"Hamı"nın bəziləri haqqında

 

  Yazmaq, bəzən düşünmək imkanın; daraldır. Başqa sözlə, yazarkən şaxəl düşüncən bir istiqamətə yönəlir. Ona görə də yazı axar "çay" yox, axar "çayın qolu"dur. Deyilənə görə, Sokrat o səbəbdən də düşüncələrini yazmırdı, söyləyirdi.

  

   Vaqif Bəhmənli haqqında nəinki yaxşı yaza, bundan daha yaxşı danışa bilərəm, nəinki, yazmaq. Vaqif müəllimin nəfis tərtibatlı "Hamı" kitabınıi ki günə oxudum. Kitabın strukturu da maraqlı qurulmuşdu: "Mən, Sən, O, Biz, Siz, Onlar, Hamı, Söz Nöqtə". Tərtibatına isə söz ola bilməz. Şair dostum Elşad Ərşədoğlunun həmin kitab haqqında fikri yadıma düşür: "Adam istəyir, kitabı yesin".

   Amma təbii ki, "Hamı"nın "bəziləri"ndən danışacağam. Məsələn, "Diş"dən...

 

   Diş vəfasız

   dostlar kimidir:

   qocaldıqca

   itirirəm bir-bir.

 

   Bu şeirə şair ruhunun ritimli cümləsi də deyə bilərik. Şeirin estetik dəyəri ondadır ki, həqiqət bənzətməylə verilib. Başa düşmədim? Bənzəyirsə, deməli, həqiqət deyil. Vaqif müəllimin şeirinin özəlliyi həmin sərhədsizliyi (həqiqətlə həqiqətə bənzəyən arasında) ifadə edə bilməsindədir. Real-irreal aləmin kənarları görünmür, nəhayətsiz sonsuzluğun konturlarını cızmalı olursan. Bu təkcə düşüncənin, poetik özəlliyin yox, ən əsas, yozum imkanının genişliyini mümkün edir.

    Son dövrlər orta yaşlı nəslə mənsub olsa da Vaqif müəllinin şeirlərində qocalıq mövzusu qara saçları bürüyən ağ dən kimi sıx-sıx görünür. Məncə, insan cavan olanda dünyaya, yaşlaşanda isə dünyanın faniliyinə inanır, ona görə də cavanlıq etirazla, qocalıq razılaşmayla bitir. Bəlkə də, bu şüuraltı ilə əlaqəlidir.

  

   Yeriyir, təntiyir... dağ bilir düzü

   Gözündə şəhər kənd, kənd şəhər olur.

   Bir doğma salamdan islanır gözü

   Adam qocalanda bir təhər olur.

  

   Güzgülər haqqında ölkəmizdə hələlik yeganə araşdırma əsərinin müəllifi olduğuma görə hər şeydən əvvəl Vaqif müəllimin "Güzgü" şeiri haqqında danışmaq istəyirəm, hansı ki, tədqiqat zamanı həmin şeirdən istifadə etmişəm.

    

   Mən ikiüzlü güzgünün

   Sirrini belə yozdum

   Böyük göstərən üzü:

    düşmənimdi,

   Kiçik göstərən üzü:

    dostum.

  

   1. Şeir ilkin mənası ilə çox açıqdır, aydındır: Böyük göstərən üzü düşmən, kiçik göstərən üzü dost. Bəs güzgüdəki insanı özü, əsl məni boyda göstərən kimdir? Bəs o hansı güzgü meyarıdır ki, insanı böyük, kiçik, özü olduğu kimi göstərir? Böyük kiçik (dost-düşmən) verilib, bircə Qızıl Orta qalıb. Qızl Orta, hər şeyi özü boyda göstərən isə Tanrıdır. Şair Qızıl Ortanı göstərmir. Niyə?

   2. Bəlkə o səbəbdən ki, Qızıl Ortanın, əsl nəzərin gizlədilməsi, dünyəvi əbədi-əzəli qanuna işarədir: "Biz onu görməsək , o bizi görür".

   3. Böyük göstərən üzü düşmən, kiçik göstərən üzü dost: Kəsəsi, dost bizə düzgün qiymət verə bilir, düşmən. Düzgün dəyər olmayan yerdə, düzgün qiymət hardan olsun. Bəlkə güzgünün həqiqət sirri güzgünün gözəgörünməyən içindədir: İnsanın həqiqi mahiyyəti dəyəri məhz insanın özünün gözə görünməyən içində olduğu kimi...

   4. Dost bizi öz güzgüsündə (yəni, gözlərində) kiçik, düşmən böyük bilib qiymətləndirəcəksə, deməli, bizim əsl mənimizi təhrif edəcək. Sözümün canı: Biz hər dəfə kiminsə tərəfindən qiymətləndiriləndə, həm təhrif olunmuş oluruq.

   "Güzgü" şeiri şeirimizin "çılpaqlaşdığı", ancaq "üst məna"dan ibarət olduğu bir vaxtda yozulan, çoxqatlı şeirdir...

 

   ... Anadan olduğum gündən başlayıb

   Bir şeir yazıram həyatım boyu...

  

   Yuxarıda misal gətirdiyim şeir məndə poeziya haqqında yeni bir düşüncə formalaşdırdı: bütün şeirlərimiz bir obrazın (şairin) dilindən "deyildiyinə" görə, bir sistemli-sistemsiz düşüncənin məhsuludur və biz birinci şeirimizdən, sonuncuya qədər, əslində, elə BİR ŞEİR yazmış oluruq.

   Yəqin ki, mübahisəsiz bir məqamı da vurğulamaya bilmirəm ki, V.Bəhmənli analoji şeirin (mən-sən) danılmaz yaradıcılarından biridir. Onun "Yeger" (təbiəti mühafizə təsərrüfatında müəyyən areala nəzarət edən işçi) şeiri analoji fakturayla (bir dillə əvəzləmə) yazılıb. Bu şeir, sanki, müəllifin açıq cavabı özünə sarı düşən "dedim-dedi"sidir.

 

   Sən yeger, mən şair, bəllidi açma

   Yüz dəfə bükülüb eşilən, sınır...

   Sizin tərəflərdə kollar, ağaclar

   Bizim tərəflərdə kişilər sınır!

  

   "Biz-siz" (bizim-sizin) əvəzləməsiylə yazılan bu şeir son dövrlərin maraqlı şair "əl işləri"ndəndir. Şeirdə dünya-meşə müqayisəsi də əbədi-əzəli problemə işarədir: İnsanların öz ilkinliyi meşədə (vəhşi təbiətdə) olduğuna görə, mədəni arealda da insan öz mahiyyətini həmin yerlə müqayisə edir. Canlı-cansız müqayisəsi labüddür. Müqayisə, həm də başqa dünyanın (ilkinliyin) varlığına inamdır. İnamımız əskilməsin...

 

 

   Fərid Hüseyn

 

   Ədalət.-2012.-19 aprel.-S.5.