Doqquz yaşlı azərbaycanlı pianoçunun Parisdə uğuru

 

    Azərbaycanın 9 yaşlı pianoçusu Zuleyxa Abdullayeva aprelin 16-da Fransanın paytaxtı Parisdə başlanmış Nikolay Rubenşteyn adına XI Beynəlxalq piano musiqi müsabiqəsində öz kateqoriyasında qalib adını qazanıb. AzərTAc xəbər verir ki, aprelin 22-dək davam edəcək beynəlxalq müsabiqədə 25 ölkədən, o cümlədən Fransa, Rusiya, Almaniya, Gürcüstan, Bosniya və Herseqovina, Ukrayna, Özbəkistan, Türkiyə, Polşa, Sloveniya və başqa ölkələrdən musiqiçilər iştirak edirlər.

   Azərbaycan təmsilçisi Z.Abdullayeva müsabiqədə K.A.Debüssinin "2 Arabeski", P.İ.Çaykovskinin "Şirin duyğular", İ.S.Baxın "2 səsli invensiya" və Çerninın "Etüd" əsərlərini ifa edib.

   Zuleyxa Abdullayeva Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının 4-cü sinfində oxuyur. Parisdə əldə etdiyi birincilik balaca musiqiçimizin beynəlxalq müsabiqələrdə ikinci böyük uğurudur. Bundan əvvəl Z.Abdullayeva 2011-ci ilin iyununda İtaliyada keçirilmiş Pietro Argento adına 14-cü Beynəlxalq musiqi müsabiqəsində də müvəffəqiyyətlə çıxış edərək birincilik kubokuna layiq görülmüş və müsabiqənin stipendiantı olub.

   Doqquz yaşlı pianoçumuz bu qələbələrdə ona yardımçı olanların, xüsusilə müəllimi Nigar Nəcəfovanın və gimnaziyanın digər müəllimlərinin zəhmətini yüksək qiymətləndirir.

 

 

   Ədalət.-2012.-20 aprel.- S.8.