Şıxlinskayaya. Bu ilin yanvarında Krakovda ikən o mənə zəng elədi.

   Kempinski otelində belə bir sərginin olacağını dedi, təklif elədi ki, həmin sərgiyə mən öz işlərimi təqdim edim. Sərgiyə qədər daha bir neçə yeni qrafik şeirlər yazdım, "Kafkanın portreti"ni, "Peyzaj"ı, "Rəqs edən ispan qızı". Əvvəlkiləri isə təzədən işlədim, bəzi dəyişikliklər etdim sərgiyə 18 təqdim elədim. Təklif olmasaydı bu işlərin vaxt sərgilənəcəyi haqqında elə bir düşüncəm yox idi.

   Sonra bir həftə əvvəl Yeşim Ağaoğlu ilə görüş keçirildi. "Dünya ədəbiyyatı" dərgisi təşkil eləmişdi tədbiri. Polşada Türkiyədə oldum. İşgüzar səfərlərdi. Milli ədəbiyyatımızın təbliği kitabların beynəlxalq kodlaşdırılması ilə bağlı təcrübəni öyrənirdim. Yayda, inşallah, Londonda səfərdə olmalıyam. Qafqaz yazıçılarının tədbirində.

   -AYB-nin gözlənilən qurultayı baş tutacaqmı? Ümumiyyətlə, bu qurultaydan gözləyirsiniz?

   -Məncə baş tutacaq. Mən AYB- ciddi dəyişikliyin, islahatın tərəfindəyəm. Gözləmək...kimdən?

  

 

   Cəlil Cavanşir

 

  Ədalət.-2012.-19 aprel.-S.5.