Mənsum İbrahimov: "Xanəndə olmasaydım, çox yaxşı həkim olardım"

 

   "Məndə unudulmaq qorxusu yoxdur, 10 verilişə çağırırlar, onlardan 3-nə gedirəm, 7-nə getmirəm. Çox gündəmdə olmaqdan qaçıram".  

   Bunu "Azadinform"a açıqlamasında xalq artisti, Opera və Balet Teatrının solisti Mənsum İbrahimov dedi.

   Şöhrət ordenli xanəndə tez-tez görünməklə insanları yormamağa çalışır. Xalq artisti tamaşaçıların ona biganə olmadıqlarının dəfələrlə şahidi olduğunu da etiraf etdi: "Mən muğam ifaçısıyam, insanlar məni arzulamalıdırlar. Yeni materialım olanda efirə çıxıram. Çox vaxt səfərlərim olur, iki ay səhnəyə çıxmıram, oxumuram, tamaşaçılar teatra zəng edib soruşurlar ki, Mənsum müəllim niyə oxumur? Özümə dəfələrlə zəng edirlər ki, niyə tamaşa oxumuram. Bu məni sevindirir, deməli, tamaşaçı səni axtarır".

   Musiqi sənətinə hədsiz sevgi bəslədiyini deyən Mənsum İbrahimov ona paxıllıq edənlərin çox olduğunu açıqladı. 

   Xalq artisti xanəndə olmayacağı halda həkim kimi şöhrət qazanacağına da əmin olduğunu dedi: "Asəf Zeynallıda oxuyanda çoxlu qəzəl, şeir kitabları alırdım. Sənətimlə bağlı öyrənirdim, mütaliə edirdim və eyni zamanda da həkimliklə bağlı xeyli kitab almışam. İndi baxıram və düşünürəm ki, mən bu kitabları niyə almışam?! Amma mənim oxumağa daha çox məhəbbətim vardı.

   Bu gün də mənim çoxlu həkim dostum var. Hesab edirəm ki, xanəndə olmasaydım, çox yaxşı həkim olardım.

   Hər bir halda insana paxıllıq edənlər olur. Tələbələrimə deyirəm ki, paxıllıqla rastlaşanda cavabınız yaradıcılığınız olsun".

 

 

   Ədalət.-2012.-20 aprel.- S.8.